• çərşənbə axşamı, 23 aprel, 11:14
  • Baku Bakı 20°C

Reallığı dərk etməyən baş nazir

26.04.19 18:26 559
Reallığı dərk etməyən baş nazir
"İnqilab” eyforiyası baş nazir Nikol Paşinyanın hələ də başından çıxmır. Və bu səbəbdən də faktiki olaraq hər gün tənqidlərə tuş gəlir. Erməni politoloq Ayk Martirosyan da tənqidçilərin sırasına qoşulub. Keçirdiyi mətbuat konfransında Ermənistanın baş nazirini reallıqdan tamam ayrılmaqda ittiham edib.
"Mən təəccüb içindəyəm. Axı onlar görmürlər ki, reytinqləri aşağı düşür, onlar nəyə arxalanırlar? Bəlkə hər şeyin üstündən xətt çəkirlər? Bəlkə parlamentin tam onların nəzarətində olmasına arxayındırlar? Əslində bu suala cavab sadədədir və Paşinyan ona müsahibələrinin birində cavab verib. Bildirib ki, reytinqi aşağı düşməyib və 100 faiz dəstəyə malikdir. Halbuki, dəqiq mənzərə var – insan reallıqdan uzaqdır”, - deyə Martirosyan bəyan edib. Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi baş verdi, pis hökmdarı yaxşısı ilə əvəzlədilər. Lakin istisna deyil ki, yenisi də pis hökmdara çevrilə bilər.
Politoloqun ittihamları daha sonra Milli Təhlükəsizlik Xidmətinə qarşı olub. "Mən başa düşməyə çalışıram. Bu xidmətin ölkədə məşğul olmağa işi yoxdur? Axı bu quruma müəyyən işləri necə tapşırmaq olar? Məgər korrupsiya Milli Təhlükəsizlik Xidmətinin problemidir? Dünya ölkələrində milli təhlükəsizlik orqanları təhlükəsizlik məsələləri ilə məşğuldurlar. Bu gün Ermənistan kibertəhlükəsizlik problemləri ilə üzləşir - bütün bunlar sıfır səviyyəsindədir. Xüsusi İstintaq Xidməti və Milli Təhlükəsizlik Xidməti rəhbərləri öz aralarında açıq telefon, roumunqlə danışırlar. Belə çıxır ki, onları tək Ermənistanda deyil, dünyanın istənilən xüsusi xidmət orqanı dinləyə bilər. Bizim çox ciddi problemlərimiz mövcuddur, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat məsələləri ilə bağlı. Mən sadəcə anlamağa çalışıram – biz kəşfiyyat aparırıq?”, - deyə politoloq sualla çıxış edib. Politoloq eks-prezident Serj Sarkisyanla bağlı vəziyyəti də aydın olmayan hal adlandırıb. Bildirib ki, onu tiran adlandırırlar, lakin hər hansı bir ittiham irəli sürülməyib və o, azadlıqda gəzir. Ekspert köhnə kadr siyasətindən imtina edilməsinə də çağırıb: "Elə insanlar gətirilməlidir ki, millətin, dövlətin nə demək olduğunu anlasınlar. Xarici ölkələrin səfirliklərində çalışdıqları ölkələrin daxili siyasəti haqqında hər hansı bir məlumata malik olmayan XİN əməkdaşları işləyir. Axı onlar səfirliklərdə çalışırlar, özlərini diplomat sayırlar. Yaxşı qalstuk taxmağı, yaxşı maneranı diplomatiya hesab edirlər. Bizdə diplomatiya anlayışı yoxdur”. Əlavə edib ki, bu gün Ermənistan hakimiyyətində keyfiyyətli kadrlar mövcud deyil: "Baş nazir Nikol Paşinyan Serj Sarkisyan dövründəki Konstitusiyanı qoruyub saxlamağa çalışır. Ona müvafiq olaraq ikili vətəndaşlığı olan insanlar, əcnəbilər vəzifə tuta bilməzlər. Hakimiyyətin bütün birinci xəttində, parlamentdə keyfiyyətli kadrlar mövcud deyil. Hökumət yalnız antimilli xadimlər, lütf gözləyənlər, pasifizm sevdalıları, yerində addımlayanlardan ibarətdir”.
Erməni politoloqun bu fikirləri Paşinyan hakimiyyəti üçün ciddi siqnal olmalıdır. Yəqin ki, yenə də baş nazir bunları Sarkisyanın pulu ilə ortaya atılan şəxslər adlandıracaq. Lakin elə media orqanları var ki, hər zaman baş nazirə yaxınlığı il seçiliblər. Söhbət ölkənin nüfuzlu agentliyi olan "Birinci erməni” (1in.am) nəşrindən gedir. Qərb dairələrinə yaxınlığı ilə seçilən nəşr, Paşinyanı Rusiyaya həddən artıq yarınmaqda ittiham edib. "Putinizm yönümlülük və yaxud rusiyayönümlülük” başlıqlı məqalədə baş nazirin bu günlərdə Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibə müzakirəyə çıxarılıb. Bildirilir ki, baş nazir Rusiya ilə strateji müttəfiqlik münasibətlərindən və dünya siyasəti məsələlərindən danışarkən Birləşmiş Ştatlarla da bağlı məsələyə yer ayırıb: "Ən qəribəsi odur ki, baş nazir erməni-rus və erməni-ABŞ münasibətlərini bir-birinə bağlayıb. Elə bir fikir səsləndirib ki, onun Sarkisyan-Koçaryan dövründə səslənəcəyini təsəvvür etmək çətin olardı. "Rusiya ilə münasibətlərdə heç nə baş verməyib. Dəyişibsə də, yalnız pozitiv tərəfə. Vəd etdiyim kimi, bizim münasibətlərdə qaranlıq künclər yoxdur”, - deyə baş nazir vurğulayıb. Birincisi, Paşinyanın iki ölkə arasında münasibətlərdə heç nə baş vermədiyini bəyan etməsi belə çox təhlükəlidir. "Məxməri inqilab” xarici siyasətdə vektoral dəyişikliklərə gətirib çıxarmadı. Halbuki, siyasətin təbiəti, konsepsiyası və keyfiyyəti dəyişməli idi. İndi biz Paşinyanın bəyanatını qəbul ediriksə, onda belə çıxır ki, rusların vassal rejimi qalır. Bu da ilk növbədə o anlama gəlir ki, "məxməri inqilab”ın dəyərləri xarici siyasətdə kapitallaşdırılmayıb. Digər tərəfdən baş nazir Rusiya-Ermənistan münasibətlərinin dinamikasından danışarkən şişirtmələrə yol verir. Yalnız bir faktı göstərək. İki ölkə arasında münasibətlərin Koçaryan faktoru ilə bloklanması münasibətlərdə ciddi böhrandan xəbər verir. Əgər Paşinyan-Putin kontaktlarının gündəmi belə bəlli deyilsə, bu gün erməni-rus institusional münasibətlərindən danışmaq yerinə düşmür. Politoloqlardan biri bu yaxınlarda qeyd edib ki, əvvəlki hakimiyyətin rusiyayönümlü siyasəti hazırda putinyönümlülüklə əvəzlənib. Bu gün bu formulovka rəsmi Yerevanın siyasəti üçün xarakterikdir”.
Müəllif Paşinyanın ümumiyyətlə suverenlik barədə təsəvvürünün aydın olmadığını vurğulayır: "Gah ABŞ, gah da Avropa İttifaqı əleyhinə bəyanatlar səsləndirir. Qərbi erməni inqilabını lazımi səviyyədə qiymətləndirməməkdə ittiham edir. ABŞ-ı tənqid etməklə Moskvadan xal qazanmağa, Putinin etibarını əldə etməyə çalışır. Bu çox ucuz, və risklərlə dolu taktikadır və Ermənistanın Rusiyadan vassallığını daha da artırır, ABŞ-Ermənistan münasibətlərində gərginlik yaradır”.
Daha sonra gəlinən qənaət budur ki, yeni etirazlar dalğası çox da uzaqda deyil. Ölkəni belə vəziyyətdən çıxarmaq üçün yeni ideya, proqramlar gərəkdir. Başqa sözlə, yeni ideya və layihələr reallaşdırmaq, fikirləşmək zamanıdır. Keçən bir il göstərdi ki, inqilabçı hakimiyyət bu funksiyaları yerinə yetirmək qabiliyyətində deyil. Ən əsası, Paşinyan bu günə qədər dövlət aparatının funksiyalaşdırılmasını təmin edə bilməyib. Və bu vacib əhəmiyyətli məsələnin həli digər ictimai-siyasi qüvvələrin üzərinə düşür. Deyəsən artıq buna start verilib...

Azər
banner

Oxşar Xəbərlər