• cümə axşamı, 28 mart, 23:04
  • Baku Bakı 13°C

Qoy hamı bilsin ki, kloun da insandır – Sadə peşə adamı

09.10.14 11:09 5373
Qoy hamı bilsin ki, kloun da insandır – Sadə peşə adamı
“Səhnəyə çıxdığımda vəzifəm oradakı insanları əyləndirməkdir. Ən yaxınım belə rəhmətə getsə, heç kimə hiss elətdirmədən əylənməli və insanlara qəhqəhələr atdırmalıyam. Daxildə əzab çəksəm də, tamaşaçıların qarşısına çıxar hər kəsi güldürərəm və vəzifəm bitər. Mənim qəmim, kədərim ancaq səhnə arxasındadır. Aktyorun ustalığı da məhz bundadır”.
Bu sözləri bizimlə söhbətində 8 ildir kloun kimi fəaliyyət göstərən Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov dedi. Aktyorluqla klounluğun vəhdətdə olduğunu söyləyən müsahibimiz uşaqlıqdan bu sənətə maraq göstərib.
“9 il universitetə sənəd verdim”
Orta məktəbdə oxuyarkən dram dərnəyinə gedən Cavanşir deyir ki, 9 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənəd versə də, qəbul ola bilməyib: “Test imtahanlarından çox zəif idim. Amma qabiliyyət imtahanlarında problemim olmurdu. O zaman, münsif heyəti qismində oturan aktyorumuz Rasim Balayevə qabiliyyətimi göstərə biləcəyim hər şeyi etdim. Mənə dedi ki, “hər şey yaxşıdır, ancaq aktyor olmaq üçün arıqsan. Get, kökələndə gələrsən”. Bu cavabdan xoşum gəlməmişdi. Kor-peşman mənəvi müəllimim olan Yaşar Nurinin yanına gəldim. Olanları ona danışdım. O isə dedi ki, “Rasimə deyə bilmirdin ki, “Nəsimi”yə çəkiləndə ayaq üstə qırxın çıxmışdı? O, həmin filmə çəkiləndə hətta, səndən də arıq idi”. Ondan sonra dəfələrlə sənədlərimi İncəsənət Universitetinə versəm də, test imtahanlarından keçə bilmədim. Düzdür, insana ali təhsil, diplom lazımdır. Amma aktyorluqda ən əsas bacarıq və qabiliyyətdir”.
Cavanşir deyir ki, teatrda işləyərkən enerjisini xərcləmək üçün klounluq edib: “Uşaqlıqdan klounluğa marağım var idi. Bu sənətin fərqliliyi məni həmişə özünə çəkirdi. İçimdəki enerji də o qədər idi ki, bunu nəyəsə xərcləməli idim və 2006-cı ildən klounluqla məşğul oldum. Ailəm də bu fikrimə qarşı çıxmadı. Əksinə, dəstək oldular. Onlar mənə dedilər ki, bu, sənin sənətin, işindir. Əgər həvəsin varsa, yolun açıq olsun”.
“Klounluq etməkdən utanmıram”
Klounluq sənətinin eybəcər hala salınmasından şikayətlənən həmsöhbətimiz deyir ki, bu sənəti hər kəs bacara bilməz: “Kloun aktyorluqdan da çətin sənətdir. Bu gün ölkəmizdə klounluğa yüngül sənət kimi baxırlar. Amma hamının düşündüyü kimi hər kəs kloun ola bilməz. Restoranlarda ucuz olsun deyə ofisiantlara kostyum geyindirərək onları tamaşaçılara kloun kimi təqdim edirlər. Hansı ki, onun heç nədən başı çıxmır. Əvvəllər bizim səhnə görmüş klounlarımız var idi ki, Azər Axşam, Qurban Mənsimov, Pərviz Məmmədrzayevin adlarını misal kimi çəkə bilərəm. Bu insanlar kloun sənətinin əsas bazalarıdır. İndi klounluq sənəti eybəcər formada restoranlarda tamaşaçılara təqdim olunur. Yoldan keçənləri qrimləyib 15 manat qarşılığında səhnəyə buraxırlar. Belə “klounlar” o qədər yorucu danışır ki, insanlar qaçıb getmək istəyir. “15 manatlıq klounlar” bu sənəti öldürürlər. Bəzən bizə zəng vurub mərasimə dəvət edəndə, qiyməti soruşurlar 100 manat dedikdə, filankəs 15 manata gəlir deyərək onu seçirlər. Kloun paltarını geyinib, qrim etməklə klounluq etmək mümkün deyil”.
Klounluq etmək üçün utanmıram. Dəvətlər də qəbul edərəm, ancaq pula ehtiyacım olduğu halda 20 manata heç bir restorana getmərəm. Bu, aktyor üçün ağırdır. Bu sənətdə hər baxışın, hərəkətin öz mənası var. Mən yoldan keçən klounlara məsləhət görürəm ki, “Qoca kloun” tamaşasına baxsınlar və bu sənətin necə ağır olduğunun fərqinə varsınlar”.
“İnsanların psixologiyasını bilməliyik”
Sənətinin çətinliklərindən danışan müsahibimiz deyir ki, hələ ki, millətimiz bu peşəni ciddi sənət kimi qəbul etmirlər: “Səhnədə danışmaq, mimikaların idarə edilməsi, danışmadan insanları güldürə bilmək asan deyil. Kloun həm hirslənməyi, həm kədərlənməyi, həm də gülməyi danışmadan mimikalarla göstərməyi bacarmalıdır. O tamaşaçının psixologiyasını bilməli, onun nəbzini tutmalıdır. Kloun səssiz şəkildə də çox şeyi izah edir. Onun o qədər enerjisi olmalıdır ki, içindəki rəngarəngliyi üzünə çıxsın. Lakin tamaşaçılar bu sənətə qiymət verməyi bacarmırlar. Bəzən uşaqlar burnumu, qolumu sıxır, pariki çıxardır, əllərinə gələni üstümə atırlar. Başa düşmürlər ki, kloun da insandır”.
Təhlükəli peşə
Həmsöhbətimiz iş başında qarşılaşdığı maraqlı hadisələrdən də danışdı. Gülməli görünsə də, Cavanşir bu sənətdə müəyyən təhlükələrlə üzləşib: “Bir dəfə iki nəfər dostumla işimizi icra etmək üçün bizi evə çağırmışdılar. İçəri girdik, gördük ki, burada bizim millətdən olan insan yoxdu. Hamısı əcnəbi, rus, ingilis, afrikalıdır. Biz də əcnəbi dilini bilmirdik. Hərəkətlərimizlə uşaqları güldürməyə çalışdıq. Uşaqlar da dilimizi başa düşməsələr də bizə gülürdülər. Amma bir qara dərili qız var idi ki, kənardan əsəbi halda bizə baxırdı. Onunla zarafat etdik. Sən demə, qız idmançı imiş. Bütün ev boyu bizi qovaladı. Hətta digər uşaqları da qızışdırdılar, bütün uşaqlar arxamızca qaçırdılar, əllərinə nə keçirdi, üstümüzə atırdılar. Uşaqlarla bacara bilmirdik. Sonra tort kəsmə mərasimində onlarda adət var ki, tortu burunlarına sürtürlər. İdmançı da üzümə baxır, bizi məcbur edir ki, üzünüzə sürtün. Biz də qorxumuzdan tortu üzümüzə yaxdıq”.
Müsahibimizin başına gələn ən təhlükəli hadisə isə Bakı kəndlərindən birində olub: “Bakı kəndlərinin birinə bizi kloun kimi dəvət etmişdilər. Buranın sakinləri çox ağır təbiətli və köhnə fikirli adamlardır. Adətlərə uyğun olaraq «palatka» toyu idi. Bura əsl dəhşət idi. Salatı cibimizə tökən kim, parikimizi dartan kim, burnumuzu çıxaran kim. İnsanlar üstümüzə hücum edir, bizimlə insan kimi davranmırdılar. Ondan sonra özümə söz verdim ki, mənə nə qədər pul versələr, buralara gəlmərəm”.
“Sənətimdən bezməmişəm”
Bütün bu çətinliklərə baxmayaraq sənətindən heç vaxt bezmədiyini söyləyən müsahibimiz bunun səbəbini sənətini çox sevməsində görür: “Bu sənəti icra etmək üçün insanda sevgi ilə yanaşı səbr də lazımdır. Sənəti sevməsən, onu icra etmək mümkün deyil. Mən heç vaxt işimdən bezməmişəm. Çətin də olsa, bu çətinliyi keçmək lazım olduğunu düşünmüşəm. Bəzən olub ki, kloun paltarında çöldə qalmışam, bəzən həmin paltarla evə tək getmək məcburiyyətində olmuşam. Amma sənətimi sevdiyim üçün hər vaxt zövqlə icra etmişəm”.
Gənc kloun sonda vurğuladı ki, insanlar bilməlidirlər ki, kloun da insandır. Nə dəmirdən, nə də taxtadandır. Klounun da özünə görə ürəyi, yaşam tərzi var.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər