Qorumalı olduğumuz dəyər

Soydaşlarımızın yaşadıqları
ölkələrdə Azərbaycan dilini öyrədən
məktəblərin fəaliyyətini daha da genişləndirmək vacibdir
Fevralın 21-i Beynəlxalq Ana Dili
Günüdür. Hər il Parisdə, UNESCO-nun
mənzil-qərargahında qeyd edilən bu gün, həmçinin öz ana dilini sevən, yaşadığı
məkandan asılı olmayaraq onun təbliğatına çalışan insanların günüdür. Təsadüfi
deyil ki, bu il qeyd edilən tarix "Sərhədsiz dillər” mövzusuna həsr edilib. Hesab
edilir ki, bu əlamətdar günün qeyd olunması ölkələr və millətlər arasında sülh
dialoqunun və sosial inteqrasiyanın təşviqinə kömək edəcək. UNESCO bütün üzv
dövlətləri və tərəfdaşları dil müxtəlifliyini və çoxdilliliyi bayram olaraq
qeyd etməyə çağırır; çünki bu dillər dayanıqlı inkişafın və möhkəm sülhün
hərəkətverici qüvvəsidir.
Xatırladaq ki, Beynəlxalq Ana Dili Gününün qeyd
edilməsi üçün Banqladeş hökumətinin irəli sürüdüyü təşəbbüs 1999-cu ildə
UNESCO-nun baş konfransı tərəfindən qəbul olunub. 2000-ci ildən ölkələrdə
Beynəlxalq Ana Dili Günü qeyd edilir. Dil və mədəniyyət müxtəlifliyinin
tanınması, bu amillərə hörmət edilməsi cəmiyyətin daha sıx birləşməsinə kömək
edir. Bu isə dünyada möhkəm sülhün əsasını təşkil edir.
Qeyd edək ki, dünyanın ayrı-ayrı
ölkələrində diaspora təşkilatlarının nəzdində və ya ayrı-ayrı ziyalıların və
diaspora fəallarının təşəbbüsü ilə Ana dili sinifləri fəaliyyət göstərir.
Ana dili məktəblərin rəhbərləri
ilə söhbətimizdə bəzi xarici ölkələrdə Ana dilimizin qorunması və təbliği
istiqamətində görülən işlərdən xəbər tutduq.

Əgər
ana dili siniflərinin sayı artarsa…
Kanadanın
Ontario vilayətinin Toronto şəhərində Ana dili məktəbinin rəhbəri Yeganə
Cəfərova artıq 14 ildir ki, Ana dili sinfinin fəaliyyət göstərdiyini deyir: "Azərbaycan
dili sinfinə yeni şagirdlərimiz qəbul olunub. Uşaqların marağı artır, onlar
dili öyrəndikcə çox sevinirlər. Cənubi Azərbaycandan olan uşaqlar da dərslərə
qatılırlar. Hətta 3 yaşında olan uşaqları da valideynləri sinfə yazdırarlar.
Bu, bizi çox sevindirir. Dərsin tədrisi üçün başqa müəllimlər də işə cəlb
olunub. Təhsil
şöbəsi, adətən hər həftənin şənbə günləri dil dərslərinə yer verir. Bu dərslər
həftədə bir dəfə, 2 saat yarım keçirilir. Biz bayram günləri və tətil günləri
istisna olmaqla, dərsi tədris edirik. Təhsil şöbəsi təklif edir ki, uşaqlar çox
olarsa, siniflərin sayını artıraq. Bunun üçün uşaqda maraq yaratmaq, dili nə
cür öyrənməyin lazımlığını onlara aşılamaq lazımdır. Uşaqlar dili sevməlidirlər
ki, öyrənsinlər. Uşaq sərbəst qalanda diqqətdən kənarlaşa, xoşa gəlməyən
vərdişlərə meyllənə, öz milliliyini itirə bilər. Bu baxımdan, Ana dili
məktəbinin yaradılması və azərbaycanlı uşaqların ora cəlb edilməsi çox
vacibdir. Kanadada başqa millətlərin, o cümlədən ermənilərin çoxsaylı
məktəbləri var. Həmçinin çoxlu erməni uşaq bağçaları var. Bizim də maliyyəmiz
olsa, belə məktəblər və uşaq bağçaları aça bilərik.Düşünürəm ki, gələn
ildən başqa məktəblərdə Ana dili sinfini açmağa qadirik. Çünki burada
azərbaycanlı uşaqlar çoxdur. Mən bütün valideynləri də bu prosesə hazırlamaq
istəyirəm. Bununla bağlı özüm də məqalələrlə çıxış edəcəyəm. Hər bir xalq öz
ana dilini qoruyur. Biz də öz dilimizi qorumalı və təbliği ilə məşğul
olmalyıq”. Y.Cəfərova hesab edir ki,
əgər ana dili siniflərinin sayı artarsa, Kanadadakı insanlarımız öz dillərində
danışarsa, bu, ölkəmiz haqqında informasiyaları həmçinin öz dilimizdə yaymağa
imkan verər. Y.Cəfərova ana dili məktəbinin 15 illiyini qeyd etməyə hazırlaşdıqlarını
da bildirir: "Bu tarixi təntənə ilə qeyd edəcəyik. Bu, ana dilimizi daha çox
təbliğ etmək üçün bir stimul yaradır”.

Dilimizi unutmamağa,
tariximizi, mədəniyyətimizi bilməyə…
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Məktəbinin
rəhbəri Qasım Nəsirov bildirdi ki,
artıq iki ildir Bern şəhərində Qarabağ Azərbaycan dili Mədəniyyət Məktəbi
fəaliyyət göstərir. Hazırda bu məktəbdə 14 şagird dərs alır. Hər həftənin şənbə
günü şagirdlərə 3 saatlıq dərslər keçirilir: "Şagirdlərə həm Azərbaycan dili və
ədəbiyyatı, həm də Azərbaycan rəqsləri öyrədilir. Artıq bir aydır ki, həmin
məktəbin filialı Solothurn şəhərində
də yaranıb. Bununla da Azərbaycan dilində ikinci məktəb fəaliyyətə başladı. O
məktəbdə də təxminən 25 uşaq oxuyur. Onlara ana dili, Azərbaycan rəqsləri və
milli musiqimiz öyrədilir. Onlar hətta Azərbaycan rəqslərini 3 festivalda
təmsil ediblər və maraqla qarşılanıblar”. Q.Nəsirovun sözlərinə görə, uşaqlarda
Azərbaycan dilini öyrənməyə böyük maraq var. Onlar dərslərə həvəslə qatılırlar:
"Bu, bizi çox qürurlandırır. Çünki bu ölkədə doğulan və yaşayan uşaqlar öz
mədəniyyətlərindən uzaq olduqları üçün çox şeyi yadırğaya bilərlər. Ancaq bu
cür məktəblərin olması uşaqların öz mədəniyyətlərini, tarixlərini bilməyə,
doğma dillərini sevməyə yönləndirir”. Məktəb rəhbəri deyir ki, dərslərdə əsasən
Azərbaycandan aldıqları dərsliklərlə dərs keçirlər. Belə ki, uşaqlar həmin
kitablardan hekayələr, şeirlər öyrənirlər: "Eyni zamanda, Azərbaycan
coğrafiyası, ədəbiyyatı haqqında məlumatlar əldə edirlər. Hesab edirəm ki, ana
dili məktəblərinin fəaliyyəti xarici ölkələrdə, xüsusən vacibdir. Bu məktəblər
öz soydaşlarımızın dilimizi unutmamasına tariximizi, mədəniyyətimizi bilməsinə,
soykökümüzə bağlı olmasına səsləyir. Fikrimcə, bu məktəblərin fəaliyyətini
get-gedə daha da genişləndirmək və daha çox uşaq cəlb etmək lazımdır».

Ana dilimizin ölkəmizdən
kənarda yaşadılması
Ukrayna Azərbaycanlıları
Odessa vilayəti qadın və uşaq şöbəsinin rəhbəri Alidə Gözəlova bildirir ki, Odessa vilayətində Ukrayna Azərbaycanlıları
Konqresinin və iş adamlarının dəstəyi ilə Ana dili məktəbi fəaliyyət göstərir:
«Uşaqlar və valideynlər məktəbə böyük həvəslə yanaşırlar. Azərbaycan dilinin normalarının
düzgün öyrənilməsi, ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin
övladlarımıza aşılanması ilə məşğul oluruq. Məktəbimiz uşaqların dərs qrafikini
pozmamaq üçün həftə sonları – şənbə və bazar günləri fəaliyyət göstərir. Hesab
edirəm ki, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, azərbaycanlı olduğumuzu
unutmamalıyıq. Bizim övladlarımızın damarlarında azərbaycanlı qanı axır. Ona
görə də onların öz ana dillərinə maraqlarını təmin etmək üçün çalışırıq. Biz
bütün milli, dini bayramlarda, ölkəmizin tarixi günlərində uşaqların iştirakı
ilə tədbirlər keçiririk. Məqsədimiz övladlarımızı vətənpərvər ruhda böyütmək,
Azərbaycan dilinin onların ana dili olduğunu və vətənin nə demək olduğunu
öyrətməkdir. Biz onlara təkcə Azərbaycan dilində yazmağı və oxumağı öyrətməklə
bu hisslərin nə qədər önəmli olduğunu başa sala bilmərik. Eyni zamanda, kədərli
günlərimizi də, xoş günlərimizi də, adət-ənənələrimizi də öyrədirik. Uşaqlar
ana dilimizdə şeirlər öyrənir, mahnılar oxuyurlar. Bu, bizi çox sevindirir.
Hesab edirəm ki, bu məktəbin fəaliyyəti dilimizin ölkəmizdən kənarda
yaşadılması istiqamətində mühüm addımdır”.

Azərbaycanlı uşaqlar öz
dillərini sevsinlər
Fransa Azərbaycanlıları Koordinasiya
Şurasının əlaqələndiricisi, Fransa Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov bildirir ki, 2019-cu
ildə Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyevanın və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü
ilə Fransanın Nant şəhərində Azərbaycan-Qarabağ məktəbi açılıb. Belə ki, aprel
ayında məktəb fəaliyyətinin 1 illiyini qeyd edəcək: "Belə bir məktəbə Nant
şəhərində yaşayan azərbaycanlıların böyük ehtiyacı var idi. Bura Fransada
azərbaycanlıların ən çox məskunlaşdığı şəhəridir. Bu şəhərdə təxminən 300-400-dən
çox azərbaycanlı ailə yaşayır. Məktəbdə təxminən 40-45 şagird qeydiyyatdan
keçib. Hər bir valideyn istəyir ki, övladı fransız dilini bilməklə yanaşı ana
dilini də unutmasın. Çünki ana dilini unutmaq vətənini, torpağını, Qarabağı,
Xocalını, 20 Yanvar hadisələrini unutmaq
deməkdir”. T.Zeynalovun sözlərinə görə, məktəbdə 2 müəllim Azərbaycan dilindən
6-9 yaşlı uşaqlara ana dilini tədris edir: "Bu məktəbdə uşaqlara yazmağı, oxumağı
öyrədir, Azərbaycanın milli atributları, mədəniyyətimiz, tariximizlə bağlı məlumatları
veririk. Sevindirici hal odur ki, məktəbə maraq gün-gündən artır. Hətta, uzaq
şəhərlərdən belə zəng edərək «imkanımız olsaydı, biz də öz uşağımızı bu məktəbə
gətirərdik ki, ən azı öz ana dillərini öyrənsinlər» deyirlər”. Assosiasiya
sədrinin sözlərinə görə, Ana dili məktəblərinin Azərbaycandan kənarda fəaliyyət
göstərməsi çox vacibdir: "Buralarda yaşayan azərbaycanlılar da bu məktəbin
əhəmiyyətini anlayırlar: "Bizə başqa şəhərlərdən zənglər gəlir və belə bir
məktəbin azərbaycanlıların yaşadığı başqa şəhərlərdə olmasını da istəyirlər. Bu
da onu göstərir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarının Azərbaycan
dilini öyrənmələrini istəyirlər. Biz də təşkilatçı kimi bu istiqamətdə
əlimizdən gələni etməyə çalışırıq ki, buradakı azərbaycanlı uşaqlar öz
dillərini sevsinlər və unutmasınlar.
Məqsədimiz odur ki, gələcəkdə Azərbaycan üçün kadrlar yetişdirək. Yəni bu
uşaqlar öz ölkələrindən gördüyü qayğını yaddan çıxarmasınlar. Təbii ki, bu
istiqamətdə təbliğatımızı aparırıq. Burda hər sahə üzrə tədris edə biləcək
müəllimlərimiz də var».
Təranə Məhərrəmova

