AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

RİA “Novosti”dən həyasız ermənipərəstlik

RİA “Novosti”dən həyasız ermənipərəstlik

Siyasət
26 Fevral 2013, 10:32 1616
Bu il Dağlıq Qarabağda erməni separatçılığının başlanmasının 25 ili tamam olur. Və Rusiya, eləcə də Qərb mətbuatında mütəmadi olaraq münaqişəni doğuran səbəblər, onun başlanması, gedişatı və nəticələri barədə müxtəlif yazılar dərc edilir. Bu yazıların bir qismi obyektiv olsa da, böyük əksəriyyəti ermənipərəst mövqeyi ilə seçilir. Özü də ən çox bu tip saxtakarlıq və təhrif dolu yazılar münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürən Rusiya nəşrlərində yer alır.

Maraqlısı odur ki, bu tip məqalələr müstəqil mətbuatla yanaşı, dövlətin təsiri altında olan mətbu orqanlarda, informasiya saytlarında da dərc edilir. Bu da onların birbaşa sifarişli və məqsədyönlü şəkildə yazıldığı təsirini yaradır. Belə üzdəniraq məqalələrdən biri də Rusiyanın rəsmi dövlət agentliklərindən hesab edilən RİA «Novosti»nin siyasi şərhçisi tərəfindən dərc edilib. Vadim Dubnovun müəllifi olduğu “Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrənib” başlıqlı məqalə Dağlıq Qarabağda erməni vəhşiliyinin ən qəddar formada həyata keçirildiyi Xocalı soyqırımının ildönümü ərəfəsində dərc edilib. Bəlli olduğu kimi, düz 23 il bundan öncə Xocalıda erməni quldur dəstələri Rusiyaya məxsus 366-cı alayının yaxından iştirakı ilə minlərlə insanı qanına qəltan etdilər. Məqalə sanki münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin deyil, başqa bir dövlətin mövqeyini ortaya qoyur. Başdan-ayağa erməni ruhunda dərc edilən yazı separatçıların fəaliyyətini əks etdirir. Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri vasitəçilik missiyasını öz üzərinə götürən Moskvanın rəsmi agentliyində antiAzərbaycan ruhlu bir məqalənin dərci Rusiyanın öz əvvəlki ampluasında qaldığını göstərir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın belə mövqe nümayiş etdirməsi şübhəsiz ki, təəssüf doğurmalıdır.

Rusiyalı jurnalistin müəllifi olduğu yazı (əgər buna yazı demək olarsa - müəl) işğal altında olan Azərbaycan torpaqlarında yaradılan qondarma «DQR»dən bəhs edilir. Müəllif «DQR»i müstəqil qurum kimi təqdim edirr. Onun sözlərinə görə, bu qurum artıq tanınmamış bir qurum kimi fəaliyyət göstərməyə öyrənib. Ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyan müəllif Azərbaycanın guya tez-tez atəşkəsi pozmasınadək ən çirkin formada yalan və saxtakarlıqları ortaya qoyub. Hədyanları davam etdirən müəllif yalnız Moskvanın vasitəçiliyi sayəsində ermənilərin 1994-cü ildə Gəncə və Bakıya daxil olmasının qarşısının alındığını iddia edib. Dağlıq Qarabağı ermənilərin tarixi vətəni adlandırmaqdan çəkinməyən rusiyalı jurnalist artıq insanların müstəqilliyə öyrəşdiyini də yazıb. Onun sözlərinə görə, ən yaxşı Qarabağ - formal cəhətdən müstəqil Qarabağdır. Ən dəhşətlisi odur ki, ermənipərəstliyini açıq şəkildə ortaya qoyan Dubnov bəyan edir ki, «hər şeyi nə Yerevan, nə də “DQR” həll edir, hər bir şeyi Moskva həll edir». Onun sözlərinə görə, əgər Moskva buralardan getsə, Qarabağ bir dəqiqə də mövcud ola bilməz. Müəllif daha sonra məqaləsində rus oxucusunun beynini zəhərli fikirlərlə doldurur. Burada Azərbaycanda yazıçı Əksər Əylislidən tutmuş, Ramil Səfərov məsələsinə kimi ən müxtəlif hədyanlar, təhriflər əks olunur. Yəqin ki, Rusiya tərəfi, daha dəqiq desək, Xarici İşlər Nazirliyi bu yazı ilə bağlı rəsmi mövqeyini ortaya qoyacaq. Hər halda, bunu onun münaqişənin nizamlanması ilə bağlı üzərinə götürdüyü vasitəçilik missiyası tələb edir.

Kamran