Qocalmaq dəbdə deyil
Dünyanın
hər yerində insanlar qocalmağa qarşı mübarizə metodları seçirlər. Xarici ölkələrdə
yaşlı insanlar, təqaüdçülər daha çox səyahətə çıxırlar. Əl-ələ tutub muzeyləri,
tarixi məkanları gəzir, günəşli sahillərdə dincəlir, xizəksürmədən, piyada
turizmindən və s. zövq alaraq həyatlarını davam etdirirlər. Əlbəttə, qocalığı əngəlləmək
üçün dövlətlərin, həmçinin vətəndaş cəmiyyətlərinin həyata keçirdiyi müxtəlif
proqramlar da var. Bütün bu tədbirlərlə bərabər, insanların öz ruhlarını gənc
saxlamaq istəyi də önəmlidir.
Cavanlaşan qocalıq yaşı
Əlbəttə,
yaşlanmağın qarşısını almaq çətindir. İllər keçdikcə insanın orqanizmi, əsəb
sistemi və orqanları cavanlaşmır, əksinə, tədricən qocalır. Hətta zaman gəlir ki,
insan işləmək qabiliyyətini itirir. Amma bu o demək deyil ki, həmin müddətdə əl-qolunu
yanına sallayıb yaşamaq lazımdır. Xüsusən praktiki tibb və elmin insanın tərəfində
olduğu bir vaxtda. Təsadüfi deyil ki, insanlar son yüz il ərzində çox yaşamağa
başlayıblar. Alimlər müəyyənləşdiriblər ki, son iki yüzillikdə insanların boyu
da 7-8 sm artıb. Hazırda qadınların orta boyu 165-175 sm, kişilərinki 170-180
sm təşkil edir. Tədqiqatçıların proqnozuna görə, bu hələ son hədd deyil. Belə
ki, 2000-ci ildən etibarən doğulan nəsillər bəşəriyyət tarixində ən yüksək
boylu ola biləcəklər. Bu yaxınlara qədər «təqaüdçü» və «qoca» sözləri arasında
bərabərlik işarəsi qoyulurdusa, indi 55 yaş, necə deyərlər, ən cavan təqaüdçü
yaşıdır - onlar üçün həyat yenicə başlayır. Ruslar bioloji yaşa münasibətdə
optimistdirlər. Onlar hesab edirlər ki, qocalıq 80 yaşdan sonra başlayır.
Qocalıq dövrünün 70-79 yaşdan, o cümlədən 40-49 yaşdan başladığını bildirənlər
də var. Sonuncular sorğuda iştirak edənlərin yalnız 1 faizini təşkil edirlər.
Rusiya Tibb Elmləri Akademiyası insanın bioloji yaşında gözlə görünən dəyişikliklərin
olduğunu iddia edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu faktı təsdiqləyib.
Təşkilatın təsnifatına görə, müasir insan 25 yaşdan 44 yaşa qədər hələ cavan
sayılır. 44-dən 60-a qədər orta yaşın təmsilçisi, 60 yaşdan 75 yaşa qədər
yaşlı, 75-dən 90 yaşa qədər isə qoca nəslin nümayəndəsi hesab olunur. 90-nı
adlayanlar isə uzunömürlü sayılırlar. ÜST-ün təsnifatına inansaq, qocalıq yaşı əhəmiyyətli
dərəcədə cavanlaşıb.
Müxtəlif faktorlardan doğan səbəblər
Cəmiyyətin
yaşla bağlı mənzərəsi isə fərqlidir. Ümumilikdə, cəmiyyət səylə qocalmaqdadır.
Bu o deməkdir ki, adamlar daha çox xəstəliyə düçar olur, yoxsulluqdan əziyyət çəkir,
problemlərin məngənəsində sıxılırlar. Düzdür, təkcə yaşlılar deyil, cavanlar, həmçinin
uşaqlar da xəstələnirlər. Bu isə təkcə genetik faktorlardan deyil, həyat tərzindən,
məişət şəraitindən, vərdişlərdən, zərərli iş xarakterindən, qidanın keyfiyyətindən,
yaxın adamların münasibətindən – bir sözlə, müxtəlif faktorlardan asılıdır.
Həkimlər
qocalığı maddələr mübadiləsinin pozulması, hormon sisteminin zəifləməsi, əzələlərin
deqradasiyası, toxumalarda birləşdirici elementlərin strukturunun azalması ilə əlaqələndirirlər.
Mütəxəssislər «erkən qocalmaq istəmirsinizsə, erkən yaş xəstəlikləri ilə
mübarizə aparmaq lazımdır» - deyə tövsiyə etməkdə davam edirlər. Orqanizmin
cavan qalması üçünsə mümkün qədər nasazlıqdan uzaq olmalı, xroniki xəstəliklərlə
mübarizə aparmaq, daxili vəziyyətə nəzarəti gücləndirmək lazımdır. Bu həm də gələcəkdə
əlillikdən qaçma şansıdır.
Rusiyanın məşhur fitoterapevti
Sergey Truşevin fikrincə, yaşlı adam üçün həyat tərzi böyük rol
oynayır. Belə ki, o, aktiv məşq etməli, gün ərzində saatyarım gəzməli, su
prosedurları ilə məşğul olmalı – basseyndə üzməli, duş qəbul etməlidir.
"Yaşlılar gərgin məşqləri həkim məsləhəti ilə yerinə yetirməlidir. Yeməyə nəzarət
isə bu yaşda mühüm rol oynayır. Yaşlılar üçün pəhrizin böyük əhəmiyyəti var.
Süd, bitki mənşəli qidalardan, tərəvəz məhsullarından daha çox istifadə etməlidirlər.
Çay, kofe yalnız səhərlər və az miqdarda qəbul edilməlidir. Şokolad və kakaodan
imtina vacib şərtdir. Yaddan çıxarmaq lazım deyil ki, yeməkdən yalnız 40 dəqiqə
sonra uzanmaq olar. Yatmağa minimum iki saat qalmış yemək məsləhət deyil,
mümkün qədər artıq çəkidən xilas olmaq lazımdır”. Professor yaşlanmada insanın əsəb
sisteminin də böyük rol oynadığını bildirir, Belə ki, yaşlı adamlar mümkün qədər
sakit, həyatsevər olmalı, kiməsə, nəyəsə bağlanmalıdırlar. Fərqi yoxdur -
övladlarına, nəvələrinə, poeziyaya, teatra. Belə olanda, qocalığı həqiqətən kənarlaşdırmaq
olar. Bu üsullarla infarkt və insult kimi geniş yayılmış xəstəliklərdən də
qaçmaq mümkündür”. Professor bildirir ki, həmçinin indi həyatımızın ayrılmaz
hissəsinə çevrilən kompyuter, mobil telefonlardan gün ərzində 2-3 saatdan,
fasilələrlə 15 dəqiqədən artıq istifadə etmək olmaz: "Onların şüasının da fəsadları
çoxdur. Əgər təbii yollarla qocalıqdan yayınmaq mümkündürsə, dərmandan istifadəyə
ehtiyac qalmır”.
Hərəkətsizlikdən uzaqlaşmaq,
keyfiyyətli qida...
Bizim
həkimlər də rus həmkarları ilə təxminən eyni fikirdədirlər. Sadəcə, yaşam
standartlarının, həyat tərzinin fərqliliyi mövcuddur.
Həkim-cərrah, professor Adil
Qeybullanınfikrincə, təkcə həyat tərzi yetərli deyil, ekologiya da əsasdır. Həmçinin
içdiyimiz su, qəbul etdiyimiz qida, radiasiya təsirləri, stress də nəzərə
alınmalıdır: "Həyat tərzi təkcə pis vərdişlərdən – alkoqoldan, siqaretdən
imtina etmək deyil. Çox gəzmək, orqanik qida qəbulu vacibdir, ancaq bunlar yetərli
deyil. Burada insanın özündən asılı olmayan – yəni obyektiv və subyektiv amillər
var». Professor hesab edir ki, bununla belə, insan hərəkətsizlikdən uzaqlaşsa,
keyfiyyətli qida qəbul etsə, orqanizmi lazımi səviyyədə çalışsa, qidaların qəbulunun
orqanizmdə sərfiyyatı düzgün olsa, onun yaşam, ömür uzunluğu şansı çoxalar:
"Ancaq bu, birmənalı təminat deyil. Çünki genetik xəstəliklər var və onların
istənilən zaman ortaya çıxmaq şansı qalır. Axı qəbul etdiyimiz qida, ərzaq,
hava bizdən tam asılı deyil. İri şəhərlərdə bir kub metr havada 1 nanoqram
benzopiren törəməsi varsa, bu, 20 adamdan birində ağciyər xərçənginə səbəb
olur. Biz bu qədər avtomobil qazlarını havaya buraxıb onunla nəfəs alırıq,
yaşıllıqlar azdır, bütün günü stress içində yaşayırıq – bunlar insanın həyatına
təsir edən ciddi faktorlardır. Belə olanda insanın öz ömrünü uzatması,
qocalıqdan qorunmağa çalışması da çətinləşir».
Sağlam bədəndə sağlam ruh
Yaşlanmaqda
psixoemosianallığın roluna gəlincə, psixoloq
Təranə Kazımlı psixoloji amillərin insanın bioloji yaşlanmasında mühüm rol
oynadığını bildirir. Psixoloq hər şeydən əvvəl insanın vaxtından əvvəl qocalmasını istifadə etdiyi qida ilə əlaqələndirir:
«Son günlərdə mən özüm də həkimə müraciət etdim. Xəstə deyildim, ancaq
orqanizmim tükənmişdi. Həkim D vitamini çatışmazlığı diaqnozunu qoydu. Bəzi
qidaları orqanizmim qəbul etmirdi. İndi vəziyyətim demək olar ki, yaxşıdır.
Artıq bütün dünyada market qidalarına, fastfud-lara boykot başlayıb.
Yeyib-içdiyimiz qidalar, istifadə etdiyimiz texnologiyalar, televizorlar,
mikrodalğalı sobalar belə insan orqanizminə mənfi təsir göstərir. Keçmişə
qayıtsaq, belə texniki inkişaf və stress, gərginlik yox idi, ömür də uzun və
sağlam idi. İndi meydana gələn xəstəliklər, hətta şəkər, diabet, ürəyin
işemiyası, mədə-bağırsaq və s. xəstəliklər əvvəllər 35-40 və ya 50 yaşdan sonra
başlayırdısa, indi artıq 30 yaşlı insanlar bu problemlərdən əziyyət çəkirlər.
Bu amillərin yaranmasında da ətraf aləmin rolu sübut olunub”.
Psixoloq
bildirir ki, bir çox Avropa ölkələrində «insan sağlamlığına ziyandır» deyə
hündür yaşayış binaları inşa edilmir. İnsanlar bacardıqları qədər torpaqla, təbiətlə
təmasda yaşayırlar: "Həmçinin müxtəlif qida qatqıları ilə orqanizmimizin
strukturunu pozmuşuq. Hərəkətsizlik bütün xəstəliklərin başlanğıcıdır.
Metobolizm dayanır, lazım olan hormonlar istehsal olunmur. Nəticədə orqanizm həkimin
yazdığı dərmanlardan asılı vəziyyətə düşür». Psixoloq insanların qocalmasında
psixoemosional vəziyyətin rolunun mütləq olduğunu bildirir: «Bunların kökündə
stress durur. Psixosomatika bədənin daxili orqanlarının insanların durumu ilə
birbaşa əlaqəsidir. Bir çox insanlar var ki, müayinədən keçirlər və özlüyündə
düzgün qidalandıqlarını hesab edirlər. Ancaq laborator analizlər müəyyən
çatışmazlıqları ortaya çıxarır. Bədən həzm zamanı istəmədiyi qidaya
reaksiyasını verir. İnsan özündə xoşagəlməyən hallar - halsızlıq, yorğunluq
hiss edəndə psixoloqa müraciət etməlidir. Əgər daxili xəstəliklərlə bağlı bir
terapevtə gedibsə, psixoloji durumunu da müəyyənləşdirməyə çalışmalıdır. Həkimlər
insanların fizioloji vəziyyətinə baxıb müalicə edirlər, ancaq ruhsal vəziyyətlərini
nəzərə almırlar. Mən həkimlərə məsləhət görərdim ki, insanların psixloji
durumunu araşdırsınlar: «Sən sağalmayacaqsan» - deməsinlər. Psixoloqlar da xəstənin
psixoloji durumu nə qədər öndə olsa da, onu daxili yoxlanışdan keçməyə yönəltməlidirlər.
Bu birlik sürətlə artan xəstəliklərin tam qarşısını almasa da, erkən müdaxiləyə
yardımçı ola bilər. Biz insanlara sağlam həyat tərzinin necə olmasını öyrətməliyik”.
Əslində,
biz bunları bilirdik, amma elm, müasir dünyanın inkişafı unutdurdu. Dədə-babalarımız
bizdən sağlam və uzunömürlü yaşayıblar. Ona görə də «sağlam bədəndə sağlam ruh
olar» sözləri, eləcə də rusların özləri üçün şüara çevirdiyi "qocalmaq dəbdə
deyil” fikirləri bizim insanlar üçün motivasiya olsa, yaxşıdır.
Təranə Məhərrəmova