“Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki
Universitetində (AzTU) "Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans
keçirilib.
Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin
universitetdəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə etiramlarını
bildiriblər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Texniki
Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov
bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun
inkişaf perspektivlərinin müəyyən edilməsidir. Prorektor Azərbaycanın
demokratik ölkə olduğuna diqqət çəkərək qeyd edib ki, ölkəmizdə İKT sahəsinin
inkişafı dövlət üçün daima strateji hədəflərdən olub.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, fəlsəfə
elmləri doktoru Reyhan Hüseynova da çıxışında İKT sahəsinin inkişaf etdirilməsi
üçün son illər görülən işlərdən danışıb. Reyhan Hüseynova bildirib ki, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının
inkişafına dair Strateji Yol Xəritəsi yaxın gələcəkdə sıçrayış əldə etməyə
imkan verəcək.
Minilliyin Layihəsinin Baş direktoru Jeron Glenn
onlayn şəkildə konfransa qoşularaq iştirakçılara uğurlar arzulayıb və İKT sahəsində
müəyyən olunmuş gələcək trendlər haqqında danışıb. Jeron Glenn qeyd edib ki,
ölkəmizdə İKT ilə bağlı görülən işlər ABŞ alimləri, xüsusi ilə Silkon vadisi tərəfindən
diqqətlə izlənilir və beynəlxalq texnoparklarda Azərbaycanlı
gənclərin ideyalarına böyük ehtiyac var.
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov "2025-ci ilədək Azərbaycanda
yüksək texnologiyaların əsas tendensiyalarının dinamikası” mövzusunda çıxış
edib.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspertlər
şurasının üzvü, GoldenPay şirkətinin idarə heyətinin sədri Fərid İsmayılzadə isə
çıxış zamanı konfrans iştirakçılarına "Azərbaycanda texnoloji startap mədəniyyəti”
mövzusunda öz prezentasiyasını təqdim edib.
AzTU-nun "Çoxkanallı telekommunikasiya sistemləri”
kafedrasının müdiri, dosent Mehman Həsənov "Elektron Azərbaycanda multimedia
xidmətli optik şəbəkələrinin inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış
edib.
Sonda AzTU-nun "İnformasiya texnologiyaları və
proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov "Fərdlərin elektron
mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycan Texniki Universiteti, Azərbaycan Futuroloqlar Cəmiyyəti və GoldenPay şirkətinin təşkilatçılığı ilə
keçirilən konfransın təşkilati dəstəyi Azərbaycanda ən böyük onlayn xidmətlər
portalı olan Hesab.az-a aiddir.
