• çərşənbə, 17 Aprel, 01:00
  • Baku Bakı 14°C

Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.21 17:45 426
Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.
Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmudəli Kalimatovdan:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycanın vətəndaşlarını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, böyük həyat enerjisi və respublikanın rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar diləyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, xoş güzəran və əmin-amanlıq, Sizin gözəl diyarınıza bundan sonra da inkişaf, sülh və firavanlıq arzu edirəm".
***
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan:
"Möhtərəm İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimizin qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan dostluğu sabitlik və firavanlıq naminə bütün sahələrdə səmərəli əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.
Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
***
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:
"Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Azərbaycan dövlətçiliyinin dirçəldilməsi günü olan bu bayram öz ölkəsinə, onun milli adət və ənənələrinə, zəngin tarixinə və parlaq mədəniyyətinə hörmət və sevgi mənası kəsb edir. Ötən onilliklər ərzində respublikanın zəngin irsi çox cəhətdən Sizin böyük qurucu əməyiniz, siyasi istedadınız və müdrikliyiniz sayəsində qayğı ilə qorunub saxlanılıb və xeyli artıb. Bu gün Azərbaycan daim sosial-iqtisadi cəhətdən daha da firavanlaşmağa çalışan, yeni imkanlar və perspektivlər üçün açıq olan, dinamik inkişaf edən müasir dövlətdir.
Möhtərəm İlham Heydər oğlu, icazə verin bu xoş fürsətdən istifadə edərək Sizə Moskva Universitetinə səmimi, diqqətli və xeyirxah münasibətinizə görə təşəkkürümü bildirim. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin inkişafına, dövlətlərimiz arasında sülhə və harmoniyaya uğurla xidmət edir.
Sizə və Azərbaycan Respublikasının bütün xalqına səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və aydın səma arzu edirəm".
***
"Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə "Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Sizə möhkəm cansağlığı, sülh, sabitlik və Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizi əmin edirik ki, "Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum dərəcədə obyektiv və
geniş işıqlandıracaq".
***
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru Akkan Suverdən:
"Hörmətli cənab Prezidentimiz.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Mərmərə Qrupu Vəqfinin kollektivi adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram. Yüz üç il əvvəl türk dünyasında qurulan ilk müsəlman, dünyəvi və demokratik dövlətin yarandığı gün mübarək olsun.
Tarix bu həqiqəti bir daha sübut etdi ki, bir kərə yüksələn bayraq bir daha enməz.
Zati-alinizin və azərbaycanlı qardaşlarımızın Respublika Gününü təbrik edir, ehtiramlarımı bildirirəm".
***
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, Şuranın Baş katibinin müavini, Şurada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan:
"Möhtərəm cənab Prezident.
MDB Parlamentlərarası Assambleya Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Bu əlamətdar bayram müstəqillik və azadlıq prinsiplərinə əsaslanan müasir dövlətçilik mərhələsinin başlanğıcı kimi respublikanın həyatında ən mühüm tarixi hadisələr sırasına daxildir. Bu gün Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlara nail olub, dünya siyasi arenasında yüksək nüfuz qazanıb.
Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün Azərbaycan xalqına sülh, firavanlıq diləyək və Birlik ölkələri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzu edək".
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən:
"Cənab Prezident.
Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Sizin müdrik, uzaqgörən və bacarıqlı rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası dünyada etnik və dini tolerantlığın müdafiəçisinə çevrilib. Sizin ölkənizin multikulturalizm və inklüzivlik ənənələrini gücləndirmək məqsədilə siyasi, sosial şərait yaratmaq və onu inkişaf etdirmək istiqamətində göstərdiyiniz yorulmaz səylər bütün dünya vətəndaşlarının hörmətini və əbədi sevgisini qazanıb.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Ümid edirəm ki, Azərbaycan Respublikasının milli azlıqlara qarşı olan xüsusi hörmət və tolerantlıq ruhu dinlərarası birlik üçün ilhamverici qüvvə rolunu oynayacaq. Bu da bütün dünya ölkələrinin müdafiə edə və qoruya biləcəyi sülhün təbliğ olunmasına təkan verəcək.
Azərbaycan dəfələrlə sübut edib ki, harmoniya mümkündür və münaqişələr həll edilə bilər. Ölkənizin çox uğurla inkişaf etdirdiyi sülh ənənələri olan dinlərarası və millətlərarası harmoniyanı dəstəkləmək üçün Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə və Azərbaycan xalqına olan ən yüksək hörmət və ehtiramımı bildirirəm".
***
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:
"Möhtərəm İlham Heydər oğlu.
Milli bayramınız - Respublikası Günü münasibətilə təbriklərimi qəbul edin.
Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir. Respublika dünya arenasında böyük nüfuz qazanıb.
Hörmətli İlham Heydər oğlu, Sizə və Azərbaycan xalqına əmin-amanlıq, sülh, firavanlıq, güc və qüdrət arzu edirəm".
***
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru Arye Qutdan:
"Möhtərəm cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində ilk parlament respublikası kimi bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan ilk demokratik, dünyəvi dövlət modeli olub. Bugünkü müstəqil Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.
Bu əlamətdar gündə şəxsən Sizə - təcrübəli dövlət xadiminə, erməni faşizmi və vəhşiliyi üzərində əsl zəfər çalan, müstəsna istedadlı, praqmatik siyasətçiyə və Azərbaycan dövlətinin layiqli liderinə bir daha ən səmimi hörmət və minnətdarlıq hisslərimi bildirmək istərdim.
İsrail xalqı adından, əslən Azərbaycandan olub hazırda İsraildə yaşayanların adından Sizi və bütün Azərbaycan xalqını erməni işğalçıları üzərində Azərbaycanın möhtəşəm Qələbəsi və Ermənistanın tam kapitulyasiyası ilə başa çatmış böyük Zəfər münasibətilə təbrik etmək istəyirəm.
Azərbaycanın Qələbəsi dünyada real şəkildə nümayiş etdirdi ki, bu, igid Azərbaycan əsgərinin və zabitinin, bütün Azərbaycan xalqının hərbi, siyasi, mənəvi və texnoloji qələbəsi, şəxsən Azərbaycan Prezidentinin qələbəsidir.
Azərbaycan 30 il erməni işğalı altında olmuş ərazilərini qalib dövlət kimi azad etdi və özünün Cənubi Qafqaz regionunda artmış geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü, geosiyasi əhəmiyyətini bütün dünyaya sübut etdi.
Sizin müdrik, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası güclü geosiyasi mərkəzə çevrilib. Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi kimi qalır. Azərbaycanın öz multikulturalizm modeli var. Bu model Ermənistanda hökm sürən millətçilik, şovinizm, neonasizm və terrorizmin real alternatividir.
Əziz İlham Heydər oğlu! Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".
***
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiya Federasiyasının Xalq rəssamı Zurab Seretelidən:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət heyəti adından, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.
Azərbaycan dövlətçiliyinin dirçəldilməsi gününü hər kəs Sizin ölkənizin tarixində ən parlaq hadisə kimi xatırlayır: 103 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk dəfə olaraq dini mənsubiyyətindən, milliyyətindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər mülki və siyasi hüquqlar vermiş ilk dünyəvi, demokratik dövlət elan edildi. Bu dövlətin əsasını təşkil edən ənənələrə, ideyalara və imkanlara müasir Azərbaycanda hörmətlə yanaşırlar, daha çox Sizin şəxsi iştirakınız sayəsində mənəvi, ideoloji, siyasi əsaslar inkişaf etdirilir, Azərbaycan Respublikasının nailiyyətləri çoxalır. Akademiya Azərbaycanda yaradıcı layihə və təşəbbüslərə Sizin xüsusi diqqət və dəstək göstərməyinizi, habelə mədəniyyətin, incəsənətin və ölkələrimizin mədəniyyətlərarası dialoqunun inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirir.
Möhtərəm İlham Heydər oğlu, icazə verin bu əlamətdar gündə Sizə dərin ehtiramımızı bildirim və Sizi, Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız münasibətilə səmimi qəlbdən təbrik edim.
Geniş əhatəli fəaliyyətinizdə Sizə nailiyyətlər, bütün niyyət və təşəbbüslərinizin uğurla həyata keçməsini, xoşbəxtlik, sülh və firavanlıq arzu edirik".
***
ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycridən:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ölkənizin sürətli inkişafı və rifahı istiqamətində bütün səylərinizdə Sizə və Azərbaycan xalqına davamlı uğurlar arzulayıram.
Zati-alinizin bacarıqlı rəhbərliyi ilə Azərbaycan bir çox sahələrdə böyük nailiyyətlər əldə edib və eləcə də əməkdaşlıq və dialoq tərəfdarına çevrilib, həmçinin ölkəniz dünyada sülhün təmin edilməsinə önəmli töhfə verir.
Mən Azərbaycanın inkişafı və dünyada nüfuzlu status əldə etməsi istiqamətində göstərdiyiniz böyük səylərin şəxsən şahidi olmuşam.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

banner

Oxşar Xəbərlər