• şənbə, 20 Aprel, 14:27
  • Baku Bakı 23°C

Reallaşacaq “axın”

23.07.21 17:30 667
Reallaşacaq “axın”
ABŞ və Almaniya Rusiya qarşısında geri çəkildi
Uzunmüddətli gərginlikdən sonra Rusiya Avropada ən iri layihələrindən hesab olunan "Şimal Axını-2" strategiyasını gerçəkləşdirməyə müvəffəq olub. Nəhayət ki, Birləşmiş Ştatlar və Almaniya Rusiyanın "Şimal Axını-2" qaz kəməri çəkilişinin başa çatdırılmasına imkan yaradan razılaşma əldə ediblər. Əldə olunmuş razılaşmaya əsasən, ABŞ Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya çatdırmalı olan bu kəmərin tikintisi ilə bağlı heç bir sanksiya tətbiq etməyəcək. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Senatın Xarici Əlaqələr Komitəsinə deyib ki, Berlin və Vaşinqton tezliklə bu razılaşmanın detallarını bəyan edəcək. ABŞ Konqresində, habelə Ukrayna və Polşada bu kəmərin tikintisi ilə bağlı ciddi narazılıqlar var. Konqresmenlər bildirirlər ki, kəmər Avropanın enerji təhlükəsizliyinə hədə yaradacaq. Bayden administrasiyası da kəmərin əleyhinədir, lakin bildirir ki, tikintini sanksiyalarla dayandırmaq mümkün deyil. ABŞ-da diplomatik ranqına görə üçüncü olan xanım Nuland deyib ki, Vaşinqton və Berlin bu kəmər barədə az sonra birgə bəyanat verəcək. Nuland qeyd edib ki, Almaniya və ABŞ arasında əldə olunmuş razılaşmaya əsasən, Moskvanın bu kəmərdən siyasi silah kimi istifadə etdiyi təqdirdə, Rusiya və Almaniyanın tikintidə çalışan şirkətlərinə sanksiyalar qoyulacaq. Ümumi dəyəri 11 milyard dollar olan kəmərin tikintisinin başa çatmasına yüz kilometrdən bir qədər çox məsafə qalıb. ABŞ Dövlət Departamentinin müşaviri Derek Çoley Kiyevə səfəri zamanı deyib ki, Bayden administrasiyası da bu kəmərin Ukraynaya heç nə verməyəcəyindən və üstəlik, transatlantik münasibətlərə təhlükə yaradacağından narahatdır: "Odur ki, biz bu ssenaridən yan keçməyə çalışmışıq. Almaniyalı dostlarımızla birlikdə işləyərək Rusiyaya ondan gözlədiyimiz davranış barədə açıq mesaj verməliyik. Onlar bilməlidirlər ki, kəmərdən siyasi silah kimi istifadə edilə bilməz və əgər bunu etsələr, nəticələri ilə üzləşməli olacaqlar”.
Bu arada Ağ Ev bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda prezident Co Baydenlə avqustun 30-da görüşəcək. ABŞ bu görüşün təşkili ilə Ukraynanın narahatlıqlarını azaltmağa çalışır. Ukrayna iqtisadiyyatı ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı 7 ildir davam edən müharibəyə görə xeyli zəifləyib. Buna baxmayaraq, Ukrayna hələ də Rusiya qazından və onun Avropaya tranzitindən asılıdır. Bu da xəbər verilir ki, Bayden və Almaniya kansleri Angela Merkel "Şimal Axını-2" kəmərini ötən ay G7 sammitində də müzakirə ediblər. Merkel iyulun 12-də Berlində səfərdə olan Zelenskiyə demişdi ki, Ukrayna "Şimal Axını-2" tikiləndən sonra da qaz tranziti olaraq qalacaq. Çoleyin fikrincə, Rusiya unutmamalıdır ki, ABŞ və Almaniyanın perspektivində Ukraynanın qaz tranziti kimi qalması şərtdir. ABŞ dövlət katibi Entoni Blinken iyun ayında demişdi ki, Birləşmiş Ştatlar bu kəmərin Rusiyanın əlində geosiyasi layihə olmasını və Avropanın enerji təhlükəsizliyinə hədə yaratdığını bilir.

Kamran
banner

Oxşar Xəbərlər