• cümə axşamı, 25 aprel, 20:15
  • Baku Bakı 21°C

Qoy nə qədər istəyirlər tənqid eləsinlər

30.09.19 14:30 1231
Qoy nə qədər istəyirlər tənqid eləsinlər
Müsahibim şair İbrahim Yusifoğludur. O, Şərur rayonunun Axura kəndində doğulub, 27 kitab müəllifidir. Bu il 65 yaşı tamam olacaq İbrahim müəllimlə yaradıcılığı haqqında danışdıq:

– İlk kitabınız "Araz bayatıları” haqqında danışmağınızı istərdim…
– İlk kitabımın çapımı iki il gözləmişəm. İndi çap olunmaq çox rahatdır. Pulun varsa, mətnin varsa, apar ver nəşriyyata bir ayın içində çap olunsun. Amma əvvəllər bu məsələlər çox çətin idi. Bu qədər nəşriyyat da yox idi. Şeirlərimizi əlyazma şəklində yığıb aparırdıq "Yazıçı" nəşriyyatına. Göndərilən əlyazmalar çox olsa da, il ərzində cəmi dörd-beş kitab çıxırdı. Seçim üçün mətnləri Nizamin adına Ədəbiyyat İnstitutunun alimlərinə verirdilər. Mənim yazıma Muxtar Kazımoğlu baxmışdı. Əlyazmalara baxılandan sonra rəy yazırdılar ki, filankəsin əlyazmalarını ildə bir dəfə buraxılan "Yaşıl budaqlar" almanaxında və ya "Şairin ilk kitabı" seriayasından çapa vermək olar. Yəni redaktorların verdiyi rəy əsasında əsasında növbəti il üçün tematik plan tutulurdu. Əvvəldən bilinirdi ki, nəşriyyatda siyasi, ədəbi, tarixi və s. mövzularda hansı kitablar çap olunacaqsa onlar bir də redaktorlara verilirdi. O illərdə kitabları Adil Cəmil redaktə edirdi. Biz şeirləri təqdim edirdik, amma redaktoru ordan hansı şeirləri seçib kitaba salacağını bilmirdik. Bundan bir də kitab işıq üzü görəndə xəbərimiz olurdu. İlk kitabım o vaxt 4000 tirajla çap olundu. Mən bu kitaba görə 2750 manat qonorar aldım. Deyim ki, çox gözəl bir hiss idi.
– Bu kitab artıq 28 ildir ki çap olunub. Ona baxanda hansı hissləri keçirirsiniz?
– Bilirsiniz, bəzi şairlər püxtələşəndən sonra ilk yazılarını cırıb atırlar, onları bəyənmirlər. Amma mənim üçün şeirlərimin içində ən doğmaları, ən əzizləri bax elə bu birinci kitabımda çap olunanlardır. Mən bu gün də "Seçilmiş əsərlər"imə bu şeirlərdə salmışam. Və hətta gələcəkdə də bu şeirlərdəm heç vaxt üz döndərməyəcək, onları kitablarıma daxil edəcəyəm. Mənim şeirlərim doğulduğum, böyüdüyüm vətəndi, təbiətdi, o dağlardı, o bulaqlardı. Mən onları silib ata bilmərəm. Hamı Bakıya qaçmaq istəyir. Amma mən heç vaxt istəməmişəm. Çünki mənim şeilərimin doğulduğu yer, mənbəyi oradır.
– Naxçıvan ədəbi mühitinin sizin yaradıcılığınızda nə kimi rolu olub?
– Naxçıvan ədəbi mühitinin mənim yaradıcılığımda çox böyük rolu olub. Mən "Gəncə şairi", "Naxçıvan şairi", "Şəki şairi" kimi sözləri qəbul etmirəm. Özüm üçün "Naxçıvanda yaşayan şair" deyə bilərəm. Hüseyn İbrahimova necə demək olar ki, Naxçıvan yazıçısıdır? Axı o, bütün Azərbaycanın yazıçısıdır. Ümummilli liderimiz onu Şöhrət ordeni ilə təltif edib. Mən Axura kəndində doğulmuşam. Oranın dağları, bulaqları, çəmənləri çox gözəldir. Mən həmişə deyirəm ki, Allah-taala ordan heç bir neməti əskik etməyib. Naxçıvanda çox güclü ədəbi mühit var. Hüseyn Razi kimi gözəl şair vardı. O, "Şərq qapısı” qəzetində şöbə müdiri idi. Biz onunyana gedəndə qorxudan əsirdik. Həmin vaxtlarda bu qəzet Naxçıvanda yaşayan İsa Həbibbəylinin, Muxtar müəllim, Kamran Əliyevin yaradıcılığında önəmli yer tutub. Orada bütün işlərin başında Hüseyn Razi dururdu. Biz onun qarşısında uşaq kimi farağat dayanırdıq. Yadımdadır ki, ədəbiyyatda qətiyyən güzəştə getməyən bir adam idi. Hüseyn İbrahimov o zamanlar Naxçıvan Yazıçılar Birliyinin sədri olub. Orda təşkil etdiyi bütün tədbirlərdə, yığıncaqlarda mütləq şəkildə iştirak edirdik. Şəxsən mənim yaradıcılığımda Naxçıvan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Şərurda yerləşən "İşıqlı yol", "Şərurun səsi" qəzeti, bir də 70-ci ilin aprel ayında yaradılan "Şərur ədəbi birliyi" böyük əhəmiyyət kəsb edir. 2020-ci ildə həmin birliyin yaranmasının 50-ci ilini qeyd edəcəyik. Bu illər ərzində həmin ədəbi birlik Azərbaycan Yazıçılar Birliyinə ən azı 40-50 yaxşı yazıçı, şair yetişdirib təqdim edib. Oranı yaradan, orada ilk yazıları oxuyan akademik İsa Həbibbəyli olub. Akademik Muxtar Kazımoğlu, akademiyanın müxbir üzvü Kamran Əliyev, professor Akif İmanlı, şairlərdən Vaqif Məmmədov, Əhməd Sədərəkli, Nəriman Zeynalzadə, Kəmaləddin Qədim, Rafiq Oday, Kəmalə Nəsrin, Aləmzər Sadiqqızı, İmdad Orxan – hamısı ora toplaşırdılar. Onlar ilk şeirlərini orda oxuyub, ordan pərvazlanıb çıxıblar. Səfər Alışarlı, İnqilab Səfərli də o zamanlar bizim ədəbi birliklə maraqlanırdılar. Ayda bir dəfə dərnəyin məşğələsi keçirilirdi, hamımız da yığışırdıq ora. Aparıcı da Altay Tağızadə olurdu. O da həmişə sözü birinci biz gənclərə verirdi ki, şeirlərimizi oxuyaq. Bizdən əvvəl yazan, artıq bizə baxanda püxtələşmiş şairlərin şeirindən sonra şeir oxumağa utanmayaq. Orda güzəştə getmək yox idi. O ki deyirlər ha, dəmiri isti-isti döyərlər. Bax orda da yeni yazılmış şeirlərimiz müzakirəyə çıxarılırdı, analiz edilirdi. Belə deyək də, o zaman yazdığımı bütün ədəbi nümunələr isti-isti süzgəcdən keçirilirdi. Ondan sonra "Şərurun səsi" qəzetinə növbəti ay çapa verirdilər. Oranın şəxsən mənim bir şair kimi püxtələşməyində çox böyük rolu olub. MƏnim hecası yerinə düşməyən, qafiyəsi düz gəlməyən, təhrif etdiyim məqamları dərhal üzə çıxarıb. Orda elə adamlar otururdu ki... Bilirsiniz, bəzən gözəl şeirlərdən təsirlənib çox zəif şeirlər yazılırdı. Məsələn, Məmməd Arazın şeirlərini oxuyurdular, təsirlənib bir şey yazırdılar. O təsirlənmə də elədir ki, o ya gərək Məməd Arazın şeirindən güclü ola, hansı ki, bu mümkün deyil, ya da ki, sənin o mövzuyla nə işin? Onu artıq o cür şair yazıb da. Bu şeyləri bizə orda aşılayırdılar. Bir də orda deyilən şeirlərdən ən yaxşılarını seçib verirdilər almanaxlar çıxırdı. "Yazıçı” nəşriyyatlı ildə bir dəfə ayrıca Naxçıvan üçün toplu çıxarırdı. "Araz almanaxı” seriyasında bir neçə kitab işıq üzü görmüşdü. Onu da deyim ki, hazırda "Şərur ədəbi birliyi"nin rəhbəri mənəm. Bu gün də həminki kimi tədbirlər keçirilir, müzakirələr aparılır.
– Qırx ilə yaxındır ki, çap olunursunuz. Heç tənqid olunmusunuz, ümumiyyətlə, tənqidə münasibətiniz necədir?
–1968-ci ildə ilk publisistik yazım çap olunub. Sonra şeir yazmağa başlamışam, onlar da sərasər çap olunub. 1972-ci ildə "Qələbə atəşi" adlı şeirim çıxmışdı. O zamanlar ayda bir dəfə, rübdə bir dəfə çap olunmuş yazıları analiz edirdilər. Bir də ki redaksiyalara məktublar gəlirdi. Bir gün gördüm ki, Cavad Cavadlı böyük bir məqalə yazıb məni yaxşıca tənqid edib. Amma bir var tənqid etmək, bir də var rüsvay etmək. "Qələbə atəşi" şeirimi tədbirlərdən birində oxumuşdum. Dedilər qarşıdan "9 may – Qələbə bayramı" gəlir, bu münasibətlə qoy çap olunsun, elə çap olundu da. Mən yazmışdım:

Qələbə günündə top gurlayanda
Dumanlı səmada gülüşdü quşlar!


Yəni bu elə bir atəşdir ki, quşlar da buna seviniblər. Axı bu qələbə atəşidir! O da məni tənqid edərək yazıbmış ki, top gurlayanda quşlar necə gülüşə bilər?! İkinci də quşlar gülüşə bilməz. Mən də nə qədər qəzet vardısa hamısını gizlətdim. Amma bu o zamanlar belə olmuşdu. İndi mənə heç bir tənqid təsir eləməz. Onda qızlar da oxuyurdular axı qəzetləri. Mənim də pisimə gəlirdi. Qoy nə qədər istəyirlər tənqid eləsinlər. Bilirsiniz hər ilin, yaşın öz münasibəti var məsələyə. Nə olacaq tənqid yazanda. Mən də ki bir müəllif kimi qəbul eləyə də bilərəm, eləməyə də. Bu da qarşı tər fikridir.
– İndiyə kimi 27 kitabınız çap olunub. Bildiyimə görə, 28-cini hazırlayırsınız. Belə deyək ki, çox məhsuldar olub yaradıcılığınız. Bəs heç nə vaxtsa yaradıcı böhran yaşamısınızmı?
– Mən 69-70-ci ildən yazıram. O vaxtlar 8-ci sinifdə oxuyurdum. O vaxtlar ali məktəblər indiki kimi çox deyildi. Elə orta məktəbi yaxşı qiymətlərlə bitirənlər indiki dillə desək kolleclərə gedirdilər. Mən də Axura kəndində doğulub, boya-başa çatan oğlandım, orda da məktəbin 9-cu sinfini qurtaran kimi getdim Pedaqoji məktəbə. Bilirsinizmi, həmin o məktəb mənim üçün sanki Qori müəllimlər seminariyası oldu. Bizə çox güclü ədəbiyyat dərsi keçirdilər. Nə qədər şeir əzbərləyirdik, mətnlər oxuyub dərsdə müzakirə edirdik. İnanın ki, bizi ədəbiyyata həvəsləndirən də, həyata hazırlayan da o məktəb oldu. Qrupumuzda 50 uşaqdan 4-ü oğlan, qalanı qız idi. Biz də onlara yaxşı görünmək üçün özümüzü yaxşı aparmalıydıq, onlara şeir yazmalıydıq. Birinin ad günü olurdu, birinin nəsə bir xoş günü olurdu, 8 Mart – beynəlxalq qadınlar bayramı olurdu. Mən də belə əlamətdar günlərdə onlara şeir hədiyyə edirdim. Bir dəfə qrupumuzda bir qızın ad günü idi. Ad günündə birdən durub dedilər ki, indi də İbrahim bizə "Qız ürəyi” şeirini oxuyacaq. Mən də təəccübləndim. Hardan tapıb oxuyurdular qaralamalarımı heç bilmirəm. Sözümün canı odur ki, bax belə bir mühitdə biz öyrənirdik, böyüyürdük.
Mən bir az utancaq idim. Naxçıvanda Ordubadi adına kitabxana var. Çox qədimi kitabxanalardan biridir. Orda "Arazın səsi” ədəbi birliyi fəaliyyət göstərirdi. Onu da İsa Həbibbəyli aparırdı. O biri uşaqlar institutdan gəlirdilər, mənsə Pedoqoji məktəbdən. Aramızda yaş fərqi vardı. Akif müəllim, Muxtar Qasımzadə, Rasim Yadigar, İnqilab, Kəmaləddin Qədim, Məmməd Tahir ora gəlirdi. Bax belə bir ədəbi mühitdə biz püxtələşdik. Və bizim şeir yazmamağa vaxtımız olmurdu. Tez-tez tədbirlər, bayramlar, ad günülər olurdu. Biz də onlara şeir yazırdıq. Mən şeirdən başqa tədbirlərə ssenari də yazmışam. Riyaziyyat gecəsi, ədəbiyyat gecəsi keçirilirdi. O vaxtla bizim pedoloji məktəbin tədbirləri hədsiz çox idi. Bizi başqa yerlərdəki tədbirlərə də dəvət edirdilər. İnsanlarda da maraq çox idi. Naxçıvan şəhərində çox gözəl filarmoniya var. Yadımdadır tələbə olanda bir qrup yazar gəlmişdi, bizi də aparmışdılar. Çox maraqlı idi. O vaxtlar yazarları biz elə tanıyırdıq. Digər tədbirlərdə Naxçıvanın da gənc şair və yazıçıları ilə görüşürdük, bir-birimizlə tanış olurduq. Bir dəfə Məmməd Araz, Fikrət Qoca qonaq gəldi. Onlarla görüşlər çox gözəl keçirdi. Bu cür görüşlər bizi yeni yazılar yazmağa həvəsləndirirdi. Ondan sonra ən çətini ordu sıralarındakı illər oldu. Mənim orda da dəftərçəm vardı, orda da yazırdım. Kitablarımdan birində "Saxalin adası” adlı ayrıca bölmə var. Mən heç vaxt da yaradıcılığıma fasilə verməmişəm. Bu yaxınlarda Xalq şairi Vahid Əziz danışırdı televiziyada. Dedi ki, on beş-iyirmi il fasilədən sonra qayıtmışam yaradıcılığa. Məndə amma belə şey olmayıb. Heç vaxt fasilə verməmişəm. Hüseyn Razi bizə deyirdi ki, yatanda da balışınızın altında dəftər-qələm qoyun. Mən onun sözünə əməl eləmirəm, həmişə də uduzuram. Sonradan heç cürə yadıma sala bilmirəm ki bilmirəm. Şeirdə əsası bircə misradır. O bircə əsas ana misranı tapan kimi şeir özü-özünə yaranır. "Bir də ələ düşməz bu yaz yağışı”, "Dərdlərin belimi əydi, ay Vətən!” kimi misraları tapandan sonra şeir də axıb gəlir.
– "Xoş gördük Mirzə Cəlil, xoş gördük böyük ustad. Qəlbimizdə həmişə sənə sevgimiz var!..” – yazırsınız...
– Mirzə Cəlilə həsr etdiyim misralardır. O, bütün Azərbaycanın yazıçısıdır, dahidir, klassikdir. O, başdan-ayağa ədəbiyyatın özüdür. Əvvəla onu deyim ki, Mirzə Cəlili tanıdığım gündən olan məhəbbətim İsa Həbibbəyli ilə bağlıdır. Bu sevgini mənim ürəyimə məhz o aşılayıb. 70-ci illərdən başlayaraq İsa müəllimin yaradıcılğının ana xətti Cəlil Məmmədquluzadədir. Bundan başqa, onun işlədiyi məktəb bizim kəndlə yaşadığım Şərur şəhəri arasındadır. O ilk əsərini – "Çay dəsgahını” orda yazıb. Mən təhsil şöbəsində işlədiyimdən də o məktəbə tez-tez gedirdim. Müəllimlərin və uşaqların köməkliyi ilə həmin o "Çay dəsgahı” və digər əsərlərini tamaşasını hazırlayırdıq. Sonra həmin məktəbə də, kəndə onun adını verdilər. Kəndin adı oldu oldu Cəlilkənd. Orda həm da Cəlil Məmmədquluzadənin xatirə muzeyi var. O muzey ümummilli liderimizin, Naxçıvan Ali Məclisinin sədrinin Mirzə Cəlilə olan sevgisinin nəticəsində yenidən quruldu, bərpa edildi. Yəni bizim ona sevgimiz sonsuzdur, əbədidir. O muzeyçün İsa müəllim çox nadireksponatlar əldə etmişdi. Sonradan da o ev artıq üçüncü dəfə çox yüksək səviyyədə bərpa edilərək sakinlərin istifadəsinə verildi. Naxçıvandakı bütün məktəblilər mütəmadi olaraq həm bu muzeyə, həm də ki digər muzeylərə aparılır. Bizim hər birimizin Mirzə Cəlilə münasibəti bir başqadır. Həmçinin də Hüseyn Cavid. Mən hələ uşaq olanda bir yerdə daş parçası qoyulub üstünə də yazılmışdı ki, burda Hüseyn Cavidin heykəli olacaq. O daş elə-elə də qalmışdı. Ümummilli liderimizin, Ulu öndərimizin qayğı və diqqəti nəticəsində Naxçıvanda Hüseyn Cavid türbəsi tikildi. Cənazəsinin qalıqlarıvətənə gətirildi. Cavidin ailəsindən olanların hamısı orda dəfn edilib. Onun yanında adına muzey də açıldı. Hər il Cavid güləri keçirilir. Hüseyn Cavid muzeyinə yığışır, tədbir keçiririk. Ondan başqa Kəngərli rayonunun Şahtaxtlı kəndində də onun ev muzeyi fəaliyyət göstərir. Ora da tez-tez ədəbiyyat adamları yığışır, ədibin xatirəsi anılır.
– Yaradıcılığınızda çoxşaxəlidir: Şeirlərlə yanaşı, povest və hekayələr də qələmə alırsınız. Nəsr sizi çox yormur ki?
– Mənim bu 50 il müddətinə yüzlərlə məqaləm dərc olunub. Onların içində oçerklər, publisistik yazılar da çoxdur. Elə publisistik yazılarım var ki, mənə şeir kimi doğmadır. O yazıları da yazanda gözləyirdim ki, poetik olsun, quru olmasın. Hələ 70-ci ildə mən pedaqoji məktəbdə oxuyanda "Yaşaran gözlər” adlı povest yazmışam. Həmin povestdə bədii əlavələr, təsvirlə olsa da bütün obrazlar canlıydı. Həmin o povesti sonrada 90-cı illərdə mən yenidən işlədim. Və ayrıca kitab kimi çıxartdım. Pis də qarşılanmadı. Ondan başqa, "O günü göylərdən kədər kağırdı” adı povestimi isə ermənilərin bizə qarşı etdikləri insafsızlıqlar, vəhşiliklərə həsr etmişəm. Bakıda 20 yanvar gecəsi yaşanan faciədən biz də Şərurda yaşadıq. Ermənilər Sədərəki atəşə tutdular, uşaqlar şəhid oldu. Mən bütün gördüklərimi yazdım. Yəni orda olan hadisələr də həyatda olan hadisələrdir. Mən oçerklərimdən çox bax bu iki povestimi sevirəm. Bundan başqa hekayələrimi çox sevirəm. Bilirsiniz, insan gördüyünü, duyduğunu yazanda yaxşı olur. Kiminsə haqqında bir oçerk yazanda belə onu gərək yaxşı tanıyasan. Tanımadan, ondan-bundan eşitməklə yazılan yazı tam gerçək olmaz. Kitablarımdan birində – "Şəhidlər ölməz”də canlandırdığım bütün obrazları öz gözlərimlə görmüşəm, tanımışam.
– Yaradıcılığınızda uşaq şeirləri də əhəmiyyətli yer tutur. Bilirik ki, bu janrda yazan, yaradan çox azdır. İstərdim ki, bir az da bu barədə danışasınız.
– Uşaq şeirləri yazmaq, doğrudan da, çətindir. Amma yazıb bitirəndən sonra da onun sevinci o birilərinkindən daha çoxdur, daha üstündür. Mən bunu keçirtdiyim hislərə əsasən deyirəm. Bəli, uşaqlar üçün yazanlar çox azdır. Bu, böyük bir məsuliyyət tələb edən yaradıcılıqdır. Bir var nağıl danışmaq – belə oldu elə oldu. Biri də var uşağın dilindən şeir yazmaq. Biri var uzun-uzadı nəsə yazmaq, biri də var bir-iki bənd. Çoxunu da nəvələrimin dilindən yazmışam. Məncə, uşaqçün yazılan nümunələr qısa olmalıdır, uşağın dilinə, yaddaşına uyğun olmalıdır. Həmin bu şeirlərdən həm də uşaqlar nəysə öyrənməlidir, misralar onları düşündürməlidir. Dilin şirinliyini uşaqlara həmin bu uşaq şeirləri ilə ötürmək lazımdır. Şeirlərimin Uşaq ensiklopediyasında çap olunmasından da böyük sevinc hiss yaşamışam. Bu, mənim üçün fəxr idi. Bunu da deyim ki, bir də ürəyim çox kövrəkdir. Televiziyada verilişlərdə, kinolarda, tamaşalarda atılmış uşaqları görəndə səhərə qədər yata bilmirəm. Fikir eləyirəm. Bircə niyyətim budur ki, bütün uşaqlıq analı-atalı böyüsünlər, müharibə olmasın.
– Sizin şeirdə forma vacibdir, yoxsa məzmun?
– Mənim üçün hər iksi vacibdir. Məzmunu olub forması olan şeiri də bəyənmirəm, forması olub məzmunu olmayan şeiri də bəyənmirəm. Şeir yazmaq istəyən zəhmət çəksin həm formasını yoluna qoysun, həm də məzmununu. Bu, mənim fikrimdir. Şeirin qayda-qanunları pozulmamalıdır. Hamısı yerində olmalıdır. O bilirsiniz nəyə bənzəyir? Elə bil ki, kimsə melodiya ifa edir, arada falş notlar gedir, qırıqlıq yaranır. Amma mən sərbəst şeirin əleyhinə deyiləm. Mən o janrı da sevirəm. Münasibətim də çox yaxşıdır. Rəsul Rzanı, Fikrət Qocanı çox oxumuşam.
– Bəs indi kimləri oxuyursuz?
– Mən hər gün qəzet oxuyuram. "Kaspi”nin "Ədəbiyyat əlavəsi”, "Ədəbiyyat” qəzeti, "Ulduz” jurnalı, "Azərbaycan” jurnalı mənim sevdiyim mətbu orqanlardır. Müasirlərimizdən Adilə Nəzəri deyə bilərəm. Çox gözəl şeir yazır. Aləmzər Sadiq, Fərqanə Mehdiyevanı oxuyuram. Adları çəkmədiklərim var, amma hamını oxuyuram, izləyirəm.
– 65 yaşın astanasında özünüzə hesabatınız nədir? 65 yaşlı insan, 40 yaşlı şair kimi nə deyə bilərsiniz – nə itirdiniz, nə qazandınız?
– Mənim qazancım yazdıqlarım, oxuduqlarımdır. Əlimdə başqa işlərim aşıb-daşsa da yazım varsa, birinci yazımı yazmışam. Evdə də bunun üçün mənə həmişə şərait yaradıblar. Mən əgər qarşıma niyyət qoymuşamsa ki, yazım, nəyin bahasına olursa-olsun yazıram. Uzaq bir kənddə yaşa-yaşaya bu kitabları yazıb ərsəyə gətirmək, çap etdirmək asan başa gəlməyib. Amma hamısı da mənim qazancımdır. Bir şey də deyim ki, 27 kitabımın çıxmasına baxmayaraq, elə bilirəm ki, çox az yazmışam. Daha çox yazmalıydım, yazdığımdan daha böyük mövzulara toxunmalıydım. Bəşəri mövzular yazmalıydım. Qazancımdan biri də müəllim peşəmdir. 17-18 yaşımdan müəllim işləmişəm. Ona görə də müəllimlərə də çox yazı həsr etmişəm. Birdən mənə sual verirlər, müəllimliyi, yoxsa şairliyi üstün tutmağımı soruşurlar. Deyirəm ki, mən müəlliməm! Sözün həqiqi mənasında müəlliməm! Hətta 8-ci sinifdə oxuyarkən "Mənim arzum” adlı inşada belə müəllim olmaq istədiyimi yazmışdım. Mən müəllimliyi həmişə uca tutmuşam.

Söhbətləşdi: Xanım Aydın

banner

Oxşar Xəbərlər