• cümə axşamı, 25 aprel, 16:11
  • Baku Bakı 23°C

Qorxu ədəbiyyatı olsun, yoxsa...

14.01.19 10:21 1584
Qorxu ədəbiyyatı olsun, yoxsa...
Dəhşət ədəbiyyatı sadəcə "dəhşətlər”, ya hətta "dəhşətciklər”, hərdən "miskita” ya da ingiliscədən alınmış "horror" - oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülərək (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.) məhdudlaşdırılmış yığımı var. Dəhşət ədəbiyyatının, fövqəltəbii personajların mövcudluğu ilə təyin olunan müxtəlif mövzuları var: "kabuslar haqqında hekayə" (ghost story), vampir romanı, "qulyabanı haqqında hekayə" (werewolf story) , iblisə mübtəla olmaq haqqında əfsanələr və s.
Ədəbiyyatda bu janrın "kralı” Siven Kinq sayilır. Həm də Din Kuns, Uiliyam Bletti ("Şeytanı qovan"), Ayra Levin ("Rozmarinin uşağı"), İngiltərədən Klayv Barker ("Cəhənnəmdən üsyançı") , Robert Makkammon ("Onlar susayiblar"), Enn Rays ("Xordtanların xronikaları"), Loren Hamilton Annita Bleyk adlı nekromant haqqında silsiləsi ilə, Riçard Laymon, Piter Straub, Uitli Striber, Cek Ketçam, məlumdur . Rey Bredberinin hekayələrinin çoxu da bu janra aiddir. İngiltərədə Ceyms Herbert, Remsi Kempbell, Brayan Lamli ("Nekroskop") bu janrı dünyada tanıdan yazıçılardır.
Azərbaycanda dəhşət ədəbiyyatına gəlincə, bizdə bu janra məxsus olan mövzuların çoxu öz əksini Azərbaycanda xalq yaradıcılığında tapıb – divlər, cinlər, əjdahalar, tilsimlər, xortdanlar, qulyabanılar və s. Müəllif ədəbiyyatında bu janr nisbətən gec – 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəli meydana çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”nı bu janrın nümunəsi hesab edirlər. Bundan əlavə, yazıçı Vaqif Sultanlının "Ölüm yuxusu” povesti, Anarın "Göz muncuğu” əsəri də var.
Müasir Azərbaycan ədəbiyyatında ilk mistik trillerin müəllifi Fərid Nəsibzadədir. O, 2016-cı ildə nəşr olunan "Şayətin” kitabı ilə ölkəmizdə qorxu janrının ilk müəllifi kimi tanınır.
"Müzakirə”mizdə janrla bağlı təzadlı fikirlər səsləndi.
O tip ədəbiyyatın əleyhinəyəm

Yazıçı-tərcüməçi Kamran Nəzirli sualımızı təəccüb qarışıq heyrətlə qarşılayır: "Dəhşət ədəbiyyatı?! Ölmədik, bu günü də gördük! Bütün dünyada bu janr meydan sulayır. Bəzən də deyirlər ki, dünyəvi prosesdir, tələbat var, nə bilim, oxu funksiyası dəyişib, ya da, bəlkə elə dəyişdiriblər və s. "Palaza bürün, elnən sürün” məsəli burda mənim üçün keçmir... Düzü, bilmirəm, bu janrın əsasını kim qoyub, nə məqsədlə qoyub. Mən, ümumiyyətlə bu janrda yazılan əsərləri oxumuram. Sevmirəm və heç bilmirəm bizdə bu janrda kimlər yazır”. Yazıçıya görə, bu ədəbiyyat insanlığın psixologiyasına ziddir: "Yazmaq istəyənlərə də məsləhət görməzdim. Bu ədəbiyyat (əgər buna ədəbiyyat deyirlərsə) bütün insanlığın psixologiyasına mənfi təsir edir. Son onilliklər ədəbiyyat, incəsənət, kino və s. sahəsində, internetdə çoxsaylı dəhşətli "məhsullar” ucbatından dünyada insanların psixologiyasında problemlər yaranıb. Bir tərəfdən ekologiya, bir tərəfdən yediyimiz məhsullar, bir tərəfdən qəbul etdiyimiz dərmanlar... bir tərəfdən də dəhşət ədəbiyyatı... bütün bunlar insanı fiziki və mənəvi məhvə aparır. Axı, heç olmasa ədəbiyyat öz əzəli missiyasına sadiq qalsın! Hara və nə üçün yox olur o estetik hisslər, zərif duyğular?” K.Nəzirli bizdə o tip ədəbiyyatın yayılmasının əleyhinədir: "Yadımdadır, tələbə vaxtı Edqar Allan Po yaradıcılığına müraciət etmişdim, onun şeirlərindən bir neçəsini də dilimizə çevirdim. Lakin bir dəfə onun "Qara pişik” adlı hekayəsini oxudum, düzü, bir neçə gün özümə gələ bilmədim. Doğrudur, Edqar Ponun həmin hekayəsi "dəhşət ədəbiyyatı”na o qədər də uyğun gəlmirdi, amma dəhşətli idi...Əlbəttə, tərcümə etdim, hətta dərc də olundu. Amma özümə söz verdim ki, bundan sonra o tipli hekayələr oxumayım. Dəhşət! Ədəbiyyat da dəhşət olarmı? Mən bizdə o tipli ədəbiyyatın, bədii və cizgi filmlərinin, internet məhsullarının... istehsalının və yayılmasının qəti əleyhinəyəm”.

Maraq varsa, yazılmalıdır
"Qorxu insanda adrenalin yaradır. Bu da insana xoş təsir edir. Tutaq ki, biz həyəcanlanmağı xoşlayırıq, bunun üçün yüksək karuselə, kanata və s. minirik. Müəyyən dərəcədə qorxmaq insanı təsirləndirir və həyəcanvericidir” deyən yazıçı-publisist Mirmehdi Ağaoglu bildirdi ki, bu janr ədəbiyyatda daha çox Edqar Allan Ponun yaradıcılığında yer alıb. Belə ki, qrateks, detektiv janrları onun yaradıcılığından gəlir. "Bu mövzular onun hekayələrində var. Hazırda bu janr dünyada geniş yayılıb. Mənə elə gəlir ki, üçüncü dünya ölkələrinə nisbətən, inkişaf etmiş ölkələrin əlavə problemləri, qayğıları olmadığından, onlar bu cür qorxunu, həyəcanı kitablardan, filmlərdən yaşamağa çalışırlar”. Yazıçı bu janrda çəkilən filmlərin də insana zövq yaşatmadığı fikrindədir: "Bu yaxınlarda bir qorxu filminin təqdimatı keçirildi. Mən o filmə baxdığım zaman qorxudan başqa heç nə yaşamadım. Filmdə sənət adına məni heç nə duyğulandırmadı. Orada nə rejissor, nə aktyor işi var idi. Sadəcə yaradılmış qorxulu personajların qəfil ekrana gəlməsi musiqi və s. effektlərlə insanları qorxutmağa yönəlmişdi. Mən bu filmdən zövq almadım. Öz-özümə sual verdim: niyə insanlar bu filmə baxsınlar? Amma insanlar bu cür filmlərə baxırlar. Dünyada belə filmlərin böyük izləyici kütləsi və onlara həvəs göstərən insanlar var. Qorxu filmlərinin əvəzedilməz obrazı Zombidir. Bu obraz Haiti yerlilərinin yaratdığı mif idi. 18-19-cu əsrlərdə mif kimi yaranıb. Ancaq bunu kino sənayesi o qədər təqdim etdi ki, o, filmlərin əvəzolunmaz personajına çevrildi və bu, bizə artıq bir reallıq kimi gəlir». Ədəbiyyatda da qorxu əsərlərinin nümunələrinin olduğunu deyən yazıçı vurğuladı ki, Stiven Kinq bu cür əsərlərin ən məşhur yaradıcısıdır. "Yazıçının əsərləri əsasında filmə baxmışam, amma oxumamışam. Onun əsərlərini oxumamağımın səbəbi qorxu əsərlərinin marağımda olmamasıdır. Ancaq onun «Yazı sənəti» adlı ədəbiyyatçılıq haqqında kitabını oxumuşam. Həmin kitabı Kazım Səlimov ingilis dilindən Azərbaycan dilinə çevirib. Stiven Kinqin kitabları milyon tirajlarla dünyanın hər bir yerində çap olunur. O cümlədən, bizim dilimizə də tərcümə edilir. Əsərləri haqqında saysız-hesabsız filmlər çəkilib. O filmlərini hamısı kassa filmləridir”. Yazıçı qorxu ədəbiyyatı nümunələrinin bizim dilimizə tərcümə olunduğunu deyir: "Kitab mağazalarının rəflərində tərcümə olunan qorxu ədəbiyyatı nümunələrinə rast gəlmişəm. Ancaq bu janrla maraqlanmadığım üçün almamışam. Eşitdiyimə görə, azərbaycanlı müəlliflərdən də bu janra maraq göstərənlər var. Gənclər arasında da bu janrda yazan müəlliflərinin olduğunu eşitmişəm”. Bu janrın lazımlığına gəlincə, yazıçı hesab edir ki, əgər ədəbiyyatın alıcısı varsa, demək, bu janra ehtiyac var: «Bu yaxınlarda bizdə qorxulu janrda «Xoxan» filmi çəkildi. Düzdür, bu film komediya üzərində qurulmuşdu. Artıq bu janr bizim kino sənayesində də tələbata çevrilir. Rejissorlar bu janra müraciət edirlər. Yəqin ki, bu, yerli izləyicinin marağındadır. Ancaq bu tip filmlərdə kompüter qrafikası daha çox pul tələb etdiyindən, kinoya daha çox pul ayıran ölkələrdə aktualdır. O cümlədən, Türkiyədə də qorxu filmləri çəkirlər”. Bizim baxdığımız qorxu filmlərinin əksəriyyətində mifologiyanın yer aldığını deyən yazıçı hesab edir ki, bu, daha çox xristian mifologiyasına əsaslanır: "Tutaq ki, qarşılarına bir vampir çıxır. Onu xaçla, müqəddəs su vasitəsi ilə qorxudurlar. Bu, xristian dini dünyagörüşündən gəlmə elementdir. Türklərin isə çəkdiyi bəzi qorxu filmləri var. Onlar məsələyə sırf islamı nöqteyi-nəzərindən yanaşırlar. Məsələn, İslamda cinçıxartma, cadunu məhv etmək kimi adətlər var. İslamdan, Şərq mədəniyyətindən gələn elementlər bu qorxu filmlərinə sirayət edib. Şərqdə cin anlayışı ilə mübarizə kino faktı kimi maraqlıdır. Bu Şərq mədəniyyətinin o filmlərə daxil olması incəsənət sahəsi kimi maraq yaradır” Yazıçı hesab edir ki, əgər oxucunun bu janra marağı varsa, yazılmalıdır və tamaşaçı baxmaq istəyirsə, çəkilməlidir: "Sonucda, bu əsərlər gəlir gətirmək məqsədi daşıyır».
Olmayan şey haqqında fikir yürütmək çətindir
Qorxu janrının nümunələrinin bizim ədəbiyyatda olduğuna şübhə ilə yanaşan tənqidçi Tehran Alışanoğlu Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları»nı buna aid hesab etmir: «Janrın əsas rolu sürət əsrinin, texnogen inkişafın insanın öz mahiyyətindən uzaqlaşdırılmasına qarşı bir xof yaratmaqdan ibarətdir. Bu da inkişafın çox göründüyü Qərb ölkələrində yaranıb. Hazırda Qərb ölkələrində bu janr inkişaf edir. Bunun kökündə axirət ideyasını aktuallaşdırmaq durur. Hər-halda bizim ədəbiyyatda bu janrın nümunələri ilə tanış olmadan, inkişafı barədə bir söz deyə bilmərəm. Olmayan şey haqqında fikir yürütmək çətindir”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər