“Ürək daşı”nın ilk imza günü keçirilib
Azərbaycan Respublikası Gəncliyə Yardım
Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda
"ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış
şair-publisist Əkbər Qoşalının "Ürək daşı” şeirlər kitabının "İmza günü”
keçirilib.
Tədbirin aparıcısı və "ZirvəKitab”
layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar "İmza günü”ndə millət vəkilləri,
elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət
təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının
iştirak etdiyini bildirib.
"Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat
İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim
adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət
vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə
İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin
prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu,
tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram,
"Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta
məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov "Ürək
daşı” və "Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər. Çıxışlarda
bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar
Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin
məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında
ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini
onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan
çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta
Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini
öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının
təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi
vurğulanıb. Əkbər Qoşalı
"İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.
Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər
Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu "İmza günü”ndə öz musiqi töhfələri
ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa
ediblər.
Sonda, müəllif "Ürək daşı”nı oxucular üçün imzalayıb."Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, "Zirvə” Tədris
Mərkəzində, habelə Tovuzda da "İmza günü”nün keçirilməsi nəzərdə tutulub.