• cümə axşamı, 25 aprel, 08:11
  • Baku Bakı 14°C

Regional əməkdaşlıq və yeni tarixi hədəflər

05.01.21 22:30 385
Regional əməkdaşlıq və yeni tarixi hədəflər
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz Ordumuzun şücaəti, xalq-iqtidar birliyi Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillərdir. İlk növbədə, qonşu dövlətlərlə münasibətlərin prioritet istiqamət kimi müəyyən edilməsi və bu istiqamətdə atılmış real addımlar müharibədə Qələbəmizin təminatı üçün münbit şərait yaratmış oldu. Nəticədə Azərbaycan və Ermənistanın ənənəvi müttəfiqlərə malik olması ilə bağlı konsepsiyanın köhnəldiyi və yararsızlığı sübut edildi. Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının nadir modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqları dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformalarının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb. Əlbəttə, konstruktiv davranışı və sağlam məntiqə söykənən addımları kontekstində Ermənistanın da Azərbaycanın təşəbbüskarı olduğu və uğurla həyata keçirdiyi regional və qlobal layihələrdə iştirakı məsələsi müsbət həll oluna bilər. Hələ ki, Ermənistan rəhbərliyi regional əməkdaşlığa inteqrasiya baxımından konkret təşəbbüslər irəli sürmür. Bu ölkənin müxalif siyasi dairələri isə revanşizm xülyası ilə yaşayırlar. Bu davranış tərzi Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, "özünüintihara bərabər bir addım olar”.
Kaspi.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Regional əməkdaşlıq və yeni tarixi hədəflər” sərlövhəli məqaləsində yer alıb.
Deputat məqaləsində vurğulayır ki, heç şübhəsiz, məhz Prezident İlham Əliyevin mətin iradəsi sayəsində müxtəlif beynəlxalq dairələrin Azərbaycanı ayrı-ayrı ölkələr, xüsusilə də qonşu dövlətlər əleyhinə avantüra və təxribatlara cəlb etmək kimi planları iflasa uğrayıb. Onlardan birinə qədirbilən oxucularımızın diqqətini cəlb etmək istəyirəm: "2006-cı ilin aprelində Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri olub. Bu səfər ABŞ-İran qarşıdurmasının ən mürəkkəb dövrünə təsadüf etmişdi. Hətta bəzi beynəlxalq kütləvi informasiya vasitələri naməlum "etibarlı mənbələr”ə istinadən Vaşinqton-Tehran konfrontasiyasının şiddət əmsalını göstərmək üçün müharibənin başlayacağı gün və hətta saatı belə göstərməkdən çəkinmirdilər. Bu kontekstdə, xüsusən də Azərbaycanın İranın qonşusu olması reallığı fonunda Prezident İlham Əliyevin Vaşinqtona rəsmi səfərinə böyük maraq var idi. Belə ehtimallar irəli sürülürdü ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları labüddür və bu halda Azərbaycanın öz ərazisini İran əleyhinə müharibəyə başlamaq üçün strateji tərəfdaşı olan ABŞ-ın istifadəsinə verməsi məsələsi ətrafında Ağ evdə ciddi müzakirələr olacaq və rəsmi Bakıya ağır təzyiqlər göstəriləcək. Ehtimallar özünü doğrultdu. İki dövlətin siyasi liderləri arasında aparılan danışıqların nəticələri haqqında Prezident İlham Əliyev Ağ evin qarşısında mətbuat üçün keçirdiyi brifinqdə ətraflı məlumat verdi və bildirdi ki, heç bir üçüncü dövlətin və ya dövlətlərin Azərbaycan ərazisindən istifadə etməklə qonşu dövlət və ya dövlətlərə qarşı hərbi əməliyyatlara başlamasına icazə verilməyəcək. Bu, qeyri-mümkün addımdır. Beləliklə, Prezident İlham Əliyev həm ABŞ rəhbərliyinə, eləcə də dünyanın aparıcı liderlərinə ölkəsinin son dərəcə prinsipial və qətiyyətli mövqeyini çatdırmış oldu. Əslində, dünyanın fövqəldövləti qarşısında bu misilsiz cəsarət, İran dövləti və xalqı qarşısında isə tarixi dostluq və qardaşlıq nümunəsi idi. Kim bilir, bəlkə də analoji vəziyyətdə başqa bir dövlətin lideri acizlik, zəiflik və qətiyyətsizlik nümayiş etdirməklə regionu fəlakətə sürükləyən bir addıma imza atmış olardı. Tarixdə belə nümunələr kifayət qədər vardır”.
Elman Nəsirov əlavə edib ki, həmin vaxtdan təxminən 15 il ötsə də, ABŞ-ın İrana hərbi müdaxiləsi baş tutmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin həmin tarixi sınaq anında ABŞ-ın bütün təzyiqlərinə rəğmən, qonşu İran dövləti və xalqının yanında olması faktı, bu gün də həmin siyasətə sadiqlik nümayiş etdirməsi rəsmi Bakı ilə Tehran arasında strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərini formalaşdıran həlledici amillərdir. Necə deyərlər, "yaxşı dost pis gündə tanınar”. Eyni məntiqlə də İran dövləti 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın haqq işini müdafiə etdi. Öz quru və hava sərhədlərini təcavüzkar Ermənistan dövlətinin üzünə bağladı. Azərbaycanın ərazi bütüövlüyünü müdafiə edən sülh təşəbbüsləri ilə çıxış etdi. Azərbaycan-İran dövlət sərhədinin sülh sərhədinə çevrilməsinə təkan verən mövqe ortaya qoydu. Bütün bu addımlar nəticə etibarilə Ermənistanın ənənəvi müttəfiqləri ilə bağlı qondarma "konsepsiyası”nın darmadağın edilməsinə səbəb oldu. Bir sözlə, Prezident İlham Əliyev, əslində, bütün bu tarixi Zəfərə imza atmaqla üçqat qəhrəman olduğunu isbatladı. Birincisi, şanlı ordusu ilə hərbi cəbhədə qalibiyyət tarixi yazdı. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkincisi, diplomatik cəbhədə düşmənə sarsıdıcı zərbə endirdi. Nəticədə düşmənin bu cəbhədə də ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Üçüncüsü, informasiya cəbhəsində düşmənin dezinformasiya maşınını sıradan çıxartdı. Bu isə öz növbəsində, psixoloji, ideoloji və ictimai şüur cəbhələrində də Azərbaycanın haqq işinə beynəlxalq loyal münasibəti şərtləndirdi.
Deputatın sözlərinə görə, postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyyən edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.
Elman Nəsirov bildirib ki, dövlətimizin başçısı, ilk növbədə, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması məsələsini strateji vəzifə olaraq müəyyən edib. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. "Qarabağımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə bir millət olaraq azad etdik. İndi də, gəlin birlikdə onu dirçəldək. Hər birimiz bu prosesə fəal qoşulub, töhfəmizi verək. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,- deyə deputat vurğulayıb.
banner

Oxşar Xəbərlər