• cümə, 19 Aprel, 20:20
  • Baku Bakı 24°C

Rusiya Dnestryanı bölgəni Moldovanın ayrılmaz tərkib hissəsi hesab edir

21.08.19 15:21 12696
Rusiya Dnestryanı bölgəni Moldovanın ayrılmaz tərkib hissəsi hesab edir
Moldovanın yeni hökumətinin qərbpərəst xətt yürütmək siyasəti gözlənildiyi kimi dərhal öz "bəhrəsini” verib. Separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski bəyan edib ki, rəsmi Kişinyovun Moldova ilə sərhəddə sərhəd-buraxılış məntəqəsini götürmək tələbi heç bir halda yerinə yetirilə bilməz. Onun sözlərinə görə, bu məntəqə "Dnestryanı Respublika”nın "dövlət” sərhədidir.
Krasnoselskinin bu sözləri Moldova prezidenti İqor Dodonun separatçı qurumun rəhbəri ilə payızda keçiriləcək növbəti görüşdə qeyd olunan məsələni müzakirə etmək çağırışına cavabdır. Dodon onu da qeyd edib ki, gələn il Dnestryanı münaqişənin siyasi yolla həlli istiqamətində yekun ola bilər. Tiraspol lideri onu da qeyd edib ki, Moldova ilə birləşmə haqqında danışmaq istəmir və separatçı bölgənin müstəqillik kursunu bir daha təsdiqləyib.
Maraqlıdır ki, Kişinyovda Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl səsləndirdiyi fikir də əməlli-başlı gurultu qopardıb. Belə ki, Moldova kütləvi informasiya vasitələri diqqəti Lavrovun tanınmamış qurumu Moldovanın ayrılmaz hissəsi adlandırmasına diqqət ayırıb. Dnestryanı bölgədən olan tələbənin sualını cavablandıran nazir bildirib ki, Rusiya Federasiyası Dnestryanı bölgəni tanımayıb və onu Moldovanın bir hissəsi hesab edir. bloknot-moldova.md xəbər verir ki, Moldova jurnalistləri həmin süjeti tanınmamış qurumun telekanalının kəsdiyini və efirə vermədiyini bildiriblər. Lavrovun görüşü efirə verilsə də, reportajda həmin hissəyə rast gəlmək mümkün olmayıb. Lavrov bildirib ki, Rusiya 5+2 formatının iştirakçılarından biridir. "Bu format münaqişənin bir neçə il əvvəl razılaşdırılan formatda həllini nəzərdə tutur. Bu prinsiplər Dnestryanı bölgəyə Moldova tərkibində xüsusi status verilməsini yalnız bir şərtlə nəzərdə tutur – Moldova öz suverenliyini saxlayır. Neytral dövlət kimi qalır, yəni hansısa bir hərbi-siyasi bloka qoşulmamağı nəzərdə tutur”, - deyə Lavrov bildirib. O xatırladıb ki, vaxtilə bu sənədin imzalanmasına bir neçə saat qalmış ona maneələr yaradılıb. "Avropa İttifaqındakı həmkarlarımız Moldovanın o vaxtkı prezidenti Valdimir Voroninə bu sənədə imza atmağa mane oldular. Nəticədə "Kozakın memorandumu” imzalanmadı. Ardınca Lavrov vurğulayıb ki, bu prinsipin əsasında 5+2 formatı (Moldova-Dnestryanı bölgə - tərəflər, Rusiya, Ukrayna, ATƏT-vasitəçilər, Aİ və ABŞ müşahidəçilərdir) işləyir.
O ki qaldı Dnestryanı bölgənin telekanalının verilişinə, Krasnoselski "Nezavisimaya qazeta”ya bildirib ki, jurnalistlərin öz yanaşmaları var. Verilişə gəldikdə isə ona baxmadığını deyib.
Bütün bunlarla yanaşı, rusiyapərəst prezident Dodon tanınmamış qurumun rəhbərliyi ilə münaqişə ilə bağlı yığılıb qalan məsələləri müzakirə etmək fikrində olduğunu bildirib. Bura ilk növbədə bank sahəsi və vətəndaşların sərbəst hərəkəti mövzuları daxildir. "Biz daha çox vətəndaşların qarşılaşdıqları cari məsələlərin üzərində konsentrasiya olunmuşuq”, - deyə Dodon vurğulayıb. Sərbəst hərəkət etmək barədə məhdudiyyətlərə gəldikdə, prezident bildirib ki, Dnestryanı bölgədən insanlar sağ sahilə hər hansı problem olmadan gələ bilir. Analoji addımı Tiraspoldan da gözləyirlər. Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqələrinin götürülməsi kifayət qədər realistikdir. Başqa mühüm bir məsələ ondadır ki, Ukrayna ərazisindən Rusiya qazının ixracının dayanması gündəmdədir. Bu isə Moldovanı 2020-ci ildən Rusiya qazından məhrum ola bilər. Hazırda Moldova Ukrayna ərazisi ilə keçən transbalkan dəhlizi ilə Rusiyadan 3 mlrd. kub metr qaz alır. Lakin Moskva və Kiyev yeni şərtlər barədə razılığa gələ bilməsələr, bu tranzit gələn il yanvarın 1-dən dayana bilər. Hələ ki, danışıqlarda hansısa bir irəliləyiş yoxdur.
Yeri gəlmişkən, separatçı qurumun rəhbəri Dodonun daha bir təklifinə reaksiya verib. Söhbət 2020-ci ildə Dnestryanı problemin həlli ilə bağlı yekun qərarların qəbulundan gedir. Hazırda "kiçik addımlar siyasəti” aparılır. Bu da Dnestrin hər iki sahilindəki insanlarının həyat tərzinin dəyişdirilməsinə yönəlib. Tiraspolun mövqeyi üzündən Dnestryanı bölgənin mümkün statusu barədə söhbət belə getmir. Lakin moldovalı rəsmilər status məsələsini də yaxın zamanlarda həll etmək istəyirlər. Özü də Rusiyanın, Avropa İttifaqı və ABŞ-ın köməyi ilə. Maraqlı odur ki, Dnestryanı bölgənin rəhbərliyi status məsələsinin müzakirəsini tamamilə rədd edir. Bu zaman Dnestryanı bölgədə 2006-cı ildə keçirilmiş referendumun nəticələri əsas götürür. Orada isə bölgə əhalisinin 90 faizi Moldovadan ayrılmağa və Rusiya ilə inteqrasiyaya səs verib. "Bizim mövqeyimiz dəyişməyib. Əgər nə vaxtsa mövqeni dəqiqləşdirmək zərurəti olarsa, biz referendum keçirəcəyik”, - deyə tanınmamış qurumun rəhbəri bildirib. O ki qaldı qərbpərəst hökumətin rəhbəri Mayya Sanduya, xanım baş nazir bildirib ki, münaqişənin həllində qayda-qanun yaratmağın vaxtıdır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Rusiya hər vəchlə yeni hökuməti öz orbitində saxlamağa cəhd göstərir. Lavrovun bəyanatı da elə-belə səslənməyib. Nəzərə alaq ki, gələn ay Sandu Moskvaya səfər edəcək. Bu və digər məsələlərin də diqqət mərkəzində olacağı şübhəsizdir. Rusiya XİN rəhbəri nəzərə çatdırır ki, yeni hökumət neytral siyasət yürütməklə və hər hansı bir hərbi-siyasi bloka getməməklə Dnestryanı bölgəni qazana bilər. Sandu hökumətinin buna gedib-getməyəcəyini isə zaman göstərəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər