• çərşənbə, 24 Aprel, 00:59
  • Baku Bakı 14°C

Rus bayrağı ayaqlar altında

15.01.15 09:37 1987
Rus bayrağı ayaqlar altında
Ermənistanda rus hərbçisi ilə bağlı yaşanan gərginlik nəinki, səngiyir, əslində günbəgün güclənməkdədir. Rusiya rəhbərliyinin qətliamı həyata keçirən əsgəri təhvil vermək istəməməsi isə erməniləri əməllicə şoka salıb. Bununla da Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşdiyi iddia edilir. Dünən Ermənistanda Prezident Administrasiyasının binası qarşısına yürüş olub. Təşkilatçıların əsas tələbi rus hərbçisi tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin xatirəsinə ölkədə matəm elan olunması, həmçinin cinayətin təhqiqatının Ermənistanda aparılmasıdır. Təşkilatçılar vurğulayıb ki, Rusiya cinayətkarı təhvil verməli və işə Ermənistan məhkəməsi baxmalıdır. Aksiyada yüzlərlə sakin iştirak edib. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb. “Bu nə deməkdi? Silahlı əsgər hərbi hissəni necə tərk edə bilər? Bütün komanda heyəti, o cümlədən prezident, ali baş komandan Vladimir Putin məsuliyyətə cəlb edilməlidir” - deyə aksiya iştirakçılarından biri bildirib.
Etirazçılar Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb ediblər
Daha sonra yürüş iştirakçıları Azadlıq meydanına qayıdıblar, meydanda cinayət qurbanlarının xatirəsinə şam yandırılıb. Dünən eləcə də, yüzlərlə avtomobil isə Gümridəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümridə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb ediblər. Ermənistan mətbuatı xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Gümri şəhər meriyasına yaxınlaşmaq istəyən aksiya iştirakçılarının qarşısı polislər tərəfindən zorla alınıb. Polislər vilayət administrasiyasına girişin qarşısını kəsiblər. Bu zaman etirazçıların administrasiya binasına yaxınlaşması və pəncərəyə plakatlar bərkitməyinə icazə verilməyib.
Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında da Gümridə bir ailənin qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilib. Etirazçılar Rusiya hərbi bazasının ölkədən çıxarılmasını və Rusiyanın Ermənistandakı səfirinin geri çağırılmasını tələb ediblər. Vətəndaşlar Rusiya Federasiyasından rəsmi izahat gözləyirlər. Etirazçılar hesab edirlər ki, Rusiya Ermənistan xalqından üzr istəməlidir. Ermənistanın Gümri şəhərində avtomobil yürüşü də keçiriləcək. Yürüş iştirakçıları yeddi nəfərdən ibarət Avetisyanovlar ailəsinin altı nəfərini öldürmüş 102-ci hərbi bazanın əsgəri Valeri Permyakovun erməni hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edəcəklər. Avtomobil aksiyası Gümrüdəki hərbi şəhərcikdə start götürərək Rusiya konsulluğunun binası qarşısında davam edəcək. Aksiya Surb Nşan kilsəsində başa çatacaq. Burada Avetisyanovlar ailəsinin xatirəsi yad ediləcək. Öldürülənlərin yanvarın 16-da dəfn ediləcəyi gözlənilir.
“Bu, Serj Sarkisyan hakimiyyətinin zəifliyidir”
“Gümridə erməni ailəsini qətlə yetirmiş rus əsgərinin Ermənistan məhkəməsinə verilməməsi Serj Sarkisyan hakimiyyətinin zəifliyidir”. Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakuns bildirib. Onun sözlərinə görə, rus əsgər hərbi hissəni tərk etdikdən sonra o, yerli qanunlarla mühakimə edilməlidir və Ermənistan hakimiyyəti zəif olduğuna görə qətli törətmiş Premyakovu almaq üçün arqumentlərini tətbiq edə bilmir. Artur Sakuns bildirib ki, Gümrüdəki hərbi bazanın rus əsgərlərinin ətrafdakı erməni əhaliyə qarşı münasibəti çox gərgindir: “Onlar qarşılarına çıxan ilk ailəni qıra bilərlər”. Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiya bazasının Ermənistanın təhlükəsizliyinə zəmanət verməsinə də inanmaq çətindir.
“Ermənistanla Rusiya arasında hərbi baza haqqında razılaşmanın 4 və 5-ci maddələrinə əsasən, Permyakovun cinayət işinə birmənalı olaraq Ermənistan baxmalıdır. 5-ci maddədə göstərilən istisna hallarda Rusiya qanunvericiliyi tətbiq edilə bilər”. Bunu isə ermənistanlı vəkil Ervand Varosyan bildirib. Rusiya və Ermənistan arasında 1997-ci il hərbi baza haqqında razılaşmanın 5-ci maddəsinə əsasən, əgər cinayət rus hərbi bazasının ərazisində olarsa, yaxud hərbi baza əməkdaşı və ya onun ailə üzvlərinə qarşı törədilərsə və əgər hərbi cinayət baş verərsə, araşdırma Rusiya qanunvericiliyi ilə aparılır. “Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinən 102-ci Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun Ermənistan hüququ-mühafizə orqanlarına təhvil verilməsi məsələsi müzakirə olunmayıb” - deyə Ermənistan Baş Prokurorluğunun yaydığı bəyanatında deyilir. Erməni ailəsinin 6 üzvünü öldürən Valeri Permyakov hazırda Ermənistanda Rusiya hərbi bazası ərazisində saxlanılır. Ermənistan və Rusiya prokurorluqları Gümri qətlinin detallarını müzakirə edib, günahkarların qanunun “tam ciddiliyi ilə cəzalandırılmasının labüdlüyünü” qeyd ediblər.
İstintaqın Ermənistan və Rusiya hüquq-mühafizə strukturlarının birgə aparıldığı bildirilir, erməni tərəfi isə “bütün günahkarların qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilməsi işində ardıcıl olacaq”.
Ermənistan prokurorluğunun bu izahatı bir çox yerli mütəxəssisləri məyus edib, bəziləri bəyanatın heç bir qanuni əsası olmadığını qeyd edir. “Ermənistan Respublikasında axtarışa elan edilmiş və Ermənistan ərazisində tutulan həmin şəxs Ermənistana təhvil verilməlidir. Ermənistan polisi bütün gün ərzində Gümridən çıxan və daxil olan maşınları yoxlayıb. Necə olub ki, əsgər gedib sərhədə çata bilib? Nə üçün xarici bir ölkənin silahlanmış hərbçiləri Ermənistan Şirak vilayəti ərazisində cinayət-axtarış işləri aparır? Onların Ermənistan ərazisində cinayət törətmiş bir kəsi tutub Ermənistana təhvil verməməyə nə haqqı var? Bu işdə sual doğuran məqam çoxdur” – deyə vəkil Varosyan deyib.
Rusiya bazasından kifayət qədər çox şikayətlər olub
Yeri gəlmişkən, bəlli olub ki, 2013-cü ilin sonundan Rusiyanın Ermənistandakı bazasından kifayət qədər çox şikayətlər daxil olmağa başlayıb. Bu barədə “Moskovskiy komsomolets” qəzetinə Rusiya Əsgər Anaları Komitəsinin məsul katibi, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Valentina Melnikova bildirib. V. Melnikova deyib: “Əvvəllər, hardasa 2009-2013-cü illərdə ora tamamilə sakit olub, biz əsgərlərdən, onların analarından heç bir şikayət eşitməmişik. Amma, başa düşdüyünüz kimi, hissədə xidmət atmosferi, iqlim bir çox hallarda komandirdən asılıdır. Və, budur, artıq 2013-cü ilin sonundan başlayaraq bu hərbi hissədən tez-tez şikayətlər eşidilməyə başlanıb. Əsasən hərbi qulluqçuların pullarının alındığı, onların təhqir edilməsi, hospitala və müalicəyə vaxtında göndərilməməklə bağlı şikayət edilir”. Qəzetin məlumatına görə, həmçinin Permyakovun özü haqqında real informasiyanı gizlətməyə meyil etməsi aydınlaşıb. Belə ki, sosial şəbəkədəki səhifəsində o göstərib ki, Çita şəhərinin axşam məktəbində oxuyub. Amma təhsil müəssisəsinin direktoru qəti surətdə bunu təkzib edib. Lyudmila Vonsonoviç bildirib ki, belə soyadla şagirdi xatırlamır, amma düzgünlük üçün öz məktəbinin bütün şagirdlərinə dair məlumatları gözdən keçirib və onların arasında Permyakovu aşkar etməyib. Aydınlaşıb ki, Valeri Permyakov Rodla Zabaykalye diyarının Duldurq kəndindəndir və orduya Çitanın Baley şəhərindən çağırılıb. Ermənistanın şimalında yerləşən Gümridə 1995-ci ildən Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Burada MDB Birləşdirilmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Baza Rusiya Federasiyasının Cənubi Qafqazdakı Cənub hərbi dairəsi Rusiya Qoşunları Qrupuna tabe edilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər