• şənbə, 20 Aprel, 13:02
  • Baku Bakı 23°C

Qorxunun rəngi

29.11.18 14:07 1749
Qorxunun rəngi
Biz ki, heç görüşmədik,
Bəlkə heç ayrılmayaq?!
Bəlkə ölək – sən orda,
Mən uzaqlarda səndən?!

Mahir N. Qarayev


Güzgünün qarşısında otururam və bir müddət lal-dinməz güzgüdəki adama baxıram. Yox, dəli olmamışam, narahat olmayın. Dəli olsaydım, indi dünyanın ən xoşbəxt adamı idim... Özüm özümdən soruşuram:
– Ay əclaf, sən doğrudanmı o qızı sevirsən? Axı sən bu sözü çox qıza demisən... demisən və unutmusan...
Güzgüdəki adamın cavabı elə bil hazır idi, düşünmədən deyir:
– Mən ona "sevirəm” demirdim. Çünki günaha batmaq istəmirdim. Neyləyim ki, günahı təsbeh kimi əlimdə çevirməyi bacarmıram... Həm də sevginin qabarmaları, çəkilmələri üçün dəqiq ölçü-mizan yoxdur. Sevgi ağlın sərhədinin bitdiyi yerdə başlayır. Ağılla idarə olunan sevgi "suxoy moloko” kimi bir şeydir. Yeganə qadın idi ki, mən onu sevməkdən qorxurdum, çünki kimisə xoşbəxt etmək iqtidarında deyildim. Yeganə qadın idi ki, mən ona yox, o, mənə elani-eşq etmişdi və yeganə qadın idi ki, onun üzünü görmədən sevirdim. Həm də o, əlim çatmayan budaqda idi.
– Amma telefonda səsini eşidəndə həyəcandan ayaqların əsmişdi, dilin söz tutmamışdı.
– Hə, mən o səsə tabe olmaq istəmirdim, amma bu möcüzənin dadını çıxarmaq istəyi nəfsimə güc gəldi; o səsin sehrinə düşdüm. İncə, lətafətli, şirin, damarda qanı coşduran səs idi, susuzluqdan cadar-cadar olmuş içimə dirilik suyu kimi axdı o səs. Özümü o səsin ixtiyarına buraxdım.
Qəfildən sıx duman sürünə-sürünə güzgünün içinə girir və mənim əksim tədricən görünməz olur. Dağ yolunda dumana düşüb azmış nabələd yolçu kimi həyəcan keçirirəm. Əlimi biixtiyar üzümə çəkirəm, üzüm yerindədi, bəs güzgü əksimi niyə itirdi? Əlimi güzgüyə çəkirəm və bu dəfə ordan mənə qumral saçlı, ala gözlü, süzgün baxışlı, əsmər bənizli bir qız baxır. O qızın gözlərində kədər vardı, qorxu vardı.
– Səni itirməkdən qorxuram, – dedi. Məndən qorxunun rəngini soruşsalar, o qızın gözləri rəngindədi, deyərəm. Mənim içimdəki qorxu da o qızın gözlərindəki qorxuya qarışmışdı. Mən onu sevməkdən qorxa-qorxa sevirdim. Qorxulu sevgi idi bu sevgi. O qızın mesajları o qədər isti idi ki, içimi alov bürüyürdü və mən həmin qorxunu o alovun içinə atırdım. Bu qorxu isə odda yanmaz, suda batmaz idi! Dipdiri idi! Alovun içindən üzümə baxıb irişirdi, onun buz kimi baxışlarından damarımda qanım donurdu.
Əyilib güzgünün üzündən öpdüm. Yox, bu, əməlli-başlı dəlilikdi. Kənardan baxan, görən olsa, deyəcək bunun ağlı çaşıb. Heç kəs bilməyəcək ki, mən o əsmər bənizlini öpdüm.
Biz onunla heç görüşmədik, amma bilirəm ki, heç vaxt ayrılmayacağıq...

Kənan Hacı

banner

Oxşar Xəbərlər