• cümə axşamı, 28 mart, 23:55
  • Baku Bakı 13°C

“Risksiz yenilik və inkişaf olmur” - Uğur hekayəsi

07.12.18 09:30 1943
“Risksiz yenilik və inkişaf olmur” - Uğur hekayəsi
Maliyyə üzrə təhsil alıb, hazırda bank sektorunda risklərin idarə edilməsi istiqamətində çalışır. Bəs riski sevən biridir? Xarakter etibarilə riskləri çox sevməyən insan olduğunu deyir, amma həm də qəbul edir ki, risk olmadan yenilik və inkişaf olmur. "Riskləri idarə etməli və yalnız ölçülmüş riskləri qəbul etməliyik” – deyən müsahibimiz Paşa Bankın Risklərin İdarə Edilməsi Departamentinin eksperti Məhəmməd Məhərrəmlidir.
- Bakalavr təhsiliniz müddətində ABŞ-ın "Duke” və Çexiyanın "Charles” universitetlərində tələbə mübadilə proqramlarında iştirak etmisiniz. Tələbəlik illərindən aktiv olmusunuz, deyəsən.
- Mən bakalavr təhsilimi İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda almışam. Oxuduğum müddətdə aktiv olmağa, universitetin təşkil etdiyi fərqli işlərdə rolum olmasına çalışmışam. Həmçinin, tələbə vaxtı Regionların İnkişafı İctimai Birliyində tələbə koordinasiyası şurasında fərqli proyektlərdə menecer kimi könüllü olmuşam. Həmçinin qeyd etdiyiniz mübadilə proqramlarında da iştirak etmişəm. Bir də 4-cü kursda Dövlət Neft Fondunda 3 ay təcrübə proqramı keçmişdim. Passiv olmamağa, yaranan imkanları dəyərləndirməyə çalışmışam.


- Orta məktəbdə də aktiv olmusunuz? Çünki məktəb illərində passiv olanların tələbəlik illərində aktiv rejimə keçmələri vaxt alır...
- Məktəb illərində də kifayət qədər aktiv idim. Nə tədbir, yarış olurdusa, iştirak edirdim. O vaxt regionlarda fənn olimpiadaları keçirilirdi. Mən coğrafiya üzrə iki il dalbadal birinci yerə çıxmışam. Məktəbdə öndə gedən şagirdlərdən olmuşam. 7-11 siniflər üçün məktəbin "şərəf lövhəsi” olur. Orda məktəbin adını önə çıxaran şagirdlərin şəklini vururdular. Mənim şəklim 4-5 il orda olub.

- Uşağın yaxşı oxumağında, aktiv olmağında bəzən valideynin rolu çox olur, bəzən isə məktəb faktorunun. Siz bu cəhətdən hansını deyərsiniz?
- Ümumi götürəndə hər ikisinin ayrılıqda öz yeri var. Amma anamın rolunun daha çox olduğunu deyərdim. Anam iqtisadçıdır və riyazi fənləri çox yaxşı bilirdi. Maliyyəçi üçün riyazi fənləri bilmək baza olaraq önəmlidir. Riyazi bazamın formalaşmasında anamın böyük dəstəyi olub. Amma müəllimlərimin də biliklərimin inkişafında əməyi danılmazdır.

- Ananızın iqtisadçı olmağının maliyyəni seçməyinizdə rolu yəqin ki, olub...
- İkinci qrupda əsas fənlər riyaziyyat və coğrafiyadır. Coğrafiya və riyaziyyat biliklərim güclü idi və bu fənlərə marağım da çox idi. Bu iki fənnin seçimimdə rolu yəqin ki olub, amma anamın iqtisadçı olması məni bu sahəyə çəkən faktorlardan birincisidir.


- Bakalavrı bitirib bir müddət çalışdıqdan sonra magistr təhsili üçün Queen Mary London Universitetinə üz tutmusunuz.
- Əvvəldən bütün dünyada tanınan bir diploma sahib olmaq kimi planım var idi. Biliklərimi inkişaf etdirmək və maliyyə sahəsində beynəlxalq təcrübəni öyrənmək üçün bunun önəmli olduğunu düşünürdüm. Amma bunun üçün iş mühitinə düşmək, bir müddət çalışmaq lazım idi ki, özümdə olan zəif cəhətləri kəşf edim. Bir il maliyyə departamentində işləyib özümdə inkişaf etdirməli olduğum sahələri müəyyən etdim. Magistratura təhsilində də o sahələr üzərində daha çox fokuslandım.

- İngiltərədə bir investisiya fondunda da çalışmısınız. Bu, tələbəlik illərinə düşüb?
- Bəli, orda oxuduğum müddətdə universitetin özünün investisiya fondu var idi. Orda bir müddət investisiya analitiki kimi çalışıb təcrübə yığmışam.
- Tələbəlik illərində digər ölkələrdə təhsil alanlar adətən, imkan olanda xaricdə qalıb çalışmağa üstünlük verirlər. Qayıtmağınıza səbəb nə oldu?
- İmkan yaranmışdı, təhsilimin axırıncı ilində risklərin idarə edilməsi üzrə iş təklifi almışdım. Qalmaq, yoxsa qayıtmaq? Bu qərarı vermək çox çətin idi. Düzdür, ailəm də burda idi, amma qayıtmağımın əsas səbəbi vicdan borcu hiss etməyim oldu. Çünki mən xaricdə dövlət proqramı ilə təhsil almışdım. Düşündüm ki, dövlətə, xalqımıza məxsus pul ilə təhsil almışamsa, qayıdıb ən azı 5 il müddətinə də olsa, ölkəmizdə işləyim, əlimdən gələni edim, o mənəvi borcu qaytarım. Bəlkə də öz pulumla təhsil alsaydım, qayıtmazdım. Elə oldu ki qayıtdım, karyeram də burda yaxşı davam etdi. Bəlkə də Londonda qalsaydım, burda indi gəldiyim yerə bir neçə il sonra çatardım. Londonda banklarda baş mütəxəssis olmaq üçün hardasa 7-8 il lazım olur. Mən ölkəmizə qayıtdığım 4 ildir ki, baş mütəxəssisdən daha yuxarı vəzifədəyəm. Bu şeylərə baxanda qayıtdığım üçün peşman deyiləm.

- Sizcə, bu cür tez irəliləmənizin səbəbi nədir?
- Halıma şükür edən biriyəm, amma həmişə özümdən narazı olmuşam. Bəzən insan halına şükür edir, özündən də razı olur, deyir ki, bu qədər öyrəndim bəsdir və nəticədə, daxili intizamı zəifləyir. Amma mən hər zaman daha çoxu üçün çalışıram, həmişə fikirləşirəm ki, daha çoxunu edə, özümü daha yaxşı inkişaf etdirə bilərdim. Böyük Britaniyanın nüfuzlu "Russel Qrupu” universitetlərindən biri olan Queen Mary London Universitetini fərqlənmə ilə bitirmişəm. Təhsilimi başa vurub ölkəmizə qayıdandan sonra da şəxsi inkişafa fasilə vermədim. ABŞ-da yerləşən Qlobal Risk Peşəkarları Assosiasiyasına (GARP) üzvlük üçün müraciət etdim və maliyyə risk menecmenti sahəsində ən çətin və prestijli FRM sertifikatını almaq üçün İstanbulda iki imtahan verdim. Həmin sertifikatı aldım, həm də o assosiasiyaya üzv oldum. Yenə də düşünürəm ki, öyrənmək, oxumaq üçün hər zaman yer var, daha çoxunu edə bilərəm, bu, hələ yolun başlanğıcıdır. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.


- Daha yaxşı etməyə çalışmısınız, bəs, sizcə, rəhbərləriniz sizdən razı qalıb?
- Buna rəhbərlərim daha yaxşı cavab verərdilər (Gülür). İndiyə kimi işlədiyim rəhbərlərin topladığım təcrübədə rolu çox olub. Ümumilikdə, iş uzunmüddətli proses olduğuna, zaman-zaman rəhbərlikdən fərqli tapşırıqlar verildiyinə görə, tam razı qaldıqları da ola bilər, qismən razı qaldıqları da. Bilirsiniz, rəhbərlər onların komandasında çalışan işçilərin potensiallarını gözəl bilirlər, əgər onlar narazı qalırlarsa, deməli, o işçinin potensialına görə daha yaxşısını əldə edə biləcəyinə əmindirlər. Hər kəsdən öz səriştələrinə uyğun gözlənti formalaşır. Rəhbər biləndə ki işçi daha yaxşısını etməyə qadirdir, daha çoxunu istəyir. Karyeram hər zaman artan templə getdiyinə görə, yəqin ki, narazı olmayıblar.

- Çalışdığınız vəzifənin adında olan riskdən danışaq. Risk nədir sizin anlamınızda?
- Risk hansısa atılan addımın nəticələri barədə qeyri-müəyyənlikdir. Risk olmadan yenilik və inkişaf olmur. Lakin həyatda hər bir insanın hədəfləri olmalıdır və onlara çatmaq üçün yalnız düşünülmüş və ölçülmüş risklər götürülməlidir.

- Risk edən birisiniz?
- Əslində xarakter etibarilə riskləri çox sevməyən insanam. Bəlkə də riski idarə edən insan riski sevməməlidir. Biz riskləri idarə etməliyik və yalnız ölçülmüş riskləri qəbul etməliyik. Bəzən elə seçim olur ki, daha çox gəlir görünən tərəfdə risk də çox olur. Bunu vaxtında görüb, riskləri idarə etmək lazımdır.

Şəxsimə gəlində isə, əslində, mən intizamlı adamam. Ölçülməmiş risk etməyi ümumiyyətlə, sevməyən biriyəm. İş, vaxt cəhətdən intizamlı adamam.

- Müsahibəyə də yarım saat öncə gəlmişdiniz, gecikməyi də sevmirsiniz?
- Gecikməyi sevmirəm. Əgər 14:00-da bir yerdə olacamsa, görüşü 14:30-a təyin edirəm, istəmirəm kimisə gözlədim. Yemək, yatmaq vaxtı kimi rejimləri belə qoruyan adamam. Çünki bunların vacib olduğunu bilirəm.

- Gənclik dövründə bu intizamı qorumaq nə dərəcədə alınır?
- Mən heç vaxt o çılğın gəncliyi keçirməmişəm, həmişə belə olmuşam. Tədbirlərdən, əyləncələrdən qalmamışam, amma öz rejimim olub. Həmişə təyin etdiyim vaxtda olduğum yerdən çıxıram. Bu rejimi qorumaq vacib işlərə vaxt ayırmaq cəhətdən adama çox kömək olur.


- Hələ tələbə olanda verdiyiniz bir müsahibənizdə qeyd etmisiniz ki, gələcək karyeranızı Mərkəzi Bankdaqurmağı planlaşdırırsınız.
- Mən xaricdə təhsil alıb qayıdanda Mərkəzi Bankda işə qəbul olmuşdum və növbəti aylarda işə başlayacaqdım. Müsahibəni də həmin müddətdə verdiyim üçün böyük ehtimalla düşünürdüm ki, orda çalışacağam. Sonra elə oldu ki, Beynəlxalq Bankdan təklif aldım. Çox zaman karyera həyatındakı hadisələr gözlənilməz olur. Bir şey planlayırsan, başqa təklif gəlir, tamam dəyişilir.

- 4 il sonra işi dəyişdiniz. Bu dəyişikliyə səbəb nə oldu?
- İş dəyişmək bir az cəsarət, risk tələb edir. Mən riski sevməsəm də, bu tip ölçülmüş riskləri qəbul edirəm. Düşündüm ki, dəyişiklik olsun. Yeni bir iş yeri yeni təcrübə, yeni əlaqələr və yeni imkanlar deməkdir. Həm də bəzən komfort zonadan çıxmaq lazım gəlir.

- Sizcə, insan karyerada istədiklərini əldə etmək, uğurlu olmaq üçün nələrə sahib olmalıdır?
- Heç kim birdən-birə böyük nailiyyətlər əldə etmir. Səbirli, intizamlı və qətiyyətli olmaq, ən əsası, çalışmaq lazımdır. Hər şeyin başlanğıcı çətindir. Bütün çətinliklərə baxmayaraq, hədəflərə çatmaq istəyiniz çoxdursa, əmin olun hədəflərə nail olacaqsınız. Qərarınızda qətisinizsə, həqiqətən çalışırsınızsa, doğru addımlar atırsınızsa, bir il tez, bir il gec hədəflərinizə çatacaqsınız. Hədəflərinizə hansı surətlə getdiyiniz önəmli deyil, önəmli olan hər gün durmadan yol qət etməkdir. İnsan qərarlıdırsa, böyük hədəflərə çata bilər. Unutmayaq ki, gələcəyimizi bu gün atdığımız addımlar müəyyən edir.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər