Qonaqlarımız qayıdır
Pandemiyadan
sonra turizm sektorunda canlanma başlayıb. Artıq turistlərə Bakının küçələrində
tez-tez rast gəlirik. Mütəxəssis deyir ki, turistlərin haradan gəlməsindən
asılı olmayaraq, onlara elə münasibət göstərməliyik ki, bizdən də öyrənsinlər və
öz ölkələrinə xoş təəssüratla qayıtsınlar.
Pandemiyanın
ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin
çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər
açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. Dövlət Sərhəd Xidmətinin
məlumatına görə, 2022-ci ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən
74 min turist gəlib.
Qurumun
hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana Birləşmiş Ərəb
Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə,
Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə,
İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3 dəfə, Qazaxıstandan - 2,7 dəfə,
Rusiyadan - 2,1 dəfə, Ukrayna, İran və
Fransanın hər birindən 2 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5
dəfə artıb. Siyahıdan da görünür ki, ərəb turistlər yenidən ölkəmizə qayıdır.
Artıq turizm sektoru üçün çətin günlər arxada qalıb? Turistləri ölkədə saxlamaq üçün nə etməliyik?
Keçən il
50 turist var idisə...
Turizm mütəxəssisi
Ceyhun Aşurov "Kaspi”yə
açıqlamasında deyir ki, əslində, 2019-cu il ilə müqayisə etdikdə, say çox
azdır: "Bu ilin statistikasını 2021-ci ilin yanvarı ilə müqayisə etdikdə, ərəb
turistlərinin sayında artım var. Amma bu artım 2019-cu illə müqayisədə çox
azdır. Tutaq ki, keçən il 50 turist var idisə, indi 100 turist olub. Bu o qədər
də böyük göstərici deyil. Amma sevindiricidir ki, pandemiyadan sonra turist
axını bərpa olunur. Karantin qaydalarının yumşaldılması, uçuş xətlərinin bərpa
olunması nəticəsində müəyyən canlanma müşahidə edilir”.
2019-cu
ilin göstəricilərindən 70 faiz aşağı
Mütəxəssisin
sözlərinə görə, quru sərhədlər açılmayana qədər istədiyimiz rəqəmə çata
bilmirik: "Əsas strateji siyasətimiz ondan ibarətdir ki, pandemiya göstəricilərinin
azalması fonunda ölkəyə daha çox turist gəlsin. 2021-ci ildə əvvəlki illə
müqayisədə turizmdə 4 faiz artım olub. Amma bu, çox kiçik rəqəmdir. Çünki
2019-cu ilin göstəricilərindən 70 faizə yaxın aşağıdır. Ərəb və digər turistlərin
gəlmə səbəbi mərhələli şəkildə yumşalmanın nəticəsidir. Lakin quru sərhədlər
bağlı olduğu üçün böyük artımdan, hələ ki, söhbət getmir”.
"Azərbaycana
səyahət etmək təhlükəsizdir”
Ekspert Bakı
və regionlarda otellərdə hələ də tam doluluq olmadığını deyir: "2019-cu ildə Azərbaycana
3 milyon 170 min xarici vətəndaş gəlirdisə, hazırkı göstəricilər bundan qat-qat
aşağıdır. Bizə nə 2020, nə 2021-ci ildə nəinki 3, heç 1 milyona qədər turist gəlməyib.
Bu mənada ciddi doluluqdan söhbət getmir, lakin sənaye buna tam hazırdır. Ölkə
və turizm agentliyi olaraq dünyaya mesajımız odur ki, bizdə gigiyenik normalar
qorunur, koronavirusla bağlı bütün tədbirlər alınır və həqiqətən də, Azərbaycana
səyahət etmək təhlükəsizdir. İnanırıq ki, 2022-ci ildə gələn turistlərin sayı əvvəlki
illərdən çox olacaq”.
Turizm
diplomatiyadır...
Yəqin ki, ərəb
turistlərlə bağlı bəzi insanların neqativ fikirlərini eşidibsiniz. "Ərəblər natəmizdir”,
"ərəblər otellərə zərər verir”, "çaydanlarda yemək bişirir” kimi fikirlər
sosial şəbəkələrdə tez-tez qeyd edilirdi. Mütəxəssis vurğulayır ki, turizm
diplomatiyadır: "İstənilən halda millət olaraq hər hansı ayrı-seçkiliyə
qarşıyıq. Peşəkar turizm sənaye nümayəndələri bunu etmir. Turistlərin arasında
bəzən standartlardan kənar hallara da rast gəlmək olur. Lakin bunun ümumi millətə
aid edilməsi doğru deyil. Bura gələn turistə biz öz mədəniyyətimizi, mətbəximizi,
tariximizi göstəririk. Turistlərin haradan gəlməsindən asılı olmayaraq, sənaye
nümayəndələri və cəmiyyət olaraq elə münasibət göstərməliyik ki, o insanlar
bizdən də öyrənsinlər və öz ölkələrinə xoş təəssüratla getsinlər. Turizmi əbəs
yerə diplomatiya adlandırmırlar. Turizm ölkələri və xalqları yaxınlaşdırır,
sülhə dəvət edir. Hansısa ölkədən gələn turisti məsxərəyə qoymaq, onların
haqqında yanlış fikirlər səsləndirmək istənilən halda doğru deyil. Bizim əsas hədəfimiz
ölkəyə daha çox turistin gətirilməsi, düzgün xidmətin aparılması, onların gələcəkdə
də turist səfərlərinin məhz Azərbaycana olması, turizm səyahətləri üçün xərcləmələrin
edilməsindən ibarətdir. Bu halda həm maddi, həm mənəvi qazanc daha çox əldə olunar”.
Bəs
turistləri ölkədə necə saxlayaq?
Turizm üzrə
ekspert Rəhman Quliyevdeyir ki, turistlər, əsasən, əlamətdar günlərdə gəlir. Mütəxəssis bu günlərdə olan
turist axınının reklam xarakteri daşıdığını vurğulayır: "Dünya təcrübəsində də belədir.
Bu günlərdə turistlərin qarşısına elə çıxmalıyıq ki, onların ölkəyə marağını cəlb
edək. Məsələn, Novruz bayramından istifadə etməliyik. Ərəb ölkələrindən kütləvi
şəkildə Novruz bayramını qeyd etməyə, tamaşa etməyə gəlirlər. Biz bunu daha da
genişləndirib, ənənəvi etməliyik. Novruz şənliyini şəhərin mərkəzində keçirməklə
kifayətlənməməliyik. Gələn turist həm şəhərdə, həm də bölgələrdə qalır. Yalnız paytaxtda
deyil, ölkənin hər bir bölgəsində, otellərin ərazisində də davamlı olaraq bir
neçə gün bayram şənlikləri keçirilməlidir. Çünki 1 gün şənlik olub 2-3 gün olmayanda,
turist üçün yaddaqalan olmur. Məsələn, Braziliyada günlərlə festival olur. Heç
bir turist 1 gündən ötrü getmir. Turist ölkədə nə qədər çox qalsa, o qədər gəlir
gətirir. Biz turistə individual yanaşmalıyıq. Turist hər birimizin qonağıdır”.
Aygün Əziz