• cümə axşamı, 28 mart, 18:26
  • Baku Bakı 13°C

Radikallar özlərini ifşa edirlər - Foto

31.01.18 22:37 1455
Radikallar özlərini ifşa edirlər - Foto
Xalqın heç bir etimadını qazana bilməyən müxalifət təmsilçiləri zaman keçdikcə daha da aqressivləşirlər. Onlar təkcə hakimiyyətin ünvanına deyil, guya eyni yolun yolçusu, eyni əqidənin daşıyıcısı olan digər siyasi qüvvələrin nümayəndələrinə qarşı da kin-küdurət püskürürlər. Müşahidələrimiz əsasında qətiyyətlə deyə bilərik ki, bu düşərgənin müxtəlif qollarında təmsil olunanların elementar müzakirə mədəniyyəti yoxdur. Söz azadlığından, demokratiyadan, plüralizmdən ağızdolusu danışan, yeri gəldi-gəlmədi iqtidarı buna görə tənqdi edən bu düşüərgə təmsilçiləri öz davranışları ilə fərqli kimliklərini ortaya qoyurlar.


Onlar sosial şəbəkələrdə aparılan müzakirələrdə əks mövqeli insanları dərhal hədəfə alır, onların ünvanına təhqirlər səsləndirirlər. Qarşı tərəf də az aşın duzu olmadığından, təhqirə təhqirlə cavab verir, nəticədə, radikalların "fikir mübadiləsi” söyüşməyə çevrilir. Əgər kimsə onların lider hesab etdikləri şəxsə qarşı kiçicik bir tənqid yazarsa, "hurrey” deyib onun üzərinə şığıyırlar. Beləliklə də, başqalarından dözümlülük, demokratiya, əxlaq, mədəniyyət tələb edənlər çox ciddi dözümsüzlük sindromu yaşayırlar.
Söylədiklərimizə əyani misal olaraq, özünü müxalifyönümlü OYAN Hərəkatının təmsilçisi kimi qələmə verən Nahid Cəfərov ad-soyadlı sosial şəbəkə istifadəçisinin başına gətirilənləri göstərmək olar. Özünü müxalifət təmsilçisi kimi qələmə verən bu şəxs bu günlərdə "Facebook”da AXCP sədri Əli Kərimlini tənqid edən status yazıb. O, AXCP sədrinin 25 illik uğursuz mübarizəsini qabardıb. Bildirib ki, Ə.Kərimli buna görə günahı özündə deyil, xalqda axtarır. Sonda vurğulayıb ki, Ə.Kərimli siyasi lider kimi tükənib. Bu status paylaşılandan dərhal sonra Ə.Kərimlinin troll dəstəsi N.Cəfərov və onun ətrafındakıların üzərinə "səlib yürüşünə” keçib. Cəbhəçi trollar ağına-bozuna baxmadan, ağızlarına nə gəldi yazıb, N.Cəfərovu "yıxıb-sürüyüblər”. Hətta onu iqtidara işləyən, hakimiyyətin adamı kimi qələmə veriblər.

Hazırda xaricdə yaşayan və N.Cəfərovun yaxınlarından hesab olunan Rəsul Mürsəlov da bu məsələ ilə bağlı status yazıb. O, AXCP sədrinin N.Cəfərov tərəfindən hər gün tənqid edilməsinin yersiz olduğunu diqqətə çatdırıb. Eyni zamanda, əlavə edib ki, bu, Ə.Kərimli tənqid oluna bilməz kimi də başa düşülməməlidir. AXCP sədrinin tərəfdarlarının lüzumsuz ittiham və təhqirlərinə toxunan R.Mürsəlov bunun yenilik olmadığını qeyd edib. Bildirib ki, həmin adamlar Ə.Kərimlini Allah bilir, onu tənqid etməyi günah hesab edirlər. Təbii ki, R.Mürsəlovun da fikirlərini Ə.Kərimli "həzm edə” bilməyib. Ona görə də dərhal cəbhəçi trollar iş başına keçib, R.Mürsəlovu "top atəşinə” tutublar.
Qeyd edək ki, bu cür müzakirə mədəniyyətsizliyi yalnız cəbhəçilərlə xaricə sığınan "müxalifətçilər” arasında yaşanmır. Eyni mənzərəni AXCP-Müsavat tərəfdarları arasında da müşahidə etmək mümkündür. Misal üçün, aktiv sosial şəbəkə istifadəçisi Rəşad Müseybzadə Müsavat Partiyasının sədri Arif Hacılının sabiq başqan İsa Qəmbər haqqında yazdığı statusu paylaşıb.
Həmin statusda A.Hacılı Müsavatın qurucusu M.Ə.Rəsulzadəni Azərbaycan tarixinin ən böyük şəxsiyyəti, İ.Qəmbəri isə 50 milyonluq Azərbaycan xalqının ən böyük şəxsiyyəti kimi qələmə verməyə çalışıb. R.Müseyibzadə A.Hacılının bu statusunu paylaşmaqla göstərmək istəyib ki, müsavatçılar İ.Qəmbəri bütləşdirir, az qala onu Allah kimi qəbul edirlər. Bu paylaşımın altında da cəbhəçilərlə müsavatçılar kəllə-kəlləyə gəlib, bir-birilərinin ünvanına qarşılıqlı ittihamlar, təhqirlər səsləndiriblər.

Bütün bunlar radikal müxalifətin əsl mahiyyətini, demokratiya və söz azadlığına gerçək münasibətini, həmçinin onların müzakirə mədəniyyətinin hansı səviyyədə olduğunu tam çılpaqlığı ilə ortaya qoyur.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər