AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəsmi Bakı Abdullah Gülün Sarkisyanı təbrik etməsinə münasibət bildirdi

Rəsmi Bakı Abdullah Gülün Sarkisyanı təbrik etməsinə münasibət bildirdi

Siyasət
22 Fevral 2013, 15:40 1945
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə münasibət bildirib.

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etməyənədək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək işğalçı rejimə verilən istənilən dəstəyi pisləyirik", - Trend-in məlumatına görə, Əli Həsənov jurnalistlərə deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti istənilən dəstəyə həssas yanaşır.

"Bütün səviyyələrdə, istər parlamentlər səviyyəsində olsun, istər ictimaiyyət, istər mətbuat, istərsə də QHT-lər səviyyəsində olsun, Ermənistanla təmaslara, Ermənistanın işğalçı rejiminin hər hansı formada dəstəklənməsinə etiraz edirik. Bu, tək Azərbaycan hakimiyyətinin mövqeyi deyil, bütövlükdə Azərbaycan xalqının, o cümlədən Türkiyə ictimaiyyətinin tələbidir. Bilirsiniz ki, sərhədlərin açılması ərəfəsində həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərinə ciddi şəkildə təzyiqlər göstərdilər, işğalçı rejim işğala son qoymayana qədər, Azərbaycanın işğal altında olan torpaqlarını tam azad etməyənə qədər onunla sərhədlərin açılmasının, bu rejimə hər hansı formada dəstək verilməsinin, o cümlədən beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasının yolverilməzliyini birmənalı şəkildə bəyan etdilər", - Həsənov açıqlamasında bildirib.

PA rəsmisinin sözlərinə görə, əlbəttə, Ermənistanla təmas qurmağa istiqamətlənən istənilən tədbirə Azərbaycanda qısqanclıqla yanaşılır.

"Düşünürəm ki, buna bizim haqqımız var", - Əli Həsənov bildirib.