• bazar ertəsi, 27 yanvar, 18:19
  • Baku Bakı 7°C

Regional inteqrasiya

02.07.21 16:30 418
Regional inteqrasiya
Və ya Cənubi Qafqaza əbədi sülh gətirəcək yeganə yol
44 günlük müharibənin yekunu, tək Azərbaycanda deyil, regionda, bütövlükdə regiondan kənarda təsirsiz ötüşmədi və bunun nəticələri siyasi deyil, iqtisadi, hərbi mənada böyük önəm kəsb edir. Rusiya, İran və Türkiyə kimi üç böyük güclə həmsərhəd bir region olan Cənubi Qafqaz geniş strateji və coğrafi əhəmiyyətə malikdir. Lakin Ermənistanın işğalçılıq siyasəti üzündən yaşananlar bölgələrarası ticarətin dinamikasına və iqtisadi inteqrasiya prosesinə mənfi təsir göstərib. Təqdirəlayiq haldır ki, nüfuzlu Qərb nəşrləri ara-sıra bölgədəki mövcud durumla obyektivliyə yaxın məqalə və analizlər hazırlayıb oxucularına təqdim edir. Məsələn, "The National Interest”də dərc olunan məqalədə vurğulanır ki, Azərbaycanla Ermənistan arasındakı İkinci Qarabağ müharibəsi bölgədəki geosiyasi durumu dəyişdi. 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş bir neçə bölgəsini azad etdi və ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistanla qanlı qarşıdurmaya son qoymaq üçün bir müqavilə imzalandı. Noyabr sazişi Ermənistanla Azərbaycan nəqliyyat əlaqələrini açmaq və iqtisadi inteqrasiya səylərini dəstəkləmək barədə razılığa gəldikləri üçün bölgənin geosiyasi xəritəsini dəyişdirdi.

Rusiya və Türkiyə maraqlarını gücləndirdi

Qərb nəşri yazır ki, üçtərəfli razılaşmanın şərtlərinə görə, Rusiya burada əsas qarant kimi çıxış edir və Qarabağ və Laçın dəhlizində təmas xətti boyunca sülhməramlı kontingent yerləşdirib. Bundan əlavə, Ağdam bölgəsində atəşkəs rejiminə nəzarət və izləmə üzrə ortaq Rusiya-Türkiyə mərkəzi işə başlayıb. Bunun sayəsində iki regional güc - Rusiya və Türkiyə Cənubi Qafqazdakı diplomatik və hərbi varlıqları ilə maraqlarını gücləndirdilər. Qarabağla bağlı münaqişə həll olununca, bölgədəki sabitlik və təhlükəsizlik təmin olundu, lakin ortaya yeni imkanlar da çıxdı. Həm Türkiyə, həm də Rusiya nəqliyyat dəhlizlərinin açılması da daxil olmaqla, regional iqtisadi inteqrasiya səylərini dəstəkləyir. Bu baxımdan, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün tərəflərin faydalanacağı çox vacib bir nəqliyyat marşrutuna çevriləcək. Zəngəzur dəhlizi ilə Azərbaycanla Naxçıvan arasında rabitə təmin ediləcək və Türkiyə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli ölkələri ilə əlaqələndiriləcək. Ermənistan da bu layihədən faydalana bilər, çünki əsas iqtisadi və siyasi müttəfiqi olan İran və Rusiya ilə dəmir yolu əlaqələrini həyata keçirə biləcək. Xüsusilə Rusiya həmişə Ermənistan üçün lider idxalatçı və ixracatçı rolunu oynayıb. 2020-ci ildə Ermənistandan Rusiyaya 676 milyon dollar dəyərində mal ixrac edilib və eyni dövrdə Rusiyanın ümumi idxalatdakı payı 4,559 milyard dollar (32,4%) təşkil edib. Davam edən sərhəd hadisələri Cənubi Qafqazın iki dövləti arasında sərhəd demarkasiyasının vacibliyini göstərir. Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi hələ də Ermənistanın nəzarətindədir. Müharibədən sonrakı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və bütün iştirakçılar suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan son sülh sazişinin davamlı sülhün açarı olduğunu anlamalıdırlar.

Ən əsas məsələlərdən biri də o oldu ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müharibədə acınacaqlı məğlubiyyətə baxmayaraq parlament seçkilərində səslərin 54% -ni qazanaraq qalib gəldi. Siyasi qeyri-sabitlik Ermənistanda böhrana səbəb olsa da, indi əməkdaşlıq və mübahisələrin həllinə ümid var. Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla son telefon danışığında 9 noyabr 2020 və 11 yanvar 2021 tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan bölgənin bütün dövlətləri ilə və onun hüdudlarından kənarda əməkdaşlığı genişləndirməyə çalışır və yuxarıda qeyd olunduğu kimi, Türkiyə və Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi varlıq yaratmaq prosesinə başlayıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Qarabağa səfəri və Şuşa Bəyannaməsinin imzalanması ikitərəfli münasibətlərə yeni təkan verəcək. Xüsusilə vurğulanmalıdır ki, Şuşa Bəyannaməsi iki dövlət arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsini təmin edir. Məqalədə xüsusi qeyd edilir ki, İkinci Qarabağ müharibəsi dövründə oyun qaydalarını dəyişdirən əsas amil Ermənistanın S-300 hava hücumundan müdafiə sistemlərini və digər hərbi texnikalarını məhv edən Türkiyənin "Bayraktar TB2” hücum pilotsuz təyyarələri idi. Azərbaycan prezidenti İlham Əliyev də bəyannamədə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və qarşılıqlı hərbi yardım məsələlərin əks olunduğunu xüsusi qeyd edib.
Şuşa Bəyannaməsinin digər vacib elementi də Türkiyənin Şuşa şəhərində baş konsulluq açma qərarıdır. Şuşa Bəyannaməsində Azərbaycana qarşı bir təhdid və ya təcavüz halında müttəfiqini qorumaq üçün Türkiyənin açıq şəkildə məsləhətləşmələrə qoşulacağı bildirilir. Bu mesaj yalnız revanşist fikirlərini dəstəkləməyə davam edən Ermənistana deyil, bölgədəki digər maraqlı oyunçulara da ünvanlandı. Şuşa BəyannaməsiTürkiyə ilə Azərbaycan arasında 2010-cu il Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişinin imzalanmasından bəri imzalanan əsas sənəddir.

ABŞ-ın bölgədə iştirakı vacib olacaq

Məqalədə ABŞ-ın bölgədə roluna da toxunulur. Bildirilir ki, ABŞ-ın Cənubi Qafqazdakı İkinci Qarabağ müharibəsindən sonrakı konstruktiv iştirakı sülh səylərini və iqtisadi inteqrasiyanı dəstəkləmək üçün vacib olacaq. ABŞ-ın Cənubi Qafqazdakı siyasəti, əsasən Xəzər nefti və qazının dünya enerji bazarlarına ixracı kimi enerji məsələləri ilə əlaqəli idi. Lakin son hadisələr və Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikonun səfəri ABŞ-ın Cənubi Qafqaza diqqətinin daha da cəmləşdiyini göstərdi. O, Gürcüstanda olarkən "ABŞ Cənubi Qafqazın inkişafı və iqtisadiyyatına öz töhfəsini verməklə yanaşı, bölgə xalqlarının sabit, dinc və firavan bir gələcəyə can atmasını" qeyd etdi. Səfərin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsiri, Ağdam bölgəsindəki minalanmış ərazilərin xəritələri müqabilində 15 erməni hərbçisinin Ermənistana təhvil verməsində də özünü göstərdi. Qeyd etmək lazımdır ki, bu addım ABŞ-ın konstruktiv əməkdaşlığı və köməyi sayəsində atıldı. Bu prosesdə Vaşinqtonun bölgədəki ən yaxın müttəfiqi Gürcüstan da rol oynadı. Ermənistanın baş naziri Paşinyanın "erməni hərbi əsirlərin Gürcüstan baş naziri, eyni zamanda ABŞ və AB-dəki ortaqlarımızın səyləri sayəsində ailələrinə qayıtdıqlarını" vurğulaması da buna işarə idi.

Beləliklə, Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət bölgənin iqtisadi inteqrasiyasını son dərəcə vacib edir, çünki davamlı sülh və təhlükəsizlik yalnız əməkdaşlıq sayəsində əldə edilə bilər. ABŞ da, təsirli əməkdaşlıq mexanizmi yaradaraq regional siyasətini dəyişdirməlidir. Bayden rəhbərliyi artıq Azərbaycan hökumətinə dövlət yardımını tənzimləyən "Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişin tətbiq edilməsindən imtina müddətini uzadaraq Azərbaycana müsbət bir mesaj göndərdi. İkinci Qarabağ müharibəsindən sonra ABŞ-ın bölgədəki konstruktiv siyasətini görmək Azərbaycan üçün son dərəcə vacib idi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər