AZE | RUS | ENG |

Rejissorların “öz” aktyorları

Rejissorların “öz” aktyorları
Müxtəlif telekanallardakı müxtəlif seriallarda eyni aktyorları görmək tamaşaçı üçün xoş deyil

Son bir neçə ildə seriallarımızın, kinolarımızın dirçəlməsi prosesinə sevinirik. Bir çoxları yerli seriallara baxmadıqlarını desələr də, ortalığa belə bir sual çıxır: "Bəs, seriallara baxmırsınızsa, bu serialların reytinqini hansı tamaşaçı verir?” Seriallar çəkilir, baxılır, hətta yeri gələndə sevilir də. Ancaq seriallarda, filmlərdə rejissorlar hər dəfə eyni aktyor heyətindən istifadə edir, hər dəfə  eyni aktyor komandası ilə çalışmağa üstünlük verirlər. 
Misal üçün, filan rejissor bu dəfə Məhəmmədi baş rola çəkirsə, ikinci serialında Məhəmməddən yenə istifadə edir, onu ikinci planda təqdim edir. Qəribəsi də orasındadır ki, hansı telekanalı açırıqsa, eyni aktyorları, eyni simaları görürük. Sanki məmləkətdə aktyor qıtlığı yaşanır. Biz də məsələni araşdırmaq üçün kino, serial cameəsinin nümayəndələrinə müraciət etdik. 
 
"Dünya kino praktikasında belə hallarla az rastlaşmamışıq”
 
 
 
Ssenarist Valeh Əhmədov deyir ki, aktyorlar daha çox üzdə olduğu üçün onların simaları daha çox yadda qalır. Belə olduğu halda, kənardan elə bir təəssürat yaranır ki, sanki eyni aktyorlar bütün seriallarda iştirak edirlər: "Məsələ göründüyü kimi deyil. Bizim iş sistemimiz fərqlidir. Yeni bir layihəyə başlayırıqsa, orada aktyor heyətində 60-70 faiz dəyişikliklər edirik. Hər dəfə yeni serial çəkilişlərinə başlayanda, bacardığımız qədər obrazlara uyğun yeni simalara müraciət edirik. Ssenaridə olan xarakterlərə uyğun aktyor və aktrisalar axtarmağa çalışırıq. Çəkiliş öncəsi ssenaridəki obrazları müzakirə edir, onları canlandıra biləcək aktyorlar üzərində müzakirələr aparırıq. O ki qaldı rejissorların daima eyni aktyor heyəti ilə işləməsi məsələsinə, dünya kino praktikasında belə hallarla az rastlaşmamışıq. Dəfələrlə dünyanın məşhur rejissorlarının eyni aktyorlarla işlədiyini görmüşük. Ortaya qoyduğumuz işlərə hər dəfə yeni xarakterlər, yeni simalar gətirməyə çalışmışıq. Bu istəyimizə nail də olmuşuq. Hətta sıfırdan başlayan, tələbə olan, heç bir təcrübəsi olmayan gəncləri yetişdirib, serialda əsas obraz olaraq istifadə etmişik. Bəzən olur ki, rejissorla məsləhətləşir, istisna hallarda bacarıqlı bir aktyorun istedadına uyğun ssenari yazırıq”. 
 
"Ssenarini aktyorun bacarığına uyğun şəkildə yazırıq”
 
 
 
Rejissor Ramin Hacıyev hesab edir ki, rejissorun birinci qanunu etibar etdiyi texniki heyətlə işləməkdir: "Davamlı olaraq eyni texniki heyətlə çalışıram. Aktyor məsələsinə gəlincə isə, rejissor özünün kəşf etdiyi aktyorla işləməyi daha çox sevir. Əvvəllər Elməddin Cəfərov və onun komandası ilə işləyirdim. Xəzər TV-yə keçdikdən sonra yeni seriallar çəkməyə başladım və siz bu seriallarda tamam başqa simalarla qarşılaşdınız. Düzdür, bir rejissor olaraq mənim də işini bəyəndiyim bəzi aktyorlar var ki, onlarla davamlı olaraq işləmək istəyirəm. Misal üçün, Ramiz Novruz istedadlı aktyor olmaqla bərabər, eyni zamanda çox maraqlı insandır, onunla işləmək çox rahatdır. Hazırda rejissoru olduğum "Xalxın evi” serialında çəkilən bütün aktyorlarla digər layihələrdə də birliklə çalışmaq istərdim. Yeni layihələrə başlayarkən maraqlı sima axtarırıq və obraza görə uyğun tipajlar tapırıq. Ümumiyyətlə, mənə görə, pis aktyor olmur, pis rejissor olur. Rejissor aktyoru düzgün şəkildə istifadə etməyi bacarmalıdır. Bizdə komediya serialı olduğuna görə tipaj olaraq onu bacaran aktyorları seçməliyik. Seçdiyimiz aktyor obrazı canlandırarkən istədiyimiz nəticəni vermirsə, artıq həmin aktyorun bacardığı şəkildə ssenari yazırıq. Ssenarini aktyorun potensialına uyğun yazmağa çalışırıq ki, tamaşaçıya təqdim etdiyimiz məhsul qəbul olunsun. Əks təqdirdə, biz heç nəyə nail olmarıq”. 
 
"Yoxlamadan aktyoru filmə çəkmirəm”
 
 
 
Rejissor Rövşən İsax mətbuata açıqlamasında qeyd edib ki, çəkdiyi ekran işlərində köhnə adamlardan istifadə eləməmək kimi bir məqsədi yoxdur: "Yeni aktyor heyəti deyəndə, söhbət siması indiyə qədər efirdə görünməyənlərdən getmir. Sadəcə, elə rollar, obrazlar var ki, aktyorun yaşı, görünüşü, potensialına uyğun gəlməlidir. O, tamaşaçının tanıdığı aktyor da ola bilər, tanımadığı yeni sima da. Mən bilmirəm, başqaları necə işləyir. Mən məşq etdirmədən aktyoru filmə çəkmirəm. Mütləq sınaq çəkilişləri edirəm. Hansı aktyor o rolun öhdəsindən gəlirsə, onunla işləməyə qərar veririk”.
 
"Hər bir rejissor istəyir ki, peşəkar aktyorla işləsin”
 
 
 
Aktyor, rejissor Kamal Yaşar rejissorun müəyyən bir iş qrafiki olduğunu və hansı aktyorla işləmək ona rahatdırsa, onunla da işbirliyi qurduğunu deyir: "Martin Skorsezenin Leonardo Di Kaprio ilə görüşü aktyorun həyatını dəyişib. Belə ki, rejissor Di Kaprionu kinoya gətirib və onunla bir neçə iş birlikləri olub. Eləcə də Azərbaycanda Rasim Ocaqov Fəxrəddin Manafov işbirliyini buna nümunə gətirə bilərik. Bu, normal haldır. Rejissor ilk dəfə yeni bir simanın üzərində işləyirsə, o aktyor rejissorun hər zaman diqqətini çəkir. Demək, rejissor o aktyorda nəsə tapıb ki, ondan ayrılmaq istəmir. Bu məsələdə rejissor-aktyor anlaşması ön plana keçir. Müəyyən müddətdən sonra onların arasında bir bağ yaranır. Niyə də başqa bir layihədə onlar bu əlaqədən, qurulan bağdan istifadə etməsinlər? Getdikcə bu əlaqə daha da möhkəmlənir. Bu məsələdə əsas odur ki, rejissor hansısa aktyorun arxasında gizlənməsin”.
 
K.Yaşar rejissorun yeni sima ilə gündəmə gəlmək kimi bir öhdəliyi olmadığını qeyd etdi: "Onsuz da rejissor istəsə də, istəməsə də kino aləmində yeni simalar bazara gəlir və onları da bura gətirən məhz rejissorların özləridir. Yeni simaların gəlməyi üçün aktyor özünü prodüserə, rejissora təqdim etməyi bacarmalıdır. Rejissor obraza uyğun aktyor tapmaq üçün teatrda, sosial aləmdə, cəmiyyət içərisində yeni simalar arayır. Ancaq bu gün gənc aktyorların 95 faizində təqdim etmə göstəriciləri yoxdur. Gənclərin simalarının tanınmamağının əsas səbəbi özlərini təqdim edə bilməmələridir. Yeni simaların meydana çıxmamağının bir səbəbi də gənc aktyorların tənbəlliyindən irəli gəlir. Bu məsələ də var ki, rejissor bir aktyorla işləyir və onlar bir-birilərini daha yaxşı anlaya bilirlər. Bu anlayış kino, serial aləmində çox vacibdir. Baxmayaraq ki serial bir az əmtəə, satış məsələsidir, burada da aktyor göstəriciləri çox mühümdür. İstənilən rejissor çalışır ki, həm kinoda, həm serialda elə aktyorlarla işləsin ki, ona əziyyət verməsin, bir işarəsindən nə demək istədiyini başa düşsünlər. Hər bir rejissor istəyir ki, peşəkar aktyorla işləsin. Bu, rejissorun haqqıdır. Bəzən də rejissorlar işini daha sürətli yola vermək üçün daha yaxşı anlaşdığı aktyorlara müraciət edirlər”.
 
"Tamaşaçı hər kanalda eyni aktyorları görəndə, bezir”
 
 
 
Aktrisa Natavan Gümetserial və film aləmində belə hallarla tez-tez rastlaşdığını deyir və bunu peşəkar yanaşma hesab etmir: "Əslində mən bu prosesi o qədər də dəstəkləmirəm. Rejissor bir aktyorla ən çox 3 layihədə işləyə bilər. Ondan sonra həmin aktyora fasilə verməli, təzə aktyorlarla işləməlidir. Ola bilər ki, filmdə bir aktyorla bir neçə dəfə çalışsın. Ancaq serialda bunun tərəfdarı deyiləm. Təəssüf ki, rejissorlarımız daha asan varianta qaçırlar və hər dəfə eyni aktyorlarla çalışırlar. Hesab edirlər ki, bu aktyorun xasiyyətinə bələddir, iş rejimini bilir və onunla işləmək rejissor üçün səmərəlidir. Başqa aktyorları tanımaq, onların iş rejimi ilə tanış olmaq istəmirlər. Düzdür, elə aktrisalarımız da var ki, illərlə eyni rejissorlarla işləyirlər, ancaq yaradıcılıqlarına nəzər yetirəndə, fərqli obrazlar canlandırdığını görürük. Amma bu çox nadir hallarda olur. Serial sahəsində çox az - 4-5 rejissor var və təəssüf ki, onlar eyni simalarla işləməyə üstünlük verirlər”.
Aktrisa deyir ki, serial aləminə yeni simaların gətirilməsi mütləqdir: "Tamaşaçı hər kanalda eyni aktyorları görəndə, nəinki aktyorun özündən, seriallardan da bezir. Tamaşaçını bezdirməmək və hər dəfə ona yeni nələrsə təqdim etmək üçün fərqlilik etmək mütləqdir”.
 
"Bu məsələdə rejissorun dost-tanışı, qohumları yada düşür”
 
 
 
Aktrisa Vüsalə Ağayeva da hesab edir ki, rejissorlar daha çox eyni aktyor, eyni komanda ilə işləməyə üstünlük verirlər: "Çünki onlara belə sərf edir. Rejissorlar ona görə eyni aktyorlarla çalışırlar ki, işin maddi tərəfi sərfəlidir. Hər hansı kənar bir aktrisanı yeni layihə üçün dəvət edib, söhbətləşən zaman aktrisa rejissordan yüksək məbləğ tələb etdikdə, rejissor məcbur olub, əvvəl işlədiyi aktyorlara üz tutur. Bu məsələdə ya rejissorun tanışı, ya hər hansı qohumluq əlaqəsi olur, ya da yaxın dost əlaqələri işə düşür. Bir çox seriallarımızda aktrisaları gözəyarı seçirlər. Aktrisanın obraza uyğun olub-olmadığını da yoxlamırlar. Aktrisa qiyməti danışdısa, səhəri gün çəkiliş meydançasına gəlir. "Ya Allah, durun çəkək” deyib serialı çəkməyə başlayırlar. Aktyorun imici, obrazı üzərində işləmək rejissordan əlavə vaxt və enerji tələb edir. Kimə hansı variant sərf edirsə, elə də işləyir. Bəzən olur ki, aktyoru ssenarist də təklif edir. Nəticədə rejissorun və ya prodüserin seçdiyi aktyorlar çəkilir”. 
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916