• cümə, 19 Aprel, 23:14
  • Baku Bakı 24°C

Rusiya Gürcüstana hansı “sürprizləri” hazırlayır?

19.03.19 19:22 492
Rusiya Gürcüstana hansı “sürprizləri” hazırlayır?
Rusiya-Gürcüstan münasibətlərinin gələcək perspektivləri gürcü mediasının baş xəbərlərindən biridir. Regionda hərbi balans, Ermənistanın təcrid olunması, ikitərəfli münasibətlərdə dalan, Gürcüstan və NATO-nun birgə hərbi təlimləri, Qara dənizdə təhlükəsizlik və Türkiyə ilə münasibətlərlə bağlı rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının E.Primakov adına Dünya Iqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun sektor müdiri Sergey Utkin Gürcüstanın "Interpressnews” saytına müsahibə verib. Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu günlərdə bəyan edib ki, Gürcüstanı sürprizlər gözləyir. Lakin elə həmin gün Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna və Gürcüstanın NATO ilə əməkdaşlığına, eləcə də, NATO hərbi təlimlərinin regionda balansı pozduğuna görə? ciddi tənqid edib. Bu səbəbdən də gürcü kütləvi informasiya vasitələri Rusiyanın Gürcüstana hansı sürprizləri hazırladığını proqnoz etməyə çalışırlar. Şoyqu və Karasinin bəyanatlarını şərh edən rusiyalı ekspert hesab edir ki, burada yeni bir şey yoxdur: "Sadəcə, onlar Rusiyanın müəyyən məsələlərlə bağlı mövqelərini xatırladırlar. Mənim qənaətimcə, Rusiya-Gürcüstan münasibətlərində əhəmiyyətli dinamika yoxdur. İki ölkə arasında çoxillik çətinliklərə iki ölkə arasında mövcud problemlər fonunda baxmaq gərəkdir. Bununla bağlı hesab edirəm ki, Rusiya-Gürcüstan münasibətlərində mövcud dinamika yaxşı xəbərdir. Karasin və Şoyqunun bəyanatları iki ölkə arasında münasibətlərin gələcəkdə pisləşəcəyini sübut etmir. Bu bəyanatlar sadəcə Gürcüstanda prezident seçkiləri kontekstində səslənib. Bu seçkilərin gedişi gürcü siyasətində başlıca rol oynayan yeni şəxsi üzə çıxardı. O düzdür ki, əvvəllər Gürcüstan prezidentinə məxsus olan səlahiyyətlər, o cümlədən milli təhlükəsizlik məsələləri indi prezidentin səlahiyyətində deyil. Buna baxmayaraq, prezident Salome Zurabişvili Rusiya ünvanına sərt bəyanatlar səsləndirməkdə davam edir”.
Ekspert bu qənaətdədir ki, bu cür bəyanatlar Gürcüstandakı mövcud əhval-ruhiyyə nəzərə alınmaqla həyata keçir: "Gürcü siyasətində siyasi proseslərin müəyyən transformasiyası yaşanır. Əlbəttə, bu, Qərbin Gürcüstanda iştirakı və Gürcüstanın NATO-ya üzv olması perspektivi ilə bağlıdır. Bu, Moskva ilə Tbilisinin fikir ayrılıqlarına aid olan məsələlərdir”.
Məsələ ondadır ki, Karasin və Abaşidzenin Praqa görüşündə sonuncu bildirib ki, Rusiya Gürcüstanla münasibətlərə nöqtə qoyub. Ekspertin qənaətincə, həqiqətən də iki ölkə arasında münasibətlər dalana dirənib. Vəziyyətdən çıxış yolları isə müxtəlifdir. Bu, ilk növbədə 2012-ci ildən bərpa edilən Rusiya-Gürcüstan iqtisadi münasibətlərini əhatə edir. Bu müddət ərzində ticarət münasibətləri yüksəlib. Qeyri-rəsmi danışıqlarda ən yüksək səviyyədə görüşlərin mümkünlüyü barədə fikirlər səslənir. Yerli müşahidəçilərin qənaətincə, Moskva Tbilisidən Suxumi və Sxinvalidən Ermənistandan gələcək yüklərin tranzitini tələb edir. Bundan əlavə, onlar bildirirlər ki, Tbilisinin Ermənistan üçün nəzərdə tutulan yüklərin daşınması üçün alternativ yollar axtarılıb tapılmasını Moskvadan tələb etməsi, onu özündən çıxarır. Yəni, Yuxarı Larsdan başqa yol olmasını tələb edir. "Mən hansı nəqliyyat marşrutlarının yaxşı olmasını müzakirə etmək istəmirəm. Söhbət siyasi prinsiplərdən gedir. Məsələ ondadır ki, Yuxarı Lars pis hava şəraiti üzündən çox zaman bağlı olur. Tbilisi və Suxumu çətin ki, Ermənistan və Cənubi Osetiya arasında yüklərin daşınması barədə razılıq əldə etsinlər. Əgər bütün tərəflər bu marşrutlar üzrə yüklərin daşınmasını təmin etmək istəyirlərsə, onda tərəflər buna göz yuma bilərlər. Lakin bu da real görünmür”, - deyə politoloq vurğulayıb. Tbilisidə Karasinin bəyanatını şərh edən ekspertlər bildirilər ki, Rusiya Praqa görüşündə Cenevrə formatında çıxarılmayan geosiyasi məsələlərin gündəmə gətirilməsinə çalışır. Bundan əlavə, Moskva Tbilisi ilə vasitəçilərin iştirakı olmadan danışıqlar aparmaq istəyir. Lakin rusiyalı ekspert burada Rusiyanın oyun aparması ilə razılaşmır. Onun qənaətincə, Cenevrə və Praqa formatları dondurulmuş münaqişələrin müzakirəsi üçün yaradılıb: "Cenevrədə Tbilisi və Suxumi, Tbilisi və Sxinvali arasında hansı münasibətlərin ola biləcəyi müzakirə olunur. Praqa dialoqu isə Rusiya və Gürcüstan arasında ikitərəfli münasibətləri nəzərdə tutmur”.
Belə bir mürəkkəb durumda isə Rusiya ilə Gürcüstan arasında münasibətləri daha da qəlizləşdirə biləcək NATO təlimlərinə start verilib. Gürcü saytlarının yaydıqları xəbərə görə, ATƏT və təşkilatın tərəfdaş ölkələrinin hərbi heyəti bazar ertəsi Gürcüstanın paytaxtı Tbilisidə NATO və Gürcüstanın birgə təlimlərinin açılış mərasimində iştirak edib. Briqadir Ladislav Cunq 20-dən çox ölkənin hərbi heyətindən ibarət auditoriyaya bu təlimlərin təcrübələri paylaşmaq, əməkdaşlığı təkmilləşdirmək və daha effektiv olmaq üçün əla fürsət olduğunu söyləyib. "ATƏT və Gürcüstanın apardığı təlimlər bizim NATO ilə mütərəqqi, davamlı olaraq inkişaf edən və intensivləşən əməkdaşlığımızın nümunəsidir” – deyə, Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani bildirib. "NATO və Gürcüstanın birgə təlimləri Gürcüstan, NATO üzvləri və tərəfdaş ölkələrin hərbi heyətlərinin müxtəlif situasiyalarda effektiv şəkildə əməkdaşlıq etmək sayəsində təcrübə qazanmaları, NATO tərəfdaşları ilə təcrübələrini bölüşüb və beləcə daha effektiv olmaları üçün gözəl fürsətdir”, - Ladislav Cunq deyib. Bu, NATO ilə Gürcüstan arasında ikinci birgə təlimlərdir. İlk təlim 2016-cı ildə keçirilib. Gürcüstanlı polkovnik Nikoloz Cancqava deyib ki, Gürcüstanın müdafiə qüvvələri NATO ilə əməkdaşlıq sayəsində son təlimlərdən sonra elit hərbi bölməyə çevrilib. Təlimlərdə ümumilikdə 24 ATƏT üzvü və tərəfdaş ölkənin, eləcə də Beynəlxalq Qırmızı Xaç təşkilatı və BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının iştirak edəcəyi gözlənilir. Təlimlər martın 29-dək Tbilisi yaxınlığında hərbi bazada həyata keçiriləcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər