• çərşənbə axşamı, 16 aprel, 17:18
  • Baku Bakı 19°C

Qonorarım maaşımdan dəfələrlə çoxdur

25.04.14 09:34 1705
Qonorarım maaşımdan dəfələrlə çoxdur
Səhnədə insanları ağlatmaq, güldürmək, düşündürmək ən çətin peşələrdəndir. Əslində hər şey sizə kənardan göründüyü kimi bərbəzəkli, cəlbedici gəlsə də, səhnəyə çıxıb tamaşaçı ilə üz-üzə gələrək obrazını onu sözün həqiqi mənasında qəbul etdirməyi hər aktyor bacara bilmir.
Bu günkü müsahibimlə də elə bu barədə danışdıq. O, Bakı Uşaq Teatrının istedadlı aktyoru, “Həyat varsa”, “Agabəyovlar”, “Göyçək Fatimə”, “Pərvanələrin rəqsi” seriallarındakı obrazları ilə daha çox yaddaşlarda qalan Niyaz Qasımovdur. O, hazırda “Sonuncu fəsil” serialının Fəxrəddin Zamanlısı (Faxı-müəllif) kimi tamaşaçılar tərəfindən sevilərək izlənilir.
- Bildiyimiz qədər, siz tamam başqa ixtisas sahibisiniz. Nə üçün öz sahəniz üzrə deyil, məhz aktyor kimi özünüzü sınamaq istədiniz?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq mədəni əlaqələr ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Bu ixtisası oxumağıma baxmayaraq, əzəldən aktyorluğa böyük marağım olub. Mən həmişə teatra yaxın və bağlı insan olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Aktyor olmaq üçün qabiliyyət imtahanı verdim, ancaq həmin imtahandan kəsildiyim üçün başqa fakültəyə daxil oldum. Deyirlər ki, qismətdən artıq yemək olmaz, tale elə gətirdi ki, arzuladığım sənət olan aktyorluq peşəsinə tərəf gəlib çıxdım. Belə ki, yolum Badamdar Mədəniyyət Evinə düşdü, direktor Fəridə Babayeva mənə çox dəstək oldu. Ondan çox şey öyrəndim. Sonra isə bədii qiraət müsabiqəsinin qalibi oldum, xalq teatrlar müsabiqəsində ən yaxşı kişi roluna görə mükafat aldım. Bir müddət keçdikdən sonra istedadlı rejissorumuz Loğman Kərimov məni Gənc Tamaşaçılar Teatrına dəvət etdi. Orada 1 il işlədikdən sonra hərbi xidmətdən çağırış vərəqəsi gəldi. Əsgərliyə getdim. Gələndə isə həmin teatrda dəyişikliklər baş verdiyini gördüm. Belə ki, geri qayıtdıqda Gənc Tamaşaçılar Teatrı, Kamera Teatrı və Gənclər Teatrının birləşdiyini eşitdim və nədənsə həmin teatra getmədim. Loğman müəllim mənə Bakı Uşaq Teatrında çalışmağımı məsləhət gördü. Həmin teatra getdim, məni çox gözəl qarşıladılar və beləliklə də zamanla teatrın direktoru İntiqam Soltanın himayəsində aktyor kimi formalaşmağa başladım. Bu da mənim aktyorluğa gələn yolum oldu...
- Sizin üçün teatr nə deməkdir?

- 3 ildir ki, Bakı Uşaq Teatrında çalışıram. Mənim üçün teatr bir xəstəlikdir, yoluxdunsa vəssalam. Teatr mənim həyatımın bir paçasına çevrilib. Bunun özünə görə kasıblığı da var, zənginliyi də. İncəsənət xadimləri arasında aktyor yeganə sənətkardır ki, öz müasirləri ilə bilavasitə ünsiyyətdə olur, sözün əsil və müstəqim mənasında onlarla üzbəüz dayanır, onu həyəcanlandıran hissləri, onu düşündürən fikirləri öz tamaşaçılarına özü təqdim edir, onlarla bir ürəyin döyüntüsü ilə, eyni vaxtda, eyni həyatla yaşayır. Bu mənada, aktyor sənətinin ictimai-estetik mahiyyətini, yaradıcılıq psixologiyasını tədqiq və təhlil etmək, öyrənmək çox maraqlıdır.
- Serial qəhrəmani olmaq daha rahatdır, yoxsa səhnədə aktyor kimi işləmək?

- Hazırda Bakı Uşaq Teatrında çoxşaxəli rollarım var. Bu teatr mənə çox şey öyrədib. Hacıbaba Məmmədovdan plastika, daxili ritm və bu sənətin sirlərini öyrəndim. Ancaq öyrəndiklərim buna kifayət etmir. Hərəsinin ayrı-ayrılıqda çətinlikləri var. Ümumiyyətlə, mənim üçün serial qəhrəmanı olmaq daha rahatdır. Teatr canlı sənət növüdür, canlı olduğu üçün təbii ki, o daha çətindir. Ümumiyyətlə, canlı sənət həyəcanlı və çətin olur. Ancaq serialda bir dubl alınmayanda, ikinci dublu yenidən çəkmək olur. Teatrda isə bu yoxdur, hər şey bir dublda baş verir.
- Sizcə, istedadlı aktyor olmaq istəyən kəs ilk öncə hansı keyfiyyətlərə malik olmalıdır?

- Aktyor olmaq istəyən şəxs hər şeydən əvvəl normal adam olmalıdır. Yəni danışığı, hərəkəti, nitqi, bilik səviyyəsinin qaydasında olması vacib şərtlərdəndir. Bir də öyrənmək istəyi sonsuz olmalıdır. Onu da qeyd edim ki, mənim üçün bunları demək hələ çox tezdir. İndiki gənclərdə bir az tənbəllik var. Onların daxilində sənət sevgisi azdır, nədənsə öz üzərilərində çalışmaq istəmirlər.
- Bəs, 10 ildən sonra özünüzü necə təsəvvür edirsiniz?

- 10 ildən sonra özümü daha yüksək zirvələrdə görmək istəyərəm. Dünyaca məşhur azərbaycanlı aktyor kimi fəaliyyətimi peşəkar şəkildə nümayiş etdirmək niyyətindəyəm. Çəkinmədən deyirəm ki, özümdən də istedadlı aktyorlarla tərəf müqabili olmaq istəyirəm. Çox istəyirəm ki, xalqımızın mədəniyyətə diqqəti daha da artsın, hər kəs aktyorunun, tarixinin, mədəniyyətinin, sənətinin qədrini bilsin.
- Aldığın qonorar gündəlik xərclərini qarşılaya bilirmi?

- Təəssüf hissi ilə qeyd edim ki, seriallardan aldığım qonorar teatrdan əldə etdiyim maaşdan dəfələrlə çoxdur. Ancaq bu da müvəqqətidir. İndi elə bir zəmanədir ki, dolanmaq çətindir. 185 manat maaş alıram. Onun 150-sini kredit verirəm. Yerdə qalan 35 manatla nə edim?
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər