Rusiya-Gürcüstan parlament dostluq qrupu fəaliyyətini bərpa edir?
Gürcüstanın yeni seçilən
parlamentinin ilk iclası noyabrın 19-dək keçiriləcək. Gürcüstan KİV-ləri xəbər
verir ki, ölkə konstitusiyasına əsasən, yeni parlamentin ilk iclası seçkilər
başa çatandan sonrakı 20 gün ərzində keçirilməlidir. Konstitusiyaya görə, ölkə
prezidenti Georgi Marqvelaşvili yeni parlamentin ilk iclasının keçirilmə
tarixini təyin etməlidir.
Qeyd edək ki, Gürcüstan
parlamentinə seçkilər oktyabrın 8-də, ikinci tur isə 30-da keçirilib. Əsas
qanuna görə, parlamentin səlahiyyətlərinin icrasına başlamasından sonrakı 7 gün
ərzində hökumət istefaya gedir, prezident yeni Nazirlər Kabinetinin üzvlərinin
siyahısını bu müddətdə təsdiqlənmək üçün parlamentə təqdim edir. İlkin məlumata
əsasən, seçkilərdə hakim "Gürcü arzusu” partiyası parlamentdəki 150 yerin
115-ni əldə edərək konstitusiyalı çoxluğa nail olub. Qalan yerləri isə "Vahid
Milli Hərəkat” Partiyası və "Vətənpərvərlər Alyans”ı tutub.
Yeni parlament işə başlamamış artıq indidən tənqidlərə tuş gəlib. Eks-prezident
Mixail Saakaşvili bəyan edib ki, parlamentdə konstitusion çoxluğu əldə edən
"Gürcü arzusu”nun Rusiya ilə yaxınlaşma xətti götürəcəyi barədə proqnozları
artıq özünü doğrultmaqdadır. Düzdür, hələ ki, məlumatlar M. Saakaşvili tərəfindən
səslənsə də, Rusiya tərəfinin də bu istiqamətdə addımlar atdığı barədə mətbuata
məlumatlar ötürülür. Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri ilə dostluq
qrupunun rəhbəri Leonid Kalaşnikov bəyan edib ki, Gürcüstan parlamenti ilə
dostluq qrupunun fəaliyyətini bərpa etməyə hazırdırlar. Deputat bu bəyanatı,
təkrar seçkilərdə "Gürcü arzusu”nun qələbəsi bəlli olduqdan dərhal sonra
səsləndirib. "Mixail Sakaşvilinin yenidən hakimiyyətə gəlmək barədə planları
puç olduqdan sonra parlamentlərarası dostluq qrupunun bərpası məsələsi meydana
gəlib”, - deyən siyasətçi eyni zamanda əlavə edib ki, "bu dialoq heç də
avtomatik olaraq münasibətlərin bərpası anlamına gəlməməlidir”. "Hesab edirəm
ki, ikitərəfli münasibətlərin bərpası məsələsi gündəmə gətirilməlidir. Belə ki,
"Gürcü arzusu”nun qələbəsi ona bu istiqamətdə müəyyən addımlar atmağa imkan
verir”, - deyə komitə sədri vurğulayıb. Dumanın üzvü vəd edib ki, rəhbərlik
etdiyi MDB işləri üzrə komitə bu prosesin yenidən bərpasına yardımçı olacaq.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də Rusiya deputatının
bu sözlərindən çıxış edərək, hakimiyyəti Rusiya qarşısında kapitulyasiyaya
hazırlaşmaqda günahlandırıb.
Hakim partiya eks-prezidentin bəyanatını təkzib edib. "Gürcü
arzusu”dan olan deputatlar bəyan ediblər ki, onlar rus həmkarları qarşısında
belə bir şərt qoyublar ki, Moskva Abxaziya və Cənubi Osetiyanın tanınması
barədə qərarını geri götürməlidir. M.Saakaşvilinin "Vahid Milli Hərəkat”dan olan
tərəfdaşları dərhal hakimiyyəti ölkənin maraqlarına xəyanət etməkdə
günahlandırıblar. "Biz bəyan etmişdik ki, rusiyalı oliqarx Bidzina
İvanişvilinin məramı Gürcüstanı mütəmadi olaraq Rusiyanın təsir dairəsinə
salmaqdır”, - deyə müxalifət partiyasından olan deputat Nuqzar Çiklauri
vurğulayıb. Lakin "Gürcü arzusu”ndan olan deputatlar Leonid Kalaşnikovun
fikirlərini təkzib ediblər. Onlar müxalifəti tələskənliyə yol verməkdə
günahlandırıblar. Belə ki, parlamentə yeni seçilən deputat Georgi Qaçeçiladze
sərt bir açıqlama ilə çıxış edib. "Hər hansı bir parlamentlərarası
məsləhətləşmələr aparılmır və heç planlaşdırılmır da. Hansı dialoqdan söhbət
gedə bilər ki, bir tərəfdən cənab Kalaşnikov belə bir bəyanatlar verir. Digər
tərəfdə paralel olaraq Abxaziyada Rusiya-Abxaziya hərbi qruplaşması yaradılır.
Sözsüz ki, bu, birbaşa Gürcüstana qarşı yönəlib”, - deyə deputat təəccüblə
bildirib. Onun sözlərinə görə, Rusiya və Gürcüstanın üzləşdikləri və müzakirə
apardıqları yeganə meydança – Cənubi Qafqazda təhlükəsizliklə bağlı beynəlxalq
məsləhətləşmələrdir. Bu toplantı da, onun ifadə etdiyi kimi, ildə iki dəfə
Cenevrədə keçirilir. Bunlar ATƏT, Avropa İttifaqı və BMT, eləcə də,
Karasin-Abaşidze formatlarıdır. Rusiya xarici işlər nazirinin müavini Qriroqi
Karasin və Gürcüstan baş nazirinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Zurab
Abaşidze mütəmadi olaraq iqtisadi və humanitar sahədə məsələləri müzakirə etmək
üçün görüşüb söhbət aparırlar. Georgi Kaçeçiladzeinin "Gürcü arzusu” fraksiyası
üzrə həmkarı Zaxari Kuçnaşvili jurnalistlərə bəyan edib ki, Rusiya-Gürcüstan
parlamentlərarası dostluq qrupunun bərpası yalnız o halda mümkündür ki, Rusiya
qondarma Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyinin tanınması
barədə qərarını ləğv etsin. "Bu, dialoq və münasibətlərin bərpası
istiqamətindəki acı dağıntıları aradan qaldıra bilər”, - deyə hakim partiyadan
olan deputat bəyan edib.
Yeri gəlmişkən, Gürcüstan əhalisinin böyük bir qismi Rusiya ilə dialoqun tərəfdarıdır. Bunu
"Kviris Palitra” qəzetinə müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə
münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib. Onun sözlərinə
görə, rəsmi Tbilisi öz siyasətini bir neçə ekspertin əhval-ruhiyyəsi üzərində
qura bilməz: "Dörd il ərzində bu tip şəxslərdən heç bir maraqlı təklif
eşitməmişik. Rusiya ilə diplomatik münasibətlərin bərpasına gəlincə isə bu,
yalnız Abxaziya və Cənubi Osetiya problemlərində ciddi irəliləyiş olan zaman
gündəmə gələ bilər”.Onu da qeyd edək ki,
bu ilin əvvəlində neçə illik fasilədən sonra Gürcüstanla Rusiya arasında quru
nəqliyyatı bərpa edilib. Gürcüstan avtomobilləri artıq Rusiya ərazisinə daxil ola
bilirlər. Quru nəqliyyatının bərpası haqqında saziş yük və sərnişin
daşımalarına şamil ediləcək. Rusiya tərəfi gürcü sürücülər üçün viza rejiminin
sadələşdirilməsinə dair öhdəlik də götürüb. İlkin mərhələdə tərəflər qarşılıqlı
olaraq 500 daşıma kvotası vermək barədə razılığa gəliblər. Bu daşımaları bir il
ərzində gerçəkləşdirmək mümkün olacaq.
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında quru
nəqliyyatı 2006-cı ildə dayandırılıb.
Azər NURİYEV