• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

“Quraqlıq olacaq” xəbərdarlığına necə reaksiya verməli?

19.11.19 09:30 1671
“Quraqlıq olacaq” xəbərdarlığına necə reaksiya verməli?
Mütəxəssislər deyirlər ki, bununla bağlı dövlət proqramının qəbul olunmasına və müxtəlif strateji layihələrə böyük ehtiyac var
"İqlimin istiləşməsi nəticəsində Xəzərdə buxarlanma artacaq”. Bunu AMEA Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov "Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransda deyib. Onun sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə, bitki örtüyü azalacaq, şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq. Yağıntılar azaldığından çayların suyu azalacaq.
R.Məmmədov qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq. O, bu nəticələrə apardığı elmi tədqiqatlar nəticəsində gəldiyini söyləyib.
Qeyd edək ki, bu yaxınlarda Türkiyədə hidrometeoroloqlar qışın quraq olacağı ilə bağlı xəbərdarlıq ediblər. Təbii, quraqlıqğın bir sıra fəsadları olacaq. Artıq Türkiyədə bununla bağlı hazırlıq prosesinə start verilib. Bəs görəsən quraqlıqla necə mübarizə aparmaq olar? Hansı tədbirlərin görülməsinə ehtiyac var?
Aqrar sahə üzrə mütəxəssis Nicat Nəsirlideyir ki, problemin həlli üçün ciddi strateji layihələrin icrasına ehtiyac var: "Bu yaxınlarda Almaniyada elmi-konfransda iştirak edərkən, quraqlıq problemin təkcə Asiya ölkələri üçün narahatlıq doğurmadığını gördüm. Avropa ölkələri də iqlim dəyişikliyi ilə bağlı çox böyük narahatlıq keçirir. Elmi yanaşmalara görə, 2050-ci ilə qədər hər il 2 amplituda iqlim dəyişmələri baş verəcək. Adından da göründüyü kimi bu dəyişiklik qlobal xarakter daşıyır və buna görə də, bütün dünya ölkələrini narahat edir. Avropa ölkələrinin əksəriyyəti Alp dağlarının ətəyində yerləşir və orada yağıntı normadan çoxdur. Amma iqlim dəyişikliyi artıq bu ölkələrdə də hiss olunmağa başlayıb. Bu məsələ ilə bağlı böyük həyəcan təbili çalınır. Hollandiya artıq bu məsələ ilə bağlı texnologiya istehsalına başlayıb. Dəniz suyunu şirinləşdirərək təsərrüfata qazandırılması əsas məsələlərdən biridir. Ən böyük aqrar ölkələrdən biri olan qardaş ölkə Türkiyənin aidiyyəti qurumları zaman-zaman bu məsələlərlə bağlı açıqlamalar verir və çağırışlar edir. Türkiyədə əksər ərazilər su qıtlığından əziyyət çəkir. Texnoloji yeniliklərdən istifadə olunsa da, su qıtlığı bu ölkədə ciddi problemə çevrilib. Azərbaycanda da iqlim dəyişikliyi artıq hiss olunmaqdadır. Ölkəmizdə əsas əkinçilik aparılan 18 rayon var. İldən ilə bu sahədə vəziyyət gərginləşməkdədir. Biz hələlik problemin elmi səviyyədə öyrənilməsi mərhələsindəyik. Bu sahədə dövlət proqramının qəbul olunmasına və müxtəlif strateji layihələrə böyük ehtiyac var. Hələlik dövlət səviyyəsində görülən işlər meliorasiya ilə bağlıdır. Bu sahəyə yönəldilən vəsaitin həcmi artmaqdadır. Bölgələrdə 6-7 böyük dəryaçalar tikilib. Bu anbarların əsas vəzifəsi atmosfer çöküntülərinin və buzlaqlardan gələn su axıntılarını toplayaraq təsərrüfat suyuna çevirməkdir. Su qıtlığı çox ciddi problem olaraq qalmaqdadır. Bu il oktyabr və noyabr aylarına uyğun olmayan hava şəraiti müşahidə edilir. Ola bilsin ki, hava gələn il bundan da quraq keçsin. Ona görə də, bu problemin həlli elmi əsaslarla çözülməlidir. Strateji layihələrin qəbul olunmasına və icrasına ciddi ehtiyac var. Ümid edirəm ki, büdcədə bu məsələ xüsusilə nəzərə alınacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı iqlim dəyişikliyinin bu günün acı reallığı olduğunu söylədi: "Bu, hələlik müvəqqəti davam edən bir quraqlıq mövsümüdür. Oktyabr və noyabr aylarının isti keçməsi o demək deyil ki, bütün il belə hava şəraiti hökm sürəcək. Məncə, bu, müvəqqəti bir mərhələdir və uzun müddət davam etməyəcək. Amma istənilən halda iqlim dəyişikliyi faktını diqqətdən qaçırmaq olmaz. İqlim dəyişikliyi bu günün reallığıdır. Qlobal istiləşmə və quraqlı ilk olaraq aqrar sahəyə mənfi təsir edəcək. Bu istiləşmənin çox ağır fəsadları ola bilər. Buna görə də, əvvəlcədən bu prosesə hazırlıqlı olmalıyıq. Aqro-texniki qulluq məsələlərinə diqqət ayrılmalı, bu sahədə yeni elmi yanaşmalar olmalıdır. Havaların mülayim keçməsini fermerlər indidən bir fürsət kimi dəyərləndirməlidir. Bu sahədə böyük maarifləndirmə işinə, kompleks tədbirlərə ehtiyac var. Təəssüf ki, aqrar sahənin problemləri təkcə isti və mülayim hava şəraiti ilə bağlı deyil. Torpaqların yaxşılaşdırılması və kənd təsərrüfatına qazandırılması, erroziyaya qarşı görülən tədbirlər çox zəifdir. Fermerlərin problemləri dinlənilməli, onlara lazımi dəstək göstərilməlidir. Əgər mülayim hava uzun müddət davam edərsə, böyük tədbirlər planı hazırlanmalıdır. Mütəxəssislər bir araya gəlməli, işçi qrupu və ya komissiya yaradılmalıdır. İqlim dəyişikliyi ilə mübarizə üçün dövlət proqramı tərtib edilərsə, daha məqsədəuyğun olar. Mütəxəssis rəylərinə ciddi ehtiyac var. Fermerlər bu problemlə necə mübarizə aparmaqla bağlı maarifləndirilməlidir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər