• cümə, 29 Mart, 00:41
  • Baku Bakı 7°C

Realizmin bədii-fəlsəfi çalarları

15.04.19 15:45 1707
Realizmin  bədii-fəlsəfi  çalarları
Çoxəsrlik keçmişə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin təzadlarla dolu tarixinə tutulan "tərəfsiz güzgü”də bəzən elə hallara rast gəlmək olur ki, onun reallıq və yaxud da ehtimal olduğu uzun müddət suallar doğurur. Milli sənət məkanına kifayət qədər bələd olmağımızın qarşılığında əminliklə deyə bilərik ki, burada qarşılaşdığımız bir-birindən qəribə talelər, onların necə sonuclanmasından asılı olmayaraq zaman-zaman mükalimə mövzusu olaraq qalmaqdadır. Maraqlısı belə insanların bir qisminin adının bu vaxta qədər geniş ictimaiyyətə naməlum qalması, onları tanıyanların isə belə istedad sahiblərinə bu vaxta qədər lazımı diqqət göstərilməməsindən təəccüblənmələridir. Bu yazıda haqqında söz açmaq istədiyimiz Tələt Mərdi-Həqq də məhz belə yaradıcılardandır...
Hazırda ömrünün 64-cü baharını yaşayan Tələti bu gün dünyaya göz açdığı Şamaxının Çağan kəndində soraqlamalı olsanız, hamı bir ağızdan sizə onun istedadlı rəssam olduğunu söyləyəcək. Şamaxıdakı qədim Cümə məscidinin əsaslı bərpasına şahidlik edənlər isə orada gerçəkləşdirdiyi daşoyma nümunələrinin timsalında Tələtin bacarıqlı heykəltəraş-daş yonan olduğunu güman etdiklərini söyləyəcəklər. Ağacdan hazırladığı oyma əşyalarda da onun yüksək sənətkarlığı duyulmaqdadır. Bəzən ariflərin məclisində onun dilindən səslənən şeirlərdəki "Mərdi-Həqq” təxəllüsünün bilavasitə ona məlum olduğunu, həmin gözəl poeziya nümunələrinin bu gün çörəyi daşdan çıxan ustaya məxsus olduğunu başqalarına inandırmaq üçün xeyli vaxt itirmək lazım gəlir. Hamını təəccübləndirənsə bu "istedad məcmusu”nun ruhunda gəzdirdiyi nəhayətsiz yaratmaq gücünü təbii-Allahın lütfü kimi qəbul etməsi, diplomsuzluğu gerçəkləşməsinə mane olmayan istedadını gündəlik çörək pulunu qazanmağa-ailəsini dolandırmağa yönəltməkdə davam etməsidir...
Gəncliyində onun üçün "Domokl qılıncı”na çevrilmiş "diplomsuzluq sindromu”nun təsirini azaltmaq üçün özündən xəbərsiz "Ulduz” jurnalında onun yaradıcılığı barəsində bir məqalə də çap etdirmişdim. Bu mütəxəssis yazısı vəziyyəti kökündən dəyişməsə də, deyəsən, onda özünə inamı gücləndirmişdi. Sonralar onu tez-tez görə bilməsəm də, tez-tez Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "keramika” ixtisası üzrə təhsil alan və bu gün respublikamızın ən ümidverici gənclərindən hesab etdiyim oğlu Şəhriyarla ünsiyyətimizin çox vaxt əsas mövzusu da atası ilə bağlı olardı. Bu mənada mənim onun barəsində canıyananlıqa dilə gətirdiyim "Həyatda yerini tapa bilməyən istedadlı insan ” kimi dəyərləndirməm də bu günə kimi öz aktuallığını saxlamaqdadır. Elə onun indiyə qədər layiq olduğu məqamda olmaması da cavabını tapa bilmədiyim məsələlərdəndir. İndiki halda "Niyə?”-"Nə üçün?” suallarını bir kənara qoyub, onun yaratdıqları barəsində fikirlərimi sizlərlə bölüşmək istərdim...
Öncə deyək ki, çox vaxt insanların istedad sahibi olub-olmaması onun ruhundakı yaratmaq gücünün əvəzinə, diplomla ölçüldüyündən, əlində "bu bir parça kağızı” olmayan Tələt də sovet dönəmində çox geniş yayılmış "həvəskar” ayaması daşımaqdan uzağa gedə bilməmişdir. Bu məsələdə Bakıxanov adına qəsəbədəki incəsənət təmayüllü peşə məktəbində iki il oxumağı (subyektiv səbəblərdən ona diplom verilməmişdir) da köməyinə çatmamışdır. Sovet sisteminin ona göstərdiyi belə "qayğı”dan uzaq olmaq üçün o vaxtlar sosialist iqtisadi-siyasi sisteminə biganəlik göstərməkdə öncül olan Pribaltikaya – Riqa şəhərinə üz tutan Tələt, burada keçirdiyi bir-neçə ildə görünənlərə bədii münasibət göstərməyin sirlərinə yiyələnə bildi. Bundan sonra 1977-1988-ci illərdə respublikamızın dağlıq rayonlarında yaradıcılıq səfərlərində olması, sonda onun təbiətdə çoxlarının görə bilmədiyi gözəllik qaynaqlarını tapmağı və bədiiləşdirməyi öyrənməyə imkan verdi. Etiraf edək ki, bu səfərlərdə onun və əqidə dostlarının yanında məşhur akvarel ustası Çingiz Əzizovun olması Tələtin adətən ibtidai sayılsa da, çox çətin olan bu rəsm texnikasının özəlliklərini çox fərqli rakursdan öyrənməsini şərtləndirmişdir. Doğma təbiətimizi ecazkar rəng improvizələri ilə tərənnüm etməkdən usanmayan Çingiz Əzizovdan fərqli olaraq, Tələt Mərdi-Həqqin bir qayda olaraq gördüklərində orijinal forma-biçim və fəlsəfi məna-məzmun axtarışında olmasını bu ünsiyyətin ona verdiyi ən qiymətli töhfə hesab etmək olar...
Doğrudan da, Tələtin sovet dönəmində qarış-qarış dolaşdığı yerlərin bədiiləşdirilmiş görkəmindəki reallıqda ilk baxışda görə bilmədiyimiz sayagəlməz gözəllik qaynaqlarını üzə çıxarmasını, yalnız onun doğma yurda özünəməxsus baxışının nəticəsi hesab etmək olmaz. Odur ki, rəssamın bu çoxsaylı akvarel nümunələri bizi dəfələrlə dilə gətirdiyimiz "Hamı baxır, amma hamı görə bilmir!” deyimini bir daha təkrar etməyə məcbur edir. Onun həm panoram xarakterli, həm də ayrı-ayrı təbiət guşələrinə, qayaya, ağaca, gülə-çiçəyə yönəli əsərlərini sözün əsl mənasında "vəsf inciləri” adlandırmaq olar. Belə ki, bu lövhələrdə doğma təbiətə olan yaradıcı-vətəndaş sevgisində lap dahi Səttarsayağı "Azərbaycanı tanımaq yox, tanıtmaq” istəyi mövcuddur. Onlar Qubanın və Şamaxının əksər dilbər, bəzən də çoxlarının əlçatmaz-ünyetməz hesab etdikləri guşələrinə bədii münasibətin ifadəsi olmaqla, həm də müəllifin gördüklərindən heyrətlənməyinin nəticələridir. Məhz belə əsərlər daşıdıqları fərqli bədii-fəlsəfi gücün sayəsində məkansızlığa və zamansızlığa qovuşmuş kimi qəbul olunurlar...
Tələt Mərdi-Həqqin yaradıcılığında rast gəlinən "təklənmiş” ağaclar duyulası bir silsilə təşkil edir, desək, yanılmarıq. Belə ağaclar çox vaxt qərarlaşdıqları məkanda – yaşıllıq zonasından təcrid olunmuş biçimdə görüntüyə gətiriliblər. Başqa sözlə desək, xüsusi diqqət nəticəsində bədii mükalimə obyektinə çevrilmiş müxtəlif yaşlı həmin ağaclar, çox hadisələrə şahidlik etmiş kimi müəlliflə "dərdləşmək”dədirlər. Bu azman təbiət möcüzələrinin "qırılmış” qollarında, sərgilədikləri harayda, bir-birinə sarmaşmış durumunda, qürurunu itirməmək istəyində hifz olunan fəlsəfi qatın rənglərlə ifadə olunmuş görüntüləri çox düşündürücüdürlər...
Onun Quba şəhərini, onun Qonaqkənd, Söhüb, Cimi və Nüvədi kimi kəndlərini, dini-sitayiş məkanlarını əks etdirən lövhələrində də təbiətin ayrılmaz hissəsinə çevrilmiş bu yerlərin səciyyəvi landşaftını və rəng selinə bələnmiş gözəlliyini özünə yaşadan estetik çalarlar kifayət qədərdir...
Tələt Mərdi-Həqqin dünyagörüşünün yeni çalarlarla zənginləşməsində onun mərhum filosof Əmirşah Babaşoğlu ilə sonradan əqidə dostluğuna çevrilən tanışlığının əvəzsiz rolu olmuşdur. Bir vaxtlar müqəddəs "Qurani-Kərim”in unikal poetik tərcüməsini həyata keçirən Əmirşah müəllimdən əxz elədiklərini özünün şeirlərində ifadə edən rəssamın ədəbi irsindəki dünyamıza və insanlara münasibətin fəlsəfi çalarlara bələnməsi də yəqin ki, təbii sayılmalıdır. Bunu onun əziz müəlliminin xatirəsinə həsr etdiyi şeir də təsdiqləyir:
El sözüylə düzüb dili,
Ən uca söz düzdü dilin.
Hey ələdin, çözdün dili,
Özgə sözü bezdi səndən.
Ötən il Avrasiya Sanat Kültür Ədəbiyyat Federasyonunun (ASKEF) himayəsi ilə çap olunan "Türk dünyası şairlərinin şeirləri” toplusunda onun bacısı, gözəl təbli Sevda xanımla birlikdə on dörd şeirinin yer alması da rəssamın ədəbiyyat məkanında söz deyə bilmək potensialına malik olduğunu sərgiləyir...
Tələt Mərdi-Həqqin daşa və ağaca bədii münasibətinin estetikasında akvarellərindən çox fərqli bədii məziyyətlər mövcuddur. Əgər təsviri sənət nümunələrində rəngin bədii-fəlsəfi tutumu ilə qarşılaşırıqsa, onun tətbiqi sənət kimi qədim ənənəsi olan sahəyə olan yanaşmasında rəngsizliyin yüksək icra sənətkarlığı ilə əvəzləməsi, təsviri şaşırdıcı ecazkarlığa yüksəldə bilmək istedadı ilə üz-üzə, göz-gözə dururuq. Buna əmin olmaq üçün onun rəhbərliyi ilə Bakıdakı Təzəpir, Şamaxıdakı Cümə, Qəbələdəki yeni, Qobudakı kiçik məscidin, paytaxtda inşa olunmuş iqamətgahın memarlığına gözəllik qatan daşoymalara nəzər yetirmək kifayətdir.
Tələt Mərdi-Həqqin ağacdan hazırladığı nərdin qapaqlarını bəzəyən heyvan təsvirləri və onları əhatələyən naxışların ritmində müşahidə olunan incəlikdə heç şübhəsiz, müəllifin materialı duymaq və bədiiləşdirmək istedadı diqqət çəkir. Elə onun keramik qab və çaydanın forma-biçiminə verdiyi obrazlı görkəm də heyranedicidir...
Bəzən biz yolu seçirik, bəzən də yol bizi. Hər iki halda heç kim bu yolun pisliyini və uğursuzluğunu istəmir. Yəqin ki, 64 il bundan əvvəl səfalı bir dağ kəndində - müəllim ailəsində dünyaya göz açan Tələt də bu yollardan hansının onu ağuşuna alaçağını bilmirdi. Yuxarıda dilə gətirdiklərimizə rəğmən demək olar ki, o, həyatda yalnız özünə xas olan yolla addımlamaqdadır. Amma bu yol necəliyindən asılı olmayaraq illərin axarında dünyadan umduğu kəraməti hələ də görməyən və "Mərdi-Həqq” təxəllüsü ilə özünü sənətdə təsdiqləyən yaradıcının istedadı diplomda axtaranlara layiqli cavabdır...
Daş üzərində oymalarım saysızdır. Təzə pir məscidində, şamaxı Cümə məscidini bütünlüklə mənim briqadam yonub. Qəbələdəki yeni məscidin bütün naxışlarını da eləcə biz yonmuşauq. Qobunun içindəki yeni kiçik məscidin mehrabını tam özüm eskizləyib yonmuşam. Nəbati naxışlara aid olan Prezidentin Gənclik metrosu yaxınlığındakı iqamətgahının hündür sütunları üzərindəki kral kapitelləri deyilən kapitelləri də mən şablonlayıb briqadamla birgə yonmuşam. İndi onlardan bir azını çalışıb mesaj səhifənə göndərərəm.
O ki qaldı saxsı işləri, onlardan bəzilərinin şəklini göndərərəm. Gördüyüm işlərə çevrənin dəyər verməməsi, təhsilsizliyim ucundan özümü heç vaxt ciddi sənət adamı saymamış, elədiklərimin çoxunun fotoşəkillərini çəkməmişəm. Mütəəssürlükdən, inciklikdən. Xalça çeşnilərimin hamısı da yar-yarımçıq, pərakəndə.

1955-ci il sentyabrın 9-da şamaxının Baş Çağan kəndində müəllim ailəsində doğulub. Çağan kənd səkkizillik məktəbindən sonra Şamaxı şəhər 1 n-li orta məktəbi bitirmişdir. 1972 -- 75-ci illərdə Bakıxanov qəsəbəsində incəsənət təmayüllü iki illik məktəb bitirib. Diplom işi günü xəstlənməsi ucundan məktəbə gələ bilmədiyinə görə ona diplom verməmişlər. Sonralar da məktəb rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq onlar sözlərindən dönməmiş, diplomu verməmişlər. Əsgərlikdən qayıtdıqdan sonra 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq texnikumuna sənəd vermiş, əl işləri yüksək dəyərləndirilərək qəbul edilsə də, əskərlikdən sonra 6 ay dövlət müəsisələrində və ya təsərrüfatlarında işləmədiyinə görə tüfeyli elan edilərək sənədlərini texnikuma qəbul etməmişlər. Beləliklə də təhsildən uzaq düşmüşdür. Sonralar Latviyanın Riqa şəhərində rəssamlıq akademiyasının hazırlıq kurslarının 3-cü kursuna qəbul olaraq bir sürə hazırlaşmış, sonra müəyyən obyektiv, subyektiv səbəblərdən təhsili müvəqqəti yarımçıq qoymuşdur. Sonrakı illərdə yarımçıq qoyduğu təhsili davam etdirməyə çox cəhd eləsə də saysız problemlər və bir çox adamların kiminin bilərəkdən, kiminin də bilməyərəkdən mane olması ucundan, daha sonra da ailə qayğıları, SSRİ-nin dağılmasıyla, səhranın içində ev tikməsiylə bağlı olaraq həmişəlik yüksək təhsil ala bilmədi. 1977-- 1984-cü illər ərzində Azərbaycanımızın bir çox dağlıq bölgələrinə səyahətlər edərək Kəndlərimizin, təbiətimizi, insanlarımızı bacardığı kimi təsvir etmişdir. 30-dan çox ən seçmə akvarel etüdlərini Böyükkişi Heydərli adlı bir yazar itirmişdir. 90-cı illərin əvvəllərində yenicə buraxmağa başladığı "DÜNYA" jurnalında xüsusi tuşla çəkilmiş bircə "ALÇA AĞACI " rəsmini çap etmiş, qalan işləri isə itirmiş, qaytarmamışdır.

Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər