• çərşənbə axşamı, 19 mart, 10:58
  • Baku Bakı 8°C

Qonaq-qarasız qalan şəhər - FOTOLAR

31.07.21 10:00 1718
Qonaq-qarasız qalan şəhər - FOTOLAR
Pandemiya turistləri qaçaq saldığı üçün İçərişəhərdəki dükan sahibləri yerli müştərilərdən gələn gəlirlə ayaqda qalmağa çalışırlar
İçərişəhərdəyik. Pandemiya ucbatından uzun müddət qapılarını bağlayan, son bir neçə aydır ki, işə başlayan mağazalara baş çəkməyə gəlmişik. Söhbət milli suvenirlərin, ölkəmizə məxsus antik əşyaların, əl işlərinin satışını aparan mağazalardan gedir. Öyrənmək istədik ki, pandemiya onların işinə, gün-güzəranına necə təsir etdi. Əcnəbilər olmayanda yerli alıcılar hesabına "çulu” sudan çıxarda bildilərmi?

İlk baş çəkdiyimiz mağazada heç kimi görmədik. Sonra növbəti mağazaya keçdik, burda satıcı olsa da, müştərisi yox idi. Qonşu mağazada satıcı olmadığını soruşanda dedi: "Müştəri yoxdur, ona görə 5-10 dəqiqəlik harasa rahat gedə bilirik. Əvvəl belə deyildi, hər an müştəri gəlirdi, mağazadan çıxmağa imkanımız olmazdı. İndi saatlarla içəri müştəri daxil olmur, bəzən gün ərzində heç bir satış etmirik”.


"Bağlıdır”

Belə-belə, digər mağazalara baş çəkirik, hələ ki, müştəri kimi. Bir qisim mağazalarda "Bağlıdır” sözü bizi qarşılayır, bəzi mağazalar isə açıq idi, amma içəridə əməkdaş tapmadıq. Satıcı olan mağazalarda isə müştəri gözə dəymirdi. Bir neçə mağazada əşyaların çoxunu toz basmışdı. Bu özü də, artıq "Müştəri yoxdur” fikrini ifadə edir. İlkin müşahidə "əməliyyatı”ndan sonra müsahibə üçün mağazalara yaxınlaşırıq. Pandemiyalı və turistsiz günlərdə işlərinin necə getdiyini özlərindən soruşuruq.

"Turist çox olacağını deyirdilər, olmadı”

Satıcı Coşqun Zeynalov deyir ki, gəlir sıfır səviyyəsindədir: "Demək olar ki, iş yoxdur. Hərdən yerli müştərilər mağazaya baş çəkirlər, onlar da xırda məbləğdə nələrsə alırlar. Bu da mağaza üçün gəlir deyil. Nadir hallarda turist də olur. Azərbaycandafutbolüzrə Avropa çempionatı keçirilən ərəfədə turist çox olacağını deyirdilər, amma olmadı”.

"Mağazanı hər gün açmıram”

Daha sonra baş çəkdiyimiz mağazada bizi dükanın sahibi Məmməd Əlixan-zadə qarşıladı. Bildirdi ki, iş olmadığı üçün işçi də yoxdur: "Bizim müştərimiz turist idi, o da yoxdur. 1 ildən çoxdur ki, iş dayanıb. Əvvəllər işçilərim var idi, çünki iş də çox olurdu. Pandemiya dövründə 7-8 ay öz vəsaitimlə onları saxladım. Lakin bu cür çox davam edə bilmədim, dedim ki, özünüzə iş tapın. İndi mağazanı hər gün açmıram. Qurban bayramından sonra açdım, dedim bəlkə gələn olar, amma müştəri yox səviyyəsindədir. Yerli müştəri gəlir, o da çox cüzidir”.

"İlin sonuna qədər davam gətirə bilərik”

M.Əlixan-zadə bildirdi ki, vəziyyət bu cür davam etsə, ilin sonundan sonra artıq öz hesabına da mağazanı saxlamaq mümkün olmayacaq: "Pandemiyaya görə, bizə rəsmi dəstək olunmalıdır. Əks halda, turist də olmasa, öz gücümüzə, uzağı ilin sonuna qədər davam gətirə bilərik”.

Əvvəllər satışda olan məhsulları mağazanın çöl hissəsinə çox yığırdılar, məhsul uzaqdan gəl-gəl edirdi. İndi mağazanın çölünə çox az, bir neçə əşya yığmaqla kifayətlənirlər. Bir neçə satıcıdan bu haqda soruşduq, deyirlər ki, onsuz da mağazanı gec açıb, tez bağlayırıq. Müştəri olmadığı üçün hamısını çölə yığmağın mənası yoxdur.

"O müştəri yoxdur”

Digər bir dükan sahibi Elxan Cəbrayılov deyir ki, bəzən gün ərzində mağazanın bir müştərisi belə olmur: "Pandemiya başlayanda tək biz yox, bütün respublikada bu tipli əksər mağazalar bağlandı. Biz də hamı kimi karantin dövründə evdə oturduq. Bir neçə aydır ki, mağazaları açmağa icazə verilib. 2019-cu ilin yayı ilə bu günlərimizi müqayisə etsək, böyük fərq var. O vaxt ölkəmizə turist çox gəlirdi. Bizim məhsulların da əsas alıcıları turistlər idi. İndi o müştəri yoxdur ki, gəlsin maraqlansın, malını göstərəsən”.

E.Cəbrayılov bildirdi ki, məhsulları bəzən maya dəyərinə satırlar: "Məhsulların qiymətində enmə var ki, bahalaşma yoxdur. Bəzən satış olsun deyə, məhsulları maya dəyərinə də veririk”.

"İcarə qiymətlərində güzəşt edilib”

E.Cəbrayılov deyir ki, pandemiyanın tezliklə sona çatacağına, işlərin qaydaya düşəcəyinə ümid edirlər: "İcarə qiymətlərində güzəşt edilib. Əvvəlki illərdə ödədiyimiz icarənin üçdə birini veririk. 20 ildir bu işdəyəm. Ən çətin dövrümüz pandemiyada oldu. Bu da bir dövrdür. Təki can sağlığı, ölkədə dinclik olsun, virus azaldıqca, turist də gələr, bizim də müştərilərimiz artar, işlər qaydasına düşər”.

Bir mağazada məhsullarla maraqlanan iki gənc xanım gördük, yaxınlaşıb alış-verişləri ilə maraqlandıq. Rusiyada yaşayan azərbaycanlı idilər, dedilər ki, tətil üçün ölkəyə gəliblər. İndi qayıdırlar, rus dostları üçün Azərbaycanla bağlı hədiyyə alırlar.

"Restoranda yeyib-içib gedirlər”

Qarşısında bir neçə müştəri olan mağaza görüb ora yaxınlaşırıq.Satıcı Mamed Talibi bildirdi ki, mağazaları İçərişəhərin girişindədir deyə, yaxınlaşıb baxan müştəri sayı nisbətən çoxdur, lakin alıcılıq zəifdir: "Baxırlar, amma almırlar.Pandemiyadan öncəki yayla müqayisədə müştərimiz 80-90 faiz azalıb. Çünki əvvəlki turist yoxdur. Düzdür, yerli müştərilərimiz də olur, ancaq onlar xırda nələrsə alırlar. Turistlər isə böyük məbləğdə alış-veriş edirdilər”.

M.Talibi deyir ki, az da olsa, indi də turist gəlir, amma onlar da əvvəlki qədər alış-veriş etmirlər: "Əvvəllər mağazaya gələn turistlər iki əlləri də dolu çıxırdılar, xeyli alış-veriş edirdilər. İndi ancaq baxırlar, alanları azdır. Əvvəllər müştərilərimiz arasında ərəb turistlər çoxluq təşkil edirdi. İndi də ərəb turistlər gəlirlər, fikir verirəm ki, restoranda yeyib-içib gedirlər, alış-verişə çox da üstünlük vermirlər. Az hallarda yaxşı alış-veriş edənləri də olur. İndi rus və türk müştərilərimiz daha çox olur. Hazırda ən çox rus turistləri mağazaya baş çəkirlər, yaxşı alış-veriş edirlər”.

"Dövlət iki dəfə yardım verdi”

Digər mağazada həmsöhbətimiz Tarix Ağayev oldu. O bildirdi ki, mövcud şəraitdə yerli müştərilərdən gələn gəlirlə ayaqda qalmağa çalışırlar: "Pandemiya dövründə fəaliyyətimizi tam dayandırmışdıq. Dövlət iki dəfə yardım verdi, o, bizə təkan oldu. İndi işləyirik, amma alıcılıq qabiliyyəti zəifdir. Turist gəlsə, daha yaxşı olar, amma indi olan yerli müştərilərdir. Hələ ki, buna qane oluruq. Mövcud şəraitdə ayaqda qalmaq üçün çalışmaq lazımdır. Biz də belə davam edirik”.

Bir çox mağaza sahibi isə müsahibə vermək istəmədi. Sadəcə "ölmüşük götürən yoxdur” dedilər.

Ölkədə sərhədlərin bağlanması bu mağazaların da qapılarını bağlamışdı. Düzdür, indi qapıları açıqdır, amma müştəri yoxdursa, açıq olmasının da onlara faydası çox cüzidir, ya da yoxdur.

"Düşündüm ki, müştəri çox olacaq”

Mağazalardan çıxıb İçərişəhərdə Maraş dondurması almaq üçün satıcı Cihat Bilibilə yaxınlaşırıq. O da turist gəlmədiyi üçün müştərilərinin az olduğunu dedi: "2 aydır ki, Azərbaycanda işləyirəm. Bu ərazi turistik yer idi, düşündüm ki, müştəri çox olacaq, amma turist gəlmədi. Hələ ki, dondurmanı azərbaycanlılara satıram. Turist də alır, amma azdır. Yaxşı olacağına ümid edirəm. Bu dövr də keçər”.

C.Bilibil kimi digər müsahiblər də bu dövrün tez keçməsini, bol müştərilərinin olmasını arzu edirlər. Qənaətimiz isə budur ki, İçərişəhr qonaq-qarası, turisti ilə daha gözəl, daha cəlbedicidir. Qonaq-qarasız qalan şəhərin tezliklə qaynar həyata qayıdacağı ümidi ilə...

Aygün Asimqızı
Fotolar: Tapdıq Abdullayev / Global Media Group







banner

Oxşar Xəbərlər