Qlobal qaynar qazan
Bəşəriyyət onu gözləyən qızmar alova, güclü
yağışlara, dağıdıcı daşqınlara hazır olmalıdır
"Göydən od ələnir”,
"Üstümüzə alov tökülür”, "İstidən nəfəs ala bilmirik”, "Bu havada çölə
çıxmazlar”... Bu ifadələrlə son aylarda hər birimiz rastlaşırıq. Hələ yay fəsli
gəlmədən günəşin qızmar nəfəsi ilə mübarizəyə başladıq. Yaydan öncə amansız
istiləri gəldi. Yalnız bizdə deyil, dünyada istilik rekord həddə çatıb. Artıq bəşəriyyəti
ciddi şəkildə narahat edən qlobal istiləşmə ilə qarşı-qarşıyayıq. İnsanlığı çətin
sınaqlar gözləyir. Qlobal istiləşmə yalnız iqlim böhranına səbəb olmur, eyni
zamanda kənd təsərrüfatından tutmuş sağlamlığa qədər bir çox sahələrə sərf
olunan xərcləri artırır və insan həyatına mənfi təsir göstərir.
"Qlobal istiləşmə
prosesi artıq başlayıb”
Coğrafiya
elmləri doktoru Çingiz İsmayılov deyir ki, bütün canlılar bu mühitə adaptasiya
olmalıdır: "Qlobal istiləşmə prosesi artıq bir neçə ildir ki, başlayıb. Hazırda
temperaturun qalxmasını müşahidə edirik. Bu da təbii ki, ekstremal vəziyyətlər
yaradır. İqlim dəyişməsinin fəsadlarını görürük. Bunun əsas səbəbi də atmosferə
atılan tullantıların və karbon qazlarının artması ilə bağlıdır. Belə bir şəraitdə
iqlim dəyişikliyi tamamilə təbii bir prosesdir. Bunun qarşısını almaq üçün ilk
növbədə karbohidrogen ehtiyatlarının istehlakı azaldılmalıdır. Bu zaman
atmosfer və ekologiyanın çirklənməsi nisbətən azalacaq. Ekoloji çirklənmə səbəbləri
təbii və texnogen olmaqla iki qrupa bölünür. Texnogen proseslər insanların fəaliyyəti
nəticəsində baş verir. Təbii proseslər isə tarix boyu müşahidə olunub. Buzlaşma
və istiləşmə zaman-zaman bir-birini növbələyib. Hələ insanların olmadığı dövrdə
təbiətdə buzlaşma dövrü olub. Daha sonra isə bu, istiləşmə ilə əvəz edilib.
Qlobal iqlim dəyişiklikləri ilə bağlı müxtəlif fərziyyələri nəzərdə saxlamaq
lazımdır. Düzdür, insan fəaliyyətinin də bu məsələdə rolu böyükdür. Amma hər
şeyi birmənalı olaraq insan fəaliyyəti ilə bağlamaq da düzgün deyil. Təkcə
insan fəaliyyəti nəticəsində qlobal istiləşmə ola bilməz. Hazırda təbii və
texnogen proseslər üst-üstə düşür. Ona görə də ekoloji tarazlıq pozulur. Əgər
texnogen proseslər dağıdıcı şəkildə uzun müddət davam etməzsə, təbiət özü-özünü
tənzimləyəcək. Çünki ən yaxşı tənzimləyici təbiət özüdür. Bütün canlılar mühitə
öyrəşməlidirlər”.
"İnsanın
uyğunlaşmaqdan başqa yolu yoxdur”
Ekspertin sözlərinə görə, bu vəziyyətdə insanın rolu
yalnız yerli və regional səviyyədədir: "Yəni insanın planetar səviyyəsində
iqlim dəyişməsində heç bir rolu yoxdur. İqlimə ən böyük təsiri okeanda gedən
proseslər edir. Okean sanki bir reaktordur. Okeanda yosunların artması yaxşı
hal deyil. Hazırda Xəzər dənizində də yosunlar artıb. Bu da suyun oksigenlə zənginləşməsinə
mənfi təsir edir. Okeanlar dünyada oksigenin 80 faizini təmin edir. Qlobal
istiləşmə okeanlardakı həyatı təhdid edir. Bu uzun prosesdir və insanın da bu şəraitə
uyğunlaşmaqdan başqa heç çıxış yolu yoxdur”.
Dünyada
yaşanan istilik faciələri
Kütləvi daşqın keçən həftə Avropanın şimalında ən
azı 195 insanın ölümünə səbəb olub. ABŞ-ın qərb hissəsində kütləvi meşə
yanğınları alovlanır. Alimlər xəbərdarlıq edirlər ki, kəskin hava hadisələri
qlobal istiləşmənin açıq əlamətləridir. Və iqlim dəyişikliyi ilə mübarizə üçün
daha böyük səylər göstərmək lazımdır.
Yüzlərlə
itkin...
Avropada, Almaniya, Belçika və Hollandiyanın
daşqınlara məruz qalmış bölgələrində hələ də cəsədləri tapmağa davam edirlər.
İndiyə qədər Almaniyada 164 nəfərin ölümü təsdiqlənib və yüzlərlə insan itkin
düşüb. Belçikada ən azı 31 nəfər ölüb.
"Su
partlaması”
Əslində keçən həftə daşqınlara səbəb olan bu şiddətli
yağışlar gözlənilən idi. Buna baxmayaraq, siyasətçilər, hava proqnozu mütəxəssisləri
yağışın miqdarı və səbəb olduğu güclü, ani daşqınlardan şok oldular.
Almaniyanın çayları boyunca yaşayan bir çox insan üçün təhlükə xəbərdarlıqları
çox gec gəldi. Yerli rəsmilər təbiət hadisəsini binaları, elektrik və mobil
telefon şəbəkələrini məhv edən "suyun partlaması” kimi xarakterizə etdilər.
Almaniyada əsrin
seli
Brüssel
Universitetinin professoru Wim Thiery Associated Press agentliyinə açıqlamasında daşqın
barədə həddindən artıq yağıntılar ilə iqlim dəyişikliyi arasında açıq əlaqə
olduğunu vurğulayıb.
New York Times qəzetinin yazdığına görə, bu kimi
güclü leysanlar qlobal istiləşmənin açıq əlamətidir: "Dünyada həmişə meşə
yanğınları, sunami və zəlzələlər olub. Ancaq müasir Avropa tarixi Almaniyanı
vuran bu cür daşqınları həqiqətən görməmişdi. Alman meteoroloji xidmətinin
sözçüsü Uwe Kirsche'nin dediyinə görə, baş verənləri əsrin seli adlandırmaq
olar.
Şimali
Amerikada rekord istilik
Atlantik okean boyunca Kanada və ABŞ-ın qərbində fərqli,
ekstremal hava şəraiti hökm sürür. Kaliforniyadakı "Ölüm Vadisi”ndə ikinci
ildir ki, 54 dərəcə isti qeydə alınıb. ABŞ Milli Okean və Atmosfer İdarəsi ABŞ-ın
Sakit okeanın şimal-qərbində və Kanadanın qərbində iyun ayının sonlarında
rekord həddə istilərin yaşandığını bildirib. Yüksək temperatur Şimali Amerikanı
son 30 ildə ən isti və quru vəziyyətə gətirib.
Meşə
yanğınları
Milli İdarələrarası Yanğın Mərkəzi 80 böyük
yanğının 475.000 hektardan çox ərazini yandırdığı 13 Amerika əyalətində meşə
yanğınlarının hələ də davam etdiyini söyləyib. Amerikada Oregon tarixinin ən
böyük yanğınlarından biri olan Bootleg Fire artıq 1210 kvadrat kilometrdən çox ərazini
məhv edib.
Almaniyanın
Potsdam Universitetinin professoru Stefan Rahmstorf qeyd edir ki, ABŞ və Kanadada baş verən son
temperatur rekordları o qədər qabarıqdır ki, onların qlobal istiləşməyə aid
olmaması mümkünsüzdür.
Ən isti 5-ci
iyun
Alimlər yerin istiləşmə tendensiyasına uyğun olaraq
bu ilin iyun ayının 142 illik qlobal iqlim rekordunda ən isti beşinci iyun
olduğunu bildirib.
Şimali Amerika ilə yanaşı, iyun ayının istiliyi
Afrikada da rekord həddə çatıb. Avropanın iyun istiliyi rekord göstəricilər
arasında ikinci ən yüksək səviyyəyə yüksəlib və Asiyanın iyun ayında qeydə
alınan temperaturu da 2010-cu ildən bu günə olan ən isti ikinci ay kimi yadda
qalıb.
İqlimşünaslar deyirlər ki, istilik hər 1 dərəcə
artdıqca hava 7 faiz daha çox nəm ala bilər. Suyu özündə daha uzun müddət
saxlaya bilər, bu isə Şimali Amerikada isti və quru havaya gətirib çıxarır. Bu
həm də Avropada güclü yağışların yağmasına səbəb olur.
Nə etməli?
Avropa
Komissiyasının aparıcı üzvü Diederik Samson iqlimin dəyişdiyini vurğulayıb: "Bir neçə il əvvəl
iqlim dəyişikliyindən danışanda planetin gələcək və ya uzaq bir nöqtəsinə işarə
edirdik. Amma bu, məhz indi baş verir. Artıq iqlim dəyişib”.
Keçən həftə komissiya qlobal istiləşməyə səbəb olan
tullantı qazlarının sərbəst buraxılmasını 55 faiz azaltmaq üçün 10 illik plan təklif
edib. Bəzi üzv dövlətlər hazırda plana qarşı çıxırlar.
Qarşıdakı illərdə qlobal istiləşmə nəticəsində qazın
buraxılması böyük dərəcədə azalsa da, atmosferdəki karbon qazının miqdarı ekstremal
hava şəraitinin daha çox olacağı deməkdir. Mütəxəssislər deyir ki, gələcəkdə
belə ifrat hadisələrə hazır olmalıyıq.
Aygün ƏZİZ