“Region plus”un yubileyi
15 il bundan əvvəl - 2006-cı il
fevralın 17-də Azərbaycanın media məkanında nəşr olunan qəzet və jurnallar sırasına
"Region Plus” jurnalı da daxil oldu. Üç dildə - Azərbaycan, rus və ingilis
dillərində işıq üzü görən analitik nəşr təkcə öz ölkəmizdə deyil, digər
coğrafiyalarda da geniş auditoriya qazandı. O tarixdən bəri jurnalın 424
buraxılışı çapdan çıxıb ki, geriyə boylananda yalnız qürur və zəhmət dolu illərin
silinməz izini görürsən. Ən əsası, bu illər ərzində jurnal oxucu auditoriyası
ilə yaxın təmasda olmağı bacarıb.
"Region plus”un 15 illik yubileyi bu
gün kollektivi üçün daha əlamətdardır.
Jurnalın baş redaktoruNamiq Mailovnəşrin
yubileyini oxucu auditoriyası qarşısında hesabat adlandırır. Mətbuata açıqlamasında
isə rəhbəri olduğu jurnalın 15 illik tarixini qeyd etmələrindən qürur duyduğunu
bildirib. Heç şübhəsiz, bu fəxarət hissinə yarandığı gündən bəri ölkəmizin haqq
səsinin dünyaya çatdırılmasında informasiya dəstəyi olmaq, Qarabağ probleminin
həlli yolunda Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaqla bağlı
mübarizələrindən doğan sevinc də qarışıb: "Hər bir işin, hər başlanğıcın bir
ana hədəfi olur. Sən o işə başlayandan məhz o hədəfə doğru irəliləyirsən. Bizim
15 il əvvəl qarşıya qoyduğumuz əsas vəzifə Azərbaycanın haqq səsinin dünyaya
çatdırılmasında iştirak etmək, ölkəmizin bir nömrəli problemi olan Qarabağ
düyününün açılmasına media müstəvisində dəstək olmaq idi. Qürurluyuq ki,
"Region Plus” özünün 15 yaşın böyük Qələbədən sonra qeyd edir. Qürurluyuq ki,
Azərbaycanın zəfər yürüşündən yazmaq, onu təhlil etmək bizim də qismətimiz oldu”
- deyə baş redaktor mətbuata açıqlamasında bildirib.
Jurnalın tarixinə nəzər salanda əldə
edilən uğurların kifayət qədər böyük olduğunun şahidi olursan: 2012-ci ildə
internet səsverməsi nəticəsində "Region Plus” jurnalı "İlin nəşri” seçilib. Jurnal
postsovet məkanında yeganə nəşrdir ki, ABŞ-da Kapitoli binası üzərində Amerika
bayrağı bir gün onun şərəfində ucaldılıb. Həmin bayraq və Kapitolinin baş
memarının imzaladığı sertifikat bu gün "Region plus”un redaksiyasının
mükafatları sırasında yer alıb. Jurnalın redaksiyası çoxsaylı kitabların
hazırlanmasında iştirak edib. Belə ki, Fuad Axundovun erməni
saxtakarlıqlarından bəhs edən "Saxtakarlıqları ifşa edənlər” çoxcildliyi,
Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, həmçinin Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş İrəvan qalasının tarixinə aid
kitabların nəşrini həyata keçirib. Bu illər ərzində jurnal müxtəlif layihələrlə
çıxış edib. "Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslamiada
və Formula-1 yarışlarına xüsusi buraxılışlar həsr edib. Həmin xüsusi
buraxılışların xarici qonaqlar və media arasında yayılmasına nail olub. Rusiyalı
tarixçi Oleq Kuznetsovun Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxiv
sənədləri əsasında erməni faşizminin ifşa olunması ilə bağlı silsilə
araşdırmaları jurnalın oxucular tərəfindən maraqla qarşılanmasına səbəb olub.
Redaksiyanın tanınmış imza sahibləri
ilə əməkdaşlığı isə nəşrin daha oxunaqlı olmasını təmin edib. "Əsas hədəf
kütləmiz yerli və xarici diplomatlar, siyasətçilər, millət vəkilləri,
araşdırmaçılar, beyin mərkəzləri, bir sözlə qərar verən və ya qərarların
verilməsinə təsir imkanları olan oxuculardır. Çox şadam ki, onlardan jurnalın
fəaliyyəti ilə bağlı həmişə yüksək qiymət almışıq”- deyə N.Mailov qeyd edib.
Baş redaktorun və komandasının
jurnalın fəaliyyəti ilə bağlı hədəfləri dəqiqdir: "İndi döyüş meydanında əldə
etdiyimiz Qələbəni informasiya məkanında möhəmləndirməliyik. Odur ki,
görəcəyimiz işlər hələ qabaqdadır”.
Həmkarlarımıza uğurlar arzulayırıq!
Təranə
Məhərrəmova