• cümə, 29 Mart, 15:32
  • Baku Bakı 14°C

Ürək qripi

30.01.18 10:00 3222
Ürək qripi
Qrip və ya üst tənəffüs yollarının digər kəskin viral (yəni virusların səbəb olduğu) infeksiyaları uşaqdan böyüyə qədər hər kəsin sağlamlığı üçün təhlükə yaradan önəmli infeksion xəstəliklərdəndir. Çox zaman müvəqqəti infeksion bir xəstəlik olaraq bilinsə də, əslində sağlamlığımız üçün çox ciddi və təhlükəli problemlər yarada bilir. Tənəffüs yollarının kəskin viral infeksiyalarının ciddi şəkildə təsir etdiyi orqanlardan biri də ürək-damar sistemidir. Daha açıq şəkildə söyləsəm, bu infeksiyaları keçirdikdən sonra infeksiya və ya iltihablaşma ürəyimizə də sıçraya bilir. Bu yazımda qrip və ya üst tənəffüs yollarının kəskin viral infeksiyaları sonrası ortaya çıxan "Ürək qripi” haqqında olan məlumatları sizinlə paylaşmaq istədim.
Əslində viral üst tənəffüs yolu infeksiyasına yoluxan insanların çox az bir qismində ürək-damar sistemi virusların təsirinə məruz qalır. Xüsusiylə də "ürəyi sevən” bəzi viruslar vardır ki onların səbəb olduğu qrip və ya üst tənəffüs yollarının kəskin infeksiyası sonrasında ürək qripinin ortaya çıxma ehtimalı daha yuxarıdır. Ancaq az görülsə də, qorxulan odur ki, ürək qripi zamanı ciddi ürək çatışmazlığı və qəfil ürək durmaları ortaya çıxa bilir. Viruslar ürək-damar sistemində iki şəkildə problemə səbəb ola bilir. Birincisi ürəyin ətrafını saran ürək zarı və ya ürək kisəsi deyə adlandırdığımız ‘perikard’ toxumasında infeksiyaya səbəb olur ki, bunun tibbi adı "perikardit”dir. Ürək kisəsinin iltihabı və ya infeksiyası hər yüz min insanın iyirmi səkkizində görülür. Təcili tibbi yardım şöbəsinə sinə ağrısı şikayəti ilə müraciət edən insanların 5 faizinin ağrısının səbəbi məhz ürək kisəsinin iltihabı –yəni "perikardit”dir. Sevindirici hal odur ki perikardit zamanı bir insanın ölmə ehtimalı 1.1 faizdir. Ancaq qrip və ya üst tənəffüs yolunun kəskin viral infeksiyası sonrasında perikardit ortaya cıxan insanların 30 faizində 18 ay içində bu xəstəlik (perikardit) yenə ortaya çıxır. İkincisi və daha önəmli olanı ürək əzələsinin iltihabıdır ki,bu da ‘’miokardit’’ adlandırılır. Ciddi ürək çatışmazlığı və qəfil ürək durmaları ürək qripinin məhz bu formasında ortaya çıxar. Bəzən iltihablaşma ürək kisəsində ortaya çıxsa da, sonradan ürək əzələsinə də keçir.
Ürək qripi daha çox kimlərdə və nə vaxt ortaya çıxar?
Burda bir şey yanlış anlaşılmasın. Hər qrip və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmuş olan insanda ürək qripi ortaya çıxmaz. Daha dəqiq desəm, infeksiyaya yoluxan insanların az bir qismində ürək qripi ortaya çıxır. Ancaq bu xəstəliyi diqqət mərkəzində tutan ən önəmli xüsusiyyət az rast gəlinsə də, ürək əzələsində iltihablaşma varsa, ciddi ürək-damar problemlərinə səbəb ola bilməsidir. Ürək qripi daha çox 20-50 yaş arasındakı insanlarda ortaya çıxır. Bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bunun dəqiq bir səbəbi bilinməsə də, daha çox kişilərin ürək-damar sisteminin xəstəliyə qarşı həssas olması, işləkliyi və ictimai mühitdə fəal olmaları kimi səbəblər göstərilir. Maraqlı bir fakt da odur ki qripə və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmuş bir insanda ürək qripi dərhal ortaya çıxmır. Belə ki, ürək qripi adətən xəstənin qribal simptomları keçib getdikdən 10-14 gün sonra ortaya çıxar.
Hansı simptomları olur?
Ürək qripi keçirən bir xəstədə əsas olaraq sinə ağrısı ortaya çıxır. Ağrı arxası üstə yatanda, önə doğru əyiləndə və ya öskürəndə daha da artar. Bəzi xəstələr təngnəfəslik və ürəkdöyünmədən də əziyyət çəkirlər. Bəzən azacıq temperatur artımı da müşahidə edilir. Ancaq sizə çox önəmli iki fakt daha söyləyim. Bəzi xəstələr ürək qripi keçirsələr də, heç bir şikayətləri olmaz. Yəni bunu hiss etməzlər. Buna asemptomatik (simptomların olmadığı) xəstəlik deyilir. Bəzi xəstələrə də ürək qripi diaqnozu qoyulsa da, xəstələr yaxın vaxtlarda qripə və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmadıqlarını söyləyirlər. Yəni ürək qripinə asemptomatik (simptomsuz) yuxarı tənəffüs yolu infeksiyaları da səbəb ola bilir.
Nə qədər təhlükəlidir?
Ürək qripi keçirən xəstələrin çoxunda (təqribən 90-95 faizindən çoxunda) heç bir ciddi ürək-damar sistemi problemi ortaya çıxmaz. Sevindirici hal odur ki iltihablaşma sadəcə ürək ətrafı kisədə olarsa, (yəni perokardit zamanı) bu zaman bir insanın ölmə ehtimalı 1.1 faizdir. Ancaq çox təəssüf ki, bu xəstəlik bəzi xəstələrdə ciddi ürək çatışmazlığına səbəb olur. Xüsusilə də əgər ürək əzələsində iltihablaşma varsa, (yəni miyokardit) ürək çatışmazlığının ortaya çıxma riski də artır. Ancaq yenə də bu risk 5-10 faizdən çox deyil. Ürək çatışmazlığının təqribən 9-10 faizinin səbəbi də məhz "miyokardit”dir. Daha qorxulusu isə odur ki bəzi xəstələrdə qəfil ürək dayanması və ani ölüm olur.
Nə zaman şübhələnməli və nə edilməlidir?
Qripə və ya kəskin viral üst tənəffüs yolu infeksiyasına yoluxan bir insanda qribal simptomlar keçib getdikdən təqribən 10-14 gün sonra sinə ağrısı, tənginəfəslik və ya ürəkdöyünmə ortaya çıxırsa, diqqətli olunmalı və bir kardioloqa müraciət edilməlidir. Və ya yaxın vaxtlarda qripə və ya kəskin üst tənəffüs yolu infeksiyasına yoluxmadıqlarını söyləsələr də, sinələrində ağrıları olan insanlar nəfəs alıb-verdiyi və ya öskürdüyü zaman və ya önə əyildiyi zaman ağrıları artarsa, ürək qripindən şübhələnilməlidir. Hər iki halda da belə insanlar müayinə edilməli, elektrokardioqram çəkilməli, exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi) müayinə aparılmalı və lazım olarsa, qan testlerinə də baxılmalıdır.
Qorunmağın yolları
Sağlam olmağın ən yaxşı yolu xəstəliyi müalicə etməkdən əvvəl xəstəlikdən qorunmaqdır. Təbii və bədənin müqavimətini artıran qidalarla qidalanmaq, spirtli içki, tütün məmulatlarından və zərərli maddələrdən istifadə etməmək, bol miqdarda su içmək, mütəmadi idmanla məşğul olmaq qrip və ya üst tənəffüs yolları kimi infeksion xəstəliklərindən qorunmanın ən yaxşı yollarıdır. Qribdən və ya kəskin üstə tənəffüs yolları infeksiyasından qorunmaqla siz ürək qripindən də qorunmuş olursunuz.
Ürək qripi müalicə edilirmi?
Hər hansı bir dərman müalicəsi almadan da, adətən bu xəstəlik müəyyən müddətə keçib gedə bilir. Ancaq həm şikayətləri azaltmaq, həm də sonradan ortaya çıxa biləcək ciddi ürək problemlərinin və fəsadların qarşısını almaq məqsədi ilə xəstələr müəyyən edilmiş bəzi iltihab əleyhinə dərman preparatları ilə müalicə edilməlidirlər.
Son söz: Qrip və ya üst tənəffüs yollarının digər kəskin viral (yani virusların səbəb olduğu) infeksiyalarına yoluxduqdan sonra infeksiya və ya iltihablaşma ürək-damar sisteminə də sıçraya bilir. Bu cür infeksiyalara yoluxan insanların çox az bir qismində ürək-damar sistemi virusların təsirinə məruz qalır. Ancaq qorxulan odur ki ürək qripi zamanı xüsusilə də ürək əzələsində iltihablaşma varsa, ciddi ürək çatışmazlığı və qəfil ürək durmaları ortaya çıxa bilir. Bu cür infeksiyalara yoluxan bir insanda qribal simptomlar keçib getdikdən sonra sinə ağrısı, tənginəfəslik və ya ürəkdöyünmə ortaya çıxırsa, diqqətli olunmalı və kardioloqa müraciət edilməlidir. Qrip və ya üstə tənəffüs yollarının kəskin infeksiyasından qorunmaqla siz ürək qripindən də qorunmuş olursunuz.
Uzm. Dr. Yalçın VELİBEY,
Kardiologiya üzrə uzman
banner

Oxşar Xəbərlər