• şənbə, 20 Aprel, 04:00
  • Baku Bakı 15°C

Rəngkarlığımızın Əbdülxaliq zirvəsi

10.12.18 17:00 3018
Rəngkarlığımızın Əbdülxaliq zirvəsi
Rəssamlar bir qayda olaraq duyğu və düşüncələrini rənglərlə ifadə etsələr də, onların əksəriyyəti RƏNGKAR ola bilmirlər, onlar özlərinin bu ad daşıyıcısı olduqlarını tez-tez vurğulasalar da... Bu qənaətimiz çoxlarına qəribə də görünə bilər. Amma sənətin və əsl sənətkarlığın nə olduğunu dərindən bilənlər üçün dediklərimiz bütün mənalarda başadüşüləndir. Başqa sözlə desək, sənət təkanında təsviri sənətin rəngkarlıq növü ilə məşğul olanlar çox olsa da, onlar istəsələr belə rənglərin "dili”ni bilənlər barmaqla sayılandırlar. XX əsr Azərbaycan rəngkarlığında yer almış tanınmış imzalar arasında böyük rəngkar olması hamı tərəfindən etiraf olunan rəssamların birincisi yəqin ki, Əbdülxalıqdır (1920–1988)...
Hamı onu elə sadəcə "Əbdülxalıq” kimi tanıyırdı. Heç bir muzey ekspozisiyalarında, sərgi kataloqlarında və sənətşünas yazılarında onun adının yanında soyadı yazılmazdı. Hətta 1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə ona "Əməkdar İncəsənət xadimi” fəxri adı veriləndə də rəsmi dövlət sənədində də onun soyadı əvəzinə elə "Əbdülxalıq Əbdüləli oğlu” yazılmışdı. Əslində isə, onun familiyası Rzaquliyev idi, özü də Bakıda kifayət qədər tanınan bir nəslin nümayəndələrindən sayılırdı. Nəsillərində ondan başqa rəssam da vardı, şair də... Onun arxivində məşhur bakılı şair Əliağa Bakirin avtoqraflı çoxsaylı qəzəllərinin mövcudluğu da, onun ədəbiyyat dünyasına da bələdçiliyindən xəbər verir...
Görkəmli rəngkarın bədii irsindən və əsərlərinin estetikasından söz açmazdan onun bioqrafiyası ilə tanış olaq. Məlumat üçün bildirək ki, o əvvəlcə sonralar məşhur "Əzimzadə məktəbi” kimi tanınacaq Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1934-1939) təhsil almışdır. Bir il sonra V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbul olunmuşdur. Lakin İkinci Dünya müharibəsinin başlanması onu və digər şəhərlərdə oxuyan azərbaycanlıları təhsilini yarımçıq qoyub Bakıya qayıtmağa məcbur edir. O, müharibə illərində gənc həmkarları B.Mirzəzadə, L.Feyzullayev və B.Maratlı ilə birlikdə bir vaxtlar oxuduqları məktəbdə pedaqoji fəaliyyətlə məşğul olurlar. Müharibədən sonra təhsilini davam etdirən Əbdülxalıq Rzaquliyev 1949-cu ildə diplom müdafiə edib vətənə dönür.
Hələ 1940-cı ildə 20 yaşlı gənc rəssam ictimailəşdirdiyi süjetli "Kolxozda bayram” tablosu ilə tamaşaçı diqqətini cəlb etməsi ilə bədii məkanda yaddaqalan iz qoymuş olur. Onun elə müharibəsonrası – 1946-cı ildə təşkil olunan ilk ”Payız sərgisi”ndə nümayiş etdirdiyi "Mənzərə” və "Bazar” lövhələrində gerçəkliyə özünəməxsus – fərqli münasibət ifadə etmək potensialına malik olduğunu sərgilədi. Əllinci illərdə keçirilən bir neçə respublika sərgisində onun fırçasının məhsulu olan müxtəlif janrlı lövhələrin, o cümlədən, "Natürmort”, "Pirsaat çay”, "Toran çağı”, "Dağlar”. "Günəşli gün” və "Mənzərə” adlı etüd xarakterli əsərlərinin timsalında onun görünənlərin bələndiyi bakirə gözəlliyin təravətini cəlbedici bədii tutumda tamaşaçıya çatdırmaq istedadına malik olduğunu təsdiqləmiş oldu. Bu əsərlərdə gənc rəssamın palitrasından və özünəməxsus rəng duyumundan qaynaqlanan duyğulandırıcı kolorit bənzərsiz idi. Rəssamın müharibəsonrası yaradıcılığında yer alan iriölçülü "Traktorçunun nəğməsi” (1957) və "Hesabat verənlər” (1961) tablolarında həm də rəssamın təsirli və əhatəli kompozisiya yaratmaq potensialını sərgilədi. Hər iki əsərin məna-məzmun tutumunda zamanın tələbinə müvafiq hakim ideologiyaya müəyyən bağlılıq mövcud olsa da, əslində, onlar həm də məşhur "Başlıcası nəyi yox, onu necə çəkməkdir” deyiminə layiqli cavab idi. Bu mənada həyat və yaradıcılığı bilavasitə sovet dönəminə təsadüf edən rəssamın əsərlərində nonkonformistlik olmasa da, yaratdıqları realizmin estetik coğrafiyasını duyulası dərəcədə genişləndirmək istiqamətində yaddaqalan addımlar olmuşlar. Odur ki, onun altmışıncı illər yaradıcılığını əhatə edən əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva”, "Kolxoz həyəti”, "Kolxozçu qadın”, "Balıqçılr”, "Əmək meydanında”, "Lənkəran balıqçıları” və "Məhsul bayramı” tablolarında, həm də əmək adamlarının təmasda olduqları yerləri tərənnüm edən "Çuxuryurd”, "Altıağac” və "Mənzərə” əsərləri bu gün də tamaşaçılara estetik zövq verməkdədir. Rəssamın sənət dostları Baba Əliyev və Salam Salamzadə ilə birlikdə təşkil olunan qrup sərgisində (1962) onun nümayiş olunan 34 əsəri böyük tamaşaçı marağına səbəb olmuşdu. Əbdülxalıqın iyirmisi portret, on dördü isə mənzərə olan əsərlərinin bədii həllində nümayiş etdirdiyi yüksək sənətkarlıq heyranedici idi.
Əbdülxalıq rəssamların yaradıcılığında geniş yer tutan etüdün bənzərsiz ustası idi, desək, yanılmarıq. Bu kiçik ölçülü lövhələrdə onun naturada gördüklərinin bütün ilkinliyinin-adi gözlə görünməyən təravətinin böyük sənətkarlıqla ifadəsi onlara klassik-nümunəvi bədii tutum vermişdir. Bu mənada onun Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı üvanlı etüdlərinin adını çəkmək olar.
Bir çox rəssamlar kimi onun da yaradıcılığında janr məhdudiyyətinə rast gəlinmir. Bunu onun bir qərinədən çox dövrü əhatə edən yaradıcılığını əhatə edən süjetli tablo, portret, natürmort və mənzərələri də sübut edir. Müxtəlif mövzu və motivlər özündə əks etdirən bu tablolarında ilk növbədə onun rəngə əksər həmkarlarından fərqli görünən bədii-texniki münasibətini görmək mümkün idi. Bilavasitə reallığın duyğulandırıcı təqdimatına köklənmiş bu əsərlərdə yaxı oyunlarının kolorit bütövlüyünün əldə olunması heyranedicidir. Rəngləri qeyri-adi sənətkarlıqla ram etməyi bacaran sənətkar, onların bu "gücsüzləşdirilmiş” tutumu vasitəsilə kompozisiyanın cəlbedici və təsirli olmasını şərtləndirməyi bacarırdı. Bu özünəməxsus rəng "sakitliyi”ndə tamaşaçını ovsunlaya biləcək qəribə bir bədii enerji vardı. Qətiyyətlə demək olar ki, bu, əslində, onun rəssamlıq məkanında sənətkar "mən”ini təsdiqləyən tükənməz və bənzərsiz bir bədii-estetik məziyyət idi...
Rəssamın yaratdığı portretlər qalereyası obrazların daşıdıqları mənəvi-psixoloji yükün müxtəlifliyi ilə yadda qalır. Bu mənada görkəmli fırça ustası Əzim Əzimzadəyə, müharibə qəhrəmanı-tarixçi alim Ziya Bünyadova, məşhur balet ustası Qəmər Almaszadəyə, partizan Mehdi Hüseynzadəyə və neçə-neçə əmək qabaqcılına, o cümlədən, doğma anasına həsr olunmuş portretləri qeyd etmək olar. Təkcə qəhrəmanlarının ikonoqrafik oxşarlığının əldə olunması ilə kifayətlənməyən fırça ustası, onların ətraf mühitlə əlaqəsində də obrazları daha da zənginləşdirə biləcək ayrıntılar axtarıb tapırdı. Bu mənada, onun bu janrın estetikasına əlavə çalarlar əlavə etdiyini də söyləyə bilərik.
Altmışıncı illərdə sovet rəssamlarının tərkibində Türkiyə və İtaliyada yaradıcılıq səfərində olan Əbdülxalıq həmin dövrdə bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşdur. Onun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasıı bəzəyən "Venesiya” tablosunun məşhur rəssamların vətəninə həsr olunmuş çoxsaylı əsərlər arasında xüsusi yeri vardır, desək, heç bir mübaliğəyə yol vermərik. İri yaxılarla "bir nəfəsə” işlənmiş bu mənzərədə çoxsaylı kanallarla əhatələnmiş şəhərin görkəmi çox yaddaqalan və təravətlidir. Rəssamın İstanbula həsr olunmuş lövhələrində də onun "Türkiyə həsrəti”nin böyük sevgiyə çevrildiyini görmək mümkündür.
1950-ci ildən başlayaraq yaradıcılığını pedaqoji fəaliyyətlə əlaqələndirən Əbdülxalıq Rzaquliyevin bu sahədə gördüyü işlər də unudulmazdır. Müstəqil yaradıcılığının pedaqoji fəaliyyətlə məhdudlaşdırıldığını bilsə də, o, təsviri sənətimizin gələcək mənəvi yükünü ləyaqətlə daşıya biləcək yeni nəslin yetişdirilməsini özünə böyük şərəf bilmişdir. Bu gün Azərbaycan mədəni məkanında onun vaxtilə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs dediyi çoxsaylı yaradıcılar fəaliyyət göstərirlər. Onların çoxunun əsərlərində müşahidə olunan özünəməxsus kolorit və "rəngkarlıq mədəniyyəti” də bilavasitə Əbdülxalıq müəllimin zəhmətinin hədər getmədiyinin göstəricisidir. Qənaətimizcə, bu onun bir müəllim-rəssam kimi ən böyük mənəvi qazancıdır...

Ziyadxan Əliyev


banner

Oxşar Xəbərlər