• cümə axşamı, 28 mart, 12:31
  • Baku Bakı 16°C

Regional təhlükəsizliyin qarantı - Azərbaycan- Türkiyə-Gürcüstan

22.11.18 19:43 1523
Regional təhlükəsizliyin qarantı - Azərbaycan- Türkiyə-Gürcüstan
Regionda təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın təşəbbüsü ilə ikitərəfli, üçtərəfli formatlarda görüşlər keçirilir. Noyabrın 21-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında növbəti üçtərəfli görüş keçirilib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Artıq üçüncü dəfədir Bakıda üç ölkənin hərbi rəhbərlərinin Bakıda baş tutan görüşü ilə bağlı ekspertlər münasibət bildiriblər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, hazırkı beynəlxalq münasibətlər sistemində öz təhlükəsizliyini müxtəlif formatlarda qoruyan dövlətlərlə yanaşı, üçtərəfli, dördtərəfli formatlar çox aktiv bir şəkildə fəaliyyətdədir: "Bu səbəbdən də belə formatlar beynəlxalq aləmdə özünün yaşarlılığını, demək olar ki, vətəndaşlıq statusunu qazanmış bir məsələdir. Məhz ona görə də Azərbaycan prezidenti İlham Əliyev son illər ərzində belə üçbucaqlardan çox uğurlu şəkildə ölkəmizin mənafeyi üçün istifadə etməkdədir. Diqqətlə baxsaq görərik ki, İran-Rusiya-Azərbaycan, Türkiyə-Rusiya-Azərbaycan, eləcə də Gürcüstan-Türkiyə-Azərbaycan modelində uğurlu çalışmalar var. Bunların hər birində Azərbaycanın mərkəzi statusda olduğu fəaliyyəti görməkdəyik. Şübhəsiz ki, kabinetlərdə bunlar layihə və siyasət kimi hazırlansa da, onun reallıqda həyata keçirilməsi çox böyük iradə, təhlillər, yaranan situasiyaya uyğun risklərin idarə olunması kimi böyük məharət tələb edir. Bu baxımdan Gürcüstanın yer aldığı bu layihələrdə nə qədər önəmi artıbsa, o biri yandan açıq deməliyik ki, qarşı tərəfdən hərbi və təhlükəsizlik məsələlərinə ehtiyatlı münasibəti görmüşük. Halbuki, 2008-ci il 5 günlük avqust müharibəsi dövründə Azərbaycan dövləti xarici dövlət başçılarının Gəncəyə gəlməsində və bundan sonra Tbilisidə məlum o demarş, həmrəylik mövqelərində də öz mövqeyini göstərmişdir. Yəni, biz Qafqazlarda müharibə arzulamadığımızı ortaya qoymuşuq, amma bununla belə anti-Rusiya cəbhəsində yer almadığımızı sübuta yetirmişik. Odur ki, Gürcüstanın Azərbaycana böyük ehtiyacı var. Birincisi, iqtisadi cəhətdən, çünki bildiyimiz kimi, Gürcüstan Rusiyanın ağır iqtisadi embarqosu, sanksiyaları altındadır. İkinci tərəfdən isə Türkiyə ilə münasibətlər bu illər ərzində qonşu ölkə üçün həyat yoluna çevrilib. Bir yandan bu ölkədən bəhrələnirlər, eyni zamanda Türkiyə Gürcüstanın iqtisadiyyatına dərindən nüfuz edir, müxtəlif sahələrə böyük investisiyalar qoyulur. Hətta obrazlı bir ifadə var ki, azərbaycanlıların və türklərin hesabına Gürcüstan qurulmaqdadır”.
Z.Oruc əlavə etdi ki, münasibətlərdə hərbi komponent çox önəm daşıyır: "Tbilisidən baxışlar belə olub ki, biz Ermənistanı qıcıqlandırmayaq, onların narazılığını və bizə olan basqısını qazanmayaq və nəticə etibarı ilə bu, ermənilərin Cavaxetiyada qalxmasına və müxtəlif separatçı fəaliyyətlərinə meydan aça bilər, indiki reallıqda əlavə cəbhə yaratmayaq və s. kimi mülahizələri mövcud idi. Məhz bu kimi məsələlərə risk ehtimalı ilə baxırdılar. Açıq desək, qabaqcıl NATO ölkəsi olan Türkiyədən istər Gürcüstanın, istərsə də Azərbaycanın öyrənməyə, yaxud da ordu quruculuğu prosesində onların köməyindən istifadə etməyə ehtiyacları var. Bu həm də regional iqtisadi layihələrin qorunmasında özünü göstərməkdədir. Doğrudur, biz bu üçlü formata elə baxmırıq ki, sabah Qarabağ savaşında gürcülər gəlib bizim təhlükəsizliyimiz üçün savaşacaqlar. Təbii ki, münasibətləri ora qədər inkişaf etdirmək çox çətindir. Gerçəkdən də onlar daha böyük münaqişələrə cəlb olunmuş durumda qalarlar. Hesab edirəm ki, xalqlararası siyasi, iqtisadi, mədəni əlaqələr, tarixi münasibətlər çox yaxşı bir bünövrə yaradır. Amma bunun üzərindən hərbi münasibətləri inkişaf etdirmək və Gürcüstan, Türkiyə və Azərbaycan alyansını formalaşdırmaq və bunu müttəfiqliyə qədər çatdırmaq üçün müəyyən yollar qət olunub. Bunu biz hər üç dövlətin mənafelərinə uyğun bir siyasət kimi dəyərləndiririk və artıq bu sistem işləyir, oturuşubdur. GUAM-dan fərqli olaraq, bu format uğurlu çalışır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, bölgədə hansısa hadisə baş verəndə, bu, bölgəyə təsir edir: "Digər yandan vəziyyət o yerdədir ki, Ermənistanın Azərbaycana, Gürcüstana və həm də Türkiyəyə qarşı davranışı eynidir. Gürcüstanın ərazisi təbii ki, ermənilərin ağaları tərəfdən işğal olunub. Eləcə də Ermənistanın Gürcüstan ərazisindəki Cavaxetiyaya iddiaları var. Hətta Saakaşvili dönəmində bu hərəkatın rəhbəri həbs edilmişdi. Qondarma "Dağlıq Qarabağ” rejimi də guya Osetiyanın müstəqilliyinin 25 illiyi ilə bağlı təbrik məktubu göndərib. Bütün bunlar onu göstərir ki, Ermənistanın Azərbaycana münasibətilə Gürcüstana olan münasibəti arasında fərq yoxdur”.
F.Quliyev əlavə etdi ki, Ermənistanın Türkiyəyə olan münasibəti də bəllidir: "Ermənistan Türkiyəyə ərazi iddiasındadır, hətta gerbində Ağrı dağ əks olunur və bu məsələni də heç gizlətmək istəmir. Eyni zamanda ermənilər qondarma "soyqırım” məsələsi ilə Türkiyənin üzərinə gedir. Demək istəyirəm ki, bölgədə destruktiv element kimi Ermənistanın üç ölkəyə münasibəti eyni olduğundan Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlıq etməkdə maraqlı olmağa məcburdurlar. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə münasibətlərdə ən dərin inteqrasiya yolunu seçiblər, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, üçlü tərəfdaşlıq məsələsi Gürcüstana da xeyirdir. İki ölkə Gürcüstanı bu tərəfdaşlığa qoşmaqla hər üç dövlət bölgədə sabitliyin təmin olunmasında mühüm faktorlardan birinə çevrilə bilər. Düşünürəm ki, ikitərəfli münasibətlərdən başqa üçtərəfli formatda da əlaqələrin qurulması Azərbaycan, Türkiyə və Gürcüstana siyasi, iqtisadi və hərbi cəhətdən çox əhəmiyyətli təsiri olacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər