Rəssam fil, Markesin imzası və mamont dişi - REPORTAJ
Dünya kitab mədəniyyəti və əşyaları sanki burada
bir əldə cəm olub. Bu muzeyi gəzərkən dünyanın nə qədər rəngarəng, yeniliklərin
ötəri, dəblərin gəldi-gedər olması haqda qənaət formalaşır adamda.
Serbiyada Dünya Yazarlarının 58-ci
Belqrad Görüşünün açılış mərasimində ədəbi festivala gələnlər bir-biri ilə
tanış olurdular. Mən də Serbiya Kitab və Səyahət Muzeyinin əməkdaşı Tanya
Miloseviçlə tanış oldum. Məndən kitabımı istəyən Tanya xanıma serb dilindəki
şeir toplumu verəndə dedi ki, bu kitab muzeyimizə hədiyyəniz olsun. Sonra məni
həmin muzeyə dəvət elədi. Oktyabr ayının 2-də Kitab və Səyahət Muzeyinə baş çəkdik.
Mənimlə bərabər iki şair də – slovakiyalı Qustav Mulin və bolqarıstanlı İva
Nikolova da muzeyi görməyə getmişdi.
QHT ideyasından
muzeyə
Dördmərtəbəli binada yerləşən Kitab və
Səyahət Muzeyinin binasının yaşı 50-dən çoxdur.
Bir neçə serb intellektual əvvəlcə vətəndaş cəmiyyəti formalaşdırmaq məqsədi
ilə ədəbiyyat mərkəzi yaratmaq ideyasını ortalığa atıblar. Sonradan ideya təyinatını
dəyişib və nəticədə bu muzey yaradılıb. Qeyd edim ki, bu, dünyada ilk belə
kitab və səyahət institutu hesab olunur.
Bu muzeyin ilk otağında elə kitablar
var ki, onların bənzəri yoxdur. Burada düyüdən hazırlanmış kitabdan tutmuş
filin çəkdiyi tabloya qədər rast gəlmək mümkündür. Filin rəsm çəkdiyini eşidəndə,
düzü, inanmağım gəlmədi, amma dünyanın əcaib-qərib işlərini nəzərə alanda "bu
möcüzəyə” mübahisəsiz inandım. İndoneziyada çəkilən bu tablo, əslində, orada
adi bir şey sayılır, çünki adıçəkilən ölkədə heyvan təlimçiləri həm də fillərə
rəsm çəkmək öyrədirlər. Bu tablonu səyyah-yazar Viktor Oziş İndoneziya səfəri
zamanı əldə edərək muzeyə bağışlayıb.
Sirli qapılar və pilləkənlər
Muzeydə Efiopiyadan
müxtəlif dərilər, perqamentdən hazırlanan nümunələr, dolama kitablar, qatlama nəşrlər
də yer alıb. Xüsusən Livan irsinə aid bu cür qəribə kolleksiyalar olduqca
diqqət çəkir. Qeyd edim ki, muzeydə gizli qapılar və pilləkənlər var. Bu sirr
açılmasın deyə, ziyarətçilərə qapı və pilləkənlərin şəklini çəkmək qadağandır.
Bu sirli qapılar, həqiqətən də, möhtəşəm
incəsənət nümunəsidir. Divarda şkaf kimi görünən taxtalar, həm də gizli
qapılardır və onların altında xüsusi gizli pilləkənlər yerləşir.
Kirin dövründən
qalan əlyazmalar
Digər otaqda fars,
alman dilində olan mənbələr, İran ədəbi-tarixi irsindən nümunələr, Kirin
dövründən qalan əlyazmalar görmək olar. Eyni zamanda, bu muzeydə çox böyük bir
Qurani-Kərim kolleksiyası mövcuddur. Keçmişdən bu günə əksər məşhur serb
yazarların irsi burada qorunur, həm indiki nəslin istifadəsinə verilir, həm də
gələcək nəsillər üçün saxlanılır. Üstəlik, tez-tez araşdırmaçılar, yazarlar,
elmi işçilər burada tədqiqatlar aparırlar. Onlara buradakı mənbələr, əlyazmalar,
şəxsi məktublar, əşyalar, kitablardan tədqiqatlarını genişləndirmək, dəqiqləşdirmək
üçün istifadə edirlər. Burada müxtəlif serb yazarların fərdi otaqları belə var.
Azərbaycandan gətirilmiş
Quran
Muzeydə Azərbaycandan
gətirilmiş Qurani-Kərimi görmək çox xoş oldu. Vədələşdik ki, Azərbaycandan
onlara kitablar yollayacağam və muzeydə ölkəmizin adını daşıyan bölmə
yaradacaqlar. Hindistana aid kitablar bura xüsusi gəmi ilə gətirilib. Mənbələrin
gəmi ilə gətirilməsi 6 ay çəkib.
Muzeydə ziyarətçilərin
maraqla izlədiyi nəşrlərdən biri də Nobel mükafatçıları Qabriel Qarsiya
Markesin, Nəcib Məhfuzun imzalı əsərləridir. Eyni zamanda burada Cənubi
Amerikadan gətirilmiş çoxsaylı kitabları da görmək olur.
"Dünya sənin evinin kandarında bitmir”
Afrika bölməsi də öz
ekzotikliyi ilə seçilir. Burada maraqlı əşyalar, Napoleon dövrünə aid qızıl
möhür, mamont dişi, çoxsaylı rəsm əsərləri, suvenirlər də sərgilənir. Əşyaların
böyük qismi muzeyə, müxtəlif ölkələrin Serbiyadakı səfirlikləri tərəfindən hədiyyə
edilib. Avtoqraflı kitab həvəskarları, ekzotik əşya azarkeşləri, müxtəlif ölkələrin
mədəniyyətləri ilə maraqlananlar bu muzeydə gözəl vaxt keçirə bilərlər. Dünya
kitab mədəniyyəti və əşyaları sanki burada bir əldə cəm olub. Bu muzeyi gəzərkən
dünyanın nə qədər rəngarəng, yeniliklərin ötəri, dəblərin gəldi-gedər olması
haqda qənaət formalaşır adamda. Və başqa ölkələrə səfərlər, bu cür yerləri görmək
Moris Meterlinkin fikrinin doğruluğunu daha əyani şəkildə sübut edir: "Dünya – sənin evinin kandarında
bitmir”.
Fərid Hüseyn