• çərşənbə axşamı, 16 aprel, 10:33
  • Baku Bakı 14°C

QOCALAR EVİ

05.11.18 13:45 3789
QOCALAR EVİ
Çətinliklə olsa da, tikintiyə razılıq alındı. Qocalar evi kəndin girəcəyi hesab edilən köhnə məktəbin həyətində tikiləcəkdi. Köhnə məktəbin özü uçulub dağılmaq üzrə olsa da, həyat-bacası baxımlı vəziyyətdə idi, hətta həyətin dörd tərəfinə əkilmiş ağaclar da əvvəlki kimi yerində idi. Yalnız 2-3 dənəsini məktəbin qonşuluğunda yaşayan yetim Zəfər kəsib dam ağacı kimi təzə tikdiyi evin üstünə atmışdı. Xeyli vaxt bundan qabaq həmin məktəbin icazəsini Zeynal müəllim almışdı. Demişdi ki, yuxarı siniflərə keçən uşaqlar oxumaq üçün qonşu kəndlərə gedib əziyyət çəkməsinlər. Məktəb açıldı, amma ilk illər məktəbdə müəllim qıtlığı vardı. Bəzi fənn müəllimləri qonşu kəndlərdən gəlib burada dərs deyirdilər. Bir az sonra kəndin cavanları qonşu kəndlərdən olan, universiteti yenicə bitirib məktəbdə işləməyə gələn müəllimələrlə evlənməyə başladılar. Oğlanlardan biri də özü ilə universitetdə oxuyan buruqsaç qızla evlənib onu qiyabi şöbəyə keçirdi və o qız da kəndə gəlin gələn kimi məktəbdə işləməyə başladı. Ən maraqlısı bu idi ki, cavanlar elə bil əvvəldən fikirləşib məktəbə ehtiyac olan fənn müəllimələri ilə evlənirdilər.
Zeynal Bakıda yaşayırdı. Kəndin xeyrindən-şərindən qalmazdı. Müəllimlərini çox sevərdi, kəndə gələndə həmişə onlara baş çəkərdi. Ən çox hörmət bəslədiyi Fatma müəllimə idi. Fatma müəllimə ona ibtidai siniflərdə dərs demişdi. Zeynal müəlliməsi haqqında ağızdolusu danışardı. Deyərdi ki, biz Fatma müəllimədən çox şey öyrənmişik. Tez-tez təkrar edərdi ki, Bismark Almaniyanı birləşdirməkdə ibtidai sinif müəllimlərinə borclu olduğunu söyləmişdi. Kənddə səkkizillik məktəbin tikintisinə icazə alan Zeynal indi də yeni binaya köçürülmüş köhnə məktəbin həyətində qocalar evi tikdirmək istəyirdi, onu öz hesabına edəcəkdi. Bunu eşidən gündən qocalar evinin tikilməsinə hamı təəccüblə baxırdı. Deyirdilər ki, kənddə kim gətirib anasını qocalar evinə qoyacaq?!
Qocalar evinin tikintisi məsələsi kəndi bir-birinə vurmuşdu. Ən əvvəl aşpazın kim olacağı məsələsi sürətlə yayılmışdı. Hərə bir adamdan danışırdı, amma daha çox Şövkət xalanın üstündə dayanırdılar. Bunun da əsas səbəbi o idi ki, Şövkət xala kəndin xeyrində-şərində ocağın başında olardı. Əli də çox dadlıydı. Hər toy məclisindən sonra Şövkət xalanı görən ona ürəkdən "sağ ol” deyərdi. Elə bu "sağ ol” da Şövkət xalanın bəsiydi. Ən azı ona görə ki, növbəti məclisdə də onu çağıracaqdılar. Amma son illərdə Şövkət xalanın rəqibi çıxmışdı. Bu da Qəssab Əlinin nəvəsi Mələk idi. Kiçik məclislərə Mələyi aparırdılar. Dilbər arvadın nəvəsi əsgərliyə gedəndə onun məclisinin xörəyini Mələk bişirmişdi, hamı da ondan razı qalmışdı. Deyirlər ki, qocalar evində 5-6 arvad olacaq, onların xörəyini bişirmək Mələyin əlində su içmək kimi bir şeydir. Mələyin tərəfində duranlardan biri də elə Dilbər arvadın özü idi. Harada olsaydı, orada qocalar evindən söhbət salar, Mələyin xörək bişirməyini tərifləyərdi. Dilbər arvadın qorxusundan hamı yalandan "bəli, bəli” deyərdi. Aşpaz məsələsində kənd yavaş-yavaş ikiyə bölünürdü, Mələk də yavaş-yavaş Şövkət xalanı üstələyirdi.
Qocalar evinin müdirinin kim olacağı barədə heç kəs danışmırdı. Çünki Zeynal demişdi ki, müdir məsələsini gəlib özüm həll edəcəm. Amma Şərəbanı arvad hərdən astaca deyirdi ki, qocalar evinin müdiri mən olacağam. Şərəbanı arvadın bu sözlərinə çoxları inanırdı, çünki o, Zeynalın bibisi idi. Şərəbanı arvadın əsas peşəsi mühasiblik olduğu üçün kənddə ona iş tapılmırdı.
Bunların hamısı bir tərəfdə qalsın, ən çətin məsələ kimin qocalar evində qalmasıydı. Zeynal bildirmişdi ki, mən qocalar evini tikdirəcəm, içini qaydaya salacam, neçə ki, canımda can var, işçilərin məvacibini də verəcəm. Amma bir şərtlə ki, orada qalanlar təqaüd kartlarını müdirə versinlər, onların yeməyi, digər tələbatları həmin pullarla ödəniləcək.
Bundan sonra təqaüd kartları kənddə ciddi müzakirəyə çevrilmişdi. Səbəbi də o idi ki, kartlar kənddə əməlli-başlı dəbdə idi. Solmaz arvadın pensiya pulunu Bakıda Universitetdə oxuyan nəvəsinə göndərirdilər. Çünki hələ Güllü universitetə qəbul olmamışdan xeyli qabaq Solmaz arvad həmişə deyərdi ki, Güllü qəbul olsun, mən pensiyamın hamısını ona göndərəcəm. Heç bunu deməsəydi də, yenə onun təqaüdünü Güllüyə verməliydilər. Çünki evin nəğd pul gəliri elə bu idi. Gülli də kəndə gələndə nənəsini qucaqlayıb oxuyardı:
Nənə, nənə, ay nənə,
Qurban olum mən sənə.
Kartını da ver mənə,
Qurban olum mən sənə.
Doğrudur, Şəmilin yaxşı təsərrüfatı, bir neçə inəyi vardır, qatığı, südü, pendiri həmişə olardı. Amma onları satıb pula çevirmək çox çətin idi, ona görə ki, qonşuların hamısı mal-heyvan saxlayırdı və heç kəsin evindən qatıq-süd əskik olmazdı. Əvvəllər alverçilər yığılan pendiri gəlib alardılar, indi pendir alan da yoxdu. Şəmilin ümidi yenə anasının pensiya kartı və bəslədiyi danaları idi. Ona görə də Şəmilin anasını aparıb qocalar evinə qoyması ağlabatan deyildi.
Abbas da hay-həşir salmışdı ki, nə qocalar evi? Niyə biz ölmüşük ki, analarımızı aparıb qocalar evinə ataq? Həqiqətən, Abbas ailəcanlı bir adam idi. Ata-anasına, ailəsinə, uşaqlara, həmişə canıyananlıq edərdi. Əvvəllər onun evi həyətin bir başında, ata-anasının evi isə həyətin o biri başında idi. Aralarında 70-80 addım məsafə olardı. Abbas axşam yeməyini yeyəndən sonra hər gün onlara baş çəkərdi. Hal-əhval tutar, nəyə ehtiyacları olduğunu soruşardı. Onlar Abbasdan çox razı idilər. Çünki qızlar ərə getmiş, başqa yerə köçmüşdülər, böyük oğlan da Bakıda yaşayırdı. Atası canını tapşıranda Abbasa demişdi ki, Allah sənin ömrünü duz dağına döndərsin, sən bizə yaxşı oğul oldun. Sonra tək qalmasın deyə anasını yanına gətirmişdi. Evdə də anasına gözün üstə qaşın var deyən olmazdı. Amma bir məsələ var ki, Abbasın ali məktəbdə oxuyan uşağı olmasa da, Şəmilgil kimi onun da evinə gələn pul anasının təqaüd kartında olan pul idi.
Abbas yüngülvari alverlə məşğul olurdu. Ordan-burdan alıb gətirdiyi ucuz pal-paltarı arvadı qonum-qonşuya satırdı. Amma onların pulunu yığmaq çox çətin idi. O pulların çoxusu nisyə dəftərində əyri-üyrü hərflərdə qalmışdı.
Kənddə ən mürəkkəb vəziyyət Dəstəgül xalagildə idi. Dəstəgül xalanın iki oğlu, iki qızı vardı. Hamısı kənddə yaşayırdı. Qızlarının birini qardaşı oğluna, digərini isə qayının oğluna vermişdi. Bir vaxtlar qızlar yetkinlik yaşına çatanda Dəstəgül xala kənddəki məclislərin birində açıq-açığına, özü də ucadan demişdi ki, heç kim mənim qızlarıma elçi düşməsin. Mən bu kənddən gördüyümü görmüşəm, qızlarımı öz qohumlarıma verəcəm. Dəstəgül xala dediyi kimi elədi. Oğlanlarına gəldikdə isə birinə başçısının qızını, o birinə isə baldızının qızını almışdı. Baldızının qızını aldığı oğluna dava-dalaşla kəndin girəcəyində-qocalar evinin tikiləcəyi yerin yanında ev tikmiş, ailəni ora köçürmüşdü. Bacısının qızını aldığı oğlunu isə yanında saxlamışdı. Bunun da mənasını hamı bilirdi ki, Dəstəgül xala bacısı qızına görə onu yanında saxlamışdı, yəni qocalanda ona bacısının qızı baxsın. Amma vəziyyət bambaşqa idi.
Dəstəgül xala yaşlaşdıqca məsələlər çətinləşirdi. Çətinliyin biri də onda idi ki, yanında qalan oğlu çox vaxt araq içir, evə sərxoş halda gəlirdi. Bu, Dəstəgül xalanı çox narahat edirdi ki, vəziyyət mürəkkəbləşər və oğlu ilə bacısı qızı arasında münasibətlər pozular. Amma bacısının qızı çox usta tərpənirdi. Xalasından fərqli olaraq içki üstündə ərinə heç bir söz demirdi. Günlərin biri isə vəziyyət lap gərginləşdi, oğlu hirsli-hirsli Dəstəgül xalaya dedi ki, uşaqların hərəsinin evində üç ay qalarsan, qoy o biri oğlanların, qızların da əziyyətini çəksin. Doğrudan da, belə oldu. Amma Dəstəgül xalanın tez-tez yatdığı yeri dəyişməsi ona baha başa gəlirdi, günlərlə yata bilmirdi. Hərdən deyirdi ki, gedib qocalar evində qalacağam. İndi Zeynalın kənddə qocalar evi tikdirməsi onun ürəyinə yatırdı. Uşaqlar da, kənd camaatı da düşünürdülər ki, qocalar evinə əsas namizədlərdən biri Dəstəgül xala olacaq.
Qocalar evinin bir namizədi də Şirin xala idi. Buna kənddə heç kəs şəkk-şübhə etmirdi. Səbəbi bu idi ki, Şirin xala öz evində tək-tənha qalmışdı. Bizim kəndlərdə belə şeylər çox olurdu. Uzun müddət tək qalan qocalara qonşular yardım göstərirdilər. Çalışırdılar ki, çox da sıxıntı keçirməsinlər. Hərdən məktəbli uşaqlar həmən qocalara baş çəkər, kömək edər, darıxmağa qoymazdılar.
Şirin xala tək qalmışdı. Şirin xalanın üç oğlu vardı, üçü də Bakıda yaşayırdı. Yalnız bayramlarda gəlib ona baş çəkərdilər. Amma Bakıya aparmağa heç vaxt cəhd göstərməzdilər. Şirin xala oğlanlarından gileylənməzdi. Həmişə deyərdi ki, mən öz evimdə qalmaq istəyirəm. Bu evin torpağını, kərpicini əlimlə daşımışam. Bu həyətin hər addımı mənə əzizdir, onun hər qarışını daşdan, çınqıldan təmizləyə-təmizləyə torpaq halına gətirmişəm.
Qocalar evinin başqa bir namizədi Pəri xala idi. Çünki o, hal-hərəkətdən düşmüşdü. Hamı tam əmin idi ki, Pəri xala qocalar evinə birinci gedəcək. Fatma müəllimə deyirdi ki, Pəri xalanın özü istəməsə də, onu bir təhər dilə tutub qocalar evinə aparmaq lazımdır, ölüb eləyər, bilmərik, sonra biabırçılıq olar.
Qocalar evinin tikintisi çox çəkmədi, cəmisi 3-4 aya başa gəldi. Ev hər birində iki nəfərin qalacağı beş otaqdan, uzun və enli şüşəbənddən ibarət idi. Şüşəbəndin bir tərəfində mətbəx, digər tərəfində hamam və tualet tikilmişdi. Otaqlara təp-təzə, rahat mebellər qoyulmuşdu. Şüşəbənddə stol, stullar, divan, kreslo və divardan asılmış geniş ekranlı televizor var idi. Görənlər bəh-bəhlə danışırdılar. Deyirdilər ki, qocalar evinə gəlmək istəməyənlər də buranı görəndən sonra oynaya-oynaya gələcəklər. Güldəstə xalanın nəyinə lazımdı ki, öz qohumları ilə üz-üzə gəlsin. Gəlib burada oturacaq, həmyaşıdları ilə şirin-şirin söhbət edəcək, rahat da yatacaq. Ya elə Şirin xalanın tək-tənha yaşamağındandısa, keçmişdən-gələcəkdən danışıb qayğısız-qayğısız gün keçirməyi daha yaxşıdı. Hətta Şəmillə Abbasın da kürkünə birə düşmüşdü ki, ordakı şəraitin yaxşılığı analarını əllərindən ala bilər.
Qocalar evinin açılışına bir neçə gün qalırdı. Zeynal müəllim də zəng vurub demişdi ki, mən xaricdə olacağam, gələ bilməyəcəm, açılışı eləyin və Fatma müəllimə də müdir olsun. Özü də bunu bibisi Şərəbaniya demişdi.
Qocalar evinin açılışı oldu. Elə səhəri gün bir xəbər hamını heyrətə gətirdi. İldırım kimi kəndə yayılan xəbər bu idi ki, Pəri xalanın oğlu kəndə gəlib anasını götürüb Bakıya aparmışdı.
İndi qocalar evi yerindədi, amma boş deyil. Fatma müəllimə orada birinci sinfə getmək istəyənlərə hazırlıq dərsi keçir.
Kamran İMRANOĞLU (ƏLİYEV)
04.09.2018
banner

Oxşar Xəbərlər