• şənbə, 20 Aprel, 01:02
  • Baku Bakı 15°C

Qripə etinasız yanaşmaq olmaz

03.11.22 12:00 586
Qripə etinasız yanaşmaq olmaz

Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa bilavasitə qrip virusunun özü tərəfindən yaradılan fəsadlar aiddir. Bunlar xəstəliyin ilk günlərində əmələ gəlir. Buna virus pnevmoniyaları, kəskin respirator distres sindrom aiddir. Bununla yanaşı, qrip virusu virus ensefaliti, meningiti verə, əzələlərin parçalanmasına, ürək əzələsinin iltihabına səbəb ola bilər. Xüsusilə ağır qriplər zamanı bu cür hallar qeydə alınır. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci sutkasında meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur. Buraya bakterial pnevmoniyalar, müxtəlif septiki vəziyyətlər, sepsis, orta qulağın, burun ciblərinin, böyrəklərin iltihabı aiddir. Yüksək hərarət zamanı qıcolmalar yarana bilər ki, bu da həyat üçün təhlükəlidir. Böyük əksəriyyət xəstəliyi yüngül keçirir, lakin müəyyən insanlarda həmin ağırlaşmalar baş verə bilər. Qripdən ölüm halları da qeydə alınır. Doğrudur, koronavirusla müqayisədə daha azdır, lakin müşahidə olunur. Ona görə də etinasız yanaşmaq olmaz. Əgər belə hal varsa, evdə oturmalı, dərsə, işə getməməli, vəziyyət tələb edirsə, xəstəxanada müalicə alınmalıdır ki, fəsadlaşmalar olmasın.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Mütəxəssisin sözlərinə görə, qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur: “İmmuniteti zəif olanlar, hamilələr də risk qrupuna aid şəxslərdir və yoluxma təhlükəsi digərlərindən çoxdur. Onlar yoluxma riskini müəyyən edib həyat tərzlərini mümkün qədər dəyişməlidirlər. Hamiləlik zamanı qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Baxmayaraq, qrip virusunun plasenta vasitəsilə anadan dölə ötürülməsi sübut olunmayıb, bu, o demək deyil ki, ana qripə yoluxubsa, dölə təsirsiz ötüşəcək. Ən çox rast gələn təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda kütləvi toplanma yerlərindən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara, hətta dölün ölməsinə də gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir”.

banner

Oxşar Xəbərlər