Quruyan Xəzərdə “boğulanlar” - FOTOLAR

Çimərliklərdəki obyektlərin sahibləri dənizin
çəkilməsinin biznesə təsir etmədiyini deyirlər, amma...
Son günlər
diqqət mərkəzində olan mövzulardan biri də Xəzərin qurumasıdır. Qeyd edək ki, bu
problem illərdir ki, mövcuddur. Alimlər bunu təbii proses kimi qələmə versələr
də, Xəzərin qurumasının böyük fəsadlar
yaratdığı da danılmazdır. Rəsmi
məlumatlara nəzər salsaq, görərik ki, Xəzərdə suyun azalması müxtəlif dövrlərdə
olub. Misal üçün, 1977-ci ildə Xəzər dənizinin səviyyəsi XX əsrdə müşahidə
olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci
illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa
başlayıb.
Xarici
ekspertlərin dənizin səviyyəsinin azalması ilə bağlı proqnozları isə vəziyyətin
daha ciddi olduğunu göstərir. Məsələn, almaniyalı və hollandiyalı
tədqiqatçıların "Nature Communications Earth & Environment” jurnalındakı araşdırmasına
görə, Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək. Tədqiqat
işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək
problemləri də müəyyənləşdiriblər: "Bu, Xəzərin özünəməxsus ekosisteminə,
köçəri quşlar və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər
suitilərinə təsir edəcək”.

Alimlərin fikrinə
görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan
son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər. Əlbəttə ki, Xəzərdə yaranmış bu
vəziyyət həm də iqtisadi çətinliklərin olacağını istisna etmir. Quruyan Xəzərdə
"boğulan” ilk sahibkarlar isə dəniz
kənarında biznes quranlardır. Bir neçə gün öncə sosial şəbəkə statusunda
məsələyə münasibət bildirən sahibkar
İlkin Muradov "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 2019-cu ildən
Nardaran çimərliyində ticarət obyekti var: "Həmin il və daha əvvəlki illərə
nisbətən dəniz suyunun bu qədər çəkilməsi müşahidə olunmayıb. Yerli icra
hakimiyyətlərindən obyekt sahiblərinə bildirilirdi ki, sərəncama əsasən dəniz
suyundan (ləpədöyəndən) ticarət obyektinə minimum 30 metr məsafə saxlanılmalıdır.
Biz də 2019-cu ildə işləri bu sərəncama uyğun etdik. Hətta məsafəni 30 yox, 33
metr olaraq götürdük. Düşündük ki, dənizin suyu nə zamansa qalxarsa, sərəncamda
göstərilən məsafəni nizamlaya bilək. Amma tam əksi oldu. 2020-ci ildə az da
olsa dəniz suyu çəkilmişdi. Bu il isə fərqi daha çox görmək olur. Dəniz suyu,
təxminən 5-6 metrə qədər çəkilib”.

İ.Muradov
vurğuladı ki, yaranmış vəziyyət dəniz kənarında çimərlik işlədən sahibkara elə
də mənfi təsir göstərmir: "Sadəcə bəzən müştərilər obyektlərin dənizə daha
yaxın olmasını istəyir. İndi dəniz suyu çəkildiyi üçün məsafə daha da artıb və
narazılıq, sadəcə müştərilər tərəfindən olur. Bunu da izah edəndə, anlayışla
qarşılayırlar. Əsas məsələ sahibkarın və müştərinin üzləşdiyi problem deyil.
Dəniz suyunun bu qədər geri çəkilməsi ciddi ekoloji problemdir”.
Çimərlik
mövsümünün açılmasına qısa vaxt qalmasını nəzərə alaraq, dəniz kənarında
insanlara xidmət göstərən obyektlərin
suyun çəkilməsi ilə bağlı hər hansı problemlə
qarşılaşıb-qarşılaşmadığını öyrənməyə çalışdıq. Sabunçu rayonunun Pirşağı
qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən obyektlərdən birinin icarədarı İlqar Qurbanov bizimlə
söhbətində bildirdi ki, onlar üçün dəniz suyunun enməsi yox, qalxması daha
təhlükəlidir. Onun sözlərinə görə, bir neçə ildir ki, dəniz kənarındakı
obyektlərdən birini icarəyə götürürlər: "Açığı, dənizin çəkilməsi bizim də
diqqətimizi çəkib. Misal üçün, əvvəllər indi mövcud olan çətirlər, söhbətgahlar
(besedka) sahildən aralı olub. Amma zaman keçdikcə onların ya yeri dəyişdirilib,
ya da yeniləri ilə əvəz edilib. Əslində bunun özü ayrıca bir xərcdir. Lakin
əgər pul qazanmaq istəyirsənsə, gərək biləyini çırmayıb işə girişəsən. Dənizə
insanın gücü çatmır. İndi Allahın işidir, su azalır, biz buna qarışa bilmərik
ki. Amma belə getsə, bir neçə ildən sonra yenə çətirləri, "besedkaları” irəli
çəkməli olacağıq. Çünki başqa cür nə edə bilərik ki? Hələ qarşıda mövsümün
açılması var. Mövsüm zamanı gələndə müştərilərin reaksiyasından biləcəyik ki,
dənizin çəkilməsinin onların əhval ruhiyyəsinə təsiri var, ya yox”.

Digər obyektin icarədarı Vaqif Hüseynov bizimlə söhbətində qeyd etdi ki, tarixən Xəzərin
suyu həm artıb, həm də azalıb: "Mənim 59 yaşım var və hər il "Qızılquma”
gələndə dənizkənarını fərqli görmüşəm. İndi qismət elə gətirib ki, burada
çimərlik mövsümündə insanlara xidmət göstəririk. Ötən 10-15 il ərzində gördüyüm
odur ki, Xəzərin suyu durmadan azalır. Amma 90-cı illərdə bizim indi fəaliyyət
göstərdiyimiz obyektlərin yeri dəniz sularının altında idi. Həm də dənizdə çimmək,
nisbətən təhlükəli idi, çünki suyun dərinliyi insanı çəkirdi. İndi siz bunu
müşahidə edə bilməzsiniz. Dənizə gələnlər rahat şəkildə suyun içərisi ilə 15-20
metr irəliləyir ki, dərin yer tapıb çimə bilsin. Müəyyən mənada indi də təhlükə
var, hansı ki, dənizdə burulğan olur. Amma bunu heç kim hiss etmir. Bütün
bunları ona görə deyirəm ki, biz burada dəfələrlə faciələrin şahidi olmuşuq və
insanlar çimərlik mövsümündə bunu nəzərə alsınlar”.
V.Hüseynov
dənizin suyunun çəkilməsinin müəyyən mənada icarədarların işinə maneə
törətdiyini söylədi: "Amma ciddi ziyan vurmur, çünki biz onsuz da hər il
təmir-bərpa işləri aparırıq. Misal üçün, dənizin suyu azalırsa, çətirlər
"besedka”ya çevrilir. Müştərilərin rahatlığı üçün isə yeni çətirlər salınır.
Amma onu deyim ki, bir neçə il əvvəl dənizdə baş verən qabarma bizim
zəhmətimizi yerlə bir etdi. Onda demək olar ki, sahilboyu bütün obyektlər
darmadağın idi. Düzdür, indi biz müştəri məmnuniyyəti üçün tikirik, yaradırıq.
Bəs birdən dənizdə yenə qabarma olsa, necə olacaq? Çünki əvvəlki dövr geridə
qalıb, pandemiyadır. Buna görə də iki ildir insanlar az gəlir. Çox adam da
qəbul edə bilmirik, çünki qaydalara görə, sosial məsafə qorunmalıdır. Qeyd
etdiklərim isə nəticə etibarı ilə bizim az qazanmağımıza səbəb olur. Bu
baxımdan da Xəzər sahilində baş verən hər bir təbiət hadisəsi bizim üçün
önəmlidir. Lakin hələ ki, çimərlik mövsümü başlamayıb və nəyin pis, nəyin yaxşı
olacağını demək çətindir”.

Uzun illər
Xəzərin Novxanı istiqamətində çalışan Rasim
Əliyev isə qeyd etdi ki, dənizin geri çəkilib-çəkilməməyi onlar üçün
maraqlı deyil: "Biz iş adamıyıq və əsas gəlirimiz də mövsüm vaxtı olur. İndi nə
edək ki, dənizin suyu azalır. Elmli, bilikli insanlar bu məsələni bilməmiş
deyillər. Bizə də bu məsələnin heç bir dəxli yoxdur. Allahın işinə qarışası
deyilik. Görək bu mövsüm necə olacaq? Bax, əsas məsələ
budur. Onsuz da dövlət qurumları vaxtaşırı gəlib baxırlar, nə isə edəcəklərinə
ümid ola bilər. Mən laqeyd adam deyiləm, dənizə gələn olmasa, biz də bir tikə
çörəyimizi qazana bilmərik. Amma inanın ki, müştərilər çimərliyə axışanda, dənizdə
küləyin haradan əsdiyini belə hiss etmirik”.
Sahibkarların
dediklərindən belə məlum olur ki, Xəzərin quruması onların biznesinə o qədər də
ciddi zərərə vurmur. Amma o da həqiqətdir ki, quruyan Xəzərdə "boğulma”ların
olması mütləqdir. Elə ekoloji tarazlığın pozulması nəticəsində ciddi
problemlərin yaranması qaçılmazdır. Bundan isə hamı ziyan çəkəcəyik - dənizin flora
və faunasını zənginləşdirən quşlar, heyvanlar, bitkilər, sahilində məskən salan
insanlar bu dəfə suyun çoxluğundan yox, azlığından "boğulacaqlar”. Fəsadların
miqyasını azaltmaq üçün isə indidən təbirlər görülməlidir.
BƏXTİYAR
