• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

Real vəziyyətə uyğun olaraq atılan addım

13.07.13 10:25 1369
Real vəziyyətə uyğun olaraq atılan addım
İyul ayının 11-də Azərbaycan jurnalistlərinin sayca VI qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə, Nəzarət Təftiş Komissiyasına yeni üzvlər seçilib, həmçinin səsvermə yolu ilə Şuranın yeni sədri müəyyənləşdirilib. Bununla yanaşı, yığıncaqda Şuranın Nizamnaməsinə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) da əlavə və dəyişikliklər edilib. AJPDQ-yə edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə “Kaspi”yə açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, sözügedən sənəd 2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I qurultayında qəbul edilib. Ötən müddət ərzində bu qaydalar Şuranın əsas istinad mənbəyi olub və quruma ünvanlanan şikayətlərdəki narazılıq motivləri məhz oradakı müddəalarla dəyərləndirilib. M.Ələsgərli deyib ki, 2003-cü ildən bu yana KİV sahəsində hüquqi-normativ aktların qəbul edilməsi, digər qanunların da KİV-lə bağlı hissələrinə dəyişikliklərin olunması, o cümlədən 2009-cu ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklər içərisində media fəaliyyəti ilə bağlı müddəaların olması peşə davranışı qaydalarını indiki mərhələnin şərtlərinə uyğunlaşdırılmasını zəruri edib.
M.Ələsgərli peşə davranışı qaydalarının əks olunduğu sənədin tamamilə yenilənmədiyini dilə gətirib. Qeyd edib ki, “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik”, “İnformasiya qaynaqlarına sayğılı yanaşma”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”, “Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması” kimi əvvəlki 4 prinsip yerində qalıb: “1-ci prinsip üzrə bəndlər dəyişməyib. İkinci prinsipə iki bənd əlavə olunub. Bunlardan birincisi, jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan (“qurama” kimlik və s.) istifadə edə bilməsinin mümkünlüyüdür. 2009-cu ildə keçirilmiş referendumla Konstitusiyanın “Şəxsi həyatın toxunulmazlıq hüququ” adlı 32-ci maddəsinə edilən dəyişikliyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bundan sonra bir çoxları mövcud status-kvonun medianın və jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərəcəyini vurğulayırdılar. Əslində isə narahatlığa əsas yox idi. Ona görə ki, Konstitusiya dəyişikliyi şəxsi həyatın toxunulmazlıq hüququnu möhkəmləndirmək məqsədi daşıyırdı. Burada jurnalistin üzərinə düşən şəxsi əhəmiyyətli informasiya ilə ictimai əhəmiyyətli məlumatın sərhədlərini dəqiq müəyyənləşdirmək məsuliyyətidir. O, vəzifəli şəxsin, hər hansı digər yüksək statuslu adamın həyatının hansı məqamda şəxsi səciyyədən çıxıb ictimai əhəmiyyət daşıdığını da düzgün qiymətləndirməlidir”.
M.Ələsgərli bildirib ki, AJPDQ-nın ikinci prinsipi üzrə ikinci əlavə jurnalistin məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməsi ilə bağlıdır. Onun fikrincə, bu bəndlər fəaliyyət genişliyi ilə həmin genişliyə yol verilməsindən meydana çıxa biləcək meylləri göstərir, bir növ, xəbərdarlıq edir.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli AJPDQ-yə olunacaq əlavə və dəyişikliklərin Mətbuat Şurasında birgə müzakirələrdən sonra müəyyənləşdirildiyini vurğulayıb. Bildirib ki, sonda İdarə Heyəti üzvləri növbəti qurultayda bu məsələnin təkrar müzakirə və səsverməyə çıxarılması qənaətinə gəlib: “Məsələ burasındadır ki, ötən 10 il ərzində Azərbaycan mediasında, ictimai-siyasi həyatında kifayət qədər dəyişikliklər, irəliləyişlər müşahidə olunub. Üstəlik, müəyyən vaxtlarda bir sıra qanunlara, həmçinin 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya dəyişikliklər olunub. Belə olan halda Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına da dəyişikliklərin edilməsi, günün tələbləri səviyyəsinə çatdırılması zərurətə çevrilib. Ona görə də Mətbuat Şurasının toplantılarında bu məsələ müzakirə olunub, media və ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilib. Azərbaycan Jurnalistlərinin ən ali orqanı Qurultay olduğu üçün, bu məsələnin də gündəliyə salınması, səsverməyə çıxarılması qərarlaşdırılıb. VI Qurultayda jurnalistlər peşə davranış qaydalarına olunacaq əlavə və dəyişikliklərlə tanış oldular, onu səsə qoyub qəbul etdilər. Əslində həmin sənəddə əvvəlki 4 prinsip olduğu kimi saxlanılıb. Sadəcə bu prinsiplərin tərkibindəki bəzi maddələrə əlavələr edilərək, daha da dolğunlaşdırılıb. Fikrimcə, bu, tam normaldır və real vəziyyətə uyğun olaraq atılan addımdır. İnanıram ki, peşə davranış qaydalarının son variantı Azərbaycan jurnalistikasına müsbət töhvə verəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər