Qonşuya ümid olma ki...
Ekspertlər deyirlər ki, xarici bazarın şaxələndirilməməyi fermerləri Rusiyadan asılı vəziyyətə salıb
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında,
regionlarda yaşayan əhalinin məşğulluğunun təmin olunmasında, onların sosial
vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Daha aydın ifadə etsək,
kəndlinin qazancı torpaqdan, əkin-biçindən çıxır. Torpaq mülkiyyətçisi üçün
başlıca hədəf, aqrotexniki qaydalara riayət etməklə daha keyfiyyətli məhsul
yetişdirməkdirsə, onu qayğılandıran digər mühüm amil min bir əziyyətlə əldə
etdiyi bu məhsulu daxili və xarici bazara çıxarmaq, satmaq, pula çevirməkdir.
Təəssüf ki, bu proses heç də hər zaman planlaşdırılan şəkildə, asanlıqla həyata
keçmir. Xüsusən də məhsuldarlıq bol olan vaxtlarda, mövsümlərdə kəndli müəyyən
çətinliklərlə, o cümlədən süni maneələrlə rastlaşır. Buna misal olaraq, son
vaxtlar Rusiyanın Azərbaycandan bəzi kənd təsərrüfatı məhsulları idxalına
qoyduğu məhdudiyyəti göstərmək olar. Məhz bu səbəbdən rayon sakinlərinə,
sahibkarlara ciddi ziyan dəyib. Misal üçün, Cəlilabadda 5400 hektara yaxın
ərazidə əkilən kartofdan bol məhsul əldə edilsə də Samur Gömrük Postunda
yüzlərlə iri həcmli yük avtomobillərinin (TIR) dayanması, süni maneələr, keçid
prosesinin ləngiməsi bəzi malların xarab olması ilə nəticələnib.
Şəxsi
maraqlar naminə ənənəvi süni əngəllər
Sərhədi keçə bilməyən bəzi sahibkarlar, torpaq
mülkiyyətçiləri məcbur olub məhsulu daxili bazara çıxarıb, daha ucuz qiymətə
satıblar. Göyçay rayonunun Ləkiçıplaq kənd sakinləri də eyni aqibətlə
üzləşiblər. Yaxşı məhsul əldə etsələr də, xarici bazara çıxa bilmədikləri üçün
pomidorun 1 kiloqramını 20, xiyarın 1 kiloqramını 3 qəpiyə təklif etmək
məcburiyyətində qalıblar. Masallı rayonunda isə fermerlər pomidorun 1
kiloqramını 10 qəpikdən təklif edirlər, lakin alıcı tapa bilmirlər. Mövzu ilə
bağlı həmsöhbət olduğumuz sahibkarlar iddia edirlər ki, əsas problemi Gömrük
Komitəsi yaradır. Onların sözlərinə görə, komitə rəsmiləri bəzən iddia edirlər
ki, söylənilənlər yalandır, məhsuldarlıq aşağı səviyyədədir və sair. Əgər
məhsuldarlıq yoxdursa, bu qədər məhsul haradan alınıb, nə üçün Rusiyaya
daşınır? Nə üçün gömrük keçid məntəqəsində bu qədər "quyruq” yaranır?
Sahibkarların fikrincə, əgər yüz faizlik problemin 70 faizi Rusiyadan
qaynaqlanırsa, 30 faizi Azərbaycan tərəfdən, xüsusən də gömrükdən qaynaqlanır.
Belə ki, fitosanitar sertifikatların verilməsi gecikdirilir, kimlərsə şəxsi
maraqlar naminə ənənəvi süni əngəllər yaradır. Cəlilabaddan olan sahibkarın
bizə söylədiyinə görə, sürətli keçidi təmin etmək üçün yaradılan "yaşıl dəhliz”
2019-cu ildə yaxşı effekt versə də, sonradan kimlərsə bu dəhlizə müdaxilə
etməyə başlayıb. Xarici bazarlara kənd təsərrüfatı məhsulu ixrac edən bəzi
sahibkarın tez xarab olan məhsulları o
dəhlizdən buraxılmır. Misal üçün, çiyələk, pomidor ixrac edənləri o dəhlizdən
keçməyə ya ümumiyyətlə qoymur, ya da çox ləngidirlər. Nəticədə məhsul ünvana
çatmadan xarab olur, fermerə, sahibkara ziyan dəyir.
Azərbaycan
üçün ən böyük xarici bazar
Fermerlərin hər il üzləşdiyi bu çətinliklərlə bağlı
fikirlərini "Kaspi” qəzetinə bölüşən
iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, mövcud problemin həll
olunmamağının bir neçə səbəbi var. Onun fikrincə, bunlardan birincisi iqtisadi
tərəfdaşımız, Şimal qonşumuz, Azərbaycan üçün ən böyük xarici bazar sayılan
Rusiyanın özünün idarəetmə modelidir: "Rusiya kimi avtoritar ölkələr iqtisadi
münasibətlərə daha çox siyasi elementlər tətbiq edirlər. Hər hansı dövrdə qarşı
tərəfə təzyiq etmək lazımdırsa, bundan irəli gələrək təzyiq və təsir alətlərini
qeyd-şərtsiz tətbiq etməyə başlayırlar. Belə münasibət yalnız Azərbaycana qarşı
deyil, eyni zamanda Rusiyanın iqtisadi tərəfdaşları Gürcüstan, Türkiyə və digər
dövlətlərə qarşı da tətbiq edilir. Bir nəfərin idarəetməsindən, qərar qəbul
etməsindən asılı olan idarəetmə modelləri heç bir halda etibarlı tərəfdaşlıq
modeli formalaşdıra bilməz, etibarlı iqtisadi-siyasi tərəfdaşa çevrilə bilməz.
Bu baxımdan, Rusiya Azərbaycanın ən etibarsız tərəfdaşlarından biridir. Hər
zaman Azərbaycan üzərində təzyiqlər formalaşdırır və bunun qarşılığında siyasi
hakimiyyətdən güzəştlər qoparmağa çalışır. Çox təəssüf ki, Azərbaycan
iqtisadiyyatı, iqtisadi subyektləri də, aidiyyəti qurumlar da indiyə qədər bu problemin həlli
istiqamətində adekvat mövqe ortaya qoya bilməyiblər. Problemin həlli nədən
keçir? Təbii ki, Rusiyanı dəyişə bilmərik və bu ölkə hazırda bu cür idarə
olunur. Belə olan halda bizim yolumuz bazarın şaxələndirilməsidir. Bu gün
Azərbaycandan kənd təsərrüfatı məhsullarının 92 faizi məhz Rusiya bazarlarına
ixrac edilir. Bazarların şaxələndirilməməyi Rusiyanın mövcud təsir
rıçaqlarından Azərbaycana qarşı istifadə etməsinə daha geniş imkanlar yaradır”.
Başlıca
çıxış yolumuz...
Müsahibimiz ötən ilin dekabr ayında Rusiyanın
Azərbaycandan pomidor idxalına qadağalar qoymasını xatırladıb. Deyib ki, indi
də digər məhsulların idxalına müəyyən məhdudiyyətlər qoyulub və bu, davamlı
şəkildə hər il təkrarlanır. R.Həsənovun qənaətincə, bu konyukturun özü
Azərbaycanda aqrar sektorun inkişafı, planlaşdırılması, strateji böyüməsi üçün
çox ciddi maneə hesab olunur: "Nəzərə alaq ki, sığorta sistemi bizdə zəif
inkişaf edib. Aqrar sektorda sığorta yeni-yeni inkişaf etməyə başlasa da, bu,
dünyada mövcud olan sığorta məhsullarını təklif edəcək səviyyədə deyil. Burada
gəlirin, mənfəətin sığorta edilməsi nəzərdə tutulmur. Bu sığorta məhsullarının
olmaması bazarda, ümumiyyətlə, aqrar sığorta sahəsində zəif inkişaf,
sahibkarlıq subyektləri, fermerlər üzərində çox ciddi təzyiqlər formalaşdırır.
Çünki qəbul edilən müvafiq qərarlar əksər hallarda sahibkarların ciddi zərəri
ilə nəticələnir. Bu, bir neçə istiqamətdə olur. Birincisi, məhsulların istifadə
müddəti başa çatır. Xüsusilə kənd təsərrüfatı məhsullarının saxlanma müddəti az
olduğu üçün tez xarab olur. İkincisi, sahibkarlar həmin məhsulları məcburən
daxili bazara qısa müddətdə yönəltməyə çalışırlar və daha aşağı qiymətə realizə
edirlər. Nəticədə əvvəldən nəzərdə tutulan gəliri əldə edə bilmirlər, defolt
riski ilə üz-üzə qalırlar. Defolt riskindən isə bizi qoruyan hər hansı sığorta
aləti, zəmanət mexanizmi yoxdur. Bu da dolayısı ilə Azərbaycanda kənd
təsərrüfatı sahəsində davamlı inkişafa, dayanıqlı böyüməyə, strateji
investisiya layihələrinin həyata keçirilməsinə ciddi maneədir. Ona görə də,
başlıca çıxış yolumuz bazarların şaxələndirilməsi, inkişaf etmiş bazarların
tələblərinə uyğun, standartlara cavab verən məhsulların istehsal edilməsi, bu
standartların Azərbaycanda tətbiqi mühitinin formalaşdırılmasıdır. Yəni
istehsal edilən məhsullar digər xarici ölkə bazarlarına çıxarılmalı, daha
yüksək qiymətlərlə təklif edilməlidir. Daha çox mənfəət normasının əldə
edilməsi, ümumi daxili məhsul istehsalı imkanı təmin edilməlidir”.
Korrupsiya
və rüşvət hallarına şərait yaradılır
İqtisadçı
ekspert Natiq Cəfərli də
hesab edir ki, kənd təsərrüfatı bazarlarını çoxşaxəli modelə keçirə
bilmədiyimiz üçün Rusiya bazarından çox asılıyıq. Onun fikrincə, Azərbaycan
tərəfdən sürətli keçid təmin edilsə də, çox zaman Rusiya tərəfdən müəyyən
problemlər yaradılır: "Müxtəlif dövrlərdə saatlarla, günlərlə insanlar sərhəd
buraxılış məntəqəsində növbələrdə dayanırlar. Sərhəddə Rusiya bazarına müxtəlif
məhsullar aparan yük maşınlarının uzun növbəsi yaranır. Azərbaycandan, əsasən
kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac edildiyindən, zaman çox önəmlidir.
Məhsulların xarab olması ehtimalı kifayət qədər yüksəkdir. Dəfələrlə bu barədə
Rusiya tərəfi ilə danışıqlar aparılsa da, məsələ həllini tapmayıb. Bu da onu
göstərir ki, sözügedən məsələyə münasibətdə qarşı tərəfin öz maraqları var.
Sərhəd keçid məntəqəsində fəaliyyət göstərən rusiyalı məmurların öz şəxsi
maraqları, korrupsiya və rüşvət hallarına şərait yaradılması faktları buna
aiddir. Bu yubanmalar, məhdudiyyətlər, eyni zamanda Rusiyanın dövlət siyasəti
də ola bilər. Azərbaycana müəyyən təsir rıçaqlarının yaradılması üçün
zaman-zaman bu metoddan istifadə edilib. Ona görə də Azərbaycan və Rusiya arasında
dövlətlərarası müqavilənin bağlanmasına, zəmanətin yaradılmasına ehtiyac var.
Buna misal olaraq sürətli keçidi təmin edən "yaşıl dəhliz”lərin mövcudluğunu,
infrastrukturun daha da genişləndirilməsini göstərmək olar. Azərbaycan tərəfdən
bu kontekstdə müəyyən təşəbbüslər irəli sürülməli, təkliflər
səsləndirilməlidir. İki ölkə arasında "yaşıl dəhliz”lərin yaradılması barədə
qərar var. Amma bunun həyata keçirilməsi üçün mexanizmlər olmadığına görə, hər
il eyni problemlərlə qarşılaşırıq. Rusiya və Azərbaycan bununla bağlı prosedur
qaydalarını müəyyən edən müqavilə imzalamalı, razılığa gəlməlidirlər”.
Dövlətin
elan etdiyi prioritetə qarşı çıxanlar
Ekspertin qənaətincə, elə etmək lazımdır ki, bu
qaydaları hansısa məmur öz şəxsi maraqlarına görə poza bilməsin, prosesə
müdaxilə etməsin: "Təəssüf ki, indiyə kimi infrastrukturun genişləndirilməsi,
dəqiq prosedur qaydalarının müəyyənləşdirilməsi, konkret müqavilə ilə
təsdiqlənməsi mümkün olmayıb. Bu da hər il eyni problemlərlə qarşılaşmağımıza
səbəb olur. Son nəticədə başlıca ziyan fermerlərə dəyir. Çünki elə məhsullar
var ki, onun yetişməsi və bazara çıxarılması mövsümü Azərbaycanda 2-3 ayı əhatə
edir. Bu 2-3 aylıq fəaliyyət fermerlərin illik qazancını təmin edir. Bu dövrdə
yetişdirilən, bazara çıxarılan, satılan məhsul müqabilində əldə edilən gəlir il
boyu xərclənir. Bu mövsümdə fermerlərə süni maneələr yaradılanda, itkilər
olanda, onların vəziyyəti ilboyu çətin olur. Azərbaycan tərəfdən fermerlərə,
sahibkarlara hər hansı maneələrin yaradılması ehtimallarına gəlincə, bu,
ümumiyyətlə, qəbuledilməzdir. Əgər belə hallar varsa, buna yol verənlər dərhal
cəzalandırılmalıdır. Bu, açıq-aşkar sabotajdır, ölkə əhəmiyyətli qərarların
qarşısında süni maneə yaratmaq cəhdidir. Dövlətin elan etdiyi prioritet var.
Aqrar sahənin inkişafı və ixracın artırılması bu prioritetlər içərisindədir.
Əgər hansısa dövlət qurumu, yaxud məmur bu prioritetə qarşı fəaliyyət
göstərirsə, dərhal ifşa edilməli, cəzalandırılmalı, problem qısa müddətdə
həllini tapmalıdır”.
Sıxlıqların
yaranmasına əsas səbəb
Sahibkarlar Dövlət Gömrük Komitəsinin (DGK) adını
hallandırdığından, bəzi məmurların şəxsi maraqlar naminə fermerlərə süni
maneələr yaratması barədə iddialar ortaya qoyduqlarından, sözügedən qurumun da
mövzuya dair münasibətini öyrənməyi özümüzə borc bildik. DGK-nın Mətbuat və
ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq
Axundov qəzetimizə bildirdi ki, son günlər "Samur” gömrük postunda Rusiya
istiqamətində hərəkət edən yük nəqliyyat
vasitələrinin nisbi sıxlığı müşahidə olunur və buna səbəb tranzit, həmçinin
mövsümlə əlaqədar Azərbaycandan bu ölkəyə yük daşıyan nəqliyyat vasitələrinin
sayının artmasıdır. Qurum rəsmisinin sözlərinə görə, hazırda gömrük postu gücləndirilmiş
iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük
nəqliyyat vasitəsinin keçidi təmin edilir: "Rusiya Federasiyası tərəfində
yerləşən gömrük-keçid məntəqəsinin imkanları, hələlik bu rəqəmi artırmağa imkan
vermir. Bir daha bildiririk ki, Azərbaycan tərəfdə yerləşən "Samur” gömrük
postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük
nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir.
Sıxlıqların yaranmasına səbəb Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu
həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməyidir. Hazırda problemin həlli
istiqamətində lazımi addımlar atılır,
qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın
günlərdə sıxlıqlar tam aradan qaldırılacaq”.
Rufik
İSMAYILOV