AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

RİA «Novosti»nin erməni sevgisinin pərdəarxası

RİA «Novosti»nin erməni sevgisinin pərdəarxası

Siyasət
27 Fevral 2013, 10:15 1723
Artıq 25 ildən artıqdır ki, Ermənistanın və onun havadarlarının yaxından iştirakı ilə Azərbaycana qarşı elan edilməmiş müharibə aparılır. Bu işğalçılıq müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizindən çoxu işğal edilib, 1 milyondan artıq insan isə ev-eşiyindən didərgin düşüb. Təəssüfedici hal ondan ibarətdir ki, dünya birliyi hələ də bu ədalətsizliyə göz yumur, haqqı nahaqdan ayıra bilmir və yaxuddakы, ayırmaq istəmir. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu üzvləri arasında belə münaqişənin nizamlanması ilə bağlı birtərəfli mövqe var. Həmin ölkələrin mətbu orqanlarında mütəmadi olaraq ermənilərin mövqeyindən çıxış edən məqalələr dərc edilir. Onların arasında Rusiya mətbu orqanları xüsusilə seçilir. Xüsusən də bu tip yazıların Rusiyanın rəsmi xəbər agentliklərində dərci hiddət doğurur. Məsələn, RİA “Novosti”nin siyasi icmalçısı Vadim Dubnovun “Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrəşib” adlı məqaləsi bu qəbildəndir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının dövlət agentliyində belə yazı ancaq və ancaq iki ölkə arasında münasibətlərə ziyan vurmağa yönəlib. Ən dəhşətlisi odur ki, dövlət büdcəsindən maliyyələşdirilən xəbər agentliyi Azərbaycanın Dağlıq Qarabağ regionunun inzibati mərkəzini Xankəndi əvəzinə “Stepanakert”, Xocalı aeroportunu “Stepanakert aeroportu”, vilayətin əhalisinin düz üçdə bir hissəsinin iştirakı olmadan formalaşdırılmış dəstəni “parlament” adlandırır. Maraqlıdır, görəsən, Azərbaycanın rəsmi orqanları Qroznı əvəzinə “Cövhər” və Çeçenistan əvəzinə “İçkeriya” adları yazsa, qarşı tərəf buna necə reaksiya verər?

Özünü siyasi şərhçi adlandıran RİA “Novosti”nin əməkdaşı görün nə yazır: “Qarabağ tanınmamış olsa da, tamamilə formalaşmış dövlətdir”. Nə müəllif, nə də redaksiya ən sadə bir sual üzərində fikirləşmir: Görəsən dünyanın hansı hissəsində ikinci bir “tamamilə formalaşmış dövlət” var ki, onun büdcəsi bütünlüklə başqa dövlətin büdcəsinə inteqrasiya edilmiş, özünün nə valyutası var, nə də xarici pasportu? Qarabağ heç vaxt dövlət olmayıb, sepatçıların yaratdıqları oyuncaq rejim indi də dövlət deyildir və heç vaxt da olmayacaq – istər formalaşmış, istərsə də formalaşmamış. Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın işğal edilmiş hissəsi kimi tanınıb. Özünü guya “neytral” göstərən RİA “Novosti” agentliyi 25 illik yubileylərdən söhbət açmaqla erməni tərəfin susmağa çalışdığı, əsrin dörddə biri qədər tarixi olan bütün hadisələri heyrətamiz şəkildə siyahıdan silib. Məsələn: 1987-ci ilin noyabrından 1988-ci ilin yanvarına qədər Qafan, Mehri və Masisdə azərbaycanlılara qarşı ilk talanlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində ilk qaçqınların oradan deportasiya edilməsi; 1988-ci ilin fevralında Əsgəranda iki azərbaycanlı gəncin ermənilər tərəfindən qətlə yetirilməsi, həmin gənclərin bu qanlı münaqişədə ilk qurbanlar olması; Sumqayıt qırğınında cinayətkar erməni Eduard Qriqoryanın və onun əlaltıları olan iki nəfər başqa erməninin iştirakı ilə öldürülmüş 26 ermənidən yeddisinin şəxsən E.Qriqoryan tərəfindən həyatdan məhrum edilməsi və s.

Agentlik bütün bu “yubiley” hadisələri barədə susmağı üstün tutur. Amma əvəzində iki yüz il bundan əvvəl imzalanmış Gülüstan müqaviləsi haqqında yazır, sanki bundan əvvəl 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması haqqında Qarabağın azərbaycanlı (!) hökmdarı İbrahimxəlil xan və general Sisianov tərəfindən imzalanmış Kürəkçay müqaviləsi olmayıbmış. Bu halda ermənilərin nə Gülüstan müqaviləsinə, nə də Kürəkçay müqaviləsinə heç bir aidiyyəti olmayıb, buna görə də ermənilərin bu il məhz nəyi qeyd etməyə hazırlaşması o qədər də aydın deyildir. Xüsusən ona görə ki, Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov tərəfindən həyata keçirilmiş və tarixçi Qlinka tərəfindən müfəssəl təsvir edilmiş hadisə - onların əcdadlarının Qarabağda və İrəvanda kütləvi şəkildə məskunlaşdırılması Gülüstan müqaviləsindən 15 il sonra - 1828-ci il Türkmənçay müqaviləsi imzalanandan sonra başlanıb.
Yaxşı olardı ki, rusiyalı jurnalist obyektivlik nə olduğunu bilirsə, qarşı tərəfin də mövqeyini ortaya qoyardı. Heç olmasa təmsil olunduğu ölkənin rəsmi mövqeyinə nəzər salardı. Orada Azərbaycan torpaqlarının işğal altında olduğu açıq şəkildə ortaya qoyulub. Və qondarma “DQR” tanınmamış dövlət kimi göstərilib.

Kamran