• cümə, 26 Aprel, 08:37
  • Baku Bakı 12°C

Rəfi Orucov: "Senatın qərəzli qətnaməsi Qafqazda sülh prosesinə zərbədir"

16.11.22 18:26 1260
Rəfi Orucov: "Senatın qərəzli qətnaməsi Qafqazda sülh prosesinə zərbədir"

"Senatının qəbul etdiyi əsassız və qərəzli qətnamə bir daha onu göstərdi ki, bəzi qüvvələr şəxsi siyasi divident və məqsədləri üçün Fransa adından bu cür ağılasığılmaz, beynəlxalq hüquqa zidd addımlar atırlar".

Kaspi.az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Rəfi Orucov bildirib.

Onun sözlərinə görə, erməni diasporunun fəal olduğu Fransada çox sayda soyadını dəyişmiş ermənilər yaşayaraq yüksək vəzifələrdə yer alıblar: "Onlar Fransada müəyyən nüfüza malikdirlər. Təssüf ki, Fransa höküməti onların "eynəyini taxıb" dünyaya məhz ermənilərin gözü ilə baxmağa üstünlük verir. Bu baxımdan düşünürəm ki, heç bir hüquqi qüvvəsi olmayan qətnamə Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və heç bir prosesə təsir etmək imkanına malik deyil".

R.Orucov media üzərindən Fransa hökümətinin nəzərinə bəzi faktları çatdırıb: "Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin evlərindən didərgin düşməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqların minalarla çirkləndirilməsi ilə bağlı faktlar göz önündədir. Bəs, bunu nədən görmürsünüz? Bir çox beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və ATƏT-in qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Fransa Senatının bütün bu qətnamələrə zidd olan son "sənədi", beynəlxalq aləmə çağırışı hansı normalara əsaslanır? Minsk qrupu həmsədri olan Fransa hökümətinin bu cür qərəzli mövqeyindən sonra  bir daha aydın gördük ki, nədən Qarabağ problemi 30 il həll olunmamış qalıb. Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu qərəzli mövqedir, regionda sülh prosesinə xidmət etmir, əksinə zərbə vurur. Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınan ayrılmaz tərkib hissəsidir və müzakirə mövzusu deyil".

VMHP üzvü Fransa Senatının məlum qətnaməsini bir daha qətiyyətlə pisləyərək, bu cür qərəzli çıxışların beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb: "Senatın bu addımı sülhə xələl gətirir. Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Ermənistan tərəfindən 30 il davam etdirilən işğala birdəfəlik son qoyuldu. Xalqımız zəfər əldə etdi, haqq öz yerini tutdu. Görünür, bu, bəzilərinin işinə yaramır. Lakin biz inanırıq ki, haqq-ədalət gec ya tez öz yerini tapır. İşğaldan əziyyət çəkən bütün ölkələr, o cümlədən Gürcüstan da ərazi bütövlüyünü təmin edəcəkdir. Gürcü xalqı da işğalın nə olduğunu yaxşı bilir, işğal acısını yaşayır. Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bütün dünya azərbaycanlıları ilə yanaşı, işğala məruz qalan və öz torpaqlarından didərgin olan hər kəsə bir ümüd verib".

Alpər TURAN

banner

Oxşar Xəbərlər