• cümə axşamı, 18 aprel, 15:32
  • Baku Bakı 22°C

Qvardiolanın Baccoya ehtiramının pik nöqtəsi – Video

04.05.20 13:00 647
Qvardiolanın Baccoya ehtiramının pik nöqtəsi – Video
"Həmin gün bu insanın ən yüksək mənəvi keyfiyyəti özünü göstərdi”
1999/2000 mövsümündə Qvardiolanın çıxış etdiyi "Barselona” İspaniya Futbol Federasiyasına qarşı çıxıdı. Bundan sonra Kataloniyada daha bir mövsüm keçirən Pep "Barselona”nı tərk etdi. Həmin vaxt o, 30 yaşında idi və zədələrdən əziyyət çəkirdi. Amma bununla belə, Avropanın nəhəng klubları – "İnter”, "Milan”, "Tottenhem”, "Arsenal”, "Mançester Yunayted”, PSJ, "Parma” onu heyətdə görmək istəyirdi.
Ancaq Qvardiola "Yuventus” naminə bütün nəhənglərə "yox” dedi, amma son anda fikrini dəyişdi. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış isə "Breşiya”ya üstünlük verdi.
Onu pul maraqlandırmırdı. Pep Lombardiyada yaşamaq istəyirdi. Üstəlik, klubun inadını da qiymətləndirdi: "Digər klublardan fərqli olaraq, onlar məni əldə etmək üçün daha çox səy göstərdilər”.
Amma ən əsası o idi ki, Qvardiola "Breşiya”da çıxış edən Roberto Baccoya heyran idi. Məşqçi Karlo Matssone ilə ilk söhbətdə Bacco ilə birgə oynayacağından ilhamlandığını etiraf etdi.
İki ulduz dərhal dil tapdılar. Pepin Baccoya böyük ehtiramının pik nöqtəsi 2002-ci ilin aprelində "Forentina” ilə keçirilən oyun oldu. İlk hissədə 24 yaşlı Luka Toni "Breşiya”nı hesabda önə çıxardı. Amma hesab sürüşkən olduğu üçün Matsone 70-ci dəqiqədə uzun müddətdən sonra ilk dəfə Bacconu meydana buraxdı. O, bir neçə ay əvvəl zədələnmişdi və müalicəsi yenicə yekunlaşmışdı.
Roberto meydanın kənarına yaxənlaşan kimi Pep ona tərəf qaçdı. O, kapitan sarğısını öz qolundan açaraq kumirinin qoluna bağlamaq istədi. Çaşqın vəziyyətə düşən Bacco imtina etmək istəsə də, Pep buna imkan vermədi və sarğını onun qoluna taxdı.
Sonralar Karlo Matssone avtobioqrafik kitabında yazırdı: "Həmin gün bu insanın ən yüksək mənəvi keyfiyyəti özünü göstərdi. Bu qədər gözəl jest etməyə qadir olan insanlar o qədər də çox deyil”.
Cəmisi 4 dəqiqə sonra Bacco qol vurdu. Daha sonra isə dublunu rəsmiləşdirdi və "Breşiya” qalib gəldi – 3:0. Qvardiolanı dinləyək: "Bacco mənim yaddaşımda qalan ən mükəmməl futbolçulardandır. O, iki dəfə ayaq bağlarını qırıb, demək olar ki, axsayırdı. Buna baxmayaraq, həmişə mənim axtardığım ən düzgün mövqedə olurdu. Fiziki cəhətdən tamamilə sağlam olsaydı, onun nə edə biləcəyini təsəvvür etməyə belə qorxuram”.
Növbəti mövsüm Qvardiola "Roma”nın heyətində bir neçə oyuna çıxdı və sonra qısa müddətə "Breşiya”ya qayıtdı. Daha sonra isə karyerasını Qətər və Meksikada davam etdirdi. Bacco 2004-cü ilə qədər "Breşiya”nın şərəfini qorudu.
banner

Oxşar Xəbərlər