• cümə, 19 Aprel, 21:04
  • Baku Bakı 24°C

Quraqlıq olmayacaq

15.04.16 11:38 4574
Quraqlıq olmayacaq
Bu günlərdə mətbuatda yay aylarında ölkənin müəyyən ərazilərində, xüsusən də Kür-Araz ovalığında quraqlıq olacağı barədə məlumat yayıldı. Yayılan bu xəbərlərdə suyun aşağı axınında çayların suyunun azaldığı və hətta quruduğu da bildirildi. Xəbəri oxuyan və eşidən hər kəsin içində “görəsən bu il qıtlıq olacaqmı” deyə, haqlı narahatlıq da baş qaldırdı. Biz də məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovla əlaqə saxladıq. O, mətbuatda gedən bu xəbərlərin doğru olmadığını və həqiqəti əks etdirmədiyini bildirdi: “Bu məlumat təhrif olunmuş şəkildə mətbuatda gedib. Bu il quraqlıq müşahidə olunacağı proqnoz edilsə də, onun səviyyəsinin keçən ilki ilə müqayisədə daha az olacağı ehtimal olunur. Xüsusilə quraqlığın ən pik həddə çatdığı iyul ayında belə güclü istilər olacağı ehtimal olunmur. Əgər temperatur keçən il 37-38 dərəcə idisə, bu il bir qədər aşağı düşərək, 34-35 dərəcə olacaq. Küləyin sürətinin quraqlığa elə də ciddi təsir edəcəyini hesab etmirəm. Yağıntıların miqdarı həmişəki qaydada olacağı da istisna deyil”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova qəzetimizə verdiyi açıqlamada indidən yay ayları ilə bağlı proqnoz verməyin çətin olduğunu bildirdi. “Yay aylarında havanın necə keçməsi barədə hələlik nə isə demək çox tezdir. Biz bu haqda məlumatı hər il adətən may ayında elan edirik. Ümumiyyətlə, iyul-avqust aylarında havanın temperaturu 38-40 dərəcə müşahidə olunur. Əvvəlki illərdə müşahidə olunan nəticələrdir. Qeyd edim ki, bu il temperatur iqlim normasından bir-iki dərəcə yüksəkdir”.
Beləliklə, mütəxəssislər bu il quraqlığın olmayacağını vurğulasalar da, rayonlarda kənd təsərrüfatı məhsulları əkib-becərən insanlar yayılan xəbərlərlə bağlı təlaş içərisindədir. Bəs quraqlıq zamanı daha çox hansı məhsullar zərər çəkir? Bununla necə mübarizə aparmaq olar?
Tərəvəzçilik elmi-tədqiqat institutunun direktor müavini Elmar Allahverdiyev qəzetimizə verdiyi açıqlamada quraqlıq zamanı daha çox taxıl və tərəvəz məhsullarının zərər çəkdiyini qeyd etdi: “Quraqlıq kənd təsərrüfatına mənfi təsir göstərən və iqtisadi itkilər törədən təbii fəlakətlər sırasına daxildir. Quraqlıq keçən dövrdə havanın temperaturu yüksək, nisbi nəmliyi isə aşağı olur. Quraqlıq zamanı torpaqdakı rütubət buxarlanır və bitkilərin normal inkişafı üçün əlverişsiz şərait yaranır. Belə ki, bitkilər üçün lazım olan normal fotosintez və vegetasiya prosesi pozulur və beləliklə, məhsuldarlıq nəzərə çarpacaq dərəcədə azalır, bəzən də bitki tamamilə məhv olur. Kənd təsərrüfatının bitkiçilik, xüsusən də tərəvəzçilik və taxılçılıq sahələri bundan daha çox zərər görür. Quraqlıq dövründə yağıntı miqdarının aşağı səviyyədə olması xüsusilə dəmyə əkinçiliyinə mənfi təsir göstərir. Bu da məhsuldarlığın xeyli aşağı düşməsinə gətirib çıxarır”.
E.Allahverdiyevin sözlərinə görə, quraqlıqla mübarizə məqsədilə kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatını ödəmək üçün suvarmaların sayı və suvarma norması artırılır: “Respublikamızın düzənlik və dağətəyi bölgələri üçün quraqlıq olduqca təhlükəli təbii hadisələrindən biri hesab edilir. Qeyd edilən bölgələrdə, xüsusən düzənlik ərazilərdə yaz və yay aylarında yağıntıların düşməməsi quraqlığa gətirib çıxarır. Quraqlıq keçən illərdə yağıntıların az düşməsi dağətəyi bölgələrin bir çox çaylarının qurumasına və nəticədə kənd təsərrüfatı bitkilərinin suvarılması üçün lazım olan yerüstü suvarma sularının qıtlığına gətirib çıxarır. Həmçinin bu dövrdə yeraltı suların yerüstü sular hesabına qidalanması da kəskin şəkildə azalır. Vegetasiya dövründə kənd təsərrüfatı əkinlərinin suya olan tələbatını ödəmək məqsədilə yeraltı şirin və az minerallı sulardan istifadə olunur. Dağlıq və dağətəyi bölgələrdə geniş yayılmış dəmyə əkinçiliyi, əsasən taxılçılıq, kartofçuluq və s. quraqlıq dövrdə xüsusən ziyan çəkir. Məhsuldarlıq aşağı düşür və bəzən də demək olar ki, əkin sahələri tamamilə məhv olur. Quraqlıqla mübarizə aparmaq məqsədilə və suvarılan əkin sahələrinin genişləndirilməsi, beləliklə də məhsuldarlığın artırılaraq kənd təsərrüfatının inkişafına nail olunması məqsədilə ölkəmizdə suvarma kanallarının şəbəkəsi genişləndirilir, mövcud suvarma kanalları təmir olunur və yeni su anbarları tikilib istifadəyə verilir. Son illərdə mütərəqqi suvarma sistemlərindən istifadə geniş vüsət alıb. Buna misal kimi damla suvarma sistemlərini göstərmək olar. Bu sistem öz effektliliyini artıq sübut edib”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər