• cümə, 19 Aprel, 11:32
  • Baku Bakı 13°C

Reklam aksiyaları yararsız olanda…

19.09.19 12:08 981
Reklam aksiyaları yararsız olanda…
Müxtəlif hava yollarının ucuz və pulsuz bilet kampaniyaları ilə tez-tez rastlaşırıq. Təkcə "low cost” (aşağı büdcəli) deyil, il boyu qiyməti ceyran belindən düşməyən hava yolu şirkətləri də aradabir endirimli və ya pulsuz bilet aksiyaları keçirirlər. Məsələn, "Buta”nın "təyyarədən maraqlı şəkil paylaş, bizdən hədiyyə qazan” lotereyası, AZAL Hava Yollarının cüzi şərtlərlə və şəxsin "facebook” səhifəsində paylaşmaqla bilet lotereyalarına rast gəlinir. Və yaxud "filan vaxt saytımızı izləyin, sual verəcəyik, kim birinci cavab versə, bilet qazanacaq” və s. kimi aksiyalara rast gəlinir. Təəssüf ki, "... hava yollarından şok kampaniya!” deyə təqdim edilən aksiyalar əksər vaxtlarda piar xarakteri daşıyır. Ən pisi odur ki, sonra da "şirkətin rəsmi səhifəsi deyil, saxtadır” kimi təkzib eşidilir.
Təbii ki, qiymətlərin bahalığından şikayətlənən sərnişinlərə bu cür kampaniyalar fürsət kimi görünür. Odur ki, heç kim bu fürsəti qaçırmaq istəmir. Ancaq bu reklamların əksər vaxt saxta olduğunu öyrənincə... xəyallar suya düşür. Sirr deyil ki, reklamlar ya şirkət tərəfindən piar kimi uydurulur, ya da rəqib hava yolu şirkətləri tərəfindən "spam” kimi meydana çıxır. Ortada isə ucuz bilet üçün il boyu fürsət gözləyən sərnişinlərin inamına zərbə dəyir.
Bu günlərdə sosial şəbəkələrdə Türk Hava Yollarının da belə bir kampaniyası yayıldı. Guya şirkət 100 illik yubileyini keçirmək üçün hər kəsə 2 biznes sinfi bilet hədiyyə edir. "Biletlərinizi almaq ünün göstərilən linkə tıklayıb, "Türk Hava Yolları” na heç mindinizmi?”, "Markamızı dostlarınıza önərirsizmi?” "Yaşınız nə qədərdir?” kimi sorğulara cavab verəndən sonra kuponu "endirməzədn” öncə WhatsApp üzərindən 20 dostun və ya qruplar arasında paylaşmağın şərt kimi qoyulur. Bu tələbi də yerinə yetirəndən sonra "Təbrik edirik!” mesajını alsanız belə, növbəti mərhələləri keçmək mümkün olmur. Yəni hər kəsin kampaniyada iştirak etməsi, "aksiya”nı dostları arasında paylaşana qədərdir.
İl boyu bütün hava yollarının kəlləçarxa çıxan qiymətlərindən şikayətlənən bizlər bu reklamı da fürsət bilib yararlanmaq istəyərkən, belə bir baryerlə qarşılaşdıq. Hər kəs dostlarına paylaşdı, aksiyadan bitməmiş yararlanmağı tövsiyə etdi. Ancaq... xəyallar qırıqlığa uğrayarkən "nüfuzlu bir şirkət belə ucuz reklamdan niyə yaralanmaq istəsin?”, "bu kampaniya ona nüfuzmu, yoxsa sərnişinmi qazandırır?” kimi çoxsaylı suallar yaratdı. Düzdür, gec də olsa şirkətin ”Bu, saxtadır, THY bu şəkildə kampaniya aparmaz. Zatən səhifəyə baxsanız, rəsmi səhifə deyil” tipli açıqlaması da oldu. Amma təbii ki, ox yaydan çıxandan, yüzlərlə insan öz profilində və ya qruplarda paylaşandan sonra... Maraqlıdır ki, turkish.com-holidays.com səhifəsində yer alan elanın altında "Kuponunuzu aldıq” deyə çoxsaylı təşəkkür rəyləri də yer alıb. Aksiyaya qoşulan insanları şirnikləşdirməkdə bu rəylərin də rolu təbii ki, az deyil.
THY-a telefon açıb kampaniya ilə bağlı soruşarkən "əgər şirkətin rəsmi səhifəsində belə bir elan yoxdursa, demək, saxtadır. Hazırda bizim "bedava” deyə bir kampaniyamız yoxdur. Bizim şirkətin adından paylaşılan saxta məlumatlardır” cavabı verilib. Şirkət təmsilçisi xəbəri yanlış adlandırıb müştəriləri ehtiyatlı olmağa səslədi: "Bu tip aksiyalar zamanı müştərilərin pullarını da mənimsəyə bilərlər”.
Turizm üzrə ekspertlər də bu tipli reklamların müxtəlif məqsədlər daşıdığını istisna etmirlər. Ceyhun Aşurovun fikrincə, bir çox hallarda belə kampaniyalar üçün hansısa şirkətin adından istifadə olunur: "Bu tip kampaniyaları daha çox tanınmış şirkətlərin adından edirlər ki, insanlar arasında daha çox yayğınlaşsın. Amma onların arxasında başqa məqsədlər ola bilər. Məsələn, insanlar haqqında informasiyalar yığmaq, həmin datalardan yanlış məqsədlər üçün istifadə etmək, gələcəkdə onları müxtəlif reklam kampaniyalarına cəlb etmək və s. İnsanların şəxsi məlumatlarını həmin sorğulara daxil etmək tövsiyə olunmur. Yəni xoş və ya xoş olmayan niyyətlər ola bilər. Bu cür reklamlara qoşulmazdan əvvəl onların həqiqiliyini yoxlamaq lazımdır. Ekspert bəzi şirkətlərin özlərinin də viral reklamlar yaydığını istisna etmir: "O reklamlarda hansısa uduş və ya əyləncə qoyurlar ki, təsadüfi çəkilişdən onlara uduş versinlər. Bunun da məqsədi qısa müddətdə populyarlaşmaq, öz məhsullarını tanıtmaqdır. Yəni hansısa kampaniyanı keçirməklə həm öz müştərilərinin diqqətinə çatdırır və yaxud hər hansı məhsulun satışını artırırlar”.
Amma maraqlıdır, THY kimi dünyaca ünlü bir şirkət əgər bundan xəbərsizdirsə, belə saxta piara qarşı niyə mübarizə aparmır? Təkcə "bu reklamla bizim əlaqəmiz yoxdur” ağızucu açıqlaması aksiyanın aludəsi olan yüzlərlə insanı gələcək həqiqi aksiyalara daha ehtiyatlı yanaşmağa vadar etmirmi? Şirkətin nüfuzu əleyhinə işləyəcək saxta reklamlara qarşı beynəlxalq səviyyədə mübarizə üsulları yoxdurmu? İstənilən hava yollarının əsas məqsədi müştəri məmnuniyyətidirsə, bu cür saxta aksiyalarla həmin məmnuniyyəti qoruyub saxlamaq da asan deyil.
Digər tərəfdən, haqlarındakı məlumatların kimlərinsə əllərinə düşməməsi üçün insanların ehtiyatlı olmaları da şərtdir. Hərçənd müştəri üçün saxta reklamı gerçəkdən ayırmaq da asan deyil. O zaman ayılır ki, sorğuların sonuna qədər gedə bilmir və əlini yelləyərək "boş şeydir” deyir. Ən vacib olan isə ünlü şirkətlərin ucuz reklam ardınca qaçmaması və öz nüfuzlarını qorumalarıdır. Onsuz da sərnişinlər öz əyləncələri, məcburi səfərləri, işgüzar görüşləri, rəsmi yolçuluqları və s. üzündən uçurlar. Xidmətin yüksək səviyyədə olması, biletin nisbətən ucuzluğu elə onların məmnunluğudur. Əlbəttə, bu məmnuniyyəti daha da yaxşılaşdırmaq üçün gerçək aksiyalar olarsa, lap yaxşı, olmazsa, saxtaya heç bir ehtiyac yoxdur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər