Rəqabət fonunda əməkdaşlıq
Ankara və Tehranın xarici
siyasətdə fərqli prioritetlərə malik olmasına və ziddiyyətli maraqlara
baxmayaraq, bir-birindən təcrid olunmuş şəraitdə belə, geosiyasi və iqtisadi məsələləri
həll ediblər
Ötən həftə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla
danışıb. İki ölkənin liderləri Ankara ilə Tehran arasında münasibətləri və
regional məsələləri müzakirə ediblər. R.T.Ərdoğan öz növbəsində bu yaxınlarda
İranın paytaxtı Tehranda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası
Toplantısı və bu çərçivədə imzalana biləcək müqavilələrlə bağlı işlərin davam
etdiyini söyləyib. Bundan əlavə, Türkiyənin dövlət başçısı Cənubi Qafqazda sülh
və sabitliyin hakim olması istiqamətində də səylərini davam etdirdiyini
vurğulayıb. O, bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə "altılıq
platforması”nı inkişaf etdirdiklərini və Türkiyənin belə tədbirlərə ev
sahibliyi etmək arzusunda olduğunu qeyd edib.
Ümumiyyətlə, son dövrdə
Ankara ilə Tehran arasında münasibətlərin inkişaf etdiyini qeyd etmək yerinə
düşər. Digər tərəfdən, onlar arasında Suriya, Cənubi Qafqaz regionu ilə bağlı
fikir ayrılığı hələ də qalır.
Əlaqələrin
inkişafı ilə bağlı yeni ümidlər
ABŞ-ın nüfuzlu "Atlantic
Council” Araşdırmalar Mərkəzinin saytında siyasi ekspert Hüseyn Ağayinin Türkiyə-İran
münasibətləri ilə bağlı məqaləsi dərc edilib. Onun sözlərinə görə, son 20 ildə
Türkiyə ilə İran arasında əlaqələr enişli-yoxuşlu olub: "Ankara və Tehranın
xarici siyasətdə fərqli prioritetlərə malik olmasına və ziddiyyətli maraqlara
baxmayaraq, bu iki regional güc bir-birindən təcrid olunmuş şəraitdə belə,
geosiyasi və iqtisadi məsələləri həll edib”.
Məqalədə bildirilir ki,
İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra İranla Türkiyə arasında münasibətlərdə
yeni səhifənin açılacağı ilə bağlı ümidlər yaranıb: "Bu, İranın yeni
prezidentinin "öncə qonşular” yanaşmasına uyğundur. Əslində, bu siyasət
Tehranla Səudiyyə Ərəbistanı və BƏƏ kimi qonşu dövlətlər arasında münasibətlərdə
gərginliyin azaldılmasına istiqamətlənib”.
Müəllif Türkiyə lideri Rəcəb
Tayyib Ərdoğanın da Misir, Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətləri yenidən
qurduğunu vurğulayır.
Cənubi Qafqazda
status-kvonun dəyişməsi
H.Ağayi son 20 ildə
Tehranla Ankara arasında münasibətləri 4 mərhələyə bölür. Onun sözlərinə görə,
birinci mərhələdə (2001-2010) Türkiyə ilə İran arasında dostluq münasibətləri
güclənib, ikinci mərhələdə (2011-2015) dostluq əlaqələri, əsasən, "Ərəb baharı”
və daha sonra Suriyadakı vətəndaş müharibəsi üzündən ciddi geosiyasi rəqabətlə əvəz
olunub, üçüncü mərhələdə (2016-2017) iki ölkə arasında münasibətlərin
yaxşılaşdığı ilə bağlı əlamətlər üzə çıxıb, dördüncü mərhələdə isə (2018-ci ildən
indiyədək) Tehranla-Ankara münasibətləri, əsasən, Suriya, İraq və Cənubi
Qafqazdakı gərginliklərə görə enişli-yoxuşlu olub.
Müəllif qeyd edir ki,
2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi
Qafqaz regionunda status-kvo Azərbaycanla Türkiyənin xeyrinə dəyişib: "Görünən
odur ki, hazırda Tehranla Ankara regionda iqtisadi və geosiyasi təsir uğrunda rəqabət
aparır. Ermənistanla Azərbaycan arasındakı müharibənin birbaşa nəticələri üzündən
bu gün İranın sərhədindən şimalda geosiyasi nöqteyi-nəzərdən manevr etmək
imkanları daha da məhdudlaşıb. Türkiyə isə İranın regional maraqlarına zidd
olaraq, bölgədə dəhliz əldə edib. Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
Muxtar Respublikasını birləşdirəcək dəhlizdən gedir”.
İqtisadi məsələlər
və geosiyasi rəqabət
H.Ağayinin sözlərinə görə,
indi Tehran-Ankara əlaqələrini "qarşıdurma fonunda əməkdaşlıq” kimi xarakterizə
etmək olar: "Amma iqtisadi məsələlər və geosiyasi rəqabət, əslində, Türkiyə ilə
İran arasında ikitərəfli münasibətlərdə müəyyən fikir ayrılıqlarının mənfi nəticələrinin
aradan qaldırılmasına yardım göstərir: "İqtisadi əlaqələrə gəlincə, 2020-ci ildə
onlar arasında ticarət dövriyyəsi cəmi 3,4 milyard dollar olub. Amma əsas hədəf
bu göstəricinin 30 milyard dollara çatdırılmasıdır”.
Müəllif hesab edir ki,
hazırda Tehran-Ankara əlaqələri güclü strateji əməkdaşlığa deyil, qısamüddətli
praqmatizmə və real siyasətə əsaslanır. Digər tərəfdən, məqalədə qeyd edilir
ki, Türkiyə ilə İran arasında regional məsələlərlə bağlı fikir ayrılığının
artması da mümkündür.
Regional
yaxınlaşmanın mümkün nəticələri
H.Ağayi vurğulayır ki, bu
gün Türkiyə və İran ilə Səudiyyə Ərəbistanı və BƏƏ arasında barışıq əlamətləri
regionda sadalanan dövlətlər arasında yaxınlaşmanın baş verdiyini göstərir:
"Tehranla Ankaranın Fars körfəzi hövzəsində yerləşən ərəb dövlətləri ilə
münasibətləri yenidən qurması xüsusilə Fars körfəzində gərginliyin azalmasına
yardım göstərir. Amma bu, Yaxın Şərqdə gərginliyin azaldığını göstərmir”.
Müəllifin fikrincə, Türkiyə
və İranın Fars körfəzi hövzəsində yerləşən ərəb dövlətləri ilə münasibətləri
yaxşılaşdırmağa çalışması, əslində, onlar arasında regional rəqabəti yenidən
gücləndirəcək: "Beləliklə, İran və Türkiyənin Səudiyyə Ərəbistanı və BƏƏ ilə
danışıqlarının nəticələri Tehran-Ankara ikitərəfli münasibətlərinə təsir göstərəcək”.
Siyasi ekspert sonda qeyd
edir ki, Türkiyə ilə İran arasında geosiyasi nöqteyi-nəzərdən fikir ayrılığı
olsa da, hər iki tərəf yürütdüyü xarici siyasət sayəsində ikitərəfli münasibətlərə
zərər vurmamağa çalışacaq.
Sənan
Ağamalızadə