• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Rindlər küçəsi

01.07.19 14:45 20370
Rindlər küçəsi
Yuxuda çox günahlar eyləmişəm,
Yozan olsa, görər həqiqətdir.
Raşid əl-Həbsi

Bu gün səhər Ay yaddan çıxıb qalmışdı göyün üzündə. Dövrəsində ağ göyərçinlər halay vururdu.
Dənizin sahilindən xatirələr karvanı ötüb keçirdi, ləpədöyəndə iki sevgili bir-birinə sarılmışdı. Dənizin qəhqəhəsi dalğa-dalğa yüksəlirdi. Bu sahillər qocanın ayaq izlərini çoxdan yuyub aparmışdı, deyəsən dəniz heç onu xatırlamırdı. Üzündəki soyuq təbəssüm keçmişlə bu günün arasında qalın divar kimi ucalırdı. Qoca bu qumlu sahildə nə axtarırdı, heç özü də bilmirdi. O şeyləri ki, arzulayırdı, onları heç axtarmağına dəyməzdi, çünki zaman onları onun əlindən illər öncə almışdı. Zamanın aldıqlarını geri qaytardığını indicəycən görən olubmu?..

***

Gecə barından çıxıb pay-piyada evə gedirdi. Yaxşı ki, ayaqları yolu tanıyırdı, başının ümidinə qalsaydı, bu qaranlıq küçələrdə azıb qalacaqdı. Sükutun bağrında bir partlayış qopdu; bu azan səsi idi. Adam bir anlıq ayaq saxladı, vücudundan utandı, bu səsin altında əzilib xıncım-xıncım oldu. Ayaqları onu ziyarətgahın qarşısına gətirib çıxarmışdı. Göy üzü yavaş-yavaş qaranlığı yenməkdəydi. Sübh azanı insanları təmizliyə səsləyirdi. Kəndin qurtaracağındakı həyətin darvazasından içəri girən kimi yeyib-içdiyini qaytardı. Zəncirə bağlanmış it yiyəsinin bu qəribə hərəkətindən huyuxdu. Adam gəlib itin böyründə çömbəldi, it araq iyindən başını yana çevirdi.
Evə girmədi, evdə Quran, canamaz vardı. İt damının böyründə yanını yerə qoyub kürəyini divara söykədi, siqaret çıxarıb alışdırdı. Əl quyusunun içindən bir qızın çıxdığını gördü, möhkəm qorxdu. İlahi, görən bu da yuxudurmu? Sevdiyi qız bura necə, hardan gəlib çıxmışdı? Yuxuda bu qızın başına bir Allah bilir, nə oyunlar açmışdı. Yuxudakı günahları həyatdakı günahlarından çox idi. Hər gecə röyasında günaha batırdı.
"Ey dili-qafil! Məşriqin şəmsi nurunu dörd bir yana saçır. Sən nədən qərqeyi-girdabi-zülmət olubsan?”
Başqa vaxt hasarın o üzündən hənirti hiss edən kimi zəncirdən dartınıb hürməyə başlayan köpək heç qımıldanmadı. Quyudan zühur edən mələk onu da əfsunlamışdı nədi?
Adamın aşiqlər kimi nitqi tutuldu. Heyrət, ey büt! Bu gözəllikdə də bəni-insan olarmı?! Yerindən sıçrayıb ona doğru yeridi:

"Mən talibi-nurəm, ey mələksima. İnan mənə!”
"Sən öz bəxtinin gözlərinə mil çəkmisən. Ona görə Tanrını görə bilmirsən”.
"Küfr danışma! Allah gözəgörünməzdir”.
"O düz sənin qarşındadır”.
"Bəs mən niyə onu görmürəm?”
"Göz niyə özünü görmür, bilirsən? Göz özünü öz əməlində görə bilər”.
"Sən lap müdrik qocalar kimi danışırsan. Gəl eşqdən, zövq-səfadan danışaq”.
"Dünya təkcə zövq-səfadan ibarət deyil, ey divanə”.
"Divanə zəncirdə olar”.
"Sən də nəfsinə zəncirlənmisən. Nəfsin səndən hər gün şərab tələb edir. Hafiz bilirsən nə deyirdi?”
"Hafizi sən hardan tanıyırsan? Çoxdandır heç Bakıda deyil. Xaricdə yaşayır. Bircə ürək dostum o idi, o gedəndən tək qalmışam”.
"Hafiz Şirazini deyirəm. Bir qulaq as və bu misralardakı dərin hikməti anlamağa çalış.
Rindlərin sən küçəsindən salamat keç, zahid,
Yoxsa üstün batacaq ordakı bədnamlara”.
"İnana bilmirəm. Sən əvvəlki Sevda deyilsən. Sən belə şeylər bilməzdin. De görüm xəyalsan ya gerçək?”
Adam bunu deyib qarşısındakı mələyin belini qucaqlamaq istədi, üzüqoylu quyunun üstündəki taxtanın üstünə yıxıldı. İtin sanki tilsimi qırıldı, narazı-narazı bir-iki ağız hürdü.
Handan-hana özünə gəldi, yenə həmişəki kimi özünü söydü: "İçgi məndə ağıl qoymayıb, deyəsən havalanıram. Zatıma lənət, bir də dilimə vursam onu. Qız indi necə dedi? Rindlər küçəsindən salamat keç ki, bulaşmayasan… Əşi düz deyir də. Bataqlıqdı da. Cəhənnəm olsun, bir də oralara ayaq basmayacağam!”

***
"Mən bir zamanlar ağac idim, indi qayıq olmuşam”.
Qoca sahildə yırğalanan qayığa baxıb gülümsədi. Sevdanı xatırladı. Bu qayıq onların sevgisini ovcunda qoruyub saxlayırdı. Sevda meyindən sərməst olub dünyanı unudurdular, sevgidən intəhasız zövq alırdılar. Bu qayıq əvvəlki ömründə ağac olmuşdu, kölgəsi çox sevgilərə sığınacaq olmuşdu. Hardansa qarğa kimi uçub gələn ayrılıq onların sevgisinə kölgə saldı. Ayrılıq yelləri rindlər küçəsindən əsdi. Hər gecə sevgilisini sərməst görən Sevda bir gün ona ibrətamiz əhvalat danışdı:
"Adəm övladı ömrü boyu axtardığı sevgilisinin ünvanını tapıb onun qapısını döyür. İçəridən səs gəlir: "Kimdir?” Adəm övladı cavab verir: "Mənəm”. Ona belə cavab verilir: "Burada sənə və mənə yer yoxdur”. Qapı bağlı qalır. Bir illik tərkidünyalıq və məhrumiyyətdən sonra insan övladı qayıdır və qapını yenidən döyür. Ondan soruşurlar: "Kimdir?” İnsan övladı cavab verir: "Bu, sənsən”. Qapı açılır”.
Qoca Rindlər küçəsindən salamat keçə bilmədi, özünü də ordakı şərab çuxurlarından birində salıb itirdi. O, Hafiz Şirazinin müdrik məsləhətinə qulaq asmadı. Hər gün Seyyid Əzimin misraları onu qabağına qatıb bura gətirirdi:
Sizitari, yetirin piri-xərabata məni,
Ki,bugünsaqiəlindən gileyim var mənim.
Sahildə fikirli-fikirli yırğalanan qayığı bir vaxtlar özü düzəltmişdi. Hər gecə gəlib qayaların üstündə otururdu, dənizin dərinliyindən Sevdanın səsi gəlirdi. Ona elə gəlirdi ki, dənizin üfüqlə birləşən yerində insanlar yaşayır və Sevda da ora köçüb. Balıq ovuna çıxanda da dalğaların səsində Sevdanın doğma, mehriban səsini axtarırdı, tapa bilmirdi. Sevda ancaq gecələr onu səsləyirdi. Sevdanın səsi sanki mayak idi, qoca o səsə can atırdı. Bir gecə qəribə yuxu gördü. Gördü ki...
***
O qədər ağlamışdı ki, gözünün yaşından göl əmələ gəlmişdi. Gölün aynasında qorxunc, bədheybət bir məxluqun əksi titrəşirdi. Daha baxmadı, gözlərini yumdu.
"Dayday, burda nöş oturmusan?”
Başını qaldırdı - balaca, qarayanız oğlan uşağı idi, təəccüb və maraqla gözlərini ona zilləmişdi.
"Tilovu atmışam, ya bəxt!.. Görək də...”
Oğlan hırıldaya-hırıldaya ondan uzaqlaşdı.
Başını qaldırdı – bir uşaq dumanın üstüylə kirşə ilə sürüşürdü, bir suyu elə bayaqkı qarayanız oğlan uşağına çəkirdi. Çığıra-çığıra nəsə deyirdi, səs qulağına çatmırdı.
Ağ bir göyərçin dumanın içindən sıyrılıb gölün üstündə iri bir dövrə vurdu və dimdiyindəki üçkünc naməni gölə buraxıb yüngülcə bir reverans elədi. Duman quşu bir andaca uddu.
Uzun əziyyətdən sonra gölün hamar səthiylə ona doğru səmt alan kağıza əli yetişdi. Fikirləşdi ki, yəqin naməni kirşə ilə sürüşən uşaq yollayıb. Ömründə ilk dəfəydi ki, kimdənsə məktub alırdı.
Ya Allah, görək bu dəcəl bala nə yazır: "Dayday, sevgi fədakarlıq istəyir. Sevdiyin insanın uğrunda gərək öz canından keçəsən. Axı Sevdanın gözləri sənin yolunda qalıb. Get, onu gətir...”

***
Qürub çağının qanı üfüqə yayılmışdı. Bu qan körpü kimi uzanırdı, Adəm övladı bu körpüdən keçməliydi ki, uzaqda Ədəm bağını andıran cənnətməkan guşədə gəzib-dolaşan Sevdasına qovuşsun. Sevda onun Həvvası idi. Adəm övladı uzaqdan gördü ki, Sevda bir gül bağında oturub və qarşısında da gözəl bir ilan şahə qalxıb onun üzü bərabərində dayanıb. Nə barədəsə şirin-şirin söhbət edirlər. Sevda gülümsəyirdi, elə bil qarşısındakı əfi ilan deyil, sevgilisi idi.
Gördüyü mənzərədən damarında qanı dondu. Dünya qapısından geri dönmək istədi. Qapıya baxanda anladı ki, ordan keçə bilməyəcək. Qapı sanki liliputlar üçün nəzərdə tutulmuşdu.
Sonra elə bil birdən-birə çəkisizliyə düşdü, sinəsinə ağırlıq çökdü. "Deyəsən tabutun qapağını mıxlayırlar... Vəssalam, hər şey bitdi... Bundan sonra "dünyanı xəyal eyləmək olmaz.” Rəhmətlik Seyyid Əzimin sözüdür, bu sözlər çoxlarını qəbir evinədək müşayiət edib.
Yaddaş sandığında qalaqlanmış illəri, ayları, günləri ələk-vələk elədi-bəlkə özündən bir nişanə gözünə dəydi - yox ey... Bəlkə heç özünü itirməyib, ona elə gəlir? Hə? Bəlkə elə O, özüdür, sadəcə, başqa şəklə düşüb? Bəlkə...bəlkə...
İçində dolaşan hansısa naməlum, yad bir cisim onu anbaan, saatbasaat özgələşdirirdi. Elə bil kimsə onun bədənində kimyəvi təcrübə aparırdı, - yad bir cismi onun bədəninə calaq edirdi.
Nəfəsi tıncıxdı. Bozumtul, yekrəng, fərəhsiz günlərin yırıq-yırtıq boxçasını yaddaşının bir küncünə tulladı.
Ürəyinin enerji bloku partladılmışdı; içini sonsuz, vahiməli bir qaranlıq bürümüşdü. Hər addımını elə atırdı ki, elə bil indicə dibsiz bir uçuruma yuvarlanacaqdı, - o uçurumun hardasa lap yaxında olduğunu və indicə onu udacağını bilsə də dayanmırdı...
Birdən hiss elədi ki, nəsə yapışqan kimi bir şey ayaqlarına suvaşır və addım atmaq çətinləşir. Əyilib əliylə ayaqlarını yoxlamaq istədi, - ayaqları yox idi. Bataqlıq onu qurşağacan udmuşdu. Qışqırmaq istədi, yadına düşdü ki, səs telləri qırılıb...
Gözləri alacalanmışdı, ağzı köpüklənmişdi və dodaqları tərpəndikcə ağzından çıxan qovuqcuqların sayı artırdı. Bu qovuqcuqlar onun demək istədiyi, lakin deyə bilmədiyi sözləri əvəz etmək istəyirdi. Bir-birinin ardıyca səfə düzülüb qalxan qovuqcuqlar havada bir-bir vurulurdu və insanlar o sözləri eşidə bilmirdilər.
Bu, heç batmağa da oxşamırdı, ətrafındakı əzrayılın kölgəsi də deyildi... Bəlkə ömrün ölüm fəsli belə olur? Bilirdi ki, hər insan o fəsli bircə dəfə yaşayır, tək bircə dəfə...
Dünən gecə yuxusu yarımçıq qalmışdı...
Kamali-ədəblə tabutun içində uzanıb insanların çiynində yırğalanırdı. Rindlər küçəsindən keçirdilər. Hafiz Şirazinin beytini xatırladı. Yolun kənarındakı ağaclıqda iki kişi üzbəüz oturub şərab istemal edirdilər. Nədənsə dəfn karvanına baxıb qəhqəhə çəkirdilər...
Rindlərin sən küçəsindən salamat keç, zahid,
Yoxsa üstün batacaq ordakı bədnamlara...
Molla həzin səslə ona layla deyirdi. Tabutun ardınca çəkmələri işım-işım işıldayan şıq kostyumlu kişilər, son dəbdə, açıq-saçıq dekolte geyən qadınlar gedirdi. Bir azdan tabutun içindəkini ölümə nişanlayacaqdılar.
Heyf, yuxusu yarıda qırılmışdı. Amma heç inanmırdı ki, o yuxunun axırına sağ-salamat gedib çıxa biləydi.
Bəs indi? Bu ki, yuxu deyildi... İndi də hardansa özünü yetirən sırtıq milçəklər bir-birinə qarışıb burnuna, qulaqlarına soxulur, nəfəsini kəsirdilər. Çırpındı, əlləriylə baş-gözünə döyəclədi. Dili ağzında böyüyə-böyüyə dana kimi böyürdü.
Birdən-birə atasının sifəti gözləri qarşısına gəldi, - atasının sifətinin cizgiləri yaddaşından silinmişdi, - indi nə sirdisə, bu sifətdə o qədər aydınlıq vardı ki, elə bil şəkilə baxırdın.
Atası gülümsəyirdi:
"Hə, axır ki, gəlib çıxdın!”
Əlini yellədi, donquldandı. Qırımından bildi ki, atası onun günahlarından xəbərdardır, - bu gülümsəmək elə öldürmək kimi şeydi. Atasının gözləri bu vahiməli qaranlıq içində amansızcasına onun sinəsini didirdi.
Ayıq vaxtı gördüyü bu qorxunc yuxudan canını qurtarmaq üçün Əzrayılın ayaqlarına düşüb yalvarmaq istəyirdi. Əzrayıl məşğul idi, hələ onu qəbul etmək fikri yox idi.
Birdən atası elə bil rəhmə gəldi:
"Yaxşı, danış görüm... Amma düz danış, kişi kimi... Bəlkə keçdim günahından”.
Az sonra isə yenə gecənin qaranlığında çox-çox uzaqlardan keçib gedən qatarın yeknəsəq səsinə bənzər uğultu eşidilməyə başladı, bu uğultunun soyuq və biganə ritminə qovuşmağa macal tapmamış lap yaxınlıqdan gələn küt tappıltı səsləri qəfil zərbə kimi beynini silkələdi və onu yenidən real düşüncə məkanına qaytardı. Qəbri torpaqlayırdılar. Dünyanın bu üzündə o qızın göynərtili səsi qəfəsdəki quş kimi çırpınırdı, çırpınırdı, çıxacaq yer tapa bilmirdi...
...Sükut öz yuvasından didərgin düşmüşdü.

***
Xilasedicilər neçə gün idi ki, dənizi ələk-vələk eləsələr də qayığı ilə birlikdə batmış qocanı tapa bilmirdilər. Dalğıclar da suyu süzülə-süzülə sahilə çıxdılar. Qoca üfüqlərin o tayına keçmişdi...
Kənan Hacı
12 iyun, 2019-cu il

banner

Oxşar Xəbərlər