AZE | RUS | ENG |

Qurtuluş tarixi Azərbaycanı hansı bəlalardan qurtardı?

Qurtuluş tarixi Azərbaycanı hansı bəlalardan qurtardı?
Bu gün hakimiyyətə qarşı duranlar, xaricdən tapşırıq alaraq öz dövlətinə qarşı çıxış edənlər belə, öz fiziki varlıqlarına görə məhz o günə minnətdar olmalıdırlar

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ağır sınaqlarla üz-üzə qalıb. Bir tərəfdən Ermənistan işğalçılıq siyasəti yürüdərək torpaqlarımızı zəbt edib, digər tərəfdən də AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti, idarəetməsi ölkəni vətəndaş müharibəsinin astanasına çatdırıb. Gəncədə qardaş qanı axıdılıb, ölkənin cənubunda və şimalında separatçılıq meylləri ortaya çıxıb. Bununla da Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Məhz belə bir zamanda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib.
1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilən ulu öndər Heydər Əliyev eyni zamanda prezident səlahiyyətlərini icra edən şəxs kimi ölkəyə rəhbərlik etməyə başlayıb. Onun fəaliyyəti, həyata keçirdiyi hərtərəfli islahatlar nəticəsində ölkəmiz xaos və anarxiyadan, məhv olmaqdan qurtulub.    
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, 15 iyun ilk olaraq Azərbaycanı dövlətsizlikdən qurtardı: "Bizi Azərbaycan adlı bir ölkənin olmamaq perspektivindən qurtardı. Çünki Azərbaycanın parçalanması haqqında dəqiq istəklər var idi və onun reallaşdırılmasına da artıq başlanmışdı. Aradan illər keçəndən sonra bir çox gizli arxivlər açılanda, bəlli olacaq ki, biz nə dərəcədə təhlükəli vəziyyətlə üzləşə bilərdik. Təbii ki, 15 iyun bizləri o dövrdə yaşayan nəslin gördüyü qarmaqarışıqlıqdan, xaosdan, qanunsuzluqdan, gələcəyə ümidsizlikdən, proseslərə ancaq reaktiv reaksiya verməkdən başqa, bəzi hallarda isə əlacsızlıqdan çiynini çəkməkdən başqa ümidi olmayan toplum olmaq perspektivindən qurtardı”.
S.Alıyev vurğuladı ki, bu qurtuluşdan həmin tarixi qəbul etməyən, eləcə də onun nə demək olduğunu anlayanlar da, anlamayanlar da bir azərbaycanlı olaraq öz payını götürdü: "Bu gün Azərbaycan hakimiyyətinə qarşı duranlar, eləcə də xaricdəki bəlli çevrələrdən tapşırıq alaraq öz dövlətinə qarşı çıxış edənlər belə, öz fiziki varlıqlarına görə məhz o günə minnətdar olmalıdırlar. Gələcəkdə arxivlər açılanda, məhz Qurtuluş Gününə qarşı çıxanların nəvə-nəticələri onların tutduğu bu mövqedən xəcalət çəkəcəklər. Açığını deyim ki, müstəqilliyimiz bərpa olunandan sonra müasir Azərbaycanın tarixində nəzərimdə iki ən mühüm tarix var. Bunlardan birincisi, Azərbaycanın müstəqillik aktının elan edilməsi, ikincisi isə məhz 15 iyun - Qurtuluş Günüdür. Məhz Qurtuluş Günündən çıxış edərək bildirmək istəyirəm ki, yenidən müstəqillik əldə edən Azərbaycanın üçüncü əlamətdar hadisəsini də qeyd edəcəyik. Bu isə bizim işğal altındakı torpaqlarımızın qaytarılması olacaq”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Azərbaycanın ən yeni tarixində 15 iyun Milli Qurtuluş Günü son dərəcə müstəsna əhəmiyyətə malik bir tarixdir: "Fikirləşirəm ki, bir qədər tarixə ekskursiya etməklə o dövrdəki real vəziyyəti canlandıra bilərik və bununla da Milli Qurtuluş Günün dövlətimiz və xalqımız üçün əhəmiyyətini daha dolğun formada çatdıra bilərik. Onu qeyd etmək lazımdır ki, hakimiyyətdə olduqları dövrdə AXC-Müsavat cütlüyü faktiki olaraq Azərbaycanı idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. O vaxtkı parlamentin iclaslarının video görüntülərinə baxanda indi də, o zaman kimlərin bizi idarə etmələrinə görə xəcalət hissi keçirir, utanırıq. Ölkədə qanunçuluğu təmin etməli adam, daxili işlər naziri faktiki olaraq qanunlara əməl etmirdi. Müdafiə naziri hərbi işdən tamamilə məlumatı olmayan, Rusiyanın müəyyən dairələrinin əlində oyuncaq olan başıpozuğun biri idi. Bircə gün belə iş təcrübəsi olmayan adamlar dövlət idarəçiliyini həyata keçirmək iddiasında idilər. Ayrı-ayrı iddialı şəxslərin nəzarətində olan silahlı qruplaşmalar potensial cinayətkarlardan ibarət idi. Cəbhədə ardıcıl olaraq acınacaqlı məğlubiyyətlər rayonlarımızın işğalı ilə nəticələnirdi. Gəncədə Surət Hüseynovun əlinin altında olan bir qrup silahlı şəxs hakimiyyəti iflic vəziyyətinə gətirib çıxarmış, qardaş qanı axıdılaraq ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Surət Hüseynov hakimiyyətin ən yuxarı eşalonunda əyləşən adamları Azadlıq meydanında asacağı ilə bağlı ultimatum vermişdi və ağır texnikalarla təchiz olunmuş silahlı qüvvələr cəbhə bölgəsindən geri çəkilərək artıq Bakıya doğru hərəkət edirdi. Lənkəranda batalyonu ələ keçirmiş Əlikram Hümbətov Talış-Muğan Respublikası adı altında birləşdirdiyi yeddi rayonda qanunsuz, anti-konstitusion fəaliyyətlə məşğul idi. Şimalda sadvalçılar ayrı bir "respublika” yaratmaq sevdasına düşmüşdülər. Bu gün də yekə-yekə danışan, o vaxt ən mühüm siyasi postlarda mövqe tutmuş hazırkı müxalifətin ölkədə yaratdığı real vəziyyətin qısa xronikası məhz bu cür idi”.
İ.Orucov əlavə etdi ki, xalqın təkidli tələbi ilə Bakıya qayıdan böyük siyasi xadim, ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, qardaş qırğınından, bölünməkdən xilas etdi: "Bu hadisəni müstəqilliyimizin dönməzliyinin təmin edildiyi tarix, dövlətçiliyimizin xilas günü kimi səciyyələndirərdim. Ölkədə illərdir davam edən siyasi xaos, özbaşınalıq, artıq alovlanmaqda olan vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ümummilli lider Heydər Əliyev böyük müdrikliklə deyirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Xalqımız bu həqiqətin fərqində olduğundan böyük siyasi və idarəetmə təcrübəsinə malik dövlət xadiminə müraciət etdi. Heydər Əliyev heç bir təcrübəsi, bacarığı olmayan, lakin iddiaları qabiliyyətlərindən çox-çox böyük olan, bununla da dövləti uçuruma sürükləyən siyasi avantüristlərin oyunlarına son qoyaraq müstəqil dövlətin yaşamasının, inkişafının və bugünkü parlaq gələcəyinin əsaslarını formalaşdırdı. Atəşkəsə nail olmaqla torpaqlarımızın işğal olunmasının qarşısını aldı. Azərbaycanın parçalanması təhlükəsinə son qoydu. Təsadüfi deyil ki, xalqımızın tələbini nəzərə alan Milli Məclis 15 iyun tarixini dövlət bayramı olaraq Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi. Müstəqil dövlətimiz var olmağına, bütün uğurlarına, nailiyyətlərinə görə 15 iyun tarixinə borcludur və əminəm ki, bu tarixi xalqımız əbədi olaraq qeyd edəcək”.
 
BƏXTİYAR   

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892