• şənbə, 20 Aprel, 15:15
  • Baku Bakı 23°C

Revanşizm, yoxsa sülh?

18.06.21 16:30 1084
Revanşizm, yoxsa sülh?
Rusiyalı politoloq: "Ermənistanda qarışıqlıq davam edərsə, bütün ermənilər Rusiyaya və digər ölkələrə köçəcək”
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi keçirilən sosioloji sorğular, seçki prosesinin asan keçməyəcəyindən xəbər veriri. Proqnozlar özünün doğrultdu. Seçkiyə iki gün qalmış, ilk dəfə Robert Koçaryanın bloku hazırkı baş nazir Nikol Paşinyanın blokunu keçməyə müvəffəq olub. "Gallup International Аssociation”-un keçirdiyi sorğuya görə, onun "Ayastan” blokuna respondentlərin 24,1 faizi, "Vətəndaş müqaviləsi”nə isə 23,8 faizi səs verməyə hazırdır. Halbuki, indiyə qədər şəksiz lider Paşinyan idi. Üçüncü yerdə isə keçmiş təhlükəsizlik naziri Artur Vanetsyanın bloku gəlir. Ona 7,4 faiz səs verməyə hazırdır. Qaqik Çarukyanın "Çiçəklənən Ermənistan” Partiyası 3,7, Edmon Manukyan 3 faiz səs toplayıb. Digər tərəfdən, Paşinyan və Koçaryan bir-birilərinin səhvi üzərində seçki təbliğatını qurdu. Hər iki namizəd "Qarabağ kartı"nı seçkiqabağı proqramlarında əsas və güclü xətt kimi götürdü. Amma Koçaryan revanşın mümkünlüyündən bəhs edibsə, Nikol əksinə, Azərbaycanla sülhün zəruriliyindən danışıb. Paşinyan və Koçaryanın öz reytinqlərini nələrin üzərində qurduqlarını Rusiyanın tanınmış ekspertləri də şərh etməyə çalışıblar.
Bu, klanın öz xalqına verdiyi "hədiyyədir"
Politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov "Kaspi"yə açıqlamasında vurğulayıb ki, Ermənistan və əhalisi Qarabağdakı müharibənin bütün acısını öz üzərində hiss edib: "İndi bir çox seçicilər fikirləşir - kim qalib gəlir gəlsin, təki Paşinyan olmasın. Lakin reallıq odur ki, "Qarabağ klanı" çoxdan özünü sıradan çıxarıb. Uzun illər həyata keçirilən bütün siyasət dəyərini itirib. Bəli, Robert Koçaryanın Paşinyana qarşı mübarizə aparmaq üçün maliyyə kapitalı mövcuddur. Rusiyada erməni diasporunun dəstəyinə malikdir. Erməni cəmiyyətində revanş əhval-ruhiyyəsi də mövcuddur - vahid olmasa da, hər halda var”.
Ekspert vurğulayıb ki, erməni cəmiyyətində illər uzunu millətçi, separat əhval-ruhiyyə gücləndirilib, "bura bizimdir, heç yerə getməyəcəyik prinsipi hakim olub: "Bu faktorlarla yanaşı, mən hesab edirəm ki, müəyyən halda reytinq Koçaryana qarşı sürüşə bilər. Lakin bununla yanaşı, başa düşmək lazımdır ki, (Rusiya isteblişmentində də bunu anlayırlar) Qarabağla bağlı üçtərəfli razılaşmanı sona çatdırmaq gərəkdir. Belə bir fikir formalaşıb ki, illər uzunu Minsk qrupunu, xalqı aldadan Koçaryan hakimiyyətə dönərsə, o zaman problemlər yaranacaq. Axı regionda vəziyyət dəyişib və bu gün bunu nəzərə almaq gərəkdir. Gəlin obyektiv olaq: "Qarabağ klanı” artıq silinib. Belə bir anlayışı, ümumiyyətlə kənara atmaq gərəkdir. Bitib "Qarabağ klanı”. Klan öz xalqına heç bir şey etmədi. Ermənistanın qonşuları ilə münasibətlərini pisləşdirdi. Biz kollaps vəziyyətində olan bir ölkəni, dövlətçiliyi itirən dövləti görürük. Bu, klanın öz xalqına verdiyi "hədiyyədir". Paşinyan isə vəziyyəti kökündən dəyişdi”.
Ekspert hesab edir ki, Amerika, Soros qüvvələri Paşinyanı öz oyunlarında istifadə etdilər. Nikol Paşinyan ölkəni dalana dirədi: "Əslində yeni səhifəyə gətirdi. Məndə belə təəssürat yaranıb ki, uzun illər sonra Ermənistan suveren dövlət kimi formalaşa bilərsə, o zaman Paşinyanı tərifləmək də olar. Qarabağ bekraundunun olmamağı, Paşinyanın böyük bir məğlubiyyəti ilə yanaşı, həm də böyük plyusudur. O, Qarabağ ideyasına əvvəldən o qədər də bağlı deyildi. Paşinyan ölkəni fəlakət həddinə çatdırdı və öz üzərinə böyük bir erməni xaçı qoydu. Lakin fəlakət də intibahın başlanğıcı deməkdir. Belə yerdə Rusiya xarici işlər naziri Sergey Lavrovun sözləri yada düşür. O bildirmişdi ki, Ermənistan siyasətçiləri öz xalqına torpaqları geri qaytarmağın zəruriliyini başa salmalıdırlar. Koçaryan revanşim üzərində, psevdomillətçi maraqlar üzərində oynayır, Paşinyan isə sülh ideyasına çağırış edir”.
"Separatçı məntiq Azərbaycan tərəfindən məhv edildi”
Rusiyalı ekspertin fikrincə, bu gün aydın olur ki, "Qarabağ klanı"nın bütün bu illər uzunu irəli sürdüyü ideyalar, insanların həyatını puç edən separatçı tendensiyalar lap əvvəldən sağlam düşüncəyə söykənməyib: "İndi bu separatçı məntiq Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsində məhv edildi. Erməni cəmiyyəti üçün bu, sarsıdıcı zərbə idi. Uzun illər erməni cəmiyyətinə ölkənin "böyük" olması sırınırdı, İndi isə bəlli olur ki, bu "böyüklük", sadəcə kağız üzərində imiş. İndi erməni xalqına ona yeni ideya, istiqamət, ideologiya - sülh və mehribanlıq verən bir lider gərəkdir. Mən şübhə edirəm ki, Sarkisyan və yaxud Koçaryan prinsip etibarilə bunu edə bilər. Birinci Qarabağ müharibəsini törədən siyasətçilər separatizm dalğasını yaratdılar. Onlar silahlı birləşmələrin yaradıcıları, ilhamvericiləridir. Xalq artıq yorulub və yaxşı həyat arzusundadır. Yaxşı həyat isə yoxdur. Və bu zaman Paşinyanın getdiyi sülh yolu seçkilərdə onun əlində kozırdır. O, revanşizm istəyənlərə qarşı xətt yaradıb. Paşinyanın xətti qonşularla mehriban münasibətlər yaratmaqdır, bunun ardınca da, iqtisadi inkişafı nəzərdə tutur. Bütün bunlar da sonda ölkəyə hörmət, adi insanlar üçün normal münasibətlər deməkdir. Paşinyan heç də hamının təsəvvür etdiyi kimi, sadəlövh biri deyil. Bu gün də insanları küçələrə çıxarır, onların istədiyini edir və verir. Bu yaxınlarda Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi rəsmi Bakının diplomatik qələbəsidir. Özü də rusiyalı sülhməramlılar olmadan. Rusiya ərazilərin minalardan təmizlənməsinə kömək edir və jurnalistlərin həlak olması ona qarşı Ermənistan tərəfindən tüpürmək deməkdir. Bu səbəbdən də Rusiya bu məsələni həll etməlidir. Lakin bu dəyişim Paşinyan üçün də müsbət və əhəmiyyətli haldır. Bununla da öz seçicilərini "yemləmiş" oldu. Mən hesab edirəm ki, Koçaryan hazırda Rusiya üçün əlverişli deyil. Deyirlər, Putin və Koçaryan dostdur. Lakin dostluq anlayışı əhəmiyyətli dövlət qərarlarının qəbulunda vacib deyil. Rusiya Azərbaycana meyl etməyə bilməz. Rusiya üçün Azərbaycanla tərəfdaşlıq Ermənistanla müttəfiqlik və tərəfdaşlıqdan vacibdir. Bir az da vaxt keçəcək və Ermənistanda qarışıqlıq davam edərsə, bütün ermənilər, sadəcə Rusiyaya və digər ölkələrə köçəcək. Və Moskva bunu çox yaxşı başa düşür. Bunun baş verməməyi üçün Ermənistanın əvvəlkilərdən daha adekvat bir liderə ehtiyacı var. Ancaq hələlik erməni xalqı özü daha az mənfini seçməlidir. Bu gün Koçaryandan ciddi bir siyasətçi kimi danışmağa dəyməz. Klan əhalini illər uzunu bəslədiyi "meyvələr"lə yemləyir. Əhalinin kifayət qədər böyük bir hissəsinin revanşizm ideyası ilə dumanlanması fikri də düz deyil. Bir faktı da qeyd edək ki, ruslar Ermənistanın maraqları naminə ölmək fikrində deyillər. Bəli, Ermənistan üçün ideal seçim üçüncü bir qüvvənin gəlişidir. Bunlar tamamilə yeni formatdakı insanlar olmalıdır. Ancaq hələ üçüncü qüvvə yoxdur”.
"Ermənistan üçün obyektiv olan nə Paşinyan, nə də Koçaryandır”
Digər bir ekspert, E.Plexanov adına Rusiya iqtisadiyyat Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti Aleksandr Perendciyev isə hesab edir ki, Ermənistan üçün obyektiv olanı nə Paşinyan, nə də Koçaryandır. Lakin etiraf edir ki, əgər xalq seçim etməsə, o zaman ölkəni yenə xaos bürüyəcək. "Üçüncü bir qüvvəyə ehtiyac var - Ermənistanın həqiqi milli maraqlarını rəhbər tutan, xarici torpaqları istəməyən və intiqam almağa çağırmayan gənc bir lider və dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri içində inkişaf etdirməyə çalışacaq, başqasına qarşı ərazi iddiası olmayan biri. "Qarabağ klanı" nın problemi ondadır ki, başqasının torpağını özününkü kimi qələmə verməyə çalışıb. Milliyyətçilik, revanşizm fikirləri ilə irəliləmək mümkün deyil, bu, geriyə doğru getməkdir. İndi kimsəni seçmək mümkün deyil. Belə bir lider də yoxdur. On illərdir ki, Ermənistanda insanlar problemlərində hər kəsi günahlandırmağa vərdiş ediblər - özlərindən başqa. Günah isə strategiyalarındadır. Günahkar ətrafdakıların hamısıdır - Rusiya, Türkiyə, Azərbaycan, avropalılar. Hamısı səhvdir, düz bir onlardır. Rusları günahkar çıxarırlar, "onlar olmasa idi çoxdan firavan yaşayardıq” deyirlər. Günahkarı kənarda axtarıb tapmağa çalışırlar. Harada olduğu isə aydındır. İndi də Paşinyanı günahkar çıxarıblar və o da artıq aldığını alıb. İndi bilir nə etmək lazımdır. Müharibədən sonra mütəmadi olaraq nəqliyyat və iqtisadi əlaqələrin açılmasının vacibliyini göstərir. Ermənistan "Artsax"ı unutmalıdır. Rusiyanın köməyi ilə qonşuları - Azərbaycan, Türkiyə, İranla əməkdaşlıq olacaqsa, o zaman Ermənistan inkişaf edəcək və sülh şəraitində yaşayacaq. Zaman keçdikcə, bütün bu şikayətlər unudulduqda deyəcəklər: "Niyə Azərbaycanla döyüşdük, niyə belə axmaq idik? Normal yaşamaq və inkişaf etmək lazım idi ”.
Ekspert hesab edir ki, indi Ermənistan, sadəcə bir sıra cəfəng ideyalardan əl çəkməli və anlaşılmaz ambisiyalara uymamalıdır, iqtisadi inkişafla məşğul olması lazımdır. O zaman özləri başa düşəcəklər ki, qonşuların ərazisinə minalar basdırmaq düşmənçilikdir: "Bütün bunlar bitdikdən sonra doğru liderlər gələcək. Düşüncənin, dövlət ideologiyasının dəyişməsinə ehtiyacımız var. Elitlərin ideologiyası dəyişdikdə, insanların əhval-ruhiyyəsi dəyişəcək. "Böyük Ermənistan” deyəndə, ona tərəf tüpürəcəklər. İndi bütün bunlar bir nağıl kimi görünür, amma nağılı gerçəkləşdirmək lazımdır. Və bu gerçəkdir, burada fantastik bir şey yoxdur. Əlbəttə ki, Koçaryan revanşizm üzərində oynayır. Erməni cəmiyyətinin də revanşizmə tələb var. Müxalifət, Paşinyanı vəziyyətin günahkarı kimi təqdim etmək istəyir. Bəs "Qarabağ klanı" nə təklif edir? Heç nə. Əvvəlki həyat. Koçaryan da Sarkisyan kimi yerə düşən pilotdur. Siyasətdə onlar üçün heç bir şey parlamayacaq və ölkəni yeni və yaxşı bir yerə aparmayacaqlar”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər