Regionda yeni impuls - ŞƏRH
Türkiyəli siyasi ekspert
düşünür ki, Ankara, Bakı və Yerevanın rəsmi bəyanatları və addımları tərəflər
arasında münasibətlərdə yeni, daha konstruktiv dönəmin başladığını təsdiqləyir
Bu ay Türkiyə-Azərbaycan-Ermənistan
münasibətlərində mühüm hadisələr baş verib. Azərbaycan Prezidenti İlham Əliyev
Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, Türkiyə ilə Ermənistan
arasında əlaqələrin normallaşması məqsədilə xüsusi nümayəndələr təyin olunub.
Bundan əlavə, Bakı ilə Yerevan Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun
tikintisi ilə bağlı razılığa gəliblər. Bütün bunlar tərəflərin münasibətləri
normallaşdırmağa çalışdığını göstərir. Yeri gəlmişkən, Ankara, Bakı və Yerevan
arasında cərəyan edən son hadisələr türkiyəli, rusiyalı siyasi ekspertlərin də
diqqət mərkəzindədir.
Türkiyənin "Daily Sabah” nəşrinin
yazarı Talha Köse hesab edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi
nəticəsində bölgədə status-kvo dəyişib və yeni impuls yaranıb: "Odur ki, indi
Azərbaycan, Ermənistan və Türkiyə liderləri daha konstruktiv fəaliyyətlə bağlı
istəklərini dilə gətiriblər”.
Müəllif qeyd edir ki, Ermənistanın
30 il ərzində müharibəyə hazırlaşması, əslində, onu həm iqtisadi, həm də siyasi
nöqteyi-nəzərdən kövrək duruma düşməsinə səbəb olub və onun bölgədə həyata
keçirilən layihələrdən təcrid olunması ilə nəticələnib: "Bütün bunlar Ermənistan
tərəfi üçün fəlakətə səbəb olub”.
T.Kösenin fikrincə,
regiondakı yeni vəziyyət Paşinyana Yerevanın rəsmi bəyanatlarını dəyişdirməyə
imkan yaradıb: "Beləliklə, ötənilki müharibədən sonra Azərbaycan Prezidenti
İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Ermənistanın
baş naziri Nikol Paşinyanın ümidverici bəyanatları konstruktiv dialoq və
diplomatiya ilə bağlı yeni dönəmin başladığını göstərir”.
Hərtərəfli sülh
və sabitliyin yolu
Türkiyəli siyasi ekspert düşünür ki, Ankara, Bakı və Yerevanın rəsmi
bəyanatları və addımları da tərəflər arasında münasibətlərdə yeni, daha
konstruktiv dönəmin başladığını təsdiqləyir: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə,
Ankara Ermənistanla əlaqələrin normallaşdırılması zamanı məhz Bakı ilə məsləhətləşəcək”.
T.Köse Türkiyə ilə Ermənistan
arasında diplomatik əlaqələrin qurulmasının regionda hərtərəfli sülhün və
sabitliyin bərqərar olmasına yardım edəcəyini vurğulayır: "Əlbəttə, dövlətlər arasındakı bütün problemlərin qısa müddət ərzində
həll olunacağını gözləmək real deyil. Lakin bütün maraqlı tərəflərin
koordinasiya edilmiş səyləri münasibətlərin normallaşmasına töhfə verə bilər”.
Ekspertin sözlərinə görə, tərəflər
kövrək prosesin dəstəklənməsi məqsədilə öz üzərlərinə məsuliyyət götürməlidir:
"Üstəlik, əvvəlki uğursuz təşəbbüslərdən də dərs götürmək lazımdır”.
Münasibətlərin
normallaşmasının təsirləri
Professor Yıldız Deveci
Bozkuş isə "Anadolu Agentliyi”ndə dərc edilən son məqaləsində vurğulayır ki, tərəflər
arasında münasibətlərin normallaşması türkdilli dövlətlər arasında münasibətlərə
müsbət təsir göstərəcək: "Nəticədə Türkiyənin türk dünyası ilə əlaqələrində
maneələr aradan qalxacaq. Əslində, münasibətlərin normallaşmasına ən çox Ermənistanın
ehtiyacı var”.
Professorun fikrincə,
Ankara ilə Yerevan arasında münasibətlərin yaxşılaşması ən çox Cənubi Qafqaz
regionuna müsbət təsir göstərəcək: "Bundan əlavə, Türkiyə mühüm əhəmiyyət kəsb
edən regional güc kimi önə çıxacaq”.
Professorun sözlərinə görə,
hazırda Zəngəzur dəhlizinin açılması çox önəmli məsələdir. Bozkuş bu dəhlizin
tarixi İpək yolunu canlandıracağını, Şərq ilə Qərb arasında ticarət əlaqələrinə
istiqamət verəcəyini vurğulayır.
Bakının konkret
hədəfləri
Türkiyə və Azərbaycanın Ermənistanla
əlaqələri normallaşdırması, həmçinin prezident İlham Əliyevlə baş nazir Nikol
Paşinyan arasında Brüsseldə keçirilmiş görüş rusiyalı siyasi ekspertlərin də
diqqət mərkəzindədir. Hətta ermənipərəst mövqedə olan rusiyalı politoloqlar belə,
bu gün Bakının Yerevanla danışıqlarda diplomatik qələbələr qazandığını etiraf
edirlər. Məsələn, Stanislav Tarasov "Regnum” nəşrində dərc edilən məqalədə qeyd
edir ki, "bir çox əlamətlərə əsasən deyə bilərik ki, Brüssel görüşündə Ermənistan
üçün ağrılı olan mövzular müzakirə edilib. Söhbət Bakının "Zəngəzur dəhlizi”
adlandırdığı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun
açılmasından gedir”.
Rusiyalı siyasi ekspert
hesab edir ki, Brüssel görüşündən qabaq Fransanın dövlət başçısı Emmanuel
Makron Ermənistana üstünlük versə də, indi o, Azərbaycan tərəfinin rəğbətini
qazanmağa çalışır.
Onun sözlərinə görə, Ermənistan
əvvəlki gizli diplomatiyada hər zaman Azərbaycana məğlub olub: "Azərbaycan
Prezidenti İlham Əliyevin konkret hədəfi var. Odur ki, o, bu hədəfin həyata
keçirilməsinə can atır”.
Rusiyalı politoloq
vurğulayır ki, Azərbaycanın dövlət başçısının Brüsseldə Ermənistanın baş naziri
ilə keçirilmiş danışıqlar barədə fikirləri təsadüfi deyil: "İlham Əliyev Nikol
Paşinyanla görüşün səmərəli və praqmatik keçdiyini bildirib. Üstəlik o, bu
imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda
davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin
vacibliyini bildirib. Bəs İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın
hansı hədəfləri var?”
Sənan
Ağamalızadə