şənbə, 01 Oktyabr, 01:53

Baku Bakı 19°C

Rusiya Avropada ikitirəlik yaratmağa çalışır

icon 740 icon 13 avqust 2022 | 01:00 Rusiya Avropada ikitirəlik yaratmağa çalışır

Ukraynada fevral ayından etibarən davam edən müharibə Avropanı da çətin duruma salıb. Avropa ölkələri arasında Rusiya ilə bağlı həmrəylik də əvvəlki kimi deyil. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi fonunda Aİ ölkələri arasında parçalanma müşahidə olunur. 

Rusiya ilə Ukrayna arasında fevral ayından etibarən davam edən müharibə özü ilə çoxsaylı qlobal problemlərə yol açmaqda davam edir. Müharibənin Rusiya ilə yanaşı, Avropanı da çətin duruma saldığı göz önündədir. Qitəni qazla şantaj edən Rusiya gah təchizat problemini ortaya atır, gah da tədarüklə bağlı hədələyici bəyanatlar səsləndirir. Bəllidir ki, Avropa İttifaqı ölkələrinin qaza olan tələbatının 40 faizini Rusiya ödəyir. Elə buna arxayın olub Ukrayna ilə müharibəyə başlayan Rusiya da əmin idi ki, Avropa ölkələri tezliklə onun qazından imtina edə bilməyəcək.

Qərbin sanksiyaları Rusiyaya ziyan vursa da, ortada hələ ki, ciddi bir nəticə yoxdur. Məsələn, sanksiyalar paketində Avropaya Rusiyadan neft idxalının mərhələlərlə məhdudlaşdırılmasını nəzərdə tutan bənd olsa da, bu, özlüyündə sadə prosedur deyil. Qazla yanaşı, Rusiya gündəlik 5 milyon barellik neft ixracatına da malikdir və 25 faizlik payla Avropanın əsas neft ixracatçıları sırasındadır. Bu həcmin başqa mənbələrdən əvəzlənməsi isə həm vaxt, həm də zəruri infrastruktur tələb edir. Belə görünür ki, sanksiyalarla Rusiyanı zəiflətmək, bu ölkəni əsas gəlir mənbəyindən məhrum qoymaq istəyən Avropa öz imkanlarını və real vəziyyəti lazımınca dəyərləndirməyib. Ən əsas məsələlərdən biri də odur ki, Avropa ölkələrində Rusiya ilə bağlı həmrəylik əvvəlki tək hiss olunmur. Qarşıdan soyuq aylar gəlir və avropalılar donmamaq üçün növbəti sanksiyalara tələsməyəcəklər. Bu səbəbdən də Rusiya bir müddət öz “Pirr qələbəsi”ni qeyd edə bilər. Ortada acınacaqlı durumda qalan isə hələ ki, Ukraynadır. Qərbin vəd edilən genişmiqyaslı dəstəyi elə vəd olaraq qalır. Rusiya isə enerji resursları ilə getdikcə Avropanı ikiyə bölməyə müvəffəq olub.

İnflyasiya, enerji böhranı və tənəzzül təhlükəsi

Avropa müharibə başlayandan bəri Rusiyaya qarşı vahid cəbhəni qoruyub saxlaya bilsə də, indi problemlər yaşayır. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi ilə Avropa liderləri Ukraynadakı münaqişənin sosial-iqtisadi, daxili və geosiyasi nəticələri barədə getdikcə daha çox danışırlar. Başqa gərginliklər də var. Məsələn, Almaniya Ukraynaya vəd etdiyi silah tədarükünü gecikdirib. Baş nazir Mario Draqinin koalisiya hökumətinin yıxıldığı İtaliyada ölkənin populist partiyaları arasında Kiyevə hərbi dəstəyə qarşı siyasi müxalifət güclənir. Əvvəllər beş sanksiya paketi ildırım sürəti ilə təsdiqlənsə də, avropalılar “Avropa avtokratı”, Macarıstanın baş naziri Viktor Orban tərəfindən gecikdirilmiş Rusiya neftinə yönəlmiş altıncı paket üzərində həftələrdir mübahisə edirlər. İndi əsas düşündürən sual Avropanın birliyini nə vaxta qədər qoruyub saxlaya biləcəyidir.

Rusiya qazına real qaz embarqosu gözlənilmir

Əvvəlcə Aİ Ukrayna məsələsində diqqətçəkən qətiyyət nümayiş etdirirdi. Məsələn, qərarların və hərəkətlərinin sürəti ilə heç vaxt seçilməyən Brüssel bir neçə həftə ərzində Rusiyaya qarşı indiyə qədər tətbiq edilən ən genişmiqyaslı sanksiyaları təsdiqləməyi bacardı: Almaniya heyrətamiz 100 milyard avro əlavə hərbi xərclər elan etdi və Aİ ilk dəfə üçüncü tərəfə silah təhvil verilməsini asanlaşdırdı. Avropa həmçinin milyonlarla Ukrayna vətəndaşına müvəqqəti sığınacaq verməyə qərar verdi. Ukraynalılar Aİ daxilində hərəkət və işləmə azadlığı aldılar. İyun ayında isə rəsmi olaraq Ukrayna və Moldovaya Aİ-yə üzv namizəd statusu təqdim edildi. Lakin o vaxtdan bəri Brüsselin sürəti zəifləyib. Enerjiyə qənaətlə bağlı qeyd olunan razılaşmaya baxmayaraq, Rusiya qazına real embarqo gözlənilmir. Əksinə, Moskva özü Avropaya qazı kəsdi. Altı ölkəyə - Bolqarıstan, Danimarka, Finlandiya, Latviya, Polşa və Hollandiyaya Rusiyadan qaz nəqli tamamilə dayandırıb. Üstəlik, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” Avropanın qalan hissəsinə də qaz nəqlini kəskin şəkildə azaldıb. Rusiya qazını Avropaya gətirən ən böyük qaz kəməri olan “Şimal axını 1” iyul ayında təmir üçün müvəqqəti bağlanıb. Kəmər yenidən fəaliyyətə başlayıb, lakin onun ixracı 20 faizinə düşüb. Aİ yeni sanksiyalarla razılaşmaq əvəzinə, bir çox ölkədə qaz anbarı problemlərini həll etmək üçün mübarizə aparır və mavi yanacağın istifadəsini rasionallaşdırmaq üçün ümidsiz görünür. 

Avropa siyasətində narahatlıq

Artan iqtisadi təzyiq artıq Avropa siyasətində narahatlıq doğuran təsirlərə malik olmağa başlayır. İtaliya və Fransa kimi ölkələrdə populist və sağçı millətçi partiyalar ictimai dəstək toplamaq üçün müharibənin xərclərindən istifadə edirlər. Onlar iddia edirlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və yaşıl gündəliyi qəbul etməklə Avropa hökumətləri və Aİ institutları inflyasiyanı artırır, sənayeni məhv edir və iş yerlərini azaldırlar. Bu mesaj Avropa mediasında dəfələrlə verilib. Artıq aprel ayında Fransada keçirilən prezident seçkilərində ifrat sağçı və solçu partiyalar əhəmiyyətli qazanc əldə etmişdilər ki, bu nəticə iyunda keçirilən parlament seçkilərində də təkrarlandı. Kremlə ən yaxın əlaqələri olan üç partiya tərkibində olduqları koalisiya hökumətinə dəstəyini geri götürdükdən sonra iyul ayında İtaliyada Draqinin devrilməsi daha dramatik oldu.

Avropa parçalanır?

Avropanı daha çox narahat edən köhnə geosiyasi parçalanmaların geri qayıtmasıdır. Birincisi, bu, qitənin şərqi ilə qərbi arasında artan uçurumdur. Eyni zamanda, Baltikyanı ölkələr və Polşa kimi Ukrayna ilə həmsərhəd dövlətlər yeni sanksiyalara və güclü hərbi dəstək vasitəsilə ədalətə çağırır, İtaliya, Fransa və Almaniya kimi Qərbi Avropa dövlətləri isə Rusiya ilə kompromisə meyil edirlər. Şərqi Avropa liderləri, ölkələri də Ukrayna münaqişəsinin iqtisadi nəticələrindən əziyyət çəksələr də, çox güman ki, sülhün yalnız Ukraynanın Rusiya qoşunlarını öz ərazisindən çıxarması və Rusiya prezidenti Vladimir Putinin cavabdehlik daşıdığı zaman mümkün olacağına inanırlar. İkinci parçalanma şimaldan cənuba doğru uzanır. Bu boşluq on il əvvəl "suveren borc böhranı" zamanı avrozonanı, demək olar ki, parçaladı. 

Azər NURİYEV