• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Rəqabət Məcəlləsinin qarşısını kəsən kimdir?

28.05.21 12:00 2526
Rəqabət Məcəlləsinin qarşısını kəsən kimdir?
Bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması üçün bu sənədin qəbulu vacibdir


Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi yenidən gündəmdədir. Rəsmi qurumların məlumatlarına görə, bu ilin sonuna kimi uzun müddətdir ki, gözlənilən məcəllə qəbul oluna bilər.

Məlumat üçün bildirək ki, 2006-cı ildən Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini müzakirə edib. Həmin ildə layihə birinci oxunuşdan keçib. 2007-ci ildə layihə bir sıra dəyişikliklərlə ikinci oxunuşdan da keçib. Lakin qanun layihəsi 3-cü oxunuşa çıxarılmayıb. 15 ildir ki, Azərbaycan iqtisadiyyatına hava, su qədər lazım olan layihə qəbul olunmur.

Bəs qanunun qəbul olunmamasının səbəbləri nədir? Rəqabət Məcəlləsinin qarşısında hansı əngəllər dayanır? Ən əsası, bu məcəllənin qəbul edilməsi Azərbaycan iqtisadiyyatına, insanlarımızın gündəlik yaşayışına necə təsir edəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu vacibdir: "Bu məcəllənin üstünlüyü odur ki, bazarda azad rəqabətin yaranması üçün müəyyən qədər şərait yaradılacaq. Mən demirəm ki, 100 faiz bütün məsələlər həll olunacaq. Amma qanun layihəsinin qəbulu monopoliyanı, inhisarçılığı müəyyən qədər aradan qaldıracaq. Yavaş-yavaş bazarda azad rəqabət yaradacaq. Bu da sahibkarlığın inkişafı üçün çox vacibdir”.


Qanunun qəbul olunmasının qarşısında duran əngəllərə gəldikdə isə həmsöhbətimiz hesab edir ki, maraqlı qüvvələr var ki, qanunun qəbul olunmasını istəmirlər: "Rəqabət Məcəlləsi təəssüflər olsun ki, iki oxunuşdan keçsə də, növbəti oxunuşunun müzakirəyə çıxarılması və bütövlükdə qəbulu ləngidilir, uzadılır. Bununla bağlı həm mən, həm həmkarım Əli Məsimli dəfələrlə məsələ qaldırmışıq. İstər parlamentin plenar, istərsə də üzvü olduğum komitənin iclaslarında bu məsələni bir neçə dəfə gündəmə gətirmiş, onun qəbulunun vacibliyini söyləmiş, ümumiyyətlə, məcəllənin qəbuluna mane törədilməsinə, bunda maraqlı olan şəxslərə öz kəskin etirazımızı bildirmişik. Lakin əfsuslar olsun ki, məcəllənin müzakirələrə çıxarılması və qəbulu hələ də mümkün olmayıb. Amma bu məsələ həmişə gündəmdədir. Tez-tez bu məsələyə toxunuruq ki, bu məcəllə qəbul olunsun”.

Millət vəkili vurğulayır ki, məcəllənin qəbul olunmasının Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Həm müəyyən qədər həm kölgə iqtisadiyyatının qarşısını alacaq, həm də inhisarçılığı aradan qaldıracaq.

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Rəqabət Məcəlləsi Milli Məclisin qarşısında duran və qəbul edilməsi mühüm olan əsas qanunvericilik aktlarından biridir: "Dövlətin 5 iqtisadi funksiyasından biri bazar iqtisadi şəraitində rəqabətin təminidir. Rəqabəti bazar öz-özünə təmin edə bilmir və rəqabət olmayanda da bazar iqtisadiyyatı səmərəli fəaliyyət göstərə bilmir. Biz bazarlarda həm monopolist qiymətlərin, rəqabətin məhdudlaşdırılmasının əziyyətini çox çəkirik. Son zamanlar bazarda süni qiymət artımı yaradan səbəblərdən danışırıq. Süni qiymət artımını tətbiq edən inhisarçılar öz mövqeyindən istifadə edərək qiyməti artıra, azalda və yaxud istehsalı məhdudlaşdıraraq bazarda özləri üçün uyğun şərait və şərtlər yaradırlar”.


Ekspert hesab edir ki, rəqabətlə bağlı qəbul edilən qanunlarda monopolistlərin müəyyənləşdirmə qaydalarında ciddi boşluqlar var: ""Rəqabət Məcəlləsinin qəbul edilməsinə qədər bazarda bu münasibətləri tənzimləməli olan "Antiinhisar fəaliyyəti haqqında”, "Haqsız rəqabət haqqında” qanunlar var. Amma təəssüf ki, bu qanunların tətbiqində də ciddi problemlər var. Ona görə də ümumi rəqabət mühitini tənzimləyən Rəqabət Məcəlləsinin olması çox vacibdir. Qanunun istənilən formada qəbul edilməməsinin əsas səbəblərindən biri sırf maraq qruplarının buna mane olmasıdır. Yəni faktiki olaraq monopolist mövqedə olan və bu vəziyyətdən istifadə edən qruplar qanunun qəbul edilməsinə imkan vermirlər. Əslində qanun qəbul edilsə, cəmiyyət üçün olduqca əhəmiyyətlidir. Çünki bu həm ümumi rəqabəti yarada bilər, həm də monopolistlərin süni qiymətlərinin qarşısını ala bilər. Süni qiymət hansısa kiçik mağazada işləyən satıcının qiyməti deyil. Süni qiymət məhz bu monopolistlərin təyin etdiyi qiymətdir”.

Ekspert vurğulayır ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə yanaşı, qanun cəmiyyətin mənafeyini müdafiə edəcək şəkildə tətbiq ediləcəksə, müxtəlif bazarlarda inhisarlar müəyyən olunacaq və onların fəaliyyətinə nəzarət olunacaq: "Bir çox bazarlarda qanunvericiliklə əlaqəsi olan lobbiçilik qrupları və məmurlara bağlı bizneslər var. Rəqabət Məcəlləsinin qəbulu bazarlar üzrə analizlərə gətirib çıxarmalıdır. Bazarın 1/3-dən çox paya sahib olan subyektlərin müəyyənləşməsinə və onların fəaliyyətinə nəzarətin müəyyənləşməsinə gətirib çıxarmalıdır. Çünki bazarda əhəmiyyətli paya malik olan təsərrüfat və biznes subyektləri istədiyi formada qiymətləri təyin edə bilirlər. Bazar iqtisadiyyatında biz adətən qiymətlərdən danışırıq. Əgər biznes subyekti inhisarçı deyilsə, istənilən qiyməti qoya bilər. Geniş cəmiyyət üçün iqtisadiyyat bundan itirir və monopolistlər bundan udurlar. Bunun üçün də lobbi qrupları vasitəsilə qanunvericilik aktlarının qəbul edilməsinə maneçilik yaradırlar. Oliqarx məmurlara və nüfuza malik olan şəxslərə məxsus biznes subyektləri bazarın 50 faizdən çoxunu ələ keçirirlər və istədikləri qiymətləri diktə edə bilirlər. Bu isə cəmiyyətin maraqlarına ziddir. Ona görə də Rəqabət Məcəlləsi Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və iqtisadi mühitin yaxşılaşdırılması baxımından, əhəmiyyətli qanundur. Rəqabət Məcəlləsi oyun qaydalarının müəyyənləşdirilməsidir. Heç bir biznes subyektinin hətta üstün hökmran mövqeyi olsa da, belə fəaliyyətini dayandırmasına səbəb olmur. Sadəcə, onların fəaliyyətinə qiymət müdaxiləsinə, istehsalların həcminə, apardıqları siyasətə artıq dövlət antiihisar qurumu nəzarət edir və lazım olduqda onların fəaliyyətinə müdaxilə mexanizmi işə salınır. Yəni həm dövlət tənzimləmə orqanının, həm də biznes subyektlərinin normal işlədiyi şəraitdə Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitinin təkmilləşməsinə təkan verə bilər”.

Qanunun hüquqi tərəfinə gəldikdə isə hüquqşünas Əkrəm Həsənov bildirir ki, ölkədə sağlam rəqabət və iqtisadi inkişaf üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir: "Hər bir cəmiyyətin iqtisadi inkişafı 3 məsələdən asılıdır. Birincisi şəxslərin mülkiyyət hüququnun müdafiəsidir. Yəni mən hansısa biznes fəaliyyəti göstərmək istəyirəmsə, mənim ilk olaraq əmlakım olmalıdır. Məndə əminlik yoxdursa ki, mülkiyyətim hüququm qorunacaq, yəqin ki, fəaliyyət göstərmərəm. İkinci məsələ şəxslərin bağladıqları müqavilələrin icrasıdır. Yəni mən kimləsə müqavilə bağlayıramsa, mən istəyirəm ki, qarşı tərəf öz öhdəliyini yerinə yetirsin. Öhdəliyini yerinə yetirməyəndə mən əmin olmaq istəyirəm ki, məhkəmə məni müdafiə edəcək və qarşı tərəfi öz öhdəliyini icra etməyə məcbur edəcək. Nəhayət 3-cü məsələ sağlam rəqabətdir. Çünki ola bilər ki, mənim mülkiyyət hüququm qorunur, hətta müqavilələr də icra olunur, amma ölkədə elə vəziyyətdir ki, sahibkarlar arasında bərabərlik yoxdur. Yəni kimsə qeyri-sağlam rəqabət aparır, ona şərait yaradılır. O da bu inhisarçı vəziyyətindən sui-istifadə edir. Mən onunla rəqabət apara bilmirəm. Kimsə hansısa bir sahəni inhisara alıb, orada heç kim fəaliyyət göstərə bilmir. Fəaliyyət göstərmək istəyənə də imkan vermirlər. Göstərsə belə, sağlam rəqabət olmayan yerdə sıxışdırılır, sıradan çıxarılır. Hansı məmurun əlimdə biznes varsa, ora başqasını buraxmır. Bunlar olmasın deyə, Rəqabət Məcəlləsi lazımdır. Məcəllədə bu məsələlər detallı şəkildə yazılmalıdır. Yəni qeyd olunub ki, mən bu biznesə gəldimsə, mənə o biznesdə fəaliyyət göstərmək üçün digərlərinə necə şərait yaradıblarsa, mənə də o şəraiti yaratmalıdırlar. Yaxud o biznesdə fəaliyyət göstərən qaydalara riayət etməlidir ki, mən də orada fəaliyyət göstərə bilim. Bu məcəllədə bu məsələlər əksini tapmalıdır ki, sağlam rəqabət olsun”.

Həmsöhbətimiz vurğulayır ki, bazar inhisarlaşanda bundan ilk növbədə istehlakçılar əziyyət çəkir: "Çünki inhisarçı işinin və malının keyfiyyətinə baxmadan qiyməti qaldırır. Çünki o düşünür ki, bazarda tək mənəm və rəqabət yoxdur. Təbii ki, Rəqabət Məcəlləsinin illərlə qəbul olunmamasının da səbəbi ondan ibarətdir ki, həmin o inhisarçılar, qeyri-sağlam rəqabət aparanlar dövlət orqanlarında parlamentdə öz qohumları tanışları vasitəsilə bu məcəllənin qəbul edilməsinə imkan vermirlər. Açıq demirlər ki, bu məcəllə lazım deyil. Sadəcə, hər dəfə bir bəhanə ilə onu yenidən işlənməyə göndərirlər. Burada da məqsəd odur ki, onlar öz inhisarçı və qeyri-sağlam rəqabətə yönəlmiş fəaliyyətini davam etdirsinlər”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər